Dissertasiya işinin yerinə yetirildiyi təşkilatın adı. Dissertasiya işi Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasında yerinə yetirilmişdir.
Dissertasiyanın struktur bölmələrinin ayrılıqda həcmi və işarə ilə ümumi həcmi. Giriş 5 səhifə, I fəsil 47 səhifə, II fəsil 52 səhifə, III fəsil 33 səhifə, Nəticə 4 səhifə, istifadə olunmuş ədəbiyyat siyahısı 10 səhifə. Dissertasiya işi ümumilikdə 150 səhifə, 258 720 işarədən ibarətdir.
I FƏSİL
OĞUZ QRUPU TÜRK DİLLƏRİNİN FONETİK VƏ QRAFİK NORMALAŞMA PROBLEMLƏRİ
1.1. Oğuz qrupu türk dillərinin təsnifi
Türk dillərinin geniş təsnifi dilçilikdə tarixi-müqayisəli tədqiqatlardan başlanır. Avropa dilçiliyində tarixi-müqayisəli tədqiqatlar zaman etibarilə çox da qədim dövrlərə gedib çıxmır. Tarixi-müqayisəli tədqiqatların başlanğıcı daha çox XVII-XVIII əsrlərə təsadüf edir. Bu dövrlərdə “…müxtəlif dillərə aid çoxlu material toplanılmışdır. Mərkəzi və Cənubi Amerika xalqlarının Türk, İran, Yapon və başqa xalqların dilləri haqqında toplanan materiallar dilçilik elminin inkişafında mühüm addım olmuşdur. Həmçinin, qədim hind dilinin (sanskritin) öyrənilməsi və bu dilin yunan, latın dilləri ilə yaxınlığının müəyyənləşdirilməsi gələcəkdə tarixi-müqayisəli dilçiliyin yaranması üçün böyük bir zəmin yaratmışdır” [47, s. 27].
Avropada tarixi-müqayisəli metodun tətbiqinə isə XIX əsrin, demək olar ki, əvvəllərindən başlanılmışdır. Bu sahədə Frans Bopp, Rasmus Risk, Yakov Qrimm və A.X.Vostokovun çox böyük xidmətləri olmuşdur.
Frans Bopp (1781-1864) sanskrit dilinin yunan, latın, İran və alman dilləri ilə müqayisəsinə həsr olunmuş əsərində, demək olar ki, tarixi-müqayisəli metodun tətbiqi işinin başlanğıcını qoymuşdur. Müqayisələr Frans Boppun belə bir fikrinə əsas yaratmışdır ki, bu dillər arasında genetik vəhdət mövcud olmuşdur. Zaman keçdikcə bu dillərin qrammatik quruluşunda müəyyən fərqlər baş vermiş olsa da bu onların analitik-flektiv quruluşuna və kök birliyinə çox ciddi təsir göstərməmişdir. Alman alimi Frans Bopp 1833-1852-ci illərdə zend, sanskrit, yunan, latın, Litva, qədim Slavyan, qot və alman dillərinin müqayisəli qrammatikasını yaratmışdır. Frans Boppun tətbiq etdiyi bu üsuldan görkəmli alman alimi Yakov Qrimm (1785-1863) istifadə edərək 1819-cu ildə “Alman qrammatikası”, 1848-ci ildə “Alman dilinin tarixi” əsərlərini yazmışdır.
Tarixi-müqayisəli üsulun tətbiqi ilə Danimarka alimi Rasmus Rask (1767-1832) da məşğul olaraq “Qədim Şimal yaxud İsland dilinin əmələ gəlməsinin tədqiqi” (1818) əsərini yazmışdır. Bu əsərdə Rasmus Pask island dili ilə qot və Frankiya dillərini müqayisə etmiş və belə nəticəyə gəlmişdir ki, Skandinav dilləri ilə german dilləri arasında qohumluq əlaqələri mövcuddur.
Rusiyada müqayisəli-tarixi dilçiliyin ən görkəmli nümayəndəsi Aleksandr Vostokov (1781-1844) olmuşdur. O 1820-ci ildə yazdığı “Slavyan dili haqqındakı mülahizələrində belə nəticəyə gəlir ki, qədim Slavyan dili qədim rus, polyak və serb dilləri ilə genetik cəhətdən bağlıdır” [47, s. 27-28; 116, s. 346; 127].
Əlbəttə ki, XIX əsrdə, tarixi-müqayisəli tədqiqatların tətbiq edildiyi ilkin mərhələdə Avropa alimlərindən türk dillərinin müqayisəli tədqiqini gözləmək olmazdı. Ancaq özünün fundamental tədqiqatları ilə bütün Amerikada, Avropada və Rusiyada böyük şöhrət qazanmış Mirzə Kazım bəyin (1802-1870) türk dillərinin müqayisəsinə həsr olunmuş dəyərli tədqiqatları da mövcuddur. Onun “Грамматика турецко-татарского языка” (“Türk-tatar dilinin qrammatikası” (Kazan, 1839), “Uyğurlar” (1841) adlı əsərləri türkologiya üçün qiymətli tədqiqatdandır.
Avropada və Rusiyada tarixi-müqayisəli metod və onun tətbiqi işi XIX əsrə aid olduğu halda, Şərqdə, türk dünyasının dilçilik elmində bu istiqamətdəki tədqiqata hələ XI əsrdə Mahmud Kaşğari tərəfindən başlanmışdır. “Hələ XI əsrdə Mahmud Kaşğarinin tətrib etdiyi “Divani-lüğətit-türk” adlı ensiklopedik lüğətdə türk dillərinin müqayisəsinə dair faktlara və nümunələrə rast gəlmək olur. Lakin, əlbəttə ki, bu lüğət komparativistikanın tələbləri üzərində yox, qədim ərəb dilçiliyinin ənənələri üzərində tərtib edilmişdir. Bununla belə, Mahmud Kaşğarinin lüğətini türk dillərinin müqayisəli tədqiqinin başlanğıc mərhələsi kimi qiymətləndirmək mümkündür” [13, s. 253]. Mahmud ibn əl Hüseyn ibn Məhəmməd əl Kaşqari 1005-ci il Qaraxanilər dövlətinin Kaşqar vilayətində doğulmuş və 1102-ci ildə vəfat etmişdir. Mahmud Kaşqari özünün məşhur “Divani-lüğətit-türk” əsərini 1072-1074-cü illər arasında yazmış, 1076-cı ilə kimi onu təkmilləşdirmiş və 1077-ci ildə Abbasi Xəlifəsi Əbul Qasim Abdullaha təqdim etmişdir. Əsərin yazılması üçün on ildən artıq türk xalqlarının məskun olduğu ərazilərdən material toplamışdır. Əsərdə türk dilləri, bu dillərin yerli şivələri, bu dillərin tarixi, coğrafiyası, folkloru, mifologiyası, o cümlədən, astronomiya haqqında çox qiymətli məlumatlar vardır. Şərqin bu böyük ensiklopediyasında “Dünya xəritəsi” adlanan bir xəritə də verilmişdir. Bu xəritədə mərkəz Balasaqun seçilərək türklərin yaşadığı bütün ərazilər qeyd olunmuşdur. Xəritədə “Ərazi Azərbadnan” yer adı da qeyd olunmuşdur. Mahmud Kaşqarinin bu əsərində Qaşqarlı, Xaqaniyyə, Uyğur, Oğuz, Qıpçaq, Türkmən, Qırğız, Çiqil, Yağma, Arqu və digər etnoslar türk adı altında cəmləşdirilmişdir [50; 61].
Mahmud Kaşğari öz əsərində o zamankı türk etnosunun tarixi-coğrafi, etnik, linqvistik təsvirini verdiyi kimi, Oğuz türklərinin də ümumi mənzərəsini yaratmışdır. Mahmud Kaşğari Oğuz türklərini və onların dillərini ayrı-ayrılıqda yox, bütövlükdə vermişdir. “Divani-lüğət-it türk” əsərində oğuzların özləri 22 boydan ibarət olaraq təsvir edilir. Başqa sözlə, indiki təsnifat üzrə Azərbaycan, türk, türkmən və qaqauz dilləri ayrı-ayrılıqda yox, bütöv bir etnos kimi 22 qəbilə-tayfa ittifaqının vəhdətində verilir. Mahmud Kaşğarinin göstərdiyi 22 qəbilə-tayfa adları bunlardan ibarətdir: Kınık, Qayı, Bayındır, İva, Salur, Əfşar Bəndili, Bəkdüz, Bayat, Yazğır, Eymur, Qarabölük, Alabölük, İqdir, Ürəgir, Totırğa, Ala Yontluq, Tökər, Beçeneq, Çuvaldar, Çəpni, Çarukluq [59, s. 94-95; 58, s. 34-35].
Bünövrəsi türk xalqlarının içərisindən baş qaldırmış tarixi və müqayisəli tədqiqatlar Mahmud Kaşğarinin əsəri ilə məhdudlaşıb qalmamışdır. Bu tədqiqat XV əsrin 1456-cı ilində Yazıçıoğlu Əli tərəfindən II Sultan Muradın (1421-1951) əmri ilə yazdığı “Təvarixi-ali-Səlcuq” və ya “Oğuznamə” əsərində davam etdirilmişdir. Çox təəssüf ki, Yazıçıoğlu Əli haqqında (o cümlədən anadan olduğu və öldüyü tarix barədə) məlumatlar azdır. Dövrünün bir çox elmlərini, xüsusən də Osmanlı hökmdarlarının və Oğuzların tarixini gözəl bilən Yazıçıoğlu Əli XV əsrdə yaşamış, II Sultan Muradın dövründə bir müddət Misirdə Məmlük sultanlarının yanında Osmanlı dövlətinin elçisi olmuşdur. Belə təxmin edilir ki, Yazıçıoğlu Əli XIV əsrin sonlarında, yaxud XV əsrin əvvəllərində anadan olmuşdur. Yazıçıoğlu Əlinin “Oğuznamə”si “Tarixi-ali-Səlcuq” (Səlcuq nəslinin tarixi) kimi ərəb adı ilə adlandırılsa da bu əsər o dövrün Oğuz türkcəsində yazılmışdır. Burada Oğuzlara dair əhvalatlar və Dədə Qorquda aid rəvayətlər qələmə alınmışdır. Yazıçıoğlu Əlinin “Oğuznamə”si XIV əsrdə Əhməd adlı divan şairinin 334 beytlik divanı nəzərə alınmazsa türkcə yazılmış ilk tarix əsərlərindən biridir. Yazıçıoğlu Əlinin “Oğuznamə”si məzmunca tarixi bir əsər olsa da, burada Oğuzların şəcərəsi də verilir. Mahmud Kaşğaridə olduğu kimi, Yazıçıoğlu Əlidə də Oğuz türkləri ayrı-ayrı dövlət quruluşlarına xas olan xalqlar kimi fərqləndirilmir. Onlar vahid və kompakt bir xalq kimi vəhdətdə olduqları qəbilə-tayfa birliklərinin adları altında təsvir olunur. Yazıçıoğlu Əlidə Mahmud Kaşğaridən fərqli olaraq Oğuz xalqı 24 qəbilə – tayfa ittifaqının birliyi şəklində verilir. Bunlar aşağıdakılardan ibarətdir: Qayı, Bayat, Alaevli, Qaraevli, Yazır, Dökər, Dodurğa, Yaparlı, Avşar, Qıyıq, Bəndili, Qarxın, Bayındır, Biçənə, Çavıldır, Çəkni, Salur, Eymur, Alayundau, Ürəkir, İqdir, Bükdüz, Yıva, Qınıq [138; 59, s. 95; 58, s. 36; 54].
Oğuzların ayrı-ayrı qəbilə-tayfa birliklərinin bütöv bir xalq kimi vəhdətdə təsvir olunması Fəzlullah Rəşidəddinin (1247-1318) “Came-ət təvarix” (“Bütün tarixlər”) adlı fars dilində yazılmış əsərində də müşahidə edilir.
Xacə Fəzlullah Rəşidəddinin əsli Həmədan şəhərindəndir. O İmadüddövlə Əbülxeyr Həmədaninin oğludur. O Abaqa xanın yanında həkim işləmiş, bu vasitə ilə də Monqol sülaləsinə yaxınlaşmışdır. Özünün müdrikliyi sayəsində Qazan xanın vəziri vəzifəsinə təyin olunmuşdur. O monqolların içərisində həm həkim kimi, həm də tarixçi kimi məşhurlaşmışdır. Fəzlullah Rəşidəddin sonralar Təbrizə köçür və burada yaşayır. “Came-ət təvarix” əsəri XIII-XIV əsrlərdə müsəlman Şərqində, xüsusən, Azərbaycanda baş verən tarixi hadisələri, ictimai-siyasi mühiti əks etdirir. “Came-ət təvarix” əsərinin Azərbaycana aid hissələri Mirafərin Seyidov tərəfindən fars dilindən Azərbaycan dilinə tərcümə edilmişdir. Rəşiddədinin yazdığı “Oğuznamə” kitabı R.Şükürova tərəfindən rus dilinə edilən tərcüməsi 1984-cü ildə, Azərbaycan dilinə edilən tərcüməsi 1992-ci ildə çap edilmişdir [141; 115; 53].
Fəzlullah Rəşidəddinin “Oğuznamə”sinin Oğuz türkləri üçün ən vacib və əhəmiyyətli cəhəti bu əsərdə onların şəcərə şəklində təsvir olunmasından ibarətdir. Rəşidəddinin şəcərəsində də Yazıçıoğlu Əlidə olduğu kimi 24 qəbilə-tayfa ittifaqının adı çəkilir. Onlar aşağıdakılardan ibarətdir: Qayı, Bayat, Alovarlı, Qara ivli, Yazır, Döyər, Dodurğa, Yaparlı, Avşar, Qızıq, Bəkdili, Qarqın, Bayındır, Biçənə, Çavuldur, Çəbni, Salur, Eymur, Alayuntlu, Ürəgir, Ungdir, Yıva, Qınıq [59, s. 96; 58, s. 35-36].
Oğuz türklərinin şəcərə üzrə təsvirinə bir də Əbül Qazi xan Bahadır Xivəlinin (1602-1664) “Şəcəreyi-türk” əsərində rast gəlirik.
Əbül Qazi xanda da Oğuz türklərinin şəcərəsi 24 qəbilə-tayfa ittifaqının vəhdətində verilir. Bu qəbilə-tayfa adları aşağıdakılardan ibarətdir: Qayı, Bayat, Alkaöyli, Qaraöyli, Yazır, Yasır, Dudurca, Digər, Avşar, Qıyıq, Bekdeli, Qarkın, Bayındır, Beçene, Çavuldur, Çenni, Salor, İmir, Alayontlı, Ürəgir, İkdir, Bükdüz, Avaqınıq [59 s. 96; 58, s. 36-37].
Tarixdən məlumdur ki, orta əsrlərdə Oğuz qrupuna daxil olan diferensial dillər mövcud idi. Buna baxmayaraq, ənənəvi qayda üzrə Oğuz dilləri, o cümlədən Oğuz xalqları bir vəhdətdə olan etnos kimi verilmişdir. Məsələnin həm də maraqlı bir cəhəti də bundan ibarətdir ki, Mahmud Kaşğaridə 22 qəbilə-tayfa, digər mənbələrdə 24 qəbilə-tayfa birliklərindən söhbət gedir.
Oğuzlara dair tədqiqat aparmış Faruq Sümər 24 qəbilə-tayfa adının təsadüfi olmadığını göstərir. Həmin rəqəmin qədim tarixi dövrlərdə, bilavasitə türk xalqlarına, xüsusən də Oğuzlara aidiyyəti olması barədə maraqlı fikir və mülahizələr irəli sürür. Faruq Sümər öz tədqiqatında diqqəti ona yönəldir ki, 24 rəqəmi qədim Oğuzların dövlətçilik sistemində formalaşmışdır. Çin qaynaqlarına istinad edərək belə bir qənaətə gəlir ki, eradan əvvəl 209-cu ildə hakimiyyətdə olmuş Hun (oğuz) hökmdarı Metenin (Mao Tun) zamanında dövlətin özü 24 hissədən ibarət olmuşdur. Bu tarixi bir həqiqətdir ki, sonrakı zamanlarda müəyyən dərəcədə əfsanələşərək dastanlarda, rəvayətlərdə özünə etibarlı bir yer tutmuşdur [54, s. 27].
Tarixdə Mao Tun dövlətinə aid edilən 24-lük sisteminə “Oğuz Xaqan” dastanında və “Kitabi-Dədə Qorqud” dastanlarında rast gəlmək olur. “Kitabi – Dədə Qorqud”da 24-lük sistemi belə xatırlanır: “Bayındır xan buyurdu:
-İyirmi dörd sancaq bəyi gəlsin!- dedi. Saymaqla Oğuz ərənlərini tükənsə olmaz. Bayındır xan iyirmi dörd sancaq bəyini Yeynəyə belə qoşdu” [44, s. 110-111].
Oğuzlara məxsus 24-lük, Faruq Sümərin göstərdiyinə görə Osmanlı dövlətinin təşkilatında ənənə üzrə saxlanılmışdır. Faruk Sümərin verdiyi məlumata görə Orta əsrlərdə Rumeli əyaləti 24 sancağa (bölgəyə) ayrılırdı. Diyarbəkr əyaləti də 18-i yurdluq, 6-sı ocaqlıq olmaq üzrə 24 sancaq idi. Otluq Beli savaşında (1473) Anadolu bəylərbəyisi Davud paşanın əmrində 24 sancaq bəyi vardı. Övliya Çələbiyə görə Nütahya sancağı 24 qazılığa bölünürdü. Rumelidə dövlət xidmətində olan yörüklər 24 nəfərdən ibarət qruplara ayrılmışlar. Konya mütəsəllimi olan Yeyən Osman paşanın dayısı Qara Həsən bəyin (1688-1689) məiyyətində 24 bayraq Səlban və Saruca bölüyü vardı. Osmanlı maliyyə təşkilatında da 24 rəqəmi ilə bağlı bəzi məqamlar vardır. Yörüklərin hər hansının qoyunu 24-dən az olsa o yoxsul sayılırdı. Yeniçəri ocağı zabitlərindən piyadabaşıların gündəlik maaşı 24 axça olmuşdur [54, s. 214-215; 58, s. 40].
Bunları xatırlatmaqla ona görədir ki, qədim türklərə məxsus 24-lük anlayışının sonrakı dövrlərdə müqəddəsləşdirilərək ictimai, mədəni, siyasi və məişət həyatında yaşadılması barədə təsəvvür yaradıla bilsin.
Oğuz dillərinin Mahmud Kaşğaridəki və sonrakı dövrlərə aid qəbilə-tayfa birlikləri şəklindəki təsnifatı, əslində tarixi-etnoqrafik və həm də müəyyən dərəcədə ictimai-siyasi xarakterli olsa da bu bölgülərdə dillərarası fərqlənmələr barədə xüsusi olaraq təhlil aparılmır. Yalnız Mahmud Kaşğaridə danışıq, areal fərqləri ilə əlaqədar nümunələr qarşılaşdırılır. Bununla belə, istər Mahmud Kaşğarinin və istərsə də Rəşidəddinin, Yazıçıoğlu Əlinin, eləcə də Əbül Qazi xanın Oğuz dilləri barədəki təsnifatı türk dillərinin müqayisəli tədqiqi baxımından ilkin örnək olduğu üçün maraqlıdır. Bu maraq həm də diqqəti o istiqamətə yönəldir ki, müasir Oğuz dilləri ərazilərində həmin bölgülər üzrə verilmiş adlar indiyədək etnonim kimi yaşamaqdadır. Belə ki, məsələn, indiki Oğuz qrupu dillərinə məxsus ərazilərin hamısında ayrı-ayrı variantlarda və ya təhrifli formada olsa belə qədim Oğuzun qəbilə-tayfa izləri saxlanılmaqdadır. Məsələn, Azərbaycan ərazisində Qayı, Bayat, Avşar (Əfşar), Qıyıq, Bəkdili, Qarxın, Bayındır, Biçənə (Biçənək), Çəpni, Salur, Eymur, (Emir, İmer) İqdır, Bükdüz, Döker (Düyər), Yıva (Yevlax), Qınıq adları etnotoponimlərdə saxlanmaqdadır.
Türkiyə ərazisində Karkın, Afşar, Kayı, Bayandır, Bayat, İmir (Eymur) [64, s. 139-243]. Qədim Türk qəbilə-tayfa adları ilə bağlı etnotoponimlər hazırda, həmçinin Türkmənistanda və Qaqauzların məskun olduqları ərazilərdə də saxlanılır.
Oğuz qrupu türk dillərinin linqvistik baxımdan bölgülərinə dair mülahizələrə demək olar ki, hələ XIX əsrdə meydana gəlmiş təsnifatlarda rast gəlmək olur. Bu təsnifatlarda linqvistik təhlillər, müqayisə və qarşılaşdırmalar tam şəkildə öz həllini tapmadığından Oğuz dilləri başqa dillərin içərisində pərakəndəliklə verilmişdir. Böyük rus şərqşünası, Kazan və Peterburq universitetlərinin əməkdar professoru, türkoloq, iranist, monqolist İlya Nikolayeviç Berezin (1818-1896) 1849-cu ildə yazdığı “Türk dilinin dialekt sistemi” (“Systeme des aialectes Turs”) adlı əsərində türk dillərinin təsnifini vermişdir [142].
İlya Nikolayeviç Berezin özü məşhur şərqşünas və türkoloq olduğu halda, nədənsə türk dillərinə müstəqil bir subyekt kimi yox, bir dilin dialektləri kimi yanaşmışdır. Oğuz dilləri isə bu təsnifatda ayrı-ayrı “dialekt qrupları” adlandırdığı dillərin içərisində verilmişdir. Məsələn, Azərbaycan dilini Anadolu, Kiçik Asiya, Rumeli, Konstantinopol ərazilərinə ayırdığı dillərin içərisində türk və qərb dialektləri adı altında vermişdir. Türkmən dilini Cağatay və Şərqi Türkistan dialektləri içərisində verir. Bu bölgüdə ilkin olduğu üçün türk dillərinin hamısı əhatə edilmir. Öz dövründə bu təsnifat barədə tənqidi fikirlər olsa da ilkin bünövrə yaratmaq baxımından onun əhəmiyyətini azaltmaq da doğru sayılmaz [59, s. 59].
Türk dillərinin daha geniş təsnifi Vasili Vasiliyeviç Radlova (1837-1918) məxsusdur. Vasili Vasiliyeviç Radlov 1837-ci ildə Almaniyanın Berlin şəhərində anadan olmuş, 1918-ci ildə Sankt-Peterburqda vəfat etmişdir. Alman əsilli V.V.Radlov rus şərqşünası, türkoloq etnoqraf, arxeoloq və pedaqoq kimi məşhur olmuşdur. Onun “Сравнительная грамматика северных тюркских языков Т. 1. Фонетика” (“Vergliechepde Crammatic der nordlichen Turksprachen Th. I Phonetik” (Мйпцин, 1882-1883) adlı əsərində türk dilləri daha çox fonetik əlamətlərə görə təsnif edilsə də burada coğrafi (areal) bölgüyə də yer verilmişdir [143]. Bu bölgüdə maraq doğuran bir cəhət budur ki, Oğuz dilləri bir bölgüyə-Cənub qrupu bölgüsünə daxil edilmişdir. V.V.Radlovun bu bölgüsündən sonrakı tədqiqatçıların təsnifatında da xüsusən, coğrafi üsul bir örnək kimi nəzərə alınmışdır.
Türk dillərinin təsnifatında rus filoloqu, slavist, şərqşünas Fyodor Yevgenyeviç Korş (1843-1915) da coğrafi bölgüdən istifadə etmişdir [143; 59 s. 60].
F.Y.Korşun təsnifatında areal xüsusiyyətlər nəzərə alınmış, samit səslərin söz əvvəlindəki keçidləri (dağ-türk.-tau-tat.) bu bölgüdə xüsusi olaraq tətbiq edilmişdir. Doğrudur, bu tipli istər söz əvvəlinə aid keçidlər, istərsə də söz sonuna aid keçidlər türk dillərinin fonetik quruluşunda fərqləndirici əlamətlər olsa da dillərin təsnifatında təkcə fonetik elementlərin müqayisəyə cəlb edilməsi heç də hər şeyi tamamilə həll edə bilmir [83, s.100-126]. Bununla yanaşı, maraqlı budur ki, F.Y.Korş Oğuz dillərini Qərb qrupu bölgüsünə daxil edir və bu sırada türkmən, Azərbaycan, osmanlı və qaqauz dillərinin adını çəkir.
Türk dillərinə dair tədqiqatların şəbəkəsi genişləndikcə onların təsnifatında fonetik elementlərlə yanaşı digər struktur dil elementlərindən istifadə meylləri də yaranmağa başlayır. Bu cəhətdən görkəmli türkoloq, şərqşünas Aleksandr Nikolayeviç Samoyloviçin (1880-1938) təsnifatı maraqlıdır. A.N.Samoyloviç Oğuz dillərini ol qrupuna daxil edir. Bu qrupu türkmən və ya cənub-qərb qrupu kimi adlandırır. Bu qrupa Azərbaycan, türkmən, türk və qaqauz dillərini daxil edir [120, s. 60].
Türk dillərinin bölgüsündə areal prinsipi bir qayda olaraq, tədqiqatçıların daha çox diqqətini cəlb etmişdir. Bu cəhətdən rus linqvisti, Sankt-Peterburq Akademiyasının müxbir üzvü Vasili Alekseeviç Boqoroditskinin (1857-1922) təsnifatı maraqlıdır. V.A.Boqorodskinin türk dillərinə həsr olunmuş təsnifatı türk-tatar dilçiliyinə dair çap etdirdiyi əsərdə verilmişdir [79]. V.A.Boqoroditski Oğuz dillərini cənub-qərb qrupuna daxil edir və bu qrupa aid olan dilləri belə bir sırada göstərir: türkmən, Azərbaycan, kumık, qaqauz və türk dili [59, s. 61].
Türk dillərinin təsnifatının areal bölgüsünə rus linqvisti, türkoloq-şərqşünas Sergey Yefimoviç Malov (1880-1957) tarixilik prinsipini də əlavə etmişdir. Onun təsnifatında Oğuz dilləri xüsusi bir qrupa daxil edilməmişdir. Oğuz dillərindən olan Azərbaycan, türk, türkmən və qaqauz dilləri yeni türk dilləri adı ilə kumandin, qıpçaq, peçeneq, poloves, salar, uyğur, özbək, cağatay, Çulım dilləri ilə bir sırada verilmişdir [104, s. 7; 59, s. 61].
Türk dillərinin təsnifatında həm tarixi, etnoqrafik və həm də dil strukturuna aid elementlərin kompleks şəkildə nəzərə alınmasına Nikolay Aleksandroviç Baskakovun (1905-1995) bölgüsündə rast gəlmək olur [74].
Oğuz qrupu dilləri Nikolay Baskakovun bölgüsündə aşağıdakı kimi verilir: oğuz-türkmən (qədim oğuz, türkmən və truxmen dilləri) oğuz-bulqar (qədim peçeneq, uz və qaqauz dilləri) və oğuz-səlcuq (Səlcuq, qədim osmanlı, Azərbaycan və türk dilləri) [59, s. 63].
Türk dillərinin təsnifatı ilə başqa tədqiqatçılar da məşğul olmuşlar. Bu təsnifatların bəzilərində dillərin areal xüsusiyyətlərinə, bəzilərində tarixi-etnoqrafik xüsusiyyətlərinə, bəzilərində isə struktur xüsusiyyətlərinə daha çox diqqət yetirilir. Məsələn, türk tədqiqatçılarından Rəhməti Arat [66, s. 59], Təhsin Banquoğlu [60] və başqaları təsnifat apararaq daha çox özlərindən əvvəlki bölgülərə istinad etmişlər [59, s. 63].
Fərhad Zeynalov türk dillərinin bölgüsündə Oğuz dillərinin təsnifini Oğuz dilləri qrupunda verir və buraya Azərbaycan, türkmən, türk, qaqauz vz krım-tatar dillərini daxil edir [59, s. 69].
Afad Qurbanov türk dillərinə dair apardığı təsnifatda Oğuz dillərini Oğuz dilləri yarımqrupuna bölür və buraya qədim Oğuz, peçeneq, səlcuq, qədim Osmanlı, qədim Azərbaycan, müasir dillərə isə Azərbaycan, türk, türkmən və qaqauz dillərini aid edir [46, s. 68].
Burada, əlbəttə ki, müstəqil dillər kimi formalaşmış indiki Oğuz dillərinin müqabilində qədim Oğuz, peçeneq, səlcuq, qədim osmanlı, qədim Azərbaycan dilindən danışmaq o qədər də münasib görünmür. Çünki bu dillərin qədimliyinə dair şübhə yeri yoxdur və digər tərəfdən, qədim Azərbaycan dili, qədim peçeneq dili, qədim səlcuq və qədim osmanlı dillərinin hansı dövrü əhatə etməsi barədə əlavə şərhlər verilmir.
Buludxan Xəlilovun verdiyi təsnifatda Oğuz dillərinin tərkibinə Azərbaycan, türk, türkmən, qaqauz, Balkan və Axısxa türklərinin dilləri daxil edilir. Burada maraqlı tərəf budur ki, son vaxtlar Axısxa türklərinin dilinə aid tədqiqatlar da meydana çıxmışdır [40; 42, s. 98-100; 39; 41, s. 104-105].
Mübariz Yusifov Oğuz qrupu türk dillərini areal prinsipi üzrə təsnif edərək onları belə qruplaşdırır: Cənub-qərb arealı (Azərbaycan, türk, türkmən, qaqauz dilləri).
Buraya Fərhad Zeynalovdakı kimi Krım tatarlarının dili ona görə daxil edilmir ki, Krım tatarları İkinci Dünya müharibəsi dövründə öz doğma yerlərindən Orta Asiyaya köçürülərək pərakəndə salınmışlar və onların müasir dilləri başqa dillər içərisində qarışıq vəziyyətdə olmuşdur. Krım tatarlarının dilini ən yaxşı halda, onların yazılı mənbələri əsasında tədqiq etmək olar [58, s. 56-63].
Türk dillərinin təsnifi və burada Oğuz dillərinin mövqeyi barədə Kamil Bəşirovun doktorluq dissertasiyasında da ətraflı məlumatlar vardır [9, s. 12-32].
Oğuz qrupu dillərinin bölgüsünə aid son məlumatda isə buraya aşağıdakı dillər daxil edilir: Azərbaycan, türk, türkmən, qaqauz, Xorasan, qaşqay, aynalu, əşfar, salar. Bu təsnifata görə Oğuz dillərində danışan əhalinin sayı da göstərilir:
Türk dili – 76 milyon
Azərbaycan dili – 50 milyon
Türkmən dili – 6,8 milyon
Qaqauz dili – 330 min
Xorasan dili – 400 min
Qaşqay dili – 2,2 milyon
Aynalu dili – 7 min
Əfşar dili- 300 min
Salar dili – 55 min (133).
Nəzərə almaq lazımdır ki, Xorasan, Qaşqay, Aynalu və Əfşar adı ilə verilən dillər İran ərazisindədir. Bu halda onları Azərbaycan dilindən ayırmağa ehtiyac qalmır. Olsa-olsa bu dillər Azərbaycan dilinin dialektləri hesab edilə bilər.
Qaldı Çin (Qansu və Qinçhay) ərazisindəki Salar dilinə, zaman-zaman bu dilin struktur quruluşunda fərqlənmələr baş vermişdir. Salar dilinin müstəqil bir dil kimi formalaşmasına dair müvafiq tədqiqatlar aparılmasına ehtiyac vardır. Oğuz qrupuna gəlincə onları özlərinin müstəqil normalaşmasına görə Azərbaycan, türk, türkmən və qaqauz dilləri kimi təqdim edilməsi və tədqiq olunması tamamilə məqsədəuyğun hesab edilə bilər.
Dostları ilə paylaş: |