Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz qrupu türk diLLƏRİNDƏ fonetik uyğunluq və norma


Azərbaycan dilində fonetik və qrafik normalaşma



Yüklə 222,04 Kb.
səhifə3/40
tarix02.02.2022
ölçüsü222,04 Kb.
#114030
1   2   3   4   5   6   7   8   9   ...   40
1.2. Azərbaycan dilində fonetik və qrafik normalaşma
Azərbaycanşünaslıqda həlli çətin olan, indiyədək mübahisəli qalan və tədqiqatçıların gətirdiyi arqumentlərə baxmayaraq etibarlı dəlillərlə əsaslandırıla bilməyən ciddi bir problem vardır. Bu Azərbaycan xalqının və dilinin təşəkkülü ilə bağlı olan problemdir. Demək olmaz ki, Azərbaycanda bu məsələnin öhdəsindən gəlməyə qüvvəsi və qüdrəti çatan mütəxəssislərimiz azdır və ya yoxdur. Müasir dövrdə yetişmiş elmi potensialımızı əvvəlki vaxtlarla müqayisə etsək indiki tədqiqatçılarımızın daha geniş imkanlara malik olduğunu söyləmək olar. Ən əsası budur ki, indi Azərbaycan Respublikası müstəqil bir dövlətdir və bütün başqa sahələrdə olduğu kimi humanitar sahədə də Azərbaycan elminin qarşısında heç bir milli məhdudiyyət yoxdur. Yəni artıq öz sözümüzü özümüzün deməyimizin və onu sübuta yetirməyin qarşısında heç bir maneə yoxdur. Onu nəzərə almaq lazımdır ki, indiyədək ya bizim sözümüzü özgələr öz bildikləri kimi, onlara sərf etdiyi kimi deyib, özümüzünkülər isə ya mövcud siyasətin və ya ideologiyanın təsiri altında milli mənafeyə gərəkli ola biləcək söz demək imkanlarına malik olmamışlar. Nizami Cəfərov doğru deyir ki, eradan əvvəlki III-II minilliklərdə Azərbaycanda etnik münasibətlər, mədəniyyət, sosial-siyasi proseslər barədə sözü həmişə qafqazşünaslar, iranşünaslar demişlər, daha əvvəlki dövrlər barəsində isə son illərdə türkoloq altayşünaslar danışmağa başlamışlar [17, s. 9].

Azərbaycanşünaslığın milli bünövrə üzərində inkişaf etməsi qarşısında geniş perspektivlər yarandığı müasir müstəqillik dövründə Azərbaycan xalqının və dilinin təşəkkülünün həqiqətlər üzərində qurulmuş konsepsiya bazasında tədqiq edilməsinə real bir zəmin yaranmışdır.

Tarixçilərin, etnoqrafların, etnokulturologiya mütəxəssislərinin əlində elə bir mötəbər mənbə yoxdur ki, Azərbaycan xalqının mütəşəkkillik dövrü barədə aydın bir təsəvvür yaradıla bilsin. Deyilən fikirlər isə indiyədək irəli sürülən mülahizələrin təhlili və tənqidi üzərində qurulmuşdur. Azərbaycanşünaslığın əsasları barədə fundamental tədqiqat aparan Nizami Cəfərov Azərbaycan xalqının təşəkkülü barədə indiyədək deyilmiş fikir və mülahizələri araşdıraraq belə nəticəyə gəlir ki, bu xalqın formalaşması tarixini üç dövrə bölmək olar. Birinci dövr “E.ə. II minilliyin sonu, I minilliyin əvvəllərinə aid mənbələr Azərbaycanda (və həmhüdud regionlarda) daha bir sıra tayfaların, yaxud tayfa birliklərinin məskunlaşdığı mərhələni əhatə edir. Buraya etnik mənsubiyyəti məlum olmayan turukkilər, nigimixlər, uruatrilər… aiddir ki, görünür, onlar Azərbaycanın etnik tarixinin haqqında söhbət gedən dövründə elə bir sosial-siyasi nüfuza malik olmamışlar.

Azərbaycan xalqının təşəkkülünün birinci mərhələsini hun-qıpçaq türklərinin Azərbaycanda məskunlaşması təşkil edir… Beləliklə, I minillikdə ardıcıl hun-qıpçaq yürüşləri nəticəsində Azərbaycanın Şimali tədricən türkləşdi” [17, s. 95-103].

Azərbaycan xalqının təşəkkülünün ikinci mərhələsi isə Oğuz türklərinin Azərbaycana axını dövrü kimi nəzərə alınan XI əsrin əvvəlləri hesab edilir. Həm də qeyd edilir ki, Oğuz türkləri “Azərbaycanın etnosiyasi baxımdan dağınıq, qeyri-mütəşəkkil Cənubunu çox qısa bir müddətdə tutub Şimala-Qafqazın Cənubuna doğru hərəkət etdilər” [17, s. 103].

Nizami Cəfərovun tədqiqatına görə, Azərbaycan xalqının formalaşması tarixində “üçüncü – sonuncu (həlledici!) mərhələ XV əsrin sonu, XVI əsrin əvvəllərindən başlayır” [17, s. 107].

Beləliklə, Nizami Cəfərov ayrı-ayrı türk dillərinin ümumtürk ədəbi dili olan türkidən müəyyən mərhələlər üzrə formalaşdığını göstərir və onları aşağıdakı kimi bölür:



  1. (Türkinin) təşəkkül dövrü (IX-XII əsrlər)

  2. (Türkinin) təkamül (regionallaşma) dövrü (XIII-XVI əsrlər)

  3. (Türkinin) tənəzzül dövrü (XVII-XVIII əsrlər) [17, s. 119]

Azərbaycan dilinin tarixi məsələləri ilə müntəzəm məşğul olmuş Əbdüləzəl Dəmirçizadə hesab edir ki, Azərbaycan xalqının və ümumxalq dilinin formalaşması əsasən eramızın əvvəllərindən başlayaraq təqribən IX əsrə qədərki zamanla əlaqədardır. Buna görə də Azərbaycan ədəbi dilinin vahid ümumxalq dili əsasında formalaşması məhz eramızın VII əsrindən IV-X əsrlərə qədərki dövrdə Azərbaycanın ictimai və mədəni şəraiti ilə üzvi surətdə bağlıdır [24, s. 67].

Əbdüləzəl Dəmirçizadə də zamanın yetirdiyi tarixçilərin tədqiqatlarına əsaslanaraq yazır ki, VII-IX əsrlərdə Azərbaycana bir sıra türkdilli tayfalar şimaldan daxil olub burada məskən salmış və yerlilərlə həmdil olaraq qaynayıb-qarışmışlar. Beləliklə, aturbatkanlı və arranlıların tərkibinə daha bir sıra türk dilli tayfalar qarışdıqları kimi türk dilləri silsiləsində ümumxalq dili halında formalaşmaqda olan türki-Azərbaycan (Aturbatkan-Arran) dili tərkibinə “qıpçaq”, “quman”, “suvar” və bu kimi türk dilli tayfaların dil vahidləri də qaynayıb-qarışmış oldu [24, s. 51].

Əbdüləzəl Dəmirçizadə Azərbaycan ədəbi dilinin inkişaf tarixini 3 dövrə bölür:

1. Ümumxalq dili əsasında Azərbaycan ədəbi dilinin formalaşıb inkişaf etməsi dövrü (XI-XIII əsrlərdən başlanır). XVIII əsrin sonlarına qədərki müddəti əhatə edir.




Yüklə 222,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin