F samiti novlu kar samit olduğu üçün sözün digər yerlərində türk dili üçün normaya çevrilə bilməmişdir. Alınma sözlərdə isə f samitinin icbari norma kimi işlənməsinə rast gəlmək olur: yufka, yulaf, tahfir, tahrif, taraf, tühaf, saf, safir, şifa, sifat, sıfır, şifl, sofra və s.
Türk dilində b samitinin də norma üzrə Azərbaycan dilindən fərqli işlənməsinə təsadüf olunur. B samiti türk dilində daha çox söz əvvəli və söz ortası üçün norma səciyyəlidir: bağ, bacak, çubuk, bağımsız, bağışık, barış, boş, basak, batax, bayrak, bilgi, boğaz, bebe, gebermek, göçebe və s.
B samiti türk dilinin söz sonunda Azərbaycan dilindəkindən fərqli olaraq genetik-sturktur p səsinə keçir: dolap (türk), dolab (Azərb.), dolaşıp (türk), dolaşıb (Azərb.), dolup (türk), dolub (Azərb.), dip (türk), dib (Azərb.), cep (türk), cib (Azərb.), kitap (türk), kitab (Azərb.), çorap (türk), corab (Azərb.).
B samiti bəzi sözlərin əvvəlində Azərbaycan dilindəki m samitinin əvəzedicisi kimi çıxış edir: ben (türk), mən (Azərb.), bana (türk), mənə (Azərb.), boncuk (türk), muncuq (Azərb.), bin (türk), min (Azərb.).
Bəzi sözlərdə isə Azərbaycan dilindəki b səsi türk dilindəki m səsi ilə uyğunlaşır: bənövşə (Azərb.), menekşe (türk), buz (Azərb.), muz (türk).
Türk və Azərbaycan dillərində səslərin nitqə görə yumşalıb asanlaşması meyli Azərbaycan dilində daha çox olsa da bəzi hallarda türk dilində də yumşalmaya meyl müşahidə edilir. Lakin bunlar türk dilində azdır, həm də b samitinin özü də p səsinin yumşaq refleksidir.
Dodaq samiti m səsi də yumşaq və sonor səs kimi türk dili söz əvvəlində çox inkişaf etmişdir. M samiti daha çox alınma sözlərin əvvəlində işlədilir: maharet, mahkeme, mahrem, mekan, merak, mübarek, mucize, muhteşem, maddi, mağara, mağrur, mahrem, mahut, makas, makbul və s.
Türk dilinin aqlütinativliyi ilə əlaqədar olaraq m samiti sözün sonrakı hecalarındakı sözyaratma və qrammatik vasitələrinin tərkibində işlənir: artırma, açıklama, açıklanmaz, kavuşmak, kavuşturmak, yardım, acımasız, olmayan, adım, bilmece, bağlama, yağmur, yakılmış, yakalaşım, yaklaşma, alaşım, bağlam və s.
Dodaq samitlərindən v samiti də türk dili söz önündə fəal deyildir. Azərbaycan dilində olduğu kimi, türk dilində də v samitinin sözönü sözyaratma funksiyası zəifdir. V samiti bir neçə müstəqil sözün əvvəlində işlənir. Söz əvvəlində, v samiti, əsas etibarı ilə təqlidi sözlərdə işlənə bilir. Bu o deməkdir ki, v samiti, aqlütinativliyin sözyaratma qaydalarına müvafiq olaraq novlu, cingiltili olduğu üçün söz başında aktivlik göstərə bilmir. Türk dillərində, o cümlədən, Oğuz dillərində sözün əvvəlində fonetik sözyaratma vasitəsi kimi kipləşən samitlər daha üstün mövqeyə malikdir. Türk dilinin söz əvvəlində v samitinin işlənməsinə dair aşağıdakı kimi nümunələri misal göstərmək olar: var, varlık, varmak, ver, vermek, vergi, verici, vızıllaşak, vızıltı, vurğu, vurmak, vayıldamak, vayıltı və s.
Sözün sonrakı hecalarında v səsi özünün müvafiq sözyaratma və qrammatik funksiyasını göstərə bilir: görek, alev, grev, ödev, yalvar, yavru, yuva, yuvarlak, şalvar, savaş, savunmak, sevmek, sivrilmek, yavaş, cıvıltı, çivi və s. Türk dilinin samit fonemlərinin Azərbaycan dili fonemləri ilə müqayisəsindən göründüyü kimi, Azərbaycan dilinin samit fonemləri nitq aktivliyi baxımından türk dilindəkinə nisbətən daha intensivdir. Bu intensivlik həm müəyyən səslərin təkamül prosesində, həm də norma sabitləşməsində müşahidə edilir.
Dostları ilə paylaş: |