2.2. Dilarxası saitlərin uyğunluğu və norma
Sait səslərin ahəng üzrə sıralanmasında əsas prinsip dilarxası və dilönü saitlərin bir-birini izləməsindən ibarətdir. Ancaq həm dilarxası və həm də dilönü saitlərin içərisində dodaq- damaq saitləri də vardır ki, onların ardıcıllığı da həmin prinsipin bir tərkib hissəsidir.
Onu da nəzərə almaq lazımdır ki, bütün dilarxası saitlər və dilönü saitlər, o cümlədən, bütün damaq və dodaq saitləri bir-birini eyni cür izləyə bilmir. Bunların içərisində intensiv izlənmələr, zəif izlənmələr, o cümlədən, bir-birini izləməyənlər də vardır. Məsələn, dilarxası saitlərdən a və ı saitləri bir-birini intensiv izləyə bilir, ancaq a saiti u saitini intensiv izləyə bilmir; U saiti ı və y saitini izləyir. Ancaq u saiti ı saitini ı saiti u saitini izləyə bilmir. Sözün ikinci hecasında o saiti intensiv olmadığından a-o, o-o, ı-o, u-o sıraları çox az sözlərdə bir-birinin ardınca işlənə bilir.
Dilortası e saiti Azərbaycan dilində özündən sonra ardıcıllıq və sıra yarada bilmir. E saitindən sonra e işlənməsi isə türk, türkmən və qaqauz dillərində normaya çevrilmişdir. Ancaq e saitindən sonra ə işlənməsi bu dillərin hamısı üçün kütləvi deyildir. Bu hal, bir qayda olaraq, Azərbaycan dili üçün səciyyəvidir. Ə saitindən sonra ə işlənməsi də daha çox Azərbaycan dilinə məxsusdur. Oğuz qrupu dillərində ə saiti daha çox Azərbaycan dilində inkişaf etdiyinə görə ə-i sırası da demək olar ki, Azərbaycan dilinə məxsusdur. Oğuz dillərində ikinci hecada açıq dodaq saitləri sıra yarada bilmir. Ona görə də bu dillərdə e-ö sırası yoxdur, ə-ö, ö-ö sırasına isə Azərbaycan dilində zəif rast gəlmək olur. İkinci sırada e işlənməsinə Azərbaycan dilindəki bəzi sözlərdə təsadüf edilir. Azərbaycan dilində ü-i sırası olmadığı halda türkmən dilində belə sıra mövcuddur. Ə-i sırası isə daha çox Azərbaycan dilində işlədilir.
Beləliklə, təhlil olunan materiallardan görünür ki, ayrı-ayrı dillərdə sait səslərin uyğunluq üzrə tarazlaşmasında və sıralanmasında özünəməxsus variantlar mövcuddur. Ona görə də aparılan təhlillərdə səslərin mövcud ədəbiyyatda göstərilən “ahəng qanunu” prinsipləri üzrə yox, hər bir saitin özünün malik olduğu ardıcıllıqlara əsaslanılır. Ümumi halda, Oğuz qrupuna daxil olan dillərdə dilarxası saitlərin sıralanma mənzərəsi aşağıdakı kimidir:
A saitinin sırası
Azərbaycan dilində a saitinin intensiv sırası a-a, a-ı səslərinin söz tərkibindəki tarazlaşması və uyğunlaşması ilə müəyyən olunur: ata, ana, alma, yara, daraq, qara, qatar, bala, bacarmaq, qaralanmaq, yararlanmaq; arı, arıq, sarıq, sarılmaq, qarışdırıcı, barışdırıcı, yaradıcılıq, darıxdırıcılıq, başlıq, satıcılıq və s.
Türk dilində də a-a və a-ı sırasının işlənməsi norma kimi sabitdir: aktarmak, ağaç, anlama, araç, ayak, başak, kaçak, kavşak, kazanç; alaycı, alıştırmak, aracı, araclı, aşağlayıcı, avcı, ayakçı və s.
Türk dilindəki a başlanğıclı sıra bəzi hallarda, Azərbaycan dilində o başlanğıclı sıra ilə əvəz olunur: avcı (türk), ovçu (Azərb.), kavuşmak (türk), qovuşmaq (Azərb.), avutmak (türk), ovutmaq (Azərb.), avuc (türk), ovuç (Azərb.).
Türk dilindəki a saitinin sırasına, Azərbaycan dilindəkindən fərqli olaraq e saiti də daxil olur: anne (türk), ana (Azərb.), annelik (türk), analıq (Azərb.)
Azərbaycan dilindəki a başlanğıclı sırada isə türk dilində e saitinin işlənməsinə rast gəlmək olur: yaşıl (Azərb.), yeşil (türk), alma (Azərb.), elma (türk), almaz (Azərb.), elmas (türk).
Türkmən dilində də Azərbaycan və türk dillərində olduğu kimi, a-a və a-ı sıraları norma kimi işlənir: aqaran, aqartmak, aqlamak, aqlaşmak, aqsamak, aldamak, aldanmak, assa, assaca, baba, çaqa, çaqalamak, çalpav, çalpavlanmak; adaqlı, aqaçlı, aqaççılık, aqtarışmak, altılık, altın, baqçılık, bakdırmak və s.
Türk dilində olduğu kimi, türkmən dilində də Azərbaycan dili ilə müqayisədə a başlanğıclı sözlər o başlanğıclı sıra ilə əvəz olunur: avçı (türkm.), ovçu (Azərb.), avçılıq (türkm.), ovçuluq (Azərb.), avuşatmak (türkm.), oxşatmaq (Azərb.), avulı (türkm.), ovulu (Azərb.), qovdırmak (türkm.), çovdurmak (Azərb.), çovmak (türkm.), çovumaq (Azərb.).
Türkmən dilində, hətta a başlanğıclı sözlərdə ə və e işlənməsinə də təsadüf edilir; ədim (addım), ədimlemek (addımlamaq), ene (ana), enelik (analıq). Qaqauz dilində də Azərbaycan, türk və türkmən dillərində olduğu kimi, a-a və a-ı ortası öz intensivlik normasını saxlayır. Aarayan (arayan), adlama (ad qoyma), ayak, anlaşma, annama, alma, baalama (bağlama), babalı, artık, bayırlık (təpəlik), baldır, darqınnık (darıxmaq), daalış (dağılış), daanık (dağınıq), yaarın (sabah), yabanı (canavar), yavannık (yavanlıq), yaylık (yaylıq) və s.
Qaqauz dilində də türk və türkmən dillərində olduğu kimi, Azərbaycan dili ilə müqayisədə başlanğıcdakı a sırası o adekvatını əvəz edir: aulanma (ovlanma), auç (ovuc), auçlama (ovuclama), aurt (ovurd), auşamak (oxşamak).
Həmçinin, qaqauz dilində Azərbaycan dili normasından fərqli olaraq a başlanğıclı sıranın sonrakı hecasında ı əvəzinə a işlənməsinə təsadüf edilir.
Türk, türkmən və qaqauz dillərində birinci hecada Azərbaycan dilindəki o adekvatının yerində a işlənməsinə Azərbaycan dilinin yerli nitq areallarında da rast gəlmək olur: av, tavla, tavuk.
Dostları ilə paylaş: |