1.5. Qaqauz dilində fonetik və qrafik normalaşma
Oğuz qrupuna daxil olan türk xalqlarından biri kimi qaqauzların keşməkeşli tarixi və zəngin dil ənənələri vardır. Qaqauzlar tarixən daha çox parçalanmaya məruz qaldıqlarından və pərakəndəliyə düşdüyündən indi onlar nisbi azsaylı xalqlar sırasına daxil olmaqdadırlar. Qaqauzlar əsas etibarı ilə kompakt şəkildə Moldova ərazisində yaşayırlar. Tarixi mənbələrə görə daim təqiblərdən yaxa qurtarmağa can atan qaqauzlar sağ qalmaq naminə sığınacaq ümidgahı kimi xristian dinini qəbul etmişlər. Onların dini təriqəti provaslavlıqdır. Qaqauzların Moldovada yaşadıqları ərazi Muxtar Qaqauziya vilayətidir. Qaqauzlar həmçinin, Ukraynada, Rumıniyada, Rusiyada, Türkiyədə, Bolqariyada, Orta Asiyada, Qazaxıstanda yayılaraq məskunlaşmışlar.
2004-cü ilin siyahıya almasına görə qaqauzların ümumi sayı 250 min nəfərdir. Bunlardan 158.607 nəfəri Moldovada, 31.923 nəfəri Ukraynada, 12.210 nəfəri Rusiya federasiyasında, 45 nəfəri Rumıniyada qeydə alınmışdır.
Qaqauzların tarixinə və etnik mənsubiyyətinə dair indiyədək dəyərli, inandırıcı, həqiqətəuyğun bir tədqiqat da ortaya qoyulmamışdır. Bəzi tədqiqatçılar qaqauzların mənşəyini uzlarla (oğuzlarla), bəziləri qaraqalpaqlara, bəziləri kumanlara (qıpçaqlarla), bəziləri də XIII əsrdə monqolların Anadoluya gəlişi nəticəsində Anadolu Səlcuq sultanı II İzzəddin Keykavusla birgə Rumeliyə köçmüş olan Səlcuq türklərinə aid edirlər. Bolqar tarixçisi K.D.Balaşçevə görə qaqauzlar Anadolu Səlcuq türklərinin nəvələridir. Qaqauz adının isə Keykavusun Qaqauzların adından götürüldüyü iddia edilir. Səlcuq türklərindən olduqları fikri Osman Turan, Xəlil İnalcık, Kamal Kapnat, Vladimir Zayançkovski, İstoyan Cansızov və başqa tədqiqatçılar tərəfindən də təqdir edilir. Çex tarixçisi Konstantin İirecek isə qaqauzları Monqol istilasından sonra Bolqarıstanda yerləşmiş olan kumanların qalıqları hesab edir. Qaqauzlar haqqında tədqiqat aparmış V.A.Moşkova görə qaqauzlar kuman türkləri deyil, 1064-cü ildə Dunya çayını keçərək Balkan yarımadasında yerləşən Oğuz türklərinin nəslindəndirlər.
Bunların bir hissəsinin çox sonralar Rusiyaya keçib başqa türk tayfaları ilə qarışaraq “Qaraqalpaq” adını daşımasını və xristianlığını qəbul etdiklərini qeyd edən Moşkov onların Bolqarıstana keçdiklərini və Dəliorman türklərinin təsiri ilə qaqauz etnosu kimi formalaşdığını iddia edir.
Qaqauzların müəmmalı tarixi barədə fikir söyləyən tədqiqatçılar onu da istisna etmirlər ki, qaqauzlar təkcə Oğuz və Qaraqalpaqların qarışığından ibarət deyil, həm də Peçeneq, Uz (Oğuz) Kuman və Anadolu Səlcuq türklərinin törəmələrindən ibarətdir. Qaqauz adının bir etnik ad kimi işlənməsi barədə əldə dəqiq məlumat yoxdur. Yalnız Bizans mənbələri qaqauzlar haqqında “Türkcə danışan Elenlər” ifadəsini işlətmişlər.
Qaqauz adına ilk dəfə rus mənbələrində 1817-ci il siyahıyaalınmasında rast gəlinir. Tarixçilərin əksəriyyətinin fikrincə qaqauzlar Monqol istilası ilə əlaqədar olaraq Bizans İmperatorluğuna sığınmış, həmin dövrdə də xristianlığı qəbul etmişlər. XIV əsrin birinci yarısında Bizans İmperatorluğunun zəifləməsi və Altun Ordanın çox uzaqda olması sayəsində qaqauzların içərisindən çıxmış Balık adlı bir lider həmin ərazidə Qaqauz dövləti yaratmışdır. O zamankı Balçık (indiki Karvuno) şəhərini özlərinə paytaxt etmişlər. 1357-ci ildə Balıkın ölümündən sonra qardaşı Dobrotiç hakimiyyətə gəlmiş və həmin yer “Dobrotiç yurdu” adlandırılmışdır. Sonralar isə həmin yer adı “Doburca” kimi işlənmişdir. 1417-ci ildə bu kiçik dövlət Osmanlı dövlətinə qatılmış və əhalinin bir qismi də islamı qəbul etmişdir. Daha sonralar Balkan yarımadasının müxtəlif ərazilərində yaşayan qaqauzlar 1739, 1768, 1774-cü illərdə Osmanlı-Rus müharibələri dövründə Bolqarıstanın təzyiqi nəticəsində öz yerlərini tərk edib Moldovaya köç etmək məcburiyyətində qalmışlar.
1812-ci ildə “Bükreş” müqaviləsindən sonra dağınıq halda yaşayan qaqauzlar Moldova ərazisində məskunlaşa bilmişlər. 1830-cu ilə qədər bu ərazidə Çadır, Oraq, Bucaq, Avdarma, Düzgüncə, Qaqayaqlı, Tatar-qıpçaq, Vulkaneşt, Beşalma, Bolboka, Taşpınar, Yeniköy, Çoltay, Tomay, Haydar, Satılqaçı, Baurci, Dmitrovka və başqa adda kəndlər salaraq yaşamışlar. 1909-1910-cu illər ərzində qaqauzların bir qismi həyat şəraitinə görə Orta Asiyadan Aktubinskə, 1925-ci ildə isə Daşkənd ətrafına köçmüşlər. 10 fevral 1947-ci ildə imzalanan “Paris” müqaviləsinə görə Moldova Sosialist Respublikalarının tərkibinə daxil edilmişdir. Sovet İttifaqı dağıldıqdan sonra Moldova Respublikasında Qaqauz Muxtar Vilayəti yaradılmışdır. Hazırda Qaqauz Muxtar Vilayətinin paytaxtı Çadırlunqa şəhəridir. Hazırda qaqauzlar əksərən Moldova Respublikasında yaşayırlar. Bundan başqa qaqauzlar Bolqarıstanın Varna ərazisindəki kəndlərində, Doburca və Kavarnada, Yanbol və Topolovqrad ətrafında, Ukrayna Respublikasının Zaporojye və Odessa ərazilərində, Rusiyanın Rostov vilayətində, Qazaxıstanın Pavlodar vilayətində, Orta Asiyanın Koknekti, Zarma, Çarslı, Urtzor qəsəbələrində, Bişkək və Daşkənd şəhərlərində, Rumıniyanın bir neçə kəndində, hətta Argentinanın və Braziliyanın da kəndlərində məskunlaşmışlar. Dünyada qaqauzların ümumi sayı 400 minə yaxın hesablanır. 1957-ci ilə qədər qaqauzların özlərinə məxsus əlifbası olmamışdır. 30 iyul 1957-ci ildə rus – kiril qrafikası əsasında qaqauz əlifbası yaradılmışdır. Hazırda qaqauz dilində “Ana sözü” adlı qəzet nəşr olunur. Qaqauz yazısında həm kiril, həm də latın əlifbalarından istifadə edilir. Məktəblərdə “Qaqauz dili” kitabı tədris olunur. İbtidai məktəblərdə uşaqlar qaqauz dilində oxusalar da orta və ali təhsil pilləsini Moldov və rus dillərində keçirlər. Qaqauzlar keçmiş ənənəyə sadiq qalaraq rəsmi qaydada Göy türk dövründəki bayramı bərpa etmişlər [147].
Qaqauz dilində danışan əhali müxtəlif ərazilərdə yayılmış olsa da onun hazırkı əsas vətəni olan Qaqauziyada iki dialekti vardır: Çadırlunq-komrat dialekti (mərkəzi) və Vulkanesit dialekti (cənub). Bundan başqa Qaqauz dilinin qarışıq və keçid şivələri də vardır. Qaqauz dilinin Cənub dialekti qədim türk modelini özündə daha çox saxlayır. Balkan yarımadasında yaşayan qaqauzların dialektlərində fərqlənmələr daha artıqdır. Bu da qaqauzların pərakəndə haldakı yaşayış tərzlərinin nəticəsidir. Qaqauz dilinin yayıldığı ərazilərə gəlincə onların şivə fərqləri də artmağa başlayır. Məsələn, makedon, bolqar, türk və digər şivə fərqlərinin olduğu kimi.
Qaqauz dili elmi cəhətdən XIX əsrdən bəri tədqiq olunmağa başlamışdır. Qaqauz dilinin öyrənilməsi işində ilk addım və təcrübə rus etnoqrafı, general-leytenant, Rusiya İmperiyasının Coğrafiya Cəmiyyətinin üzvü, Kazan Universitetində Arxeologiya Cəmiyyətinin Koordinatoru Valentin Aleksandroviç Moşkova (1852-Rusiya, 1922 Sofiya, Bolqariya) məxsusdur. Valentin Aleksandroviç Moşkov əvvəlcə qaqauz danışıq dilini öyrənmiş, sonra isə bu dilin lüğətini hazırlamaq üçün material toplamışdır. Maraqlıdır ki, Moşkov qaqauz dilini milliyyəti qaqauz olan əsgərlərin vasitəsi ilə öyrənmişdir. Sonra isə material toplamaq məqsədi ilə Bessarabiyaya, Bender uyezdinə və İzmayıl uyezdinə səfər etmişdir. Daha sonra isə Beşalma və Etuli ərazilərinə getmişər. Moşkov bu səfərlərində çoxlu etnoqrafik material, o cümlədən, qaqauzlara dair folklor materialları toplamışdır.
1895-ci ildə Moşkov N.F.Katanovun köməyi ilə Kazanda ilk Qaqauz mətnlərini çap etdirdi. O, eyni zamanda akademik V.V.Radlovla da tanış oldu. Beləliklə, çoxcildlik “Образцы народный литературы тюркских племен” (“Türk qəbilələrinin xalq ədəbiyyatından nümunələr”) adlı əsərini çap etdirməyə nail oldu. 1900-1902-ci illərdə etnoqrafik materiallarını və Bender uyezdinin qaqauzları adı altındakı nümunələrini “Етнографические очерки и материалы” (“Etnoqrafik oçerklər və materiallar”) adı altında çap etdirmişdir.
1910-1930-cu illərdə dini mətnlərin oxunması məqsədi ilə kilsə xadimi, qaqauz və Moldov din xadimi Mixail Mixayloviç Çakir (1852-1922) tərəfindən rus və rumın əlifbaları əsasında ilkin əlifba hazırlanmışdır.
Qaqauz dilinin tədqiqi işi ilə N.K.Dmitriyev, B.Qafarov, L.Pokrovskaya, T.Kalyagina- Kaledina, F.Anqeli, B.Tukan, D.Tanasoğlu, M.Quboğlu, R.Kaydarji kimi mütəxəsislər məşğul olmuşlar.
Qaqauz dilinin tədqiqi işi bu gün də davam edir. Bu sahədə Güllü Qərəngilin “Лексика гагаузского языка”, (“Qaqauz dilinin leksikası”) M.Quboğlunun “Гагаузы”, (“Qaqauzlar”) R.N.Tanasoğlunun “Qaqauzlar”, E.Soroçyanunun “Гагаузский язык и его диалекты” (“Qaqauz dili və onun dialektləri”) adlı əsərlərinin adını çəkmək olar.
Qaqauz dilinin yazısı üçün 1996-cı ildən türk dilinin əlifbası üzrə latın əsaslı yeni əlifba formalaşdırılmışdır. Lakin latın əsaslı əlifba ilə yanaşı hazırda kiril əlifbasından da istifadə edilir.
Yeni qaqauz əlifbasında 31 hərfi işarə vardır. Əlifbada 9 işarə saitləri bildirir, 22 işarə isə samitlərə aiddir. Qaqauz əlifbasında rus əlifbasının təsiri ilə qoşa səs bildirən ê (ye) və Ţ (ü) işarəsi saxlanılır.
Qaqauz dilinin yeni əlifbası aşağıdakı kimi formalaşdırılmışdır: Aa, Ää (ə), Bb, Cc, Çç, Dd, Ee, Ěě, Ff, Gg(q), Hh (x), Iı, İi, Jj, Kk, Ll, Mm, Nn, Oo, Öö, Pp, rr, ss, Şş, Tt, Ţţ (ü), Uu, Üü, Vv, Yy, Zz.
Dostları ilə paylaş: |