Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz qrupu türk diLLƏRİNDƏ fonetik uyğunluq və norma


II FƏSİL SAİT SƏSLƏRİN UYĞUNLUĞU VƏ NORMA



Yüklə 222,04 Kb.
səhifə14/40
tarix02.02.2022
ölçüsü222,04 Kb.
#114030
1   ...   10   11   12   13   14   15   16   17   ...   40
II FƏSİL

SAİT SƏSLƏRİN UYĞUNLUĞU VƏ NORMA
2.1. Sait səslərin fonetik harmoniyası
Oğuz qrupu türk dillərində saitlərin fonetik prinsip üzrə ardıcıllığında ümumi cəhət ondan ibarətdir ki, bu dillərdə dilarxası o və dilönü ö səsləri ikinci hecada işlənə bilmir. Türk dilində sözün sonrakı hecasında o saitinin işlənməsi fonetik yox, morfoloji hadisə kimi nəzərə alınmalıdır. Çünki o saiti sözün sonrakı hecasında ancaq indiki zamanın tək və cəm formasında (alıyorum, alıyoruz) işlənir. Qalan hallarda isə sözün sonrakı hecalarında o saiti işlənməsi normaya çevrilməmişdir. Azərbaycan dilində isə yalnız bir neçə monolitləşmiş sözün ikinci hecasında o, ö saitlərinin işlənməsinə rast gəlmək olur. Oğuz qrupu dillərində saitlərin ardıcıl uyğunlaşması prosesinin göstəricisi kimi Azərbaycan dilindən fərqlənən bir əlamət də vardır ki, bu da sözün ikinci və sonrakı hecalarında e saitinin norma kimi işlənməsindən ibarətdir. Azərbaycan dilində isə sözün sonrakı hecalarında e saitinə yalnız bir neçə monolitləşmiş sözə də rast gəlmək olur.

Saitlərin ardıcıllığında və söz tərkibində uyğunlaşmasında bu dillərin nitq prosesi üzrə normalaşmasının göstəricisi olan variantlıqlar müşahidə edilir. Sait səslərin ardıcıllığı, sırası və uyğunlaşması dilçilik ədəbiyyatında saitlər ahəngi və ya ahəng qanunu adı ilə tanınır [19; 21; 101, s. 88-96; 27; 23; 26; 35; 97, s. 35; 98, s. 38-41; 133; 37, s. 147-157; 31, s. 47; 4, s. 208-218].

Fonetik vahidlərin ahəngdarlığı və ardıcıl sırası haqqında bəhs olunan tədqiqatlarda, bir qayda olaraq göstərilir ki, səslərin ardıcıl sırası və harmoniyası türk dilləri üçün səciyyəvidir. Ancaq səslərin söz tərkibində nə üçün aqlütinativ dillərdə, o cümlədən türk dillərində ardıcıl qayda üzrə sıralanmasının səbəbləri, demək olar ki, tam şəkildə izah olunmamış qalır. Burada başlıca səbəb aqlütinativliklə bağlı hesab edilə bilər. O mənada ki, söz kökünə silsilə şəkilçilər qoşulduqca bu şəkilçilərin daxili sait elementləri ardıcıllığın baş verməsinə prosodik təminat yaradır. Ancaq məsələnin bir tərəfi də vardır ki, elə türk dillərinin özü aqlütinasiyalı (sonşəkilçili) dil olsa da, belə fonetik harmoniya bu dillərin bəzilərində saxlanılmır, bir sıra dil elementlərində isə harmonik sıranın özünün pozulması müşahidə edilir. Ona görə də dildəki harmoniyanın hadisə barədə bundan sonra da bir çox tədqiqatların aparılmasına ehtiyac vardır. “Aqlütinativ quruluşun Türk dillərində prosodiklik ənənəsi güclü olduğundan bu dillərdə həmin qanun deyilən proses müasir dövrə kimi davam edərək özünün normalarını yaratmışdır” [14, s.46].

Müasir Türk dillərinin müqayisəli fonetikası üzrə tədqiqat aparmış İsmayıl Kazımov yazır ki, türk dillərində “İlk öncə ahəng qanunu bu dilləri birləşdirən səciyyəvi xüsusiyyətlərdəndir. Türk sözlərində sözün ilk hecasında qalın bir sait varsa sonrakı hecalarda da qalın sait; ilk hecada incə bir sait varsa sonrakı hecalarda da incə saitlə başlanırsa buna səs tutumu və ya ahəng qanunu deyilir. Ahəng qanunu türk dillərinin fonetik, morfoloji və morfonoloji təbəqələrində üzə çıxır” [43, s. 109-110].

A.Məşədiyevanın fonetik harmoniya mövzusundakı son vaxtlara aid olan tədqiqatında əsas etibarilə hadisənin formal təsviri cəhəti təhlil olunur. Başqa sözlə, fonetik vahidlərin söz tərkibindəki sıralanmanın prosodik (heca) və parsal (heca bölünmələri), ardıcıl xarakteri aqlütinasiya və assimilyasiyanın təməl prinsipləri üzrə araşdırılır [106, s. 12].

Ahəng qanunu deyilən fonetik ardıcıllıqlar haqqında indiyədək deyilənləri ümumiləşdirsək onların hamısının fakt olduğunu və dil faktı əsasında da irəli sürüldüyünü inkar etmək olmaz. Fakt budur ki, həqiqətən də, türk dillərində fonetik vahidlərin harmoniyası, ardıcıllığı və sırası mövcuddur. Ancaq elə dillər də vardır ki, onlarda harmoniya üzrə pozuntular mövcuddur və hətta bəzilərində (məsələn, özbək dilində) bu sıranın aradan çıxmaq ehtimalı da vardır. “...Aqlütinasiya bu sistemə aid olan dillərdə səslərin ardıcıllıq sırasını nə qədər qoruyub saxlasa belə, həmin dillərin özündə də fonetik ardıcıllıqların nitq üçün yaratdığı məhdudiyyətlər hiss olunacaq dərəcədə, zərrə-zərrə dəyişməyə meyilli olduğunu nümayiş etdirir” [11, s. 126]. Harmoniyanı daha mühafizəkar şəkildə saxlayan Oğuz dillərinin özündə belə, harmoniyanın tələblərindən kənara çıxma halları müşahidə edilir.

Fonetik vahidlərin harmoniyası təkcə türk dilləri üçün səciyyəvi olmayıb daha geniş bir linqvistik mühiti əhatə edir. Dillərin struktur tərkibinin araşdırılması təcrübəsi göstərir ki, fonetik vahidlərin harmoniyasına fin-uqor qrupunun Qərb dillərində də təsadüf edilir. Bu dillərin dilarxası və dilönü saitlərinin müvafiq qaydada sırası demək olar ki, türk dillərindəki dilarxası və dilönü saitlərin sırası qaydaları ilə üst-üstə düşür. Yəni söz tərkibində dilarxası saitlər dilarxası saitləri, dilönu saitlər isə dilönü saitləri izləyir. Sait səslərin harmoniya üzrə sırası dünyanın başqa dillərində də mövcuddur. Məsələn, Tibet dillərində sait fonemlərin damaq ahəngi sırasının mövcudluğu saitlərin harmoniyasının bu dillərə xas olan əlamətlərdən biri hesab edilir.

Fonetik vahidlərin harmoniyasının anan, iqbo, bejtik, takelma, saran-tonqo, saramakkan, minqala, sesoto, immali sotov və digər dillərdə də mövcud olduğu göstərilir.

Fonetik vahidlərin sırasının bir çox dillərdə mövcud olduğu barədə verilən məlumatlardan belə nəticə çıxarmaq mümkündür ki, bu hadisə dünya dillərində təqdimlərdən mövcud olmuş bir prosesdir. Dillərin aqlütinativliyindən və ya analitik-flektiv quruluşundan asılı olmayaraq bütün dillərin genetik tərkibində mövcud olmuş bu hadisə sonralar dil-nitq prosesinin təsiri nəticəsində dəyişikliyə uğramışdır.

Fonetik vahidlərin harmoniyasına dair verilən məlumatlarda hətta, göstərilir ki, vaxtı ilə eston dilində və başqa fin-uqor dillərində və hətta möhkəm aqlütinativ quruluşa malik olan türk dillərinin bəzilərində (məsələn, özbək, uyğur, Krım, urum, salar, sarı uyğur, türk dilinin Balkan dialektlərində və s.) fonetik vahidlərin harmoniyasında çoxlu pozulma meylləri vardır.

Vaxtı ilə fonetik vahidlər üzrə umlauta məxsus olan səs sırası dəyişərək ablaut hadisəsinin yaranmasına səbəb olmuşdur [146]. Umlaut german dillərində daxili fleksiyanın bir növü olub saitlərin əvəzlənməsindən ibarətdir. Saitlərin belə əvəzlənməsi qrammatik formaların yaranmasına səbəb olur. Bu termin dilçiliyə XIX əsrin birinci rübündə Yakov Qrimm tərəfindən daxil edilmişdir. Əsasən orta əsrlərdə meydana çıxan umlaut hadisəsi tək və cəmin fərqləndirici əlamətləri kimi təzahür etmişdir. Sözdə tək valda arxa sıra saitləri (Bruder, Ofen, Gast) cəm halda ön sıra saitləri (Brüder, Öfen, Göste) çıxış edir [3, s. 295].

Ablaut daxili fleksiya şəklində meydana çıxan morfoloji səciyyəli səs əvəzlənməsidir. Daxili fleksiyanın bu ən qədim növü daha çox german dillərində özünü göstərir. İngilis dilində ablaut saf, təmiz şəkildə özünü göstərir: sing, sang, sung, song. Alman dilində ablaut həm prefiks, həm də affikslə birlikdə çıxış edir: de-sang, de-sung, de-sung-ek. Ablaut rus dili üçün də səciyyəvidir: sbor-sobrat-soberu [3, s. 6-7].

Ümlautdan ablauta keçid söz tərkibində səslərin dəyişməsi ilə ilkin ardıcıllığın başqa formaya keçməsi və eyni zamanda, sıra ardıcıllığının fərqlənməsi kimi başa düşülür. Məsələn, ingilis dilindəki gose (qaz) sözünün geese, yaqut dilində xatın (qadın) sözünün katun şəklinə düşməsi buna bariz nümunə ola bilər.

Son zamanlar aparılan tədqiqatlarda da saitlərin (o cümlədən samitlərin) ayrı-ayrı dillərdə mövcud olması və sıradan çıxması barədə maraqlı tədqiqatlar apa­rılmışdır. Aparılan tədqiqatlarda maraq doğuran və diqqəti cəlb edən məsələlərdən biri budur ki, qədim dillərdə, o cümlədən qədim slavyan dillərində ilkin şəkildə fonoloji harmoniyanın olduğu, sonradan isə bu harmoniyanın heca (sillabik) harmoniya ilə əvəzləndiyi barədə fikirlər irəli sürülür [77, s. 77-79; 96, s. 7].

Türk dillərinin bəzilərində fonetik vahidlərin harmoniyanın pozulması müşahidə edilir. Məsələn, özbək dilində sait səslərin arxa sıra və ön sıra prinsipi üzrə bir-birini daimi izləməsi faktları, demək olar ki, sıradan çıxmaq üzrədir. Məsələn, özbək dilində sait səslərin dilarxası damaq və dilönü damaq istiqamətində ardıcıl sırasının saxlandığı müşahidə edilir: arka, askar (əsgər), ata, bayram, beşik, bilim, biçim, bildiriş, biliş, geniş və s. Bununla belə bir çox sözlərdə dilarxası-dilönü prinsipi üzrə sıralanmanın pozulması daha çox özünü göstərir: oqiz (ağız), oltin (altun), ottiz (otuz), oyin (oyun), qariç (qarış), siyrak (seyrək), sözla (söylə), toqqiz (doqquz), tülki (tülkü), unli (ünlü), bitmok (bitmək), bezan (bəzən), baxşi (ozan), ayiq (ayı) baliq (balıq) və s [68].

Qırğız dilində saitlərin damaq ardıcıllığı saxlansa da Oğuz qrupu dillərində spesifik olmayan açıq dodaq saitlərinin ardıcıllığına da təsadüf edilir: baam (baxım), baardaş (dost), baarçık (qartal), baatırçı (igid, cəsur, bahadır), babır (çoxdanışan), baqban (bağban), danı (yaz yunu), dabak (dağ aşırımı), dabırat (iti yemək), demde (qaynatmaq), dikilde (dikkildəmək); obodo (çəkmək), obodoy (acgöz), obodno (oxuyan), omuroolo (gəzmək, dolaşmaq); öbö (təpəlik), öbölqö (hədiyyə), öqö (yiyələmək, itiləmək), öqörök (əfsanəvi quş), öqöö (yiyə), öjör (höcət), özqö (özgə) [136].

Uyğur dilində sait səslərin harmoniya üzrə sırası müşahidə edilsə də bir çox hallarda harmoniyanın pozulma halları da özünü göstərir: arpa, arık, adaş, alma, almaşmak (almaq), aşmak, üşümək, demək, denizçi, derək, bilmək, dirildimək (dirilmək), düşmənlik, üstünlük, ürkümək (hürkmək), üzüm; üçüncü, üstiqə (üstünə), bağlaşturmak, bağlimak, bağlinişlik, bözək (pozulmaq), bozilmak (pozulmaq), barlik (bütün), bildürməy, doğilmak, dəsmallimak, özləştürmək, ovçi, okutukçi (oxudan), orunsiz (yersiz) və s.



Bütün bu faktların mövcudluğu onu göstərir ki, fonetik vahidlərin ardıcıl sıra ilə düzümü təkcə türk dillərində deyil, Oğuz qrupu dillərində deyil, həmçinin aqlütinativ olan və aqlütinativ olmayan digər dillərdə də ilkin hadisə kimi baş vermişdir. İlkin fonetik harmoniyanın pozulması isə sonrakı mərhələlərdə baş vermişdir. Analitik-flektiv dillərdə pozulma hallarının baş vermə səbəbləri, dilçilikdə bir qayda olaraq, umlaut-ablaut hadisəsinin təsiri kimi izah olunmuşdur. Ancaq bu hadisənin baş verməsinin əsasını nə ilə izah etmək mümkündür? Əlbəttə ki, növbədə bu suala cavab axtaranda nitq prosesindəki aktivlik yada düşür. Doğrudan da, dildə bütün struktur dəyişmələr birbaşa nitq aktivliyinin təsiri ilə bağlıdır. Nitq aktivliyi olmadan da informasiyaların yaranması və yayılması mümkün deyildir. Ancaq nitq aktivliyinin baş vermə səbəbləri də vardır. Bu da odur ki, dil cəmiyyətdə insan həyatının fəaliyyət sahələrini əhatə etdikcə daim yeni anlayışların ifadəsinə ehtiyac yaranır. Yəni dil daim azsözlülükdən çox sözlülüyə, azelementlilikdən çoxelementliliyə doğru inkişaf etmişdir. Bu prosesdə isə dil elementləri özü-özünü daxildən inkişaf etdirməyə başlamışdır. Belə olduğu halda, dilin daxili strukturunda nitq fəaliyyətinin təsiri ilə yeniləşmələr, dəyişmələr baş verməsi bir zərurətə çevrilmişdir. İlkin, qədim fonetik harmoniyada da parçalanma bu səbəblərdən ortaya çıxmışdır. Nəticədə dil yeni informasiyalar üçün yeni elementləri qazana bilmişdir. Yeni elementlərdə informasiya zərurəti harmoniya qaydasından üstün olduğu üçün pozulma halları dildə ciddi parçalanmalara yol verməmişdir. Əksinə, dil özü üçün yeni formaları əldə edərək onu zənginləşdirmişdir. Belə ki, məsələn, analitik-flektiv dillərdə ilkin harmoniyanın pozulması daxili fleksiyanın vasitəsilə yeni sözyaratma və əlaqələndirmə elementlərini formalaşdırmışdır. Belə çıxır ki, ilkin harmonik elementlər sonrakı dövrün informasiyalarının ifadə olunmasında məhdudiyyətlər yaranmasına səbəb olmuşdur. Harmonik elementlərin aradan çıxması prosesindəki yeniləşmələr isə dildə ifadə məhdudiyyətlərinin öz qüvvəsini itirməsi ilə əvəz olunmuşdur. Analitik-flektiv dillərdə, məsələn, bu cür məhdudiyyətlərin aradan çıxması həm də fonetik vahidlərin özünün sözyaratma prosesindəki iştirakına öz təsirini göstərmişdir. Belə ki, məsələn, analitik-flektiv dillərdə fonetik vahidlərin iştirakı ilə baş verən sözyaratma prosesində, demək olar ki, bütün sait və samit səslər iştirak edir. Samit səslər kipləşmə və novluluqdan asılı olmayaraq bütünlükdə söz əvvəlində mənafərqləndirici, sözyaradıcı element kimi işlənir. Hətta, türk dillərində söz əvvəlində işlənməyən ğ, r, j samitləri müvafiq olaraq analitik-flektiv dillərinin söz əvvəlində işlənir. Türk dillərinin söz əvvəlində zəif işlənən novlu (cingiltili) samitlər də həmin dillərdəki sözlərin başlanğıcında intensiv işlənir. Türk dillərinin lüğət tərkibinə də bu dillərin əvvəlində işlənməyən və ya zəif işlənən samitlərlə başlayan sözlərin daxil olub işlədilməsi inkaredilməz faktdır.

İlkin fonetik harmoniyanın analitik-flektiv dillərdə aradan çıxmasının səbəbləri onun ortada olan bu kimi nəticələri ilə izah oluna bilir. Türk dillərindəki vəziyyət isə bundan çox-çox fərqlidir.

Türk dilləri silsilə sonşəkilçili dil olduğu üçün bu dillərin söz köklərində sözyaratma prosesi üzrə dəyişmələr az-az hallarda baş verir. Dildə şəkilçilərin bolluğu və onların sözyaratma-sözdəyişdirmə qaydaları ona imkan verir ki, birincisi, bütün sözyaratma vasitələri sözün sonlarında yerləşsin. Eyni zamanda, qrammatik vasitələrin hamısı söz sonunda işlədilsin. Söz sonu tələffüz şəraitinə görə asanlaşma tələb etdiyi üçün həm sözdüzəltmə vasitələrinin, həm də qrammatik vasitələrin tərkibində saitlərlə yanaşı novlu-cingiltili səslərin işlənmə potensialı artmış olur. Odur ki, türk dillərinin söz əvvəlində mənafərqləndiricilik və sözyaratma vasitəsi kimi, əsas etibarı ilə kar samitlərin işlənmə mövqeyi artmış olur. Söz sonunda şəkilçilərin və onların fonetik variantlarının çoxluğu ona imkan verir ki, qrammatik vasitələr söz sonunda ardıcıl və silsilə şəklində işlədilə bilsin. Bu silsilə qaydası türk dillərində uzun dövrlər üzrə maksimum dərəcədə saxlanılmaqdadır. Lakin gətirilən nümunələrdən də göründüyü kimi, türk dillərinin özlərinin içərisində də ilkin fonetik uyğuşmaların sıradan çıxması meylləri də yaranmışdır. Belə bir meyllilik dillərin bəzilərində çoxaldığı kimi fonetik ardıcıllığı, “ahəng qanununu”, səslərin keyfiyyətcə uyuşma potensialını özündə saxlayan dillərdə belə ardıcıllığın pozulma hallarının baş verməsi istisna deyildir. Aydın məsələdir ki, türk dillərindəki aqlütinasiya şəraitində mühafizəkarlıq vardır. Ancaq bu mühafizəkarlıq onda daimiliyə çevrilə bilərdi ki, fonetik vahidlərin uyğunlaşmaya görə baş verən harmonik sırası yazı dilindəki icbari qaydalar üzrə normalaşdırılsın. Türk dillərinin hamısı, əlbəttə ki, tarixlər boyu özünəməxsus yazılı dil ənənələrini varisliklə yaşada bilməmişlər. Türk xalqlarının həyatındakı ərəblər dövrü də onların yazılı dil ənənələrinin davamı olmasının qarşısında əngəl yaratmışdır. Üstəlik yazıda ərəb əlifbasının işlədilməsinin də daimi və kütləvi olmaması türk dillərində yazı ənənələri üzrə dildəki sıra və ardıcıllığın davamlı olmamasına təsir göstərmişdir. Yazılı dil ənənələrinin daimi, davamlı və sabit olmadığı hallarda isə nitq prosesi dil strukturu üzərində özünün ixtiyari təsirlərini daim gücləndirmiş olur. Nəticədə bir dilin bir-birindən fərqlənən dialekt və şivələri ortaya çıxır. Bu halda isə ardıcıllığın parçalanma meylləri özünə münbit bir şərait yaradır. Türk dillərində saitlərin harmoniyasının, fonetik uyğunlaşmasının başlıca səbəbləri əsas etibarı bundan ibarətdir. Ancaq o da istisna deyildir ki, hər hansı bir dil başqa sistemli dillərin əhatəsində qalmaqla onun müəyyən dəyişdiricilik təsirlərinə düşə bilməsin. Məsələn, özbək və qırğız dillərinin uzun dövrlər ərzində tacik dili ilə yanaşı işləndiyi kimi, eyni zamanda, uyğur dilinin həm Orta Asiyada tacik dili əhatəsində, Çində isə yerli dilin təsirində işləndiyi kimi qalan hallarda dil strukturunda baş verən dəyişikliklər, bilavasitə və birbaşa nitq prosesindəki aktivliyin daimi təsirlərinin nəticəsindən ibarət olur.

Söz tərkibində fonetik vahidlərin ardıcıl sırasının prasodik, parsal, fonomorfoloji və hətta morfoloji hadisə olması barədəki fikirlərdə yanlışlıq yoxdur. Çünki fonetik vahidlərin bir qismi olan sait səslər samit səslərlə birlikdə heca yaradır və hecalar şəkilçi qismində formalaşaraq ardıcıl sıra qaydası üzrə sözlərə qoşula bilirlər. Ardıcıllıq qaydasında harmonik sıralanma nə dərəcədə mühafizəkar olsa belə nitq prosesi və digər dilxarici amillər bu sırada dəyişiklik baş verməsinə öz təsirini göstərir. Harmonik sıra qaydasını özündə daha çox mühafizə edən Oğuz dillərində də bəzi dəyişmələrin baş verməsini müşahidə etmək olur. Ona görə də istər saitlərin və istərsə də samitlərin ardıcıllığında daimilik olduğunu iddia etmək özünü doğrultmur. Bu səbəbdən də dildə “Ahəng qanunu” adını işlətməkdən daha çox səs uyuşması və ya fonetik tarazlaşma ifadələrini işlətmək daha məqsədəuyğun görünür.

Oğuz qrupu türk dillərinin saitlərinin ardıcıllığı, sırası, səs uyuşması və ya fonetik tarazlığı üzrə aparılan təhlilin ümumi mənzərəsi aşağıdakı kimidir:


Yüklə 222,04 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin