Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz qrupu türk diLLƏRİNDƏ fonetik uyğunluq və norma


Dilortası e saitinin uyğunlaşması və norma



Yüklə 222,04 Kb.
səhifə22/40
tarix02.02.2022
ölçüsü222,04 Kb.
#114030
1   ...   18   19   20   21   22   23   24   25   ...   40
2.3. Dilortası e saitinin uyğunlaşması və norma
E saiti özünün tələffüz yerinə görə dilin ortasında tələffüz edilən səsdir. E saiti bəzən ayrı-ayrı tədqiqatlarda yarımçıq və ya yarımqapalı səs kimi səciyyələndirilir. Həqiqətən də e saitinin tələffüzü zamanı dilin orta hissəsinin orta damağa doğru gərildiyini hiss etmək elə də çətin deyildir.

Məsələ bundadır ki, e saiti türk dillərində dilarxası saitlərdən sonra ən çox işlənən səsdir. Dilönü saitlər sırasında ə ilə müqayisədə e saitinin daha çox işlək olduğu müşahidə edilir.



E saiti Oğuz dilləri içərisində də çox işlənən fonetik vahid kimi diqqəti cəlb edir. Ancaq dillərarası normalaşmada e saitinin sözdaxili sıralanması üzrə Azərbaycan dili ilə türk, türkmən və qaqauz dillərinin fərqi vardır. Bu fərq, hər şeydən əvvəl, e saitinə aid sıralarda özünü göstərir.

E saitinin sırasına e, ə, i, ü səsləri daxil olur. Burada e saitindən sonra ö saitinin norma yerini tutmasına təsadüf edilmir. Çünki əvvəla, Oğuz qrupu dillərində sözün ikinci hecasında ö saitinin işlənməsi olduqca məhduddur. Çünki ö saiti sözün ikinci hecasında nitqin asanlaşma meyli ilə tarazlaşma yarada bilmir. Türk, türkmən və qaqauz dillərində, ümumiyyətlə, ikinci hecada ö işlənməsi normaya çevrilə bilməmişdir. Azərbaycan dilində isə ö saitinin ikinci hecada işlənməsinə olduqca az sözlərdə təsadüf edilir. Lokal şəraitdə isə nitq prosesində baş verən ixtiyarilik ö səsinin ikinci hecada işlənməsindəki məhdudiyyəti qismən aradan qaldırır. Odur ki, Azərbaycan dilinin bəzi nitq ərazilərində ikinci hecada ö saitinin işlənməsinə rast gəlmək olur. Hərçənd ki, belə lokal nitq tarazlaşmasının özü də məhdud əraziyə aid olur və ümumi xarakter qazana bilmir.

Dilortası tələffüz yerinin özü əlavə sait səsin formalaşması üçün əlverişli mühit yarada bilmədiyi üçün həmin tələffüz yerində təkcə e saitinin özü əmələ gəlmişdir. Samit səslərdən isə əlavə törəməsi olmayan səs h fonemindən ibarətdir.



E saiti dilortası tələffüz yerində tək bir fonetik vahid olduğu üçün bu səs dilarxası səslərlə geriyə doğru yox, dilönü saitlərlə irəliyə doğru tarazlaşma yaradaraq uyğunlaşa bilir və müvafiq ahəngdarlıq yaradır. Ümumilikdə e saitinin sıralanma mənzərəsi aşağıdakı kimidir:

E-e saitlərinin sırası

E saitinin e saitini izləməsi Azərbaycan dilinin nitq prosesində tələffüz asanlığı üzrə tarazlaşdırıla bilmədiyindən ümumnitq normasına çevrilə bilməmişdir. Əslinə qalanda e saitindən sonra e işlənməsində elə bir məhdudiyyət olmamalı idi. Çünki e saiti dilortası olsa da, damaq tələffüzlüdür. Lakin Azərbaycan dilində e saitinin müqabilində ə saiti daha çox işləklik qazandığı üçün başqa dillərdə ikinci hecada işlənən e sırası öz yerini ə səsinə vermişdir. Bu Azərbaycan dilinin nitq prosesində asanlaşma meylinin özünəməxsus təsiri kimi baş vermişdir. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan dilində kipləşən samitlər söz əvvəlində intensiv olduğu halda, k samiti də bu dilin nitq asanlaşmasının təsiri ilə öz yerini yumşaq tələffüzlü cingiltili q samitinə vermişdir. Azərbaycan dilinin özünəməxsus asanlaşma meylinə uyğun olaraq e saitindən sonra e işlənməsi ümumi normaya çevrilə bilməsə də e-e səslərinin tarazlaşaraq sıra yaratmasına yerli nitq ərazilərində rast gəlmək olur. Ancaq bu sıra ümumnitq hadisəsi kimi yayıla bilmədiyindən yalnız işləndiyi ərazilərdə lokal norma xarakteri qazana bilir.

Azərbaycan dilinin lokal nitq ərazilərində e-e sırasını təcəssüm etdirən aşağıdakı kimi nümunələri misal göstərmək olar: seyrek, gerek [107, s. 10], geder, keçer, deyer [55].



E-e sırası türk dilində intensivdir, çünki türk dilində ə saiti ümumnitq hadisəsi kimi normalaşa bilməmişdir, hərçənd, türk şifahi nitqində ə saitinin tələffüzü elə də məhdudiyyət yaratmır. Türk dilində e-e sırasının normalaşmasına dair aşağıdakı kimi nümunələri misal gətirmək olur: belde, belek, becermek, çene, denge, destek, engel, erkek, eşek, gece, gerçek, seksen, yenge, etek və s. Türkmən dilindəki e-e sırasına aid aşağıdakı nümunələri misal gətirmək olar: beenmek, becermek, beklemek, bezemek, çemen, çeper, çengel, deqerli, dene, elek, ekmek, erkek, kelle, kepek, seyrek, seyreltmek, tezlik, yenne (yengə) və s. Qaqauz dilindəki e-e sırasına dair aşağıdakı nümunələri misal göstərmək olar: bezevenk, qelecek, qerçek, beberme, etek, eşek, meşe, seslem (eşitmek), tezek, tepe, çenqel və s.

Türk, türkmən və qaqauz dillərində e-e sırası ümumnitq hadisəsi kimi formalaşdığı halda bütün mövqelərdə bu dillərə məxsus olan e-e sırası Azərbaycan dilindəki ə-ə sırasına uyğun gəlmir. Sözlərin bəzilərində e-e sırası Azərbaycan dilindəki digər variantlarla uyğunlaşır: çerçeve (türk), çərçivə (Azərb.), becermek (türk), bacarmaq (Azərb.), çemçe (türkm.), çömçə (Azərb.), ene (türkm.), ana(Azərb.), becermek (qaq.), bacarmaq (Azərb.), kevrek (qaq.), kövrək (Azərb.).



E - e sırasının Azərbaycan dilindəki başqa sıraları əvəzetməsi bu sıranın türk, türkmən və qaqauz dillərində daha çox möhkəm olduğunu göstərir.

E saitinin sırasına ə saiti də daxildir. Bu sıra isə Azərbaycan dilində daha çox yayılmış olduğundan öz möhkəmliyi ilə digər Oğuz dillərindəkindən fərqlənir, sözün ikinci hecasında e-ə sırasına türkmən dilində rast gəlmək olur. Türkmən və qaqauz dillərində sözün ikinci və sonrakı hecalarında bəzi qrammatik vasitələrin iştirakı məqamında rast gəlmək olur.

E-ə sırası Azərbaycan dilində intensivdir, çünki, birincisi, ə saiti Azərbaycan dilində dilönü saitlərin içərisində ən çox işlənən fonetik vahiddir, ikincisi isə ə saiti nitqin asanlaşdırıcılığı baxımından ikinci hecada e saiti ilə uyğunlaşaraq fonetik tarazlıq yaradır.

Azərbaycan dilində e-ə saitlərinin ardıcıllığına dair aşağıdakı kimi nümunələri misal göstərmək olar: keçər, deyər, becər, gedər, deyər, seyrəlt, eşələ, seçmə, demək və s.

Türk dilində norma üzrə ikinci hecada ə saitinin işlənməsinə təsadüf olunmur. İkinci hecada Azərbaycan dili ilə müqayisədə ümumdil norması kimi ancaq e-e sırası mövcuddur.

Türkmən dilində ikinci hecada indiki zaman formasının ifadəsində rast gəlmək olur: qelyər, qoryər, dinleyər, işleyər və s.

Qaqauz dilində ə saiti daha çox sözün sonuncu hecasında işlənir: qelmə, qezmə, çevşenmə (kövşəmə), qeerdə, qecə, debrenmə, devə, denenmə (sınanmış), dertleşmə və s.

Türk dilində isə ə saitini ancaq şifahi danışıqda müşahidə etmək olur. Yazılı dildə norma sabitliyinin saxlanılması üçün ə saitinin işarəsindən istifadə olunmur: anne (annə-ana) kardeş (kardəş-qardaş), erkek (erkək-kişi), ördek (ördək-ordək), öğrenci (öyrənci-şagird, tələbə) [51, s. 13].

Oğuz qrupu dillərində e saitinin ikinci hecada açıq dodaq səsi olan ö saitini izləmir. Bu qayda Oğuz qrupu dillərinin hamısında saxlanılır. Səbəb də budur ki, ö saiti açıq dodaq saiti olduğundan birinci hecada işlənən açıq dilortası e saiti ilə tarazlıq yarada bilmir və fonetik uyğunlaşma da baş vermir.

İkinci hecada e saitindən sonra açıq dodaq ö saiti işlənə bilmədiyi üçün e saitindən sonra ikinci hecada qapalı dodaq saiti olan ü səsinin işlənməsinə də yol qalmır. Odur ki, Oğuz qrupu dillərində e saitindən sonra ikinci hecada ö işlənmədiyi kimi ü saitinin də işlənməsi müşahidə olunmur.

E saitindən sonra dilönü saitlərin sırasında i saitinin işlənməsində isə nitqin asanlaşdırıcılıq prinsipinə görə heç bir məhdudiyyət baş vermir. Odur ki, Oğuz qrupu dillərinin hamısında e saitindən sonra i saitinin işlənməsi ümumdil normasına çevrilir.

Azərbaycan dilində bu sıraya aid aşağıdakı kimi nümunələri misal göstərmək olar: gedir, deyir, yeyir, keçir, eşidir, sevinc, ellik, çevir, elçi, keçi və s.

Türk dilində e-i sırasını aşağıdakı kimi sözləri nümunələri göstərmək olar: çeşit, devir, geri, geçici, seçki, yedi və s.

Türkmən dilində e-i sırasına aid aşağıdakı kimi sözləri nümunə gətirmək olar: bezdir, deqiş (dəyiş), qeçi, qeçir, yedi və s.

Qaqauz dilində e-i sırası aşağıdakı nümunələrə təsbit edilir: beyqir (at), yedi, elli. Bu nümunələr hər bir dildə sabitləşmiş normanın ifadə vasitəsidir. Həmin dillərə aid e-i sırası əksər hallarda Azərbaycan dilindəki ə-i sırasına uyğun gəlir: belli (türk), bəlli (Azərb.), deli (türk), dəli (Azərb.), değiş (türk), dəyiş (Azərb.), değirmen (türk), dəyirman (Azərb.), demirci (türk), dəmirçi (Azərb.), deri (türk), dəri (Azərb.); beri (türkm.), bəri (Azərb.), berki (türkm.), bərki (Azərb.), ekin (türkm.), əkin (Azərb.), deniz (türkm.), dəniz (Azərb.), qelin (türkm.), gəlin (Azərb.); erik (qaq.), ərik (Azərb.), eski (qaq.), əski (Azərb.), sekiz (qaq.), səkkiz (Azərb.), derin (qaq.), dərin (Azərb.) və s.

Buradan görünür ki, e-e sırası türk, türkmən, qaqauz dillərində nə qədər sabitləşmiş olsa da müəyyən məqamlarda bu sıra Azərbaycan dilindəki e-i sırasının adekvatı kimi işlənir.



Yüklə 222,04 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin