U saitinin sırasına u-a ardıcıllığı da daxildir. U saitindən sonra a saitinin işlənməsində norma üzrə məhdudiyyət yoxdur. çünki qapalı dodaq saiti u sözün əvvəlində işləndikdə a saitinin ikinci hecada işlənməsi üçün heç bir məhdudiyyət yaratmır. Bu halda, dilarxası saitlərin bir-birini izləməsi prinsipi əsasında u-a sırasında fonetik tarazlıq yaranır. Baş verən fonetik tarazlıq u-a saitlərini söz daxilində norma uyğunluğuna çevirir.
A saiti ikinci hecada Oğuz dilləri üçün intensiv bir fonetik vahid olduğu üçün bu dillərin hamısında u-a sırası üzrə formalaşmış ardıcıllığı müşahidə etmək olur.
Ancaq mümkün haldır ki, dillərarası nitq intensivliyindən asılı olaraq u-a sırası üzrə variantlar yarana bilsin.
Azərbaycan dilində u-a sırasını aşağıdakı kimi nümunələrdə müşahidə etmək olur: uzaq, uşaq, utancaq, qucaq, qurşaq, qulaq, qumral, yumşaq, suvar, yumaq, yuxa, bura, buta, durna, bulaq, uca və s.
Türk dilində u-a saitlərinin izlənməsinə dair aşağıdakı kimi nümunələri misal göstərmək olar: uzak, durak, kulak, tutsak, tufak, yumuşak, çulğaş, putak, kuşak və s.
Türkmən dilində u-a sırası üzrə formalaşmış aşağıdakı kimi sözləri misal göstərmək olar: burav, çuval, duman, qullamak, putak, utanç, tussak və s.
Qaqauz dilində u-a sırasını aşağıdakı kimi nümunələrdə görmək olur: buqa, quvaa (adaklı), yutmaa (udmaq), yukarı, suvaşık, tutak (qulp), tutsak (dustaq), uuldamak, çual və s.
U - a sırası üzrə baş verən normaların dillərarası variantlarına da təsadüf edilir: didak (türk), dodaq (Azərb.), duvar (türk), divar (Azərb.), ustce (türk), uca (Azərb.), quvanç (türkm.), güvənc (Azərb.), yuvaş (türkm.), yavaş (Azərb.), yuvan (türkm.), yavan (Azərb.); buza (qaq.), buzov (Azərb.), duvar (qaq.), divar (Azərb.), dudak (qaq.), dodak (Azərb.).
Göründüyü kimi, u-a sırası Oğuz dilləri üçün ümumidir. Ancaq bəzi sözlərdə lokallığa görə u-a sırası üzrə fərqlənmə baş verməsi də müşahidə edilir. Belə fərqlənmələr, bir qayda olaraq, yerli nitq areallarında da müşahidə edilir: buba (baba) [129, s. 11],yuvaş (yovaş), yuvak (yavan), qunax (qonaq) [78, s. 7],puçax, (bıçaq), yurğa (yorğa), dudax (dodaq), puzmax (pozmaq) [107, s. 9].
U saitinin sırasına u-o ardıcıllığı da daxil olur. Dodaq saitlərinin bir-birini izləməsi prinsipinə görə u-o sırasını normaya uyğun saymaq olar. Ancaq Oğuz dillərinin hamısında ikinci hecada o saitinin işlənə bilməməsi belə bir sıranın ümumnitq hadisəsinə çevrilməsini istisna edir. U saitindən sonra sözün ikinci hecasında o işlənməsini yalnız Azərbaycan dilindəki bəzi sözlərdə müşahidə etmək olur. Buradan belə nəticə çıxır ki, ikinci hecada, ümumiyyətlə o saiti nitq ağırlığına görə inkişaf edə bilmədiyi üçün Azərbaycan dilində də belə bir sıra ümumişlək normaya çevrilə bilməmişdir. Ona görə də u-o sırası üzrə uyğunlaşaraq normaya çevrilən bir neçə söz də monolitləşmiş vahid səviyyəsində qalmışdır.
Azərbaycan dilində u - o sırası üzrə formalaşaraq monolitləşmiş sözlər bunlardır: buzov, buxov.
O saiti u saitindən sonra ikinci hecada tələffüz çətinliyi üzrə işlənmək məhdudiyyəti ilə üzləşdiyindən Azərbaycan dilində norma kimi əlavə sözlərin baş verməsi müşahidə edilmir. Türk, türkmən və qaqauz dillərində isə bu cür sözlərin ikinci hecada a saiti işlənən variantı formalaşmışdır. Türk dilində u-a variantı üzrə buzağı (buzov), buxağı (buxov), Türkmən dilində buzav, buxav, qaqauz dilində isə buzaa, buxaa variantları əmələ gəlmişdir. Bu cür variantlara yerli nitq ərazilərində də rast gəlmək olur:
O saitinin sırasına dilarxası saitlərin bir-birini izləməsi prinsipi üzrə ı saiti də daxil ola bilər. Ancaq o saitindən sonra ı işlənməsi nitqin rəvanlığı baxımından o qədər də uyğunlaşdırıcı görünmür. Ona görə də Azərbaycan, türk və qaqauz dillərinin normasında belə bir ardıcıllıq əmələ gəlməmişdir. Daha doğrusu, nitq özü üçün belə bir sıra üzrə tarazlaşma yaratmaqda məhdudiyyətlə üzləşir. Odur ki, o-ı sırası bu dillərdə ümumi normaya daxil ola bilməmişdir. Ancaq türkmən dilində mümkündür ki, şifahi nitqin pərakəndə təsiri ilə u-ı sırası tarazlaşma yaradaraq normaya çevrilə bilmişdir: burqı (burğu), duşlı (yuxulu), qurı (quru), quzı, uzın, umıt və s. Onu qeyd etmək lazımdır ki, ilk hecada u, ikinci hecada ı saitinin işlənməsi türkmən dilində daimi bir norma deyildir. Çünki türkmən dilində sözün ikinci hecasında u saitindən sonra ı yox u işlənən sözlər də ümumi normalılıq kimi mövcuddur. Belə sözlərə aid ikihecalı bulut, çunnur, çuvluk, qulluk, duzlu, duru kimi nümunələri də misal göstərmək olar.
Görünür, u-ı sırası türkmən dilində ənənəyə uyğun olaraq bəzi ikihecalı sözlərdə norma hüququ qazanaraq işlədilməyə başlamışdır.
U saitindən sonra ikinci hecada ı işlənməsinə ayrı-ayrı dialekt və şivələrə aid materiallarda da rast gəlmək olur: quyı, yuxı, umıd, buyır, quzı, durı, qurı, cumıb, tutıb, duzzığ [69, s. 6-10], ullı (ulu), duzzı (duzlu) [73, s. 14], yuuxı, durı [121, s. 12], quşşı (quşqu) [108, s. 10].
Dostları ilə paylaş: |