İ-ö sırası tələffüz çətinliyi yaratdığı kimi, i-ü sırasının yaranmasında da tələffüz çətinliyi baş verir. Çünki burada qapalı damaq saiti ilə qapalı dodaq saiti qarşılaşır. Ancaq bu qarşılaşmada saitlərin qapalılaşması belə bir ardıcıllıq üzrə tarazlıq yaranmasını istisna etmir. Buna görə də bəzi yerli tələffüz şəraitində i-ü ardıcıllığının baş verməsinə aid də nümunələrə rast gəlmək olur: bilür, gəlür [25, s. 88; 55].
Aydındır ki, bu cür sıra nitqdə tələffüz çətinliyi ilə qarşılaşdığı üçün lokal ərazidə qalmışdır. Yazılı dildə isə bu cür variantın mövcudluğu, olsun ki, ya yazı yazanın dövründə normaların ənənəvi tətbiqinin tələb edilməməsi ilə bağlıdır və ya ərəb əlifbası ilə yazılan mətnin sərbəst oxunuşunun nəticəsidir.
Ö saitinin sırası
Ö saitinin sırasına dilönü saitlərin ardıcıllığı prinsipinə görə ö-ö, ö-e, ö-ə, ö-i, ö-ü saitlərinin tarazlaşması əsasındakı qarşılaşmaları daxil ola bilər.
Onu demək lazımdır ki, türk, türkmən və qaqauz dillərində ikinci heca üzrə ö saiti norma kimi işlənə bilmədiyindən bu dillərdə ö-ö sırasını təmsil edən nümunələrə təsadüf edilmir. Azərbaycan dilində isə açıq dodaq saitləri ikinci hecada qismən işlənə bildiyindən bu dildəki bəzi sözlərdə ö-i sırasına aid nümunələrə rast gəlmək olur. Ö-e sırasına gəlincə, türk, türkmən və qaqauz dillərində ikinci heca üzrə e saitinin işlənməsində məhdudiyyət yoxdur. Ona görə də həmin dillərdə ö-e sırasının norma yaratmasına aid sözlərin işlədilməsi istisna deyildir. Ö-ə sırası isə Oğuz qrupu dilləri içərisində Azərbaycan dili üçün səciyyəvidir. Çünki türk, türkmən və qaqauz dillərində sözlərin ikinci hecası üzrə ə saitinin işlənməsi ümumnitq hadisəsinə çevrilə bilməmişdir. Ö-i sırası isə bu dillərin heç birində tarazlaşma yarada bilmədiyindən normaya çevrilə bilməmişdir. Bəzi nitq areallarında ö-i səslərinin ardıcıllığına aid faktlar mövcud olsa da onları ancaq lokal xarakterli nümunələr sırasına daxil etmək olar. Ö-ü sırası isə nitqin asanlaşdırıcılıq prinsipindən kənar bir hadisə olmadığı üçün Oğuz qrupu dillərində bu sıranın norma kimi işlənməsində məhdudiyyət yoxdur.
Ümumilikdə, ö saitinin ilk hecadakı iştirakı ilə sıralanma baş verməsinin mənzərəsini aşağıdakı kimi dil faktlarının qarşılıqlı müqayisəsindən görmək mümkündür.
Ö saitinin ilk hecada iştirakı ilə baş verən ö-i sırası üzrə yalnız Azərbaycan dilində bəzi sözlərə rast gəlmək olur: köntöy, kösöv, kötöy.
Türk, türkmən və qaqauz dillərində bu sözlərin kötek (kötək) və kösev (kösöv) variantlarına rast gəlmək olur.
Ö saitinin e saitini izləməsi də türk, türkmən və qaqauz dillərinə aid norma kimi müşahidə edilir. Azərbaycan dili ilə müqayisədə həmin dillərdəki ö-e ardıcıllığına aid aşağıdakı kimi nümunələri misal göstərmək olar: öfek (türk), öfkə (Azərb.), önce (türk), öncə (Azərb.), böyle (türk), belə (Azərb.), dövme (türk), döymə (Azərb.), döşeme (türk), döşəmə (Azərb.), göre (türk), görə (Azərb.), gövde (türk), gövdə (Azərb.), köşe (türk), köşə (Azərb.); bövrek (türkm.), böyrək (Azərb.), bökelek (türkm.), böyələk (Azərb.), çörek (türkm.), çörək (Azərb.), dözmek (türkm.), dözmək (Azərb.), qodek (türkm.), gödək (Azərb.), söviş (türkm.), söyüş (Azərb.), böcek (qaq.), böcək (Azərb.), bölek (türkm.), bölük (Azərb.), qözel (qaq.), gözəl (Azərb.), qözle (qaq.), gözlə (Azərb.), dökme (qaq.), tökmə (Azərb.), çörek (qaq.), çörək (Azərb.).
Ö-e sırasının əksinə olaraq ö-ə sırası Azərbaycan dili üçün səciyyəvidir: özək, kölgə, döngə, dövrə, özgə, bölmə, dönmə, ödən, ölmək, ördək, tökmə, çökmə, çörək, çömçə və s.
Türk dilində ö-ə sırası ümumdil norması deyildir. Türkmən və qaqauz dillərində isə ö-ə sırası çox az hallarda işlənir və aşağıdakı kimi nümunələrdə müşahidə olunur: dökən-saçan, tökülən (türkm.), qöre –göre (türkm.), qömmə – (gömmək- qaq.), dönmə (dönmə- qaq.), çökmə (çökmə-qaq.) və s.
Dilönü saitlərin sırasında ö saitindən sonra i saitinin işlənməsi də prinsipcə mümkün olan hadisədir. Lakin nitqin asanlaşdırıcılıq prinsipinin tələbi bunun əksinədir. Belə ki, açıq dodaq ö saiti tələffüzə görə ikinci hecada i saiti ilə fonetik tarazlaşmaya daxil ola bilmir. Bu səbəbdən də ö-i sırası Oğuz qrupu dillərində ümumi normaya çevrilə bilməmişdir. Bununla belə türkmən dilində və bəzi Azərbaycan lokal nitq ərazilərində ö-i saitlərinin bir-birini izləməsi faktları ilə qarşılaşmaq mümkün olur: qözli, qörkli, qötin (geri) (türkm.), öli, ölçi, götir,gördi, qözi [69, s. 9; 55].
Dilönü saitlərin sırasında ö saitinin ikinci hecada ü saitini izləməsi ümumnitq norması kimi işlənir. Burada qanunauyğunluq odur ki, açıq dodaq saiti olduğuna görə özündən sonrakı qapalı dodaq ü saiti ilə nitqin asan tələffüz prinsipi üzrə bir-biri ilə tarazlıq yarada bilir. Oğuz qrupu dillərində saitlərin ö-ü sırası aşağıdakı kimi nümunələrdə təsbit olunur: görüş, döyüş, ötüş, hörük, ölçü, ötür,kömür, köçkün, dözüm, bölük, (Azərb.), bögür, dövüş, dökül, görüm, örük (türk), övün (öyün-türk); böqür, qövür, çözük, dörtlük, dövüş (türkm.), qörün, köprü, kömür, sönük, çöküntü, çöpük (qaq.).
Dostları ilə paylaş: |