Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz qrupu türk diLLƏRİNDƏ fonetik uyğunluq və norma


Saitlərin ardıcıllığında pozulma halları



Yüklə 222,04 Kb.
səhifə26/40
tarix02.02.2022
ölçüsü222,04 Kb.
#114030
1   ...   22   23   24   25   26   27   28   29   ...   40
2.5. Saitlərin ardıcıllığında pozulma halları
Oğuz qrupu dillərində sait səslərin ardıcıllığı dilarxası və dilönü prinsipi üzrə nə qədər sabit olsa da sait səslərin hamısının bir qaydada norma yarada bildiyini iddia etmək doğru deyildir. Belə ki, məsələn, dilarxası və dilönü istiqamətdə səslərin bu prinsip üzrə sırası mümkün hadisə kimi nəzərə alınsa da nitqin asanlaşdırıcı təsiri normanın tənzimlənməsində daha çox aparıcılıq təşkil edir. Bu o deməkdir ki, məsələn, dilarxası saitlərin heç də hamısı dilarxası izləmə prinsipinə aid normalaşmanı təmin edə bilmir. Ona görə də dilarxası və dilönü izləmə prinsipini əsas tutaraq onların nitq asanlaşması tələbi üzrə izlənməsini bir vəhdətdə nəzərə almaq lazımdır. Üstəlik də qohum dillərdə bu istiqamətdəki normalaşmanın baş verməsində hər bir dilin özünə məxsus olan nitq aktivliyini də nəzərdə tutmaq lazımdır. Beləliklə, Oğuz qrupu dillərinin materiallarının təhlili onu göstərir ki, bu dillərdə açıq dodaq saitləri, nitqin asanlığını və rəvanlığını təmin edə bilmir. Digər tərəfdən, dillərin bəzilərində sıra ardıcıllığı axıra kimi davam etmir. Bir dildə norma olmayan variantlar başqa dildə normaya çevrilə bilir. Oğuz qrupu dillərindəki bu kimi ümumi normalılıqdan kənara çıxma hallarının başlıca səbəbi şifahi nitqin uzun zamanlar vahid qaydada tənzimlənməməsindən irəli gəlsə də, nitqin asanlaşma tələbi belə kənara çıxma hadisələrinin davamlı olmasına da yol qoymur. Lakin nitq özü kənaraçıxmaların özünü də normalaşdıra bilir.

Oğuz qrupu dillərində sait səslərin sıra ardıcıllığının pozulma mənzərəsini aşağıdakı kimi dil faktlarının təhlili nümunəsindən görmək mümkündür.



Dilarxası saitlərin sırasında pozulmalar.

Dilarxası saitlərin sırasında tarazlaşmanın və uyğunlaşmanın pozulma yerləri həm müstəqil vahid kimi formalaşmış sözlərin saitlərin tərkibində, həm də müstəqil sözlərə qoşulan qrammatik vasitələrdə müşahidə edilir. Müstəqil vahid kimi formalaşmış vahidlərdə, artıq nitq asanlaşmasının tələblərini ödəməyən sıra nitqin özünün vasitəsi ilə stabilləşir və nominativləşir. Yəni artıq bir neçə sözün yaranması ilə başa çatan bu proses dayanmış olur. Qrammatik vasitələrin iştirakı ilə baş verən pozulma yerləri isə ancaq lokal xarakter daşıyır. O yerdə ki, həmin nitq ərazisində sözün tərkibindəki saitlərlə uyuşa bilən qrammatik vasitə ya formalaşmış olmasın, ya da belə qrammatik vasitələr artıq, uzuslaşmış olsun. Ancaq ümumi qrammatik normanın dildə mövcudluğunu nəzər alıb belə deməyə əsas tapmaq olar ki, qrammatik pozulma yerləri məhz lokallıqdakı uzuslaşmanın nəticəsində baş verir. Lokal nitqdə uzuslaşma o qədər güclü təsir göstərir ki, hətta, yazıda və normaların saxlanması vacib olan şəraitdə ümumi normalara riayət etməyi icbari sayan informatorlar belə lokal şəraitdə uzusun tələblərindən kənara çıxmaqda çətinlik çəkirlər. Bəzi hallarda uzuslaşma o qədər güclü olur ki, hətta onun təsiri dilin yazı normasına da keçə bilir. Bu xüsusiyyət başqa dillərdə müşahidə edildiyi kimi Oğuz qrupu dillərində də özünü göstərir. Məsələn, dilarxası saitlərin içərisində tarazlaşma baxımından nitq normalarına uyğun gəlməyən a-o ardıcıllığı üzrə sabitləşmiş alov, qaşov, qarov, arov kimi sözlər buna bariz nümunədir. Lakin lokal ərazilərdə birinci hecadakı a saitindən sonra qrammatik vasitələr üzrə o saitinin işləndiyi sözlər ümumdil normasına çevrilə bilmir. Həmin strukturun uzuslaşması ancaq öz arealında, öz həndəvərində məhdudlaşır. Başqa sözlə, uzusun özünün normaya çevrilməsi imkanlarının inkar edilmədiyini nəzərə alsaq ümumdil normasından kənara çıxan lokal uzus ancaq lokal şəraitin normasını təcəssüm etdirir. Məsələn, Azərbaycan dilinin lokal nitq ərazilərində qrammatik vasitələr üzrə uzuslaşmış alson, alsoq, alsoz, baxson, baxsoq, bazsoz [55] kimi dil vahidləri buna nümunədir. Oğuz qrupuna daxil olan dillərdə ikinci hecada o saiti norma olmadığından həmin dillərdə bu cür sıralanmaya təsadüf edilmir. Dilarxası saitlərin sırasında a-u saitləri də daimi norma yaratmaq baxımından intensiv deyildir. Ancaq Azərbaycan dilində a-u sırası üzrə monolitləşərək sabitləşmiş çavuş, armud, arzu, axur, altun kimi sözlər vardır. A-u sırasının uzus üzrə sabitləşmiş və nitq prosesində intensivləşə bilməyən ardıcıllıq kimi işlənməsinə digər Oğuz dillərində də rast gəlmək olur: avuç, avutmak, davul, tavuk, çabuk, yavru, karpuz (türk), arzuv, çapavul, qavun, tavus (türkm.), aul, aurt, aur, babu (qaq), yavuz, kabuk, saurma, tauk, çabuk (qaq.) və s.

Nitq intensivliyi baxımından ı- o sırası da ümumi normaya daxil ola bilmir. Bu sıra üzrə yalnız Azərbaycan dilində monolitləşmiş qırov, qıjov kimi sözlərə rast gəlmək olur. Dilarxası saitlərin sırasında ı-u ardıcıllığı da nitq normasına uyğun deyildir. Belə bir sıra Oğuz qrupu dillərində ümumiyyətlə normaya çevrilə bilməmişdir. Dilarxası o-o sırasına yalnız Azərbaycan dilindəki oxlov sözündə rast gəlmək olur.

O-ı sırası da nitqin asanlaşdırıcılıq tələbinə görə intensiv normaya keçə bilmir. Lakin Azərbaycan dilinin lokal ərazilərində o-ı sırası üzrə ifadə olunan variantlara rast gəlmək olur: otır, oyın, otız [69], boqın, boqnı [130, s. 97].

Türkmən dilində isə o saitindən sonra u işlənməsi daimi norma olduğu halda, bəzi sözlərdə o-ı sırasının da işlədilməsi sabitləşmiş bir normaya çevrilmişdir. Müqayisə üçün aşağıdakı nümunələri misal göstərmək olar: oqıl, odın, okıv, omız, otlık, orın, otır, otız, ovnık, olım, onlık və s.

İkihecalı sözlərdə o-u sırası norma olmaqla yanaşı, elə ikihecalı bəzi sözlərin özündə də o-ı sırası normaya çevrilmişdir: oqrı, oqrın, okıcı, otlı, onlı, doqrı, dolı, toklı və s.

Bu nümunələrdən göründüyü kimi, türkmən dilində ənənəvi o-u sırası ilə yanaşı, uzus qaydası üzrə baş verən norma da sabitləşmişdir.




Yüklə 222,04 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin