Ü saitinin sırası
Dilönü saitlərin ardıcıllığına bu cərgədəki səslərin bir-birini izləməsi prinsipinə görə ü-ü, ü-e, ü-ə, ü-ö, ü-i sıraları daxil ola bilər. Bu ümumi bir prinsipdir. Lakin nitq prosesinin dillərarası aktivliyinə görə bu sıraların hamısı ya bütün dillərdə ümumdil norması yaratmır, ya da hamısında eyni dərəcədə intensiv olmur.
Məsələn, ü-ü sırası bu dillərin hamısında öz intensivliyi ilə fərqlənir. Çünki ü saiti qapalı dodaq saiti olduğuna görə özündən sonra eyni səsin işlənməsi nitqin asanlaşdırıcılıq tələbinə tamamilə uyğun gəlir. Ü-e saitlərinin sırası isə Azərbaycan dili üçün səciyyəvi sayılmır. Çünki Azərbaycan dilində sözün ikinci hecasında esaitinin işlənməsi nitqin asanlaşdırıcılıq tələbini ödəyə bilmir. Ü-ə sırası isə Azərbaycan dili üçün daha çox xarakter olan ardıcıllıqdır. Çünki ə saiti Oğuz dilləri içərisində Azərbaycan dilində intensivdir. Türk, türkmən və qaqauz dillərində sözün ikinci hecasında ö saiti norma yarada bilmədiyi üçün həmin dillərdə ü-ö sırası işlənmir. Yalnız Azərbaycan dilindəki bəzi sözlərdə ü-ö sırasına rast gəlmək olur. Ü-i sırası da nitq prosesinin asanlaşdırıcılıq tələbinə uyğun olmadığı üçün ümumdil norması yarada bilmir, yalnız bəzi lokal ərazilərdə işlənir.
Oğuz qrupu dillərində, ü-ü saitlərinin ümumdil norması yaratdığını aşağıdakı kimi nümunələrdən görmək olur: üzüm, üzük, ütü, bütün, büzük, külüng, gümüş, bürüş, gülüş, sümük, çürük, mürgü, düşük (Azərb.), büzük, düğin, düzgün, düğüm, tütsü, tülük (düzülüş), yüyür, yüzük, (türk), büküm, bürüş, çüyrük, çürrük, düzüm, sürün (türkm.), düzqün, düşünün, düşkünnük, süylü, sümsük, tüülü, üstün, üütmek (qaq.).
Oğuz qrupu dillərində ü-ü sırası intensiv olduğu üçün Azərbaycan dili ilə müqayisədə bəzi dillərarası variantların da baş verməsi müşahidə edilir: büyük (türk), böyük (Azərb.), küçük (türk), kiçik (Azərb.), gürültü (türk), gurultu (Azərb.), qürrüldü (türkm.), gurultu (Azərb.), düüşçi (qaq.), döyüşçü (Azərb.), küülü (qaq.), köylü (Azərb.), küçük (qaq.), kiçik (Azərb.), üüsürük (qaq.), öskürək (Azərb.).
Ü-e saitlərinin sıralanmasına gəlincə, bu sıra Azərbaycan dilinin ümumi nitq normasına daxil ola bilmir. Belə bir sıra Azərbaycan dilində yalnız lokal xarakter daşıyır: güler, duşer, büzüşer, üyüder [8]. Norma kimi ancaq monolitləşmiş güney sözündə ü-ü sırası müşahidə edilir.
Türk dilində isə norma səviyyəsində aşağıdakı kimi sözlərdə ü-ü sırasını müşahidə etmək olur: büyütmek, cüce, güzel, güve, güven, güce.
Türkmən dilində ü-e sırasına aşağıdakı kimi sözlərin tərkibində rast gəlmək olur: çüylemek, düvme, qüneş, küre, münmek, münlerce tümmek (uğramaq), tüsse (tüstü).
Qaqauz dilində ü-e sırasına aşağıdakı sözlərdə rast gəlmək olur: büürek, tüfek, ürek, ürkek və s.
Misal gətirilən bu nümunələr Azərbaycan dilində sözdaxili saitlərin müvafiq sırası üzrə norma kimi işlənir: büyütmek-böyütmək, cüce-cücə, düzel-gözəl, güve-güvə, düven-güvən, yüce-üca; çüylemek-çüyləmək, düvil-düymə, qünli-günəş, küre-kürə, münmek-minmək, münlerce-minlərcə, tüsse-tüstü; büürek-böyrək, tüfek-tüfəng, ürek-ürək, ürkek-ürkək.
Ü-ə saitlərinin sırası Azərbaycan dilində ümumi normadır. Bu saitlərin intensiv norma yaratmasına dair aşağıdakı kimi nümunələri misal göstərmək olar: gülümsər, üzər, külək, tüfəng, tülək, ürək, hürkək, güləş, günəş, küləş, küçə, türmə, bükmə, dürmək, sürmə, düşmək, süzmə, büzmə, üfləmək, üfürmək, tükənmək və s.
Türk dilində ikinci hecada ə işlənməsinə təsadüf edilmir. Türkmən dilində ikinci hecada ə saiti çox zəifdir: gülmən-yaşman. Türkmən dilində ikinci hecada ə saiti daha çox indiki zaman formasında təsadüf edilir: ütdüryər (qaçışar), yürüyər, qelyər və s.
Qaqauz dilində də ə saiti ikinci hecada, bir qayda olaraq, qrammatik formalarda işlənir: qezişmə, qerqinnetmə, işidilmə və s.
Ü saitindən sonra ikinci hecada i saitinin işlənməsi də dilönü saitlərin sıralanmasına zidd deyildir. Ancaq türk və qaqauz dillərində belə bir sıranın normaya çevrilməsi müşahidə edilmir. Ü-i sırası ancaq türkmən dilində norma kimi işlənə bilir: bütin, qüyçli (güclü), üçin, öüyli (ağac), sürqi, süytli (süzlü).
Azərbaycan dilində isə ü-i sırası yalnız lokal xarakter daşıyır və ümumi normaya çevrilə bilmir: üti, güzgi, düzgi, gülli [69].
Ü saitinin sırasına ö saiti də daxil ola bilir. Ö saiti türk, türkmən və qaqauz dillərində ikinci hecada işlənə bilmədiyi üçün bu dillərdə ü-ö sırası norma yarada bilmir. Azərbaycan dilində isə ü-ö sırasına bəzi monolitləşmiş sözlərdə rast gəlmək olur: bülöv, bütöv.
Türk, türkmən və qaqauz dillərində isə bu sözlər bilev, bitev şəklindədir.
Sait səslərin ardıcıllığı, sıralanması və ümumdil normasına düşməsi əksər hallarda bir-birinin üzərinə düşür. Bir biri uzlaşmayan sıralar isə biri digərinin variantı kimi özünü göstərir. Məhz bu variantlıqlar dillərarası norma şaxələnməsinin göstəricisindən ibarətdir. Ümumi prinsipə gəlincə, yəni, dilarxası saitlərin dilarxası, dilönü saitlərin dilönü saitləri izləməsi qaydalarında isə ümumi bir oxşarlıq müşahidə olunur.
Dostları ilə paylaş: |