K samitinin sırası
K samiti Oğuz dilləri içərisində Azərbaycan dili sözlərinin əvvəlində işlənmir. Qalan üç dildə k samiti söz əvvəlində mənafərqləndirici fonem kimi intensiv işlənə bilir. K samiti dilarxası samit kimi kipləşən olmaqla həm də sabit tələffüz yeri olan bir fonetik vahiddir. Ona görə də k samiti Oğuz dillərində özündən sonra dilönü saitlərin işlənməsini qəbul etmir. Bu samitdən sonra söz tərkibində ancaq dilarxası saitlər işlənə bilir.
K samitinin özündən sonra dilarxası saitlərin işlənməsinə dair aşağıdakı kimi nümunələri misal göstərmək olar: kaba, kalkış, kamış, karısı, karşılaşmak, kavşak, kavuçmak, kazanmak, kırmak, kışlamak, kulak, kuşak və s.
K samitinin dilarxası saitlərə görə mühafizəkarlığı ərəb-fars mənşəli sözlərin tərkibində də müşahidə edilir. K samitinin tələbinə görə, hətta dilönü saitin ərəb-fars mənşəli sözlərin tərkibində həmin saitlər dəyişərək dilarxası varianta çevrilir: karar (qərar), kabul (qəbul), kadeh (qədəh), kahve (qəhvə), kalıp (qalib), kayıp (qeyb), kıssa (qissə), kısmet (qismət), kıyfet (qiyafət).
K samiti türkmən dilində də ancaq dilarxası saitlərdən əvvəl işlənir: kaka, kakmak, kakım, kapı, kat, kaşık, karı, kovmak, kovdurmak, kırklık, kilak, kilakçılık.
Türk dilində olduğu kimi, türkmən dilində də k samiti dilarxası saitli sözlərin əvvəlində işlənir və həm də ərəb-fars mənşəli dilönü saitli sözlərdə dilarxası saitlərin işlənməsini tələb edir: kabul (qəbul), kaqız (kağız), kada (qada), kanun (qanun), kasam (qəsəm), kaza (qəza), karar (qərar), kısım (qism), kuvvat (qüvvət), kıbla (qiblə) və s.
Qaqauz dilində də k samitindən sonra, bir qayda olaraq dilarxası saitlər işlənir. Bu dildə də ərəb-fars mənşəli dilönü saitli sözlər ümumi qaydaya tabe olaraq dilarxası saitlərə çevrilirlər.
Qaqauz dilinə aid belə sözlərə aşağıdakı kimi nümunələri misal göstərmək olar: kaar (qar), kabarık, kabuk, kabuklu, kavqa, kaarama (oğurlama), kazık, kazanc, kaymak, kayıkçı, kayışçı, kalpak, kanat (qanad), kapu (qapı), karannık,katdatma (qatlama), kaurma, koyun və s.
Qaqauz dilində ərəb-fars mənşəli sözlərdə dilönü saitlərin k samitinə görə dəyişmiş variantına dair aşağıdakı nümunələri misal göstərmək olar: kaabi (qəvi), kabaat (qəbahət), kabul (qəbul), kadem (qədəm), kayık (qeyb), kalp (qəlb), kalup (qəlib), kamal (kəmal), karanfil (qərənfil), karar (qərar), kuvet (qüvvət), kudret (qüdrət), kısmet (qismət) və s.
Q samitinin sırası
Q samiti təkcə türk dilinin söz əvvəlində nadir işlənir. Türk dilində q samitinə ancaq qaqa (dimdik), qaqalı (dilmdikli) kimi təqlidi sözlərin əvvəlində rast gəlmək olar ki, bu sözlərdə q samitindən sonra dilarxası sait işlənir. Q samiti Oğuz dilləri içərisində Azərbaycan dilində tam sabitdir. Bu samit k səsinin bütün funksiyalarını öz üzərində daşıyır. Türkmən və qaqauz dillərindəki q samiti Azərbaycan dilindəkindən fərqlidir. Türkmən və qaqauz dillərində g samiti inkişaf etmədiyindən bu dillərdəki q samiti həm dilarxası kipləşən səs mövqeyində, həm də Azərbaycan dili ilə müqayisədə g samitinin mövqeyində işlənir. Q samiti dilarxası kipləşən cingiltili səsdir. Dilarxası kipləşmə və tələffüz sabitliyi olmasına görə özündən sonra ancaq dilarxası saitlərin gəlməsini tələb edir. cingiltili olduğuna görə türkmən və qaqauz dillərində g samitini əvəz etməklə özündən sonra həm də dilönü samitlərin işlənməsinə yol açır.
Azərbaycan dilində q samitinin dilarxası saitli sözlərin əvvəlində işlənməsinə dair aşağıdakı kimi nümunələri misal gətirmək olar: qabaq, qabıq, qabırqa, qabar, qapı, qaqqıltı, qalxan, qalın, qalaq, qoçaq, qonaq, qonşu, qoruq, qoyun, qıraq, qırğı, qırğın, qucaq, quyu, quymaq, qulaq, quzu, quduz, qurşaq və s.
Dostları ilə paylaş: |