Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz qrupu türk diLLƏRİNDƏ fonetik uyğunluq və norma


Sözün başlanğıcında samit və saitlərin uyğunluğu və norma



Yüklə 222,04 Kb.
səhifə32/40
tarix02.02.2022
ölçüsü222,04 Kb.
#114030
1   ...   28   29   30   31   32   33   34   35   ...   40
3.2. Sözün başlanğıcında samit və saitlərin uyğunluğu və norma
Hər bir dildə sözlərin formalaşması üçün sait və samitlərin ardıcıllığı, birləşməsi və sırası daxili strukturda özünəməxsus əlaqələrin yaranması ilə baş verir. Fonetik vahidlərin birləşməsi və əlaqələri ilə söz yaranmasında analitik-flektiv dillər ilə türk dilləri arasında fərqlər vardır. Analitik-flektiv dillərdə sözlər, əsas etibarilə daxildən dəyişdiyi üçün bu dillərdəki samit və saitlərin sırasında türk dilləri ilə müqayisədə müəyyən sərbəstlik müşahidə edilir. Türk dillərində isə əsas sözyaratma yükü sözün sonuna düşdüyü üçün samit və saitlərin birləşməsində özünəməxsus bir ardıcıllıq yaranır. Bu ardıcıllıq bütün türk dilləri kimi Oğuz qrupu dillərində də mövcuddur. Həm də bu dillərə məxsus aqlütinativliyin gücü o dərəcədə təsiredicidir ki, sözlərin struktur tərkibi üzrə aparılan təhlillərdə ilkin ardıcıllığın pozulmadan saxlandığını görmək çətin deyildir. Bu dillərdə sait və samitlərin yanaşması harmoniyası, həmçinin sıralanması məhz belə bir struktur ardıcıllığın saxlanmasına əsaslanır. Mövcud tədqiqatlarda deyilən fikirlərin əsasını da həmin struktur ardıcıllığın təzahür formaları təşkil edir.

Oğuz qrupu dillərində aqlütinativliklə əlaqədar sait-samit (samit-sait) sıraları üzrə mövcud olan ardıcıllıqlarda ümumi bir sistem oxşarlığı mövcuddur. Bu, dillərin genetik birliyindən irəli gələn oxşarlıqdır. Ancaq bu dillərin samitlər sistemində və onların təkamül prosesində müəyyən fərqli cəhətlər də vardır. Həmin fərqlər, aydındır ki, sistemə təsir göstərmir. Baş verən fərqləri ilə müəyyən struktur dəyişmələri kimi nəzərə almaq mümkündür. Onu da xatırlatmaq lazımdır ki, türk dillərinə başqa dillərdən keçən sözlərdə bu dillərin sistemi ilə uyuşmayan elementlərin kəmiyyətinə baxmayaraq, onlar həmin sistemin daxilində heç bir dəyişdirici keyfiyyətə malik ola bilməmişlər. Ona görə də Oğuz dillərinə aid samit-sait ardıcıllığının təhlili ilə əlaqədar, yeri gəldikcə, alınmalar üzrə də müqayisə aparılması məqsədəuyğun hesab edilir. Hər bir dildə müəyyən struktur fərqləri olduğu üçün dillərin materialları üzrə müqayisəli təhlil aparılması məqsədəuyğun hesab edilir.



H samitinin sırası

H samiti boğaz səsidir. Novludur, kardır. Kar samit olduğu üçün sözlərin başlanğıcında iştirak edə bilir. H samiti novludur və tələffüz yerində sabitlik yoxdur. Ona görə h samiti müstəqil sözlərin əvvəlində intensiv işlənmir. Daha çox təqlidi sözlərin yaranmasında başlanğıc element kimi iştirak edir. Eyni zamanda, k samiti boğaz tələffülü olduğuna görə, nitq aparatının başlanğıcında əmələ gəldiyinə görə özündən sonra dilarxası saitlər gələn sözlərin əvvəlində işlənə bilir. H samiti novlu olduğuna görə, həm də tələffüz yeri sabit olmadığına görə sözün başında dilönü sıradakı sait səslərdən əvvəl də işlənə bilir. Azərbaycan dilində h samitinin dilarxası saitlərdən əvvəl sözün başında işlənməsinə dair aşağıdakı kimi nümunələri misal göstərmək olar: haça, hafıldama, halay, halqa, hallanma, hamar, hara, haray, harın, haylamaq, hayqırmaq, horra, hoppanmaq, hövxurmaq, hoqqa, hopdurmaq, hoppultu, hıqqıltı, hıqqanmaq, hırıltı, hıçqırıq, hırna və s. H samitinin özündən sonra dilönü saitlərin işlənməsinə isə aşağıdakı kimi nümunələrdə təsadüf edilir: heyləmək, heysiz, hellənmək, hənirti, hərlənmək, hirsli, hisli, höcət, hönkürmək, hörgü, hördürmək, hörük, hündür, hürmək, hürüşmək, hütüldəmə və s.

H samiti, eyni zamanda, özündən sonra dilarxası və dilönü saitlər işlənən alınma sözlərin də əvvəlində işlənə bilir: hakim, haqq, halal, hamam, hasar, hava, hekayət, heca, hektar, hemoqram, heroqlif, hesab, heyvan, heyran, həftə, həqiqət, hənək, hərəm, hibrid, hidrovlik, hormon, hökm, hüdud, hüzur və s.

H samiti türk dilində də həm türk dilinə məxsus olan, həm də alınma tipli sözlərin başlanğıcında dilarxası və dilönü saitlərdən əvvəl işlənə bilir. Türk dilində h samiti Azərbaycan dili ilə müqayisədə həm öz yerində, həm də x samitinin yerində işlənir. Azərbaycan dilindəkindən fərqli olaraq h samiti dilarxası samitlərdən əvvəl daha intensiv işlənir. Dilönü saitlərdən əvvəl isə h samitinin işlənməsinə nisbətən az rast gəlmək olur. Bu da boğaz samiti kimi h samitinin dilarxası samitlərlə daha intensiv sıra və ardıcıllıq yaratdığını göstərir. Bununla belə, Azərbaycan dilində olduğu kimi, türk dilində də h samitinin novluğu və sabit tələffüz yerinin olmaması özündən sonra fonetik sərbəstliyə görə dilönü istiqamətindəki saitlərin işlənməsini istisna etmir. H samitinə müvafiq olaraq dilarxası və dilönü istiqamətindəki saitlərdən əvvəl aşağıdakı sözlərin tərkibində işlənir: halka, hamur, hancer, hangi, hangisi, havlamak, hanım, halay, hala (xala), hıçkırmak, hırıldamak, hırsız, hızlı, hoplamak, hortum, hendek, heylemek və s.

H samiti türk dilində də Azərbaycan dilində olduğu kimi alınma sözlərin tərkibində həm dilarxası və həm də dilönü saitlərdən əvvəl olduqca sərbəst şəkildə işlənir. Ancaq bu sözlərin tərkibindəki səslər türk dilinin tələbinə uyğun dəyişdirilir: haver (xəbər), hadise, hafif (xəfif), hafta (həftə), haraket (zərəkət), hakem, halife (xəlifə), hamqal (həmmal), hamile, hazaret (hərarət), hasta (xəstə), hava, hayal (xəyal), hektar, helyum, hidrojen, hikaye, hile, hisse,hükümet, hükümdar və s.

Türkmən dilində də türk dilində olduğu kimi x samiti yoxdur. Ona görə də h başlanğıclı sözlər, həm də Azərbaycan dili ilə müqayisədə x başlanğıclı sözləri müvafiq qaydada əvəz edir. Türkmən dilində h samiti özündən sonra dilarxası və ya dilönü saitlərin işlənməsindən asılı olmayaraq əsas etibarı ilə təqlidi sözlərin formalaşmasında iştirak edir: hamır, hancar, hanlık, xanım, hanqırtma, hakır-hupur, harlamak, harrıldamak, harrıldı, hatırdamak, havalamak, hazzıklık, hankarmak, haşırdamak, hazzıldı, hopurdamak, horkuldaşmak, horruldaşmak, hılçıldamak, hıtırdı, hingildi, hödurlemek, höltüldetmek, hütürdeşmek, hegnirişmek, hegkirmek, hikirdeşmek və s.

Türkmən dilində də h samiti Azərbaycan və türk dillərində olduğu kimi dilarxası və dilönü saitlərdən əvvəl sərbəst işlənir. Sözlərin tərkibində isə türkmən dilinin tələbinə uyğun şəkildə bir çox hallarda dilönü saitlərin özü dilarxası saitlərlə əvəzlənməsi müşahidə edilir: habar (xəbər), hadısa (hadisə), hayat (həyat), hakıkat (həqiqət), halal (həlal), haraba (xərabə), haram (həram), hozna (xəzinə), haybat (heybət), hekaya (hekayə), hekim (həkim), helək (həlak), heycan (həyəcan), hile (hiylə), həzir, həzirki, höküm (hökm), hünər, hümmet(himmət) və s.

Qaqauz dilində h samiti əsas etibarilə dilarxası saitlərdən əvvəl işlənir: hayqır, haydatma (qovmaq), hayran (ayran), halqa, hamur, haraba, haşlama, hamurdanmak, hoplama (hoppanmaq), hıçkırma, hırıldamaq (xırıldama), hırıltı (xırıltı), hırıldalmak (xırıldamak).



H samiti, həmçinin alınma sözlərin, xüsusən ərəb-fars mənşəli sözlərin də başlanğıcında əsas etibarilə dilarxası saitlərdən əvvəl işlənir. Dilönü saitlərdən əvvəl də h samitinin işlənməsinə rast gəlmək olur. H samitindən sonra əslində dilönü sait işlənən ərəb-fars mənşəli sözlərin bir qismində Azərbaycan, türk və türkmən dillərində olduğu kimi, qaqauz dili variantında da dilarxası saitlə əvəzlənmə müşahidə edilir. Bunun səbəbini başlıca olaraq onunla izah etmək mümkündür ki, h samiti nitq aparatına yaxın olan boğaz samiti kimi bu dillərə aid olan sözlərdə özündən sonra dilarxası saitlərin işlənməsini tələb edir. Bu tələb türk dillərinin aqlütinasiyalı quruluşundan irəli gələn ümumi bir qanunauyğunluqdur ki, samit və samitlərin sıralanmasında bu cür ardıcıllıq, məhz qanun kimi xarakterizə edilir. Alınma sözlərin əvvəlində h samitinin işlənməsinə dair aşağıdakı kimi nümunələri misal göstərmək olar: haber (xəbər), hava (həva), haves (həvəs), hadet (adət), hazna (xəzinə), hazır, hayvan (heyvan), hayır (xeyir), hayıf (heyif), halal (həlal), hammal (həmmal), haram (həram), hasret (həsrət), hasta (xəstə), hafta (həftə), hemen, henez (hənüz), hizmet və s.


Yüklə 222,04 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin