O saitinin sırasına, həmçinin, dilarxası açıqlıq istiqamətində a saiti də daxil olur. Sözün ikinci hecasında a saitinin işlənməsi Azərbaycan dili üçün norma yaratdığı kimi, türk, türkmən və qaqauz dillərində də sözün hecasına aid a normalılığının işlənməsi qanunauyğun hal hesab olunur.
Azərbaycan dilində o-a sırası ardıcıl sıralanma norması üzrə aşağıdakı kimi işlənir: otaq, ocaq, oynaq, oraq, qoçaq, qonaq, qorxaq, yoldaş, ortaq, oxşar, corab, dolaq, boyaq və s.
Türk dilində o-a saitlərinin ardıcıllığını aşağıdakı kimi nümunələrdən görmək olur: boyak, doğal, kopak, orman, sorak, sokak, boşaltmak, dolap, toprak və s.
Türkmən dilində o-a ardıcıllığına aşağıdakı kimi sözlərdə təsadüf edilir: qoşmak, qonak, qovqa, bozlatmak, oyanmak, oyatmak, oynamak, oklamak, ozan, yokalmak və s.
Qaqauz dilində o-a ardıcıllığına isə aşağıdakı kimi sözlərdə rast gəlmək olur: boba (ata), bobalık (atalıq), donatmak (təchiz etmək), dooramak (doğramaq), zorlaşmak (çətinləşmək), koolama (qovmaq), koklamak (qoxlamaq), tozlamak,toprak, topalak (yumru, dəyirmi), çorba (şorba) və s.
Qaqauz dilində o- a sırası üzrə işlənən sözlərin bəziləri Azərbaycan dilinin yerli nitq areallarındakı (daha dəqiq desək, Şərq dialektlərdəki) o- a sırası ilə uyğunlaşır. Məsələn, Bakı dialektində bəzi sözlər Azərbaycan dilinin ümumi a- o nitq normasından fərqli olaraq o- a variantında işlənir: boba (ata), bayram.
Ümumi nitq norması olan a-o sırası əvəzinə o-a sırası işlənməsinə türk dilinin dialektlərində də rast gəlmək olur: boba (ata), bolta (balta) [62, s. 225].
Oğuz dillərinin bəzi yerli nitq areallarında a-a sırasının əvəzedicisi kimi o-a sırasının işlədilməsinə yer verilməsi ilə belə başa düşmək olar ki, belə bir sıra təsadüfi deyildir, nitq prosesinin fəallığı ilə bağlıdır. Ancaq a-a ardıcıllığı daha fəal olduğundan o-a sırası onu tamamilə əvəz edə bilmir.
O saitinin sırasına dilarxası istiqamətində u saiti də daxil olur. Dilarxası saitlər sistemində o saiti açıq dodaq səsi olduğu üçün tələffüzdə ondan qapalılaşması üzrə u saitinin törəməsi saitlərin təkamül prosesinin məntiqinə tamamilə uyğun gəlir. O saiti fizioloji-akustik cəhətdən u saitindən güclü olduğuna görə dodaqlanma istiqamətində onunla tarazlıq yaradaraq uyğunlaşır və bu istiqamətdə də norma yaranması baş verir. Buna görə də dilarxası tələffüz yerindəki o saitinin u saitini izləməsinə Oğuz qrupundakı dillərin hamısında təsadüf edilir. Bu o- u saitlərinin norma yaradılmasının məntiqi ardıcıllığıdır. Bununla belə Oğuz dillərindəki o- u ardıcıllığının bəzi hallarda dillərarası variantlarına da rast gəlmək olur.
Beləliklə, Oğuz dillərində o- u saitlərinin norma üzrə baş verən ardıcıl sırasını aşağıdakı kimi nümunələrdə müşahidə etmək olur:
Azərbaycan dilində o-u sırası aşağıdakı kimi sözlərdə təmsil olunur: olur, oyun, otur, otuz, oyun, ordu, ovçu, axut, qoruq, qoyun, yoluq, yolçu, sorğu, boyun, bolluq, qonur, toyuq və s.
Türk dilində o-u sırasını aşağıdakı kimi nümunələrdə müşahidə etmək olur: bozuk, bozuş, coşdurmak, doğru, doğuş, dokuz, koyuk, soğuk, yoğun, boyun və s.
Türkmən dilində o-u sırasını saxlayan aşağıdakı kimi nümunələr vardır: bozuk, tovuk, boyun, tovuş (səs), boyunturuk, doqru, dokluk, doyumlık, qorxu, qorxuluk, lokquldu.
Qaqauz dilində o-u sırasını aşağıdakı nümunələrdə görmək olur: bozuk, boyunduruk, donum (doyum), dokuz, dokuzluk, dooru, yoortuluk (yortmaq), koltuk, konuk (qonaq), korku, sorqu, soyqun, tozlu, toklu (toğlu), toomruk (tumurcuq) və s.
Oğuz dillərindəki o-u sırası bəzi hallarda Azərbaycan dilindəki u-u sırası ilə uyğun gəlir: boynuz (buynuz), boncuk (muncuq), (türk. qaq.), moynuz, moncuk (türkm.).
Bu dillərdəki bəzi a-u sırası isə Azərbaycan dilindəki o-u sırası ilə uyğunlaşır: tavuk (toyuq), tavus (tovuz), (türk), tauk, taus (qaq.), moncuk (türkm.).
Göründüyü kimi, o- u sırası intensiv olduğu üçün, hətta, bu dillərdəki o- u sırası u- u sırasına aid olan sözlərə də öz təsirini göstərir.
Dilarxası saitlərin sırasında o saitinin ı saiti ilə uyuşma prinsipi haqqında da bəhs etmək lazım gəlir. O saiti açıq dodaq saiti, ı saiti isə qapalı damaq saiti olduğu üçün onların ardıcıl olaraq bir-biri ilə tarazlıq yaratması tələffüz çətinliyi ilə üzləşir. Ona görə də o-ı saitlərinin bir-birini izləməsi ümumi norma qazana bilməmişdir. O-ı saitlərinin ardıcıl olaraq bir-birini izləməsi yalnız o halda baş verə bilər ki, belə bir tələffüz şəraiti tamamilə sərbəstləşmiş nitq şəraitinə malik olsun. Azərbaycan dilində, türk dilində və qaqauz dilində bu istiqamətdəki izlənmə nitq prosesi ilə nizamlanmasıdır. Türkmən dilində isə bəzi hallarda o-ı sırasını tənzim edən nümunələrə rast gəlmək olur: oqrı, boyçı, burqı, qovı (qaldırmaq) və s.
Türkmən dilində bəzi sözlərdə belə sıraya təsadüf edilsə də bu ümumi deyildir, çünki ilk hecasında o səsi işlənən sözlərin hamısının ikinci hecasında ı saiti işlənməsinə təsadüf edilmir, məsələn, dokluk, doyım, qorku, odun, oqul, sovuk sözləri o-u sırası ilə uyğunlaşdığından onların o-ı variantı ümumi norma kimi işlənmir. Olsa-olsa bu cür ardıcıllıq nitq sərbəstliyi üzrə ifadə olunan lokal ərazilərdə işlənə bilər.
Dostları ilə paylaş: |