A-a, a-ı səslərinin ardıcıl sırası ilə əlaqədar nümunələrin təhlilindən görünür ki, Azərbaycan dilində nitq prosesinin təsiri ilə a saitinin o-ya və ı saitinə keçidi onu digər Oğuz dillərindən fərqləndirir. A saitinin sait fonemlər içərisində intensivliyinin daha güclü olduğunu nəzərə alsaq belə nəticəyə gəlmək olar ki, a saitinə məxsus ilkin sabitlik o biri dillərdə Azərbaycan dilindəkindən daha mühafizəkar olmuşdur. Azərbaycan dilindəki dəyişkənlik isə bilavasitə nitqin fəallığının nəticəsi kimi qəbul edilə bilər.
Türk dilindəki a-e keçidi isə bu dildə dilortası e səsinin a səsi müqabilindəki fəallaşması ilə izah oluna bilər.
A saitinin sırasına, ı saitindən başqa o və u saitləri də daxil olur. A saitinin sait fonemlər içərisindəki fizioloji-akustik keyfiyyəti və intensivliyi digər dilarxası saitlərdən üstün olduğu üçün onun ardıcıllığına və sırasına o və u saitlərinin də daxil olması tamamilə qanunauyğun bir haldır. Saitlərin təkamülünə gəlincə, a saitindən açıq dodaqlanma istiqamətində o saitinin törəməsi, qapalı dodaqlanma istiqamətində isə u saitinin yaranması güclülük-zəiflik prosesinə məxsus olan məntiqiliyə zidd görünmür. Odur ki, bu səslərin söz tərkibində ardıcıl uyuşma ilə tarazlıq yaratması mümkün haldır. Ancaq Azərbaycan dilində sözün ikinci hecasında açıq dodaq saitləri norma yaratmaq baxımından zəif iştirak etdiyi üçün a-o sırasına bir neçə monolitləşmiş sözdə təsadüf etmək olur: alov, qaşov, arov, qarov.
Azərbaycan dilində a-u ardıcıl tarazlaşması da inkişaf etməmişdir. Bu sıraya aidiyyəti olan sözlər də olduqca azdır: arzu, armud, axur, yağmur.
Türk dilində sözün ikinci hecasında şəkilçilər üzrə o saiti norma kimi inkişaf etmədiyindən ikihecalı sözlərin tərkibində o saitinin ardıcıllıq üzrə işlənməsinə təsadüf edilmir. Yalnız türk dilində indiki zaman şəkilçisinin birvariantlı –yor forması mövcuddur ki, bu da ən yaxın heca tərkibi kimi üçüncü hecada işlənir: alıyor, geliyor, oturuyor, vakıyor, gediyor və s.
Türkmən və qaqauz dillərində də sözün ikinci hecasında o saitinin norma üzrə işlənməsinə rast gəlmək olmur. Bu o deməkdir ki, Oğuz dillərində açıq dodaq saitinin birinci hecadakı a saitindən sonra həmin saitlə uyğunlaşmaya görə norma yarada bilməməsi ümumi bir haldır.
Azərbaycan dilində ikinci hecada bəzi sözlərdə o işlənməsi isə nitq prosesindəki intensivliklə bağlı olmuşdur. Ancaq görünür, o saitinin ikinci hecada işlənməsi sonradan nitqin asanlığının tələbləri ilə uyuşmadığı üçün bu tipli sıra inkişaf etmədən bir neçə sözün tərkibində qalmışdır. Həmin sözlər isə artıq monolitləşmiş vahidlər sırasına daxil olmuşdur.
A –u sırası türk dilində də intensiv inkişaf etməmişdir. Əvvəldə nümunə gətirilən avuç, avutmak sözləri ilə birlikdə türk dilində a-u sırası üzrə uyğunlaşaraq norma yaradan aşağıdakı kimi sözlərin işlənməsinə rast gəlmək olur: davul, kavurğa, kavun, kavurmak, tavuk, yavru, altun, armut, çabuk və s.
Türkmən dilində a-u sırasına akur-ukur, alavuz (yarımçıq), arzuv, avulı (ovulu), avuşmak, qovun (qovun) kimi sözlərdə rast gəlmək olur.
Qaqauz dilində a-u sırasına armut, avurt, ayr, yaamur, yavuz, kabuk, kapu,saurqun (tuvfan), saurma (sovurma), tauk, xamur, çabuk kimi sözlərdə təsadüf edilir.
A-u sırasının Oğuz dillərində intensiv olmadığının başlıca səbəbini onunla izah etmək olar ki, u saiti dilarxası dodaqlanma istiqamətində a saitinin birbaşa refleksi kimi formalaşan fonem deyildir. U saitinin formalaşma əsası dilarxası dodaqlanma istiqamətində o saiti ilə əlaqədardır. Odur ki, u saiti nitq prosesində ikinci heca üzrə a saitindən sonra işlənə bilsə də bu cür uyğunlaşma və tarazlaşma kütləvi prosesə çevrilə bilməmişdir. Ona görə də Oğuz dillərinə dair a-u sırası üzrə gətirilən nümunələr fonetik cəhətdən tamamilə bir-birinin üzərinə düşə bilmir. Belə ki, məsələn, türk dilindəki kavurğa, kavun, kavurmak, tavuk sözləri Azərbaycan dilindəki qabırğa, qovun, qovurmaq, toyuq sözlərindəki sıra ilə uyğun gəlir. Türkmən dilindəki akur (ukur), avulı, avuşmak, çavun sözləri də Azərbaycan dilindəki axır (uğur), ovulu, ovuşmaq, qovun sözləri ilə uyğun gəlir. Qaqauz dilindəki avurt, aur, kabuk, kapu, saura, tauk, xamur sözləri isə müvafiq şəkildə Azərbaycan dilindəki ovurd, ovuc, qabıq, qapı, sovurma, toyuq, xamır sözlərinin fonetik variantı kimi işlənir.
Oğuz qrupu dillərinin indiki sabit normalaşma mühitinin canlandığı, yazılı dil vasitəsi ilə normaların mühafizə olunduğu, yazı ilə nitq arasında nisbi yaxınlaşma meylinin baş verdiyi indiki mərhələdə və bundan sonra da tələffüz ağırlaşdırıcılığı a-u sırasının artmasına məhdudiyyət yaradan bir amil kimi nəzərə alınmalıdır.
Dostları ilə paylaş: |