Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz qrupu türk diLLƏRİNDƏ fonetik uyğunluq və norma



Yüklə 222,04 Kb.
səhifə17/40
tarix02.02.2022
ölçüsü222,04 Kb.
#114030
1   ...   13   14   15   16   17   18   19   20   ...   40
A saiti Oğuz dillərində intensiv olduğu üçün hətta alınma sözlərdəki saitlərin tələffüzü də a tələffüzü ilə uyğunlaşa bilir. Məsələn, Azərbaycan dilindəki maaş (məaş), maarif (məarif), saat (saət), maraq (məraq) cavab (cəvab), bahar (bəhar), salamat (səlamət), salavat (səlavət), türk dilindəki tavsiye (tövsiyə), tayin (təyin) taze (təzə), şahsiyet (şəxsiyyət), saadet (səadət), asıl (əsil), aşık (aşiq), ayır (eyib), ayıq (eyni), vatan (vətən), vahşi (vəhşi), vasita (vasitə), türkmən dilindəki adat (adət) ahlak (əxlaq), ahval (əhval), alamat (əlamət), alaka (əlaqə), alaç (əlac), alvan (əlvan), azan (əzan), bəhar (bahar), bahana (bəhanə), qaqauz dilindəki vatan (vətən), maana (məna), meva (meyvə), raabet (rəğbət), raat (rahət), rahat (rahət), taraf (tərəf) kimi sözləri buna nümunə gətirmək olar.

I saitinin sırası

Dilarxası saitlər silsiləsində ı saiti a saitindən sonra ən intensiv işlənən səsdir. I saitinin sırası dilarxası saitlər üzrə ı-ı, ı-a, ı-o şəklindəki uyğunlaşması üzrə normalaşmadan ibarətdir. Söz daxilində ı saitinin u ilə uyğunlaşaraq norma yaratmasına isə Oğuz dillərinin heç birində rast gəlmək olmur. Bu ondan irəli gəlir ki, ı saiti dilarxası qapalı damaq saiti olduğu üçün nitq prosesindəki asanlaşma meyli bu saitin özündən sonra qapalı dodaq saitinin işlənməsində rəvan yol tapa bilmir. Nitq prosesinin tələffüz çətinliyinə görə ı saitindən sonra u saitinin normalaşması mümkün hadisəyə çevrilmək imkanlarından məhrum olur. Deməli, nitq prosesinin saitlər sırasındakı uyğunlaşma meyli Oğuz dillərinin hamısında ümumi xarakter daşıyır. Qalan sıraların hamısı isə bu dillərdə norma kimi sabitləşmiş olsa da onların özləri də daim bir-birinin üzərinə düşmür. Ancaq həmin sıralarda uyğunlaşdırıcı elementlərin də bir qanunauyğun ardıcıllığını müşahidə etmək olur.

Söz daxilində ı-ı sırasına gəlincə onu demək lazımdır ki, Oğuz dillərinin hamısında bu sıra daimi olsa da ı saitinin söz başında işlənməsi ilə əlaqədar bu dillər arasında bəzi fərqlər vardır.

Məsələn, Azərbaycan dilində ı səsinin özündən sonra ı səsini izləməsi intensivdir. Çünki damaq tələffüzlü bu səsin ardıcıl işlənməsi nitq tarazlığına görə çətinlik yaratmır: yığılır, sığışır, qırışır, qırılır, çıxır, yıxır, yıxılır, yırtılır, sırınır, xırıltılı, cırıltılı və s.

Türk dilində də ı-ı saitlərinin sırası Azərbaycan dilindəki kimi daimidir: çıkış, çıtırtı, çıkıntı, tırmık, sıkıştır, yıllık, yıldır, yıldız və s.

Türkmən dilində Azərbaycan və türk dillərində olduğu kimi, sözün tərkibində ı-ı sırasının sabit norma kimi işlənməsi müşahidə edilir: bıçqı, çıbık, çıbın, çırpındı, hırrıldı, hızzın, hızzınlı, şırrıldı, şıtırdı, şıtdıldı, tınnırdı, vızırdı, qızık və s.

Söz daxilində ı saitinin ı saitini izləməsini qaqauz dilində müşahidə etmək olur: cıvıltı, cıvıldı, zıqırtı, zırıltı, yıldız, yılık, yıldırım, kızqınnık, pıtırtı, sıkıştır, çıbık, çıkık və s.

Nümunələrdən göründüyü kimi, ı-ı sırası bu dillərdə daimi olsa da onların işləndiyi sözlərin bəziləri dillərarası adekvatlarda variant kimi özünü göstərir. Məsələn, türk dilindəkiyıllık, yıldız sözlərinin Azərbaycan dilində illik, ulduz variantı, türkmən dilindəki çıbık, çıbın sözlərinin Azərbaycan dilində çubuq, çibin variantı, qaqauz dilindəki yıldız, yılık, yaldırım, çıbık sözlərinin Azərbaycan dilində müvafiq olaraq ulduz, ilıq, ildırım variantları vardır.

Saitlərin ı-ı sırası üzrə Azərbaycan dili ilə Oğuz qrupuna daxil olan dillər arasında bir fərq vardır ki, o da Azərbaycan və qaqauz dillərinin söz əvvəlində ı saitinin işlənməməsindən ibarətdir. Türk və türkmən dillərində isə Azərbaycan və qaqauz dillərindən fərqli olaraq sözün başlanğıcında ı saitinin işlənməsi normaya çevrilmişdir: ışık, ışıklı, ışıklandırma, ışıltı, ısınmak, ısırtma, ıslanmak, ıslaklamak, ıspanak, ıssız (türk); ılqamak (çapmaq, yortmaq), ılhım, ınam, ıkrık (bitki), ılqav (cəld yerişli), ınanmak, ınanılmak, ırmak (öz tərəfinə çəkmək), islanmak, ısnışdırmak, ıssı (isti), ızsız (tozsuz), ışık, ınnıldamak, ışıklanmak (türkmən).

Türk və türkmən dillərində ı saitinin söz əvvəlində işlənməsi, hətta, elə bir normaya çevrilmişdir ki, alınma sözlərin də başlanğıc saiti həmin səsin təsiri altında assimilyasiyaya uğradılaraq işlədilir. Məsələn, türk dilində işlənən ərəb mənşəli israr sözünün ısrar, iztirab sözünün ıstırap, islah sözünün ıslah, irq sözünün ırk şəklində, türkmən dilində ilham sözünün ılham, elm sözünün ılım, insan sözünün ınsan şəklində işlədilməsi bu dillərdə sözün ı başlanğıcının norma hüququ qazanılmasına aid nümunələrdir. Aydındır ki, hər hansı fonetik elementin söz əvvəlində, ortasında və ya sonunda işlədilərək normaya çevrilməsi dilin özünün daxili tələbatından və əlbəttə ki, belə bir normanın baş verməsində nitq intensivliyinin təsirindən asılıdır. Azərbaycan və qaqauz dillərində, görünür, nitq belə bir normanın yaranmasında tələffüz çətinliyi üzrə baş verən çətinliklə qarşılaşmışdır. Ona görə də bu iki dildə söz əvvəlinin ı başlanğıcına ehtiyac yaranmamışdır.

Azərbaycan dilində türk və türkmən dilləri ilə müqayisədə söz əvvəli üçün ı saiti yox, i saiti işləklik yerinə keçmişdir. Məsələn, Azərbaycan dilində ışık sözü işıq, ışıltı sözü işıltı, ısınmak sözü isinmək, ıslanmak sözü islanmaq, ılğım sözü ilğım, ızlamak sözü izləmək, ıssı sözü isti şəklində normalaşdırılaraq işlədilir.

Azərbaycan dilində bəzi sözlər vardır ki, onların əvvəlindəki samit səs nitq prosesinin təsiri ilə özünün fonem əhəmiyyətini itirərək intisar olunur. Məsələn, ildırım, ilxı, ulduz, ilıq, ilan kimi sözlər buna nümunə ola bilər. Türk, türkmən və qaqauz dillərində bu sözlərin yıldırım, yılkı, yıldız, yılıq (yılı) variantları işlədilir. Adi müqayisə apardıqda belə aydın olur ki, Azərbaycan dilində həmin sözlərin əvvəlindən tarixi y samiti ixtisar olunmuşdur.



Y samitinin öz fonem həmiyyətini itirərək söz əvvəlindən düşmə meyili olduğu ayrı-ayrı fonetik tədqiqatlarda da göstərilmişdir [135, s. 159; 5].

Azərbaycan dilində y saitinin söz əvvəlindən düşməsini başqa nümunələrdə müşahidə etmək olur: yuxarı-uxarı (oxarı), yük-ük



Y samitinin söz əvvəlindən düşməsi ilə onun fonem keyfiyyəti və mənafərqləndiricilik funksiyası birbaşa özündən sonrakı sait səsin üzərinə keçir. Əgər y samitindən sonrakı hecalardakı saitlərlə uyğunluq yarada bilirsə onda fonetik tarazlaşma baş verir və həmin saitin fizioloji-akustik keyfiyyətində dəyişmə müşahidə edilmir. Yaxud dəyişmə baş verirsə də bu səslərin ardıcıllığını bərpa edən tarazlaşmanı dəyişdirmir. Məsələn, yuxarı sözünün uxarı və ya oxarı variantlarında tarazlıq pozulmur. Çünki hər iki halda sözdaxili saitlər dodaq saitlərinin sıra prinsipini pozmur. Sözün əvvəlindən samit səsin ixtisarı nəticəsində başlanğıcda qalan sait səs tarazlaşmaya zidd olsa belə nitqdə ağırlıq törəndiyi təqdirdə nitqin özü ilə tənzimlənib yeni normalaşmaya çevrilə bilir.

Oğuz qrupu dillərindəki işıq (ışık), iraq (ırak), işıltı (ışıltı), islanmaq (ıslanmak), inanmaq (ınanmak) kimi sözləri əvvəlindən y samiti düşməklə eyni formaya düşmüş ilan (yılan), ildırım (yıldırım), ulduz (yıldız), ilxı (yılkı) sözləri ilə müqayisə etdikdə güman etmək olar ki, ümumiyyətlə türk dillərində, o cümlədən, Oğuz dillərində ilkin başlanğıc üçün ı samitinin norma olması inandırıcı görünmür. Mümkündür ki, bu dillərdəki ışık, ıssı, ılık, ırmak, ışıltı,ızlamak, ıslanmaq tipli sözlərin əvvəlindən də nə zamansa başlanğıc samit ixtisar olunmuş, Azərbaycan dilində ı başlanğıcı i başlanğıcına çevrildiyi üçün türk və türkmən dillərində də ı başlanğıcı nitqə görə uyuşa bildiyi üçün sabit qalmışdır.

Qədim türk lüğətində qeydə alınmış yıraq (DTS, 268), yun (DTS, 267), yılıt (DTS, 267), yılıq (DTS, 266), yığla (ağla-DTS, 266), yılan (DTS, 266), yıldız (DTS, 266), yığac (DTS, 265) kimi sözlərin mövcudluğu da onu deməyə əsas verir ki, türk dillərinin söz əvvəlində ı saitinin başlanğıc fonemə çevrilməsi hadisəsi söz əvvəlindən samit səsin düşməsinin nəticəsi kimi izah edilə bilər. Bu da onu göstərir ki, Azərbaycan dilində sait səslərin dilönü-dilarxası (i-ı, i-a) istiqamətindəki harmonik qaydanın ziddinə sıralanması ilkin hadisə deyildir. Lakin nitq prosesi özünün daimi intensivliyi ilə bu zidd prosesin özünü yeni tarazlaşmaya və normaya çevirə bilmişdir.

Söz tərkibində ı saitinin, həmçinin, ı-o sırası da mövcuddur. Azərbaycan dilində ı - o sırası üzrə normalaşmış cəmi iki sözə təsadüf edilir: qırov, qıjov.

Söz tərkibinin ikinci hecasında Oğuz qrupuna aid olan digər dillər üçün o saiti norma kimi işlənə bilmədiyi üçün bu dillərdə ı-o sıralanması kimi səs uyğunlaşmasına təsadüf edilmir.

Nümunə gətirilən sözlərin adekvatlarının isə ı-a sırası üzrə normalaşdığı müşahidə olunur.

Türk dilində bu adekvatlar kırağı (qırov) və kıjağı (qıjov) şəklindədir. Türkmən dilində isə həmin adekvatlar qırovqışov şəklindədir.

Qaqauz dilində də həmin sözlər türk dili variantına uyğun kıraakıjaa şəklində formalaşmışdır.

Oğuz qrupu dillərində, göründüyü kimi, ikinci hecada o saitinin norma hüququnda işlənməsi intensivləşə bilməmişdir. Ona görə də belə bir sıra nəinki türk, türkmən və qaqauz dillərində mövcud deyildir. Hətta, Azərbaycan dilinin özündə inkişaf etməmişdir. Bu sıranın səs uyuşması kimi norma hüququ daşıya biləcəyinə isə heç bir perspektiv görünmür. Çünki artıq bu dillərin yazı norması sabitləşmişdir və yazı ilə danışıq arasındakı yaxınlaşma meyilləri fonetik sistemdə yenidən transformasiya baş verməsinə yol qoymur.

Dilarxası saitlərin içərisində ı saiti ilə u saitinin uyğunlaşaraq tarazlaşma yaratması və onların normaya çevrilməsi faktları müəyyən edilməmişdir. Belə bir sıra ona görə mövcud deyildir ki, ı saiti qapalı damaq saiti olduğundan onun özündən sonra qapalı dodaq saiti ilə ardıcıl sıraya daxil olması nitq ağırlaşmasına səbəb olur. Buna görə də belə bir sıranın meydana çıxması nitq normalaşmasına keçə bilmir. Müqayisə üçün onu demək olar ki, məsələn, a saiti dilarxası səslər silsiləsində nə qədər intensiv olsa belə, özündən sonra açıq dodaq o saitinin sərbəst norma yaratmasına nitq prosesi imkan vermir. Azərbaycan dilində cəmi bir neçə sözün a-osırası üzrə normalaşmasına baxmayaraq başqa Oğuz dillərində belə bir sıranın baş verməsi, ümumiyyətlə, müşahidə edilmir.

Bütün bunların nəticəsi olaraq onu demək mümkündür ki, dilarxası damaq ı saiti özünün sərbəstliyinə və intensivliyinə görə a saitindən geri qaldığı üçün onun sıra norması da a saitinə məxsus sıradan zəifdir.

Doğrudur, bəzi klassik yazıların dilinin tədqiqi ilə bağlı yazılmış əsərlərdə ı saitindən sonra u işlənməsinə dair transkripsiya xarakterli nümunələr verilir (qılur, çıqsun) və s. [25, s. 86-103; 48]. Ancaq belə bir sıranın həqiqətən Azərbaycan danışıq dilindən yazı dilinə keçməyi özünü doğrulda bilmir. Çünki həmin yazılar ərəb əlifbasındadır və bu yazıların oxunmasındakı ixtiyarilik müəlliflərin, əlbəttə ki, özlərinə aiddir.




Yüklə 222,04 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin