1.3. Türk dilində fonetik və qrafik normalaşma
Türk dili Türkiyə Respublikasının rəsmi dövlət dilidir. Bu dildə hazırda 70 milyondan artıq əhali danışır. Tarixi mənbələrdən əldə edilən məlumatlara görə hələ eramızın ilk əsrlərində, xüsusilə, II, III əsrlərdə indiki türklərin yaşadıqları Kiçik Asiya ərazisində çoxlu türk qəbilə və tayfaları olmuşdur. Bu cür məlumatlara daha çox yunan, İran və ərəb mənbələrində rast gəlmək olur [59, s. 122]. Onu qeyd etmək lazımdır ki, tarixşünaslıqda Azərbaycan dilinin və xalqının genezisi haqqında çoxlu yanlışlıqlar olduğu kimi türk dilinin də indiki ərazidə yayılması və inkişafı barədə də dolğun, inandırıcı məlumatlar yetərincə deyildir. Çünki türk dili və onun yayılması barədə qeyri-türk müəlliflərinin verdiyi məlumatlarda qərəzli yanaşmalar, əlbəttə ki, istisna deyildir. Türkiyədəki tədqiqatçıların əksəriyyətinin verdiyi məlumatlarda da birtərəflilik meylləri çoxdur. Bu tədqiqatların əksər qismində türk adı bütün türk dillərinin təməli kimi izah olunur və digər dillər çox vaxt “ana, kök türk dilinin” ləhcələri və ya dialektləri kimi təqdim edilir [67, s. 49; 64, s. 4].
Ancaq nəzərə aldıqda ki, türk adı eramızın VII əsrinə kimi bütün türk dilli əhalini dil və etnik cəhətdən birləşdirmişdir və sonrakı dövrlərdə bu xalqların və dillərin arasında diferensiallaşma baş vermişdir, bu halda türkiyəli müəlliflərin həmin fikrindəki təəssübkeşlik meyllərini açıq və aydın şəkildə müşahidə etmək olur. Tarixdən məlumdur ki, Kiçik Asiya türkləri 1299-cu ildən həmin ərazidə Osmanlı dövlətinin yaranması ilə özlərinin dövlət, dil və mədəniyyət ənənələrini Osmanlı adı ilə bağlamışlar. Yalnız Kiçik Asiyada Türkiyə Respublikası yarandıqdan sonra 1924-cü ildə türk dili adı geri qaytarılmalı olmuşdur. Azərbaycan dilinin üzərində isə Türk dili adı XX əsrin ilk onilliklərinə kimi davam etmişdir. Doğrudur, Azərbaycan adı bu xalqın dilinin və tarixinin daha qədimlərə gedib çıxmasını istisna etmir, ancaq türk dilləri içərisində türk adını ən uzunmüddətli dövrdə yaşadan dil məhz Azərbaycan dili olmuşdur. Hər halda, tarixi həqiqətlərə ədalət gözü ilə baxmaq vacibdir və bu nə millilik keyfiyyətini azaldır, nə də hər hansı xalqa və dilə elə bir üstünlük gətirir.
Həqiqət budur ki, qeyri-türk müəllifləri türklərlə bağlı tarixi nə dərəcədə saxtalaşdırmağa cəhd göstərmiş olsalar da belə birinci minillik dövrünün başlanğıcında həmin ərazidə türk qəbilə-tayfa birliklərinin mövcudluğunu etiraf etmək məcburiyyətində qalırlar. Ancaq tarixi dəqiq araşdırmaq imkanları mümkün olsa həmin ərazidə II-III əsrlərdən əvvəlki vaxtlarda da türkdilli əhalinin mövcudluğuna dair faktların meydana çıxarılması mümkünsüz olmazdı. Həqiqətən də Kiçik Asiya ərazisindəki linqvistik proseslərə dair aparılmış tədqiqatlarda türk mənşəli elementlərin aşkar edilməsi türk etnosunun həmin ərazilərdə daha qədimlərdən məskun olduğuna dəlalət edir.
Tarixi faktlardan isə artıq məlumdur ki, eramızın IV əsrində (375-ci ildə) Kiçik Asiya ərazisində türkdilli əhalinin kütləvi axınları baş vermişdir. Yerli dil, demək olmaz ki, bu cür miqrasiyalar nəticəsində assimilyasiya olunmuşdur. Burada assimilyasiyadan daha artıq eyniköklü dillərin qarşılıqlı inkişafından söhbət gedə bilər.
Türkdilli xalqların Kiçik Asiya ərazisinə daxil olması və yayılması sonrakı dövrlərdə də davam etmişdir. Xüsusilə, VIII-X əsrlərdə Orta Asiyadan həmin ərazilərə türkdilli xalqların gəlişi daha kütləvi xarakter almışdır. Bu axında, ehtimal ki, türk xalqlarının islamlaşmasının da müəyyən rolu olmuşdur. Çünki İslamı qəbul edən türk xalqlarında mərkəzləşmə meyli də formalaşmaqda davam etmişdir. Bu məsələnin ictimai və siyasi tərəfidir. Dil məsələsinə gəlincə, eyniköklü dildə danışan əhalinin getdikcə artımı, çoxalması və yayılması dilin də cilalanmasına, inkişafına və normalaşmasına ciddi təsir göstərmişdir.
Kiçik Asiya ərazisinə Səlcuqların daxil olması bu ərazidə dil normalarının ciddi şəkildə inkişafına da mühüm təsir göstərmişdir. Çünki Səlcuqların məskunlaşdığı ərazilərdə fars dili yayılmış olsa da Səlcuqların dili də geniş ərazilərdə aparıcı bir dil kimi işlədilmişdir. Səlcuq türkləri Oğuz türklərinin Qınıq tayfasına mənsub olmuşdur. Səlcuqlar 1038-ci ildən 1157-ci ilədək mövcud olmuş Böyük Səlcuq İmperiyasını və digər kiçik dövlətləri idarə etmişlər. Səlcuq tayfa adı türk sərkərdəsi olan Səlcuqun adı ilə bağlıdır. Səlcuqlar qaraxanlılar və qəznəvilər tərəfindən sıxışdırıldıqdan sonra Qərbə doğru hərəkət etmişlər. Azərbaycan və İran ərazisindən keçib Bizans torpaqlarına daxil olmuşlar. Daha sonra Ban gölü, Naxçıvan və Azərbaycan ərazilərinə yayılmışdır. Səlcuqlar əvvəlcə Xorasanda məskunlaşmışdılar. 1038-ci ildə paytaxtı Nişapur şəhəri olan ilk Səlcuq türk dövləti yarandı. Səlcuğun nəvəsi Toğrul bəy (1040-1063) sultan elan olundu. Səlcuqlar Toğrulun dövründə daha da qüvvətləndilər. Toğrulun dövründə bütün Xorasan, Xarəzm, Qərbi İran Səlcuq türklərinin hakimiyyəti altına keçdi. Toğrul 1055-ci ildə Bağdada daxil olmaqla İraqda öz mövqelərini möhkəmləndirdi. Nəticədə, hətta, Abbasi xilafəti Səlcuqlardan asılı vəziyyətə düşdü. I Toğruldan sonra hakimiyyətə Alp Arslan (1063-1072) gəldi. Onun əsas məqsədi Anadolunu türk torpaqları ilə birləşdirmək idi. 1071-ci ilin avqust ayında Malazgird döyüşündə Səlcuqlar və Bizans ordusu üz-üzə gəldi və bu döyüş Səlcuqların qələbəsi ilə başa çatdı. I Məlikşahın dövründə (1072-1092) Səlcuqlar öz ərazilərini bir qədər də genişləndirməyə nail oldular. Paytaxt Reydən İsfahana köçürüldü. Səlcuq dövləti I Məlikşahın və Nizamülmülkün ölümündən sonra zəiflədi. Sonuncu Səlcuq sultanı Səncərin (1118-1157) zamanında dövlətin ərazi bütövlüyü pozuldu. Onun ərazisində Konya, Kirman, Suriya, İraq Səlcuq sultanlıqları və Kiçik Asiyada bir sıra əmirliklər yarandı [139].
Kiçik Asiya ərazisində yaşayan əhali mütəşəkkil bir xalq kimi formalaşana qədər Oğuz-Səlcuq, Türkmən və Osmanlı adları ilə adlandırılmışlar [93].
Orta Asiya ərazisində Səlcuqların hakimiyyəti zəiflədikdən sonra yaranmış xırda birliklər bir-biri ilə daimi çəkişmədə olmuşlar. Bu birliklərin içərisindən çıxan Osman (1299) bəylikləri öz ətrafına toplaya bilir və bütün Anadolunun hökmdarı olur. Osman tədricən imperiyanın hüdudlarını genişləndirərək Ərəbistanı, Krımı, Balkanı, Qafqazı, Ərəb ölkələrini və Şimali Afrikanı öz nüfuzu altına keçirir. 1923-cü ilə kimi Türkiyə Respublikası yaranana qədər Osmanlı adı dövlətin üzərində bərqərar olmuşdur. Səlcuq türk dili XIII əsrin sonlarına kimi Azərbaycan və türk dillərini özündə əhatə edirdi. XIV əsrdən başlayaraq qədim Azərbaycan və qədim türk (Osmanlı), dilləri müstəqil inkişafı yoluna qədəm qoymuşdur. Onların özlərinə məxsus olan normalar stabilləşməyə başlamışdır. Bununla belə, XVII əsrə qədər bu iki dil arasında bir çox fonetik, leksik və qrammatik paralellər mövcud olmuşdur [59 s. 123].
Hər iki dil arasında, xüsusən, XIII-XIV əsrlərdəki paralelliyə müvafiq olaraq yaranmış yazılı nümunələrin özlərini də mütəşəkkil abidələr sırasına daxil etmək mümkündür. Belə abidələrə dair Fəqihin “Çərxnamə”, Şəyyad Həmzənin “Yusif və Züleyxa”, Əlinin “Qüsseyi-Yusif” əsərlərini, həmçinin, Sultan Vələdin, Cəlaləddin Ruminin Səlcuq dilində yazılmış şeirlərini nümunə göstərmək olar.
Türk dilinin normalaşmasında da şifahi danışıq dili ənənələrinin mühüm rolu olmuşdur. Türk dilinin normalaşmasına Dunay-türk dialektlərinin və Şərqi Anadolu dialektlərinin mühüm təsiri olmuşdur. Türk dilində sabit normalaşma XIX əsrə aid edilir. Ancaq bu dilin icbari orfoqrafik qaydalar əsasındakı normalaşması və bu normaların təkmilləşərək sabitləşməsi Türkiyə Respublikasının yaranmasından sonrakı dövrə təsadüf edir.
Türk dilində ilkin yazılı ədəbiyyatın nümunələri XIII əsrə aiddir. Ondan əvvəlki dövrlərdə türk dilində (Səlcuq dilində) yazılmış nümunələri aşkar etmək mümkün olmamışdır.
Azərbaycan dilində olduğu kimi türk dilində də yazı islam dövründən sonra ərəb əlifbası əsasında tətbiq edilmişdir. Türk dilinin yazısı 1928-ci ildə ərəb qrafikasından latına keçidlə yeniləşdirilmişdir.
Latın qrafikalı müasir türk əlifbasında 29 işarə vardır. Onlardan 8-i saitlərin, 21-i samitlərin işarəsindən ibarətdir. Böyüklük və kiçiklik bildirməklə formalaşdırılan hərfi işarələr bunlardır: Aa, Bb, Cc, Çç, Rd, Ee, Ff, Gg, Ğğ, Hh, Iı, İi, Yy, Kk, Ll, Mm, Nn, Oo, Öö, Pp, Rr, Ss, Tt, Uu, Üü, Vv, Uu, Zz.
Türk əlifbasında ifadə olunan saitlərlə Azərbaycan dili saitləri arasındakı fərq budur ki, Azərbaycan dilində norma kimi ə saitinin işarəsi verildiyi halda türk dili əlifbasında bu saitin işarəsi yoxdur. Hərçənd ki, Türk danışıq dilində ver sözü vər, beklemek sözü bəkləmək, sevmək sözü səvmək kimi tələffüz edilir. Türk dilində ə saitinin işlənməsinə dair digər nümunələri də göstərmək olar. Ancaq ümumi balansda e səsinin işlənməsi daha çox üstünlük təşkil edir. Belə çıxır ki, türk dilində ə-ləşmə ümumi xarakterli olmayıb regional səciyyə daşıyır. Buna görə də ə səsi fonetik norma kimi qəbul olunmamış və latın qrafikalı əlifbaya da daxil edilməmişdir. Onu da xatırlatmaq lazımdır ki, türk dilinin yazısında işlədilmiş ərəb qrafikalı əlifbada da ə səsi üçün xüsusi bir işarə olmamışdır.
Samit səslər üzrə də Azərbaycan dili ilə türk dili arasında fərqlər vardır. Boğaz tələffüz yeri üzrə Azərbaycan və türk dilləri arasında fərq müşahidə edilmir. Hər iki dildə boğaz tələffüzlü h səsi vardır. H samiti davamlı tələffüz edilən novlu samit olduğu üçün deyilişinin çətinliyinə görə özünün törəmə yerində əlavə bir samitin formalaşmasında təməl ola bilməmişdir. Lakin h samiti türk dilində Azərbaycan dilindəkinə nisbətən daha intensiv işləklik mövqeyi qazanmışdır. Bu da ondan ibarətdir ki, türk dilindəki h samiti yerinə görə Azərbaycan dilindəki x samitinin funksiyasını da daşıya bilir: Xala (Azərb.), hala (türk), xanım (Azərb.), hanım (türk), xırman (Azərb.), harman (türk), xəncər (Azərb.), hancer (türk) və s.
Dilarxası tələffüz yerində Azərbaycan və türk dilləri samitləri arasında fərqlənmələr vardır. Azərbaycan dilində dilarxası kipləşən k samiti tarixi mənbələrdə qalmaqla öz izlərini hazırda yerli areallarda saxladığı halda (kış, kuş,kıfıl sözlərində olduğu kimi) türk dilində k samiti sözün bütün mövqelərində (başlanğıcda- kap, kadar, kamçı; ortada-çıkar, bakıyor, yaktı; və sonda-çıkarmak, bakmak, yakmak) intensiv şəkildə işlənə bilir.
Türk dilində k samitinin intensivliyi bu dildə Azərbaycan dilindəkindən fərqli olaraq q samitinin formalaşmasına yol qoymamışdır. Yəni türk dilində dilarxası kipləşən kar k samiti bütün mövqelərdə Azərbaycan dilindəki q samitinin funksiyalarını daşıya bilir.
Türk dilindəki k səsinin funksiyası təkcə q samitinin mövqeyində işlənməklə bitmir. K samiti, həm də Azərbaycan dilindəki x samitinə aid olan mövqelərdə də işlənir: çıxarmaq (Azərb.), çıkarmak (türk), taxmaq (Azərb.), takmak (türk), buraxmaq (Azərb.), bırakmak (türk), yaxmaq (Azərb.), yakmak (türk), yaxalamaq (Azərb.), yıkamak (türk).
Türk dilində, ümumiyyətlə, kar kipləşən k samitinin bir refleksi kimi x samiti formalaşmamışdır. K samitinin Azərbaycan dilindəki cingiltili kipləşən refleksi olan q samiti türk dilində onun öz sözlərində işlənmədiyi halda alınma sözlərdə işlədilir: garson (ofisiant, xidmətçi), gar (vağzal) gazete (qəzet), gonça (qönçə), gurbet (qürbət), agregat (aqreqat), ırgat (muzdur), gala (ilk tamaşa), galiba (ehtimal ki), glikoz (qlükoza), grev (tətil), gri (boz rəng), grip (qrip), gros (maşın yağı), grizi (mədən qazı), grif (qrif) [51, s. 22].
Türk dilində dilarxası sırada k səsi ilə birgə bir də ğ samiti formalaşmışdır. Ç samiti, əslində Azərbaycan dilində dilarxası kar novlu x samitinin dilarxası novlu, cingiltili refleksi kimi yaranmışdır. Türk dilində isə k səsindən x-ya və q-ya keçid olmadan ğ səsi əmələ gəlmişdir.
Türk dilində ğ samiti yaranmış olsa da fizioloji-akustik keyfiyyətinə görə bu samiti Azərbaycan dilindəki ğ adekvatı ilə tam eyniləşdirmək olmaz. Ona görə ki, Azərbaycan dilindəki ğ samiti sabit tələffüz keyfiyyətinə malikdir. Yəni bu səs Azərbaycan dilində həm sözün sonundakı, həm də sözün ortasındakı mövqelərində tələffüz keyfiyyətini dəyişmir: dağ, vağ, yağ, sağ, sığ, yığ; yağlı, vağlı, dağlı, yığıncaq, sığınacaq və s.
Türk dilində isə ğ samitinin tələffüzü mövqeyə görə dəyişir. Türk dilində təkhecalı sözlərin sonunda və söz ortasında ğ samiti uzun, davamlı tələffüz edilir. Belə tələffüz zamanı ğ samitinin dilarxası novlu cingiltili keyfiyyəti itir. Yazdakı ənənəvi prinsipə görə ğ samitinin işarəsi saxlanılsa da şifahi nitqdə bu səs sanki saitləşir, özündən əvvəl hansı sait səs işlənirsə həmin saitin tələffüzünə qarışır, onunla uyğunlaşır: yağ (yaa), bağ (vaa), dağ (daa), ağla (aala), bağla (baala), uğra (uura), doğru (dooru), yığışmak (yıışmak).
Bəzi sözlərdə ğ samiti sözün genetik strukturuna uyğun şəkildə yazılmasına baxmayaraq saf tələffüzdən uzaqlaşıb y tələffüzünə çevrilir: iğne (iyne), öğrenci (öyrenci), eğilmek (eyilmek), eğlenmek (eylenmek), eğitim (eyitim-tərbiyə), iğde (iyde), eğer (eyer-yəhər), öğle (öyle-günorta).
Ərəb mənşəli sözlərin tələffüzündə ğ samiti Azərbaycan dilindəki deyilişə uyğun bir variantda ifadə edilir: iğfal (aldatma), iğtişaş (iğtişaş), iğzar (qəzəblənmə) [51, s. 24].
Görünür, ərəb mənşəli sözlərin tələffüzündə, birincisi, ərəb dilinə məxsus ğ samitinin deyilişinin saxlanılmasına riayət olunur, ikincisi isə, türk tələffüzündə genetik ğ samitinin mövcudluğu təsbit edilir.
Dilarxası samitlərin Azərbaycan və türk dillərindəki təkamülünü nəzərdən keçirdikdə aydın olur ki, Azərbaycan dilində dilarxası samitlərin təkamülü həm intensiv şəkil almış, həm də təkamül prosesində sıra (ierarxiya) ardıcıllığı davamlı şəkildə baş vermişdir. Başqa bir tərəfdən, Azərbaycan dilində nitq intensivliyi çox güclü olduğundan təkamül prosesində kipləşən kar tələffüzlü k samiti ümum nitq prosesi üzrə öz sabitliyini itirmişdir. Belə ki, türk dilində k samiti bütün mövqelərdə genetik-struktur təbiətini qoruduğu halda Azərbaycan dilində bu samit öz yerini cingiltili q samitinə vermişdir. Azərbaycan dilində təkamül ardıcıllığı k – x, k – q, x – ğ istiqamətində getdiyi halda türk dilində yalnız k – ğ istiqaməti üzrə əmələ gəlmişdir.
Azərbaycan dilində olduğu kimi, türk dilində də ğ samiti söz əvvəlində işlənir. Görünür, novlu titrəyici cingiltili samitlərin söz əvvəlində işlənməməsi hər iki dilin nitq qanunauyğunluqlarına müvafiq şəkildə başa gəlmişdir. Hər iki dildə samitlərin bu istiqamətdəki təkamülü üzrə belə bir nəticəyə gəlmək olur ki, Azərbaycan dilindəki təkamül variantında səslərin sırası baxımından qanunauyğun ardıcıllıq daha mükəmməl qaydada baş vermişdir.
Fonetik vahidlərin təkamül ardıcıllığının mükəmməl olmasını onunla izah etmək mümkündür ki, bu ardıcıllıq nitq prosesinin uzun dövrlər ərzində genetik struktura təsir göstərib onun dəyişdirilməsinə səbəb olmuşdur. Onu da nəzərə almaq mümkündür ki, fonetik vahidlərin təkamülü və saflaşaraq sabit norma halına düşməsi qısa zamanların, bir neçə yüz ilin işi olmayıb min illər boyu baş verən təkmilləşmənin nəticəsidir. Məhz min illər boyu Azərbaycan dilindəki genetik k səsi öz yerini tələffüzcə saflaşmış q səsinə vermişdir. K səsi, həmçinin karlıq-novluluq istiqamətində x samitinin formalaşması üçün baza rolunda olmuşdur. X səsindən isə saf tələffüzlü normaya uyğun olan ğ səsi törəmişdir. Türk dilində k samitinin mühafizəsi onu göstərir ki, bu samit nitq prosesinin uzunmüddətli dəyişdiricilik təsirinə məruz qalmamış, bu dildə ondan x törəməsi baş verməmiş və ğ tələffüzü də fonem normativliyi baxımından tam şəkildə saflaşmamışdır. K səsinin nitq prosesində dəyişdiriciliyə məruz qalmamasının başlıca səbəblərini onunla izah etmək olar ki, ya bu səsin dəyişməz qalmasına türk dili ərazisinə zaman-zaman yayılmış digər türkmənşəli əhalinin dilindəki stabil k tələffüzü təsir göstərmiş, ya da yazı dilində k samitinin mühafizəkarlığı qorunmuş və bu da nitq prosesinin dəyişdirici təsirindən kənarda qalmışdır. Başqa bir məntiqlə yanaşsaq, dilin öz məkanında çiçəklənməsi imkanlarının real olduğunu nəzərə alsaq deyə bilərik ki, Azərbaycan dili öz məkanında daha qədim olduğundan uzun minilliklər ərzində onun fonetik tərkibində saflaşma və norma sabitliyi daha artıq təkmilləşmiş və mükəmməl olmuşdur.
Azərbaycan dilinin dilortası samitlərinin təkamülündə də stabil sıra və ardıcıllıqlar müşahidə edilir. Azərbaycan dilində olduğu kimi türk dilində də dilortası tələffüz yeri üçün üç samit səs formalaşmışdır: k, g, y.
Türk dilində də Azərbaycan dilində olduğu kimi k samiti sözün bütün mövqelərində müstəqil və sərbəst bir fonem kimi işlədilir: kofte, köpek, köşe, ketman, kemik, tek, dik, berk, böyük, ekmek, etek, mekan, hareket, beklemek.
Dostları ilə paylaş: |