Kollagen inyeksiyası. Face lifting prosedurasına köməkçi metodlardan biri də kollagen inyeksiyasıdır. Təmizlənmiş heyvan kollagenləri Zyderm collagen və ya Zyplasty collagen adı altında satılır. Allergik olub-olmaması testlərlə müəyyən olunduqdan sonra qaşların arasındakı qırışlara, nazolabial oyuqlara, ağız bitişmələrindəki Marionet xətti deyilən qırışlara, dodaq nahiyələrindəki vertikal xətlərə göz ətrafındakı qırışlara, bəzən üz çapıqlarına bu kollagenləri vurmaqla düzəltmək olur. Bundan sonra ildə bir-iki dəfə təkrar olunması məsləhətdir.
Dermobraziya. Bu metod çapıqların aradan götürülməsi, vulqar sızanaqlar və ya çiçək xəstəliyindən sonra əmələ gələn səthi qabarcıqları azaltmaq üçün tətbiq olunur. Bundan əlavə, yad cisim döymələrinin çıxarılmasında da yararlıdır. Ağız ətrafındakı nazik qırışlar müvəqqəti də olsa, bu metodla bərpa edilə bilir.
Müalicənin məqsədi hündür nöqtələrin və hündürlüklərin hamarlaşdırılması ilə çuxurların daha az görünən hala gətirilməsidir. Yaxşı nəticə, dermanın nazikləşdirilməsi ilə alınır, əks-təqdirdə derma sonra yenə də təbii qalınlığa çatır. Abraziyadan sonra əmələ gələn yara dermal səthdən yeni bir epidermis əmələ gəlməsi ilə sağalır.
Dermobraziya sürətli mühərriki və ucluğu olan (bu ucluqlar istənilən böyüklükdə və formada ola bilər) bir cihazla aparılır. Dermobraziya kiçik çapıq sahələrinin etil xloridlə fiksasiyaedici lokal anesteziya tətbiqi ilə yavaş-yavaş aparıla bilər. Bəzən həmin sahəyə adrenalinli lokal anestetik inyeksiyası məsləhət görülür. Böyük sahələr üçün ümumi anesteziya daha məqsədəuyğundur. Bu prosedura kontur dəyişikliyi etdiyi üçün çuxurlar və sallanmalar metilen abısı ilə rənglənməlidir.
Sahə təmizlənib anesteziya edildikdən sonra barmaqlarla gərgin hala gətirilərək prosedura başlanılır. Silindir dəri səthinə paralel saxlanılır. Epidermis götürüldükcə dermal məməciklərdə xırda qanama nöqtələri müşahidə olunur. Abraziya müddətində və ondan sonra işlənən sahə fizioloji məhlulla yuyulur. Əməliyyat tamamlandıqdan sonra yara nahiyyəsinə vazelin-antibiotikli bint qoyulur, bu bint bir həftə müddətində öz-özünə düşür.
Abraziyadan sonra həmin nahiyyədə bir neçə ay eritema ola bilər. Bu müddət ərzində günəş şüasının bilavasitə və ya dolayı təsirindən qorunmaq lazımdır, əks halda hipo- və ya hiperpiqmentasiya müşahidə olunur.
Sağalmanın sürəti dermada qalmış əlavə strukturlarla əlaqəli olduğundan üz və skalp dərisi müalicəyə daha yaxşı tabe olur. Digər sahələrə nisbətən burada daha az reaksiya müşahidə olunur. Əlin üst səthi müalicəyə orta dərəcədə tabe olduğu halda, döş qəfəsi, yuxarı və aşağı ətraflar, xüsusilə, onların bükücü səthlərində yaxşı nəticə alınmır. Dizaltı nahiyədə və ayaqlarda sağalma yavaş gedir və daha çox çapıq əmələ gəlməsi ilə nəticələnir. Yanıq çapıqları, kelloidlər, hipertrofik çapıqlar və şüa dermatitləri kimi törəmələr reepitelizasiya üçün lazım olan əlavə dəri strukturlarından kasad olduğu üçün bu tip müalicəyə adətən yaxşı tabe olmurlar. Qara dərili insanlar üçün də nəticə heç də yaxşı deyil. Belə ki, müdaxilə edilən sahə digər nahiyənin dərisindən daha tünd görsənir.
Dostları ilə paylaş: |