Romanlarda bayatılarla bağlı nəzərə çarpan məqamlardan biri də xalq arasında tanınan “dilli-ağızlı”, ”bayatı-çalıb çağıran” qadınlarla yanaşı, digər ana-qadın obrazlarının eyni “bayatı” musiqili dillə danışmasıdır. “Yad et məni” romanında Dürdanə ananın hər dəfə oğluna göndərdiyi məktublara bayatılar əlavə etməsi bu baxımdan diqqəti cəlb edir:
Ananın darıxması, tənhalığı, yeganə ümidini oğluna tikməsi, övladına ünvanladığı istəklərinin ardınca hər dəfə məktublara əlavə olunan bu bayatılar onun daxilindəki emosional çağırışı, həsrət və kədərinin bədii ifadəsidir.
Epik əsərlərdə bayatı-nəğmələrin yer alması, hər şeydən əvvəl bu yazılı nümunələrdə tarixiliyini acıqlanması, eləcə də insan duyğularının tərənnümünə bağlıdır. Məlumdur ki, xalq şeirinin ən zəngin janrları sırasına daxil olan bayatılar yaranması tarixi, eləcə də formalaşma xüsusiyyətləri baxımından daha çox səciyyəviliyə malikdir. Geniş həcmli romanların mövzu, ideya, ayrıca poetik məzmununa xidmətdə bayatılar müəyyən tarixi hadisə və folklorun tarixi mənbə qoruyucusu, həm də insan psixologizminin bədii ifadə üsulu kimi yer alır. Bayatıların bu baxımdan işarələnmə funksiyası romanların mətn strukturunda başlıca vasitəyə çevrilir. Məlumdur ki, hər bir folklor nümunəsi özündə bəlli tarixi dövrün yaddaş, düşüncə, xalq məişəti etnoqrafiyası və s. yaşadır. Bu janrlar içərisində isə yalnız ”lirika ideal görüşlərin ən uyğun ifadəsi kimi” maraq doğurur (8, 42).
Ə.Cəfərzadənin romanlarında bayatıların ilkin funksional mövqeyi əsərin, mətnin süjet mərhələliyinə qoşulmasıdır.
Süjetinin yüksələn xətt üzrə inkişafında bayatılar mətnlərdə danışılan hadisə, baş verəcək vəziyyətlərə bağlı ilkin epiqraf rolunu oynayır. “Vətənə qayıt”, “Eldən-elə” romanlarında demək olar ki, ümumi ana xəttə qoşulan ayrı-ayrı başlıqlar sərbəst süjetlər bayatı-epiqraflarla başlayır: