Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,18 Mb.
səhifə50/128
tarix01.01.2022
ölçüsü1,18 Mb.
#104207
1   ...   46   47   48   49   50   51   52   53   ...   128
Ключевые слова: фольклор, Общества Обследования и Изучения, публикация, пословицы, поговорки.
1920-ci illərdə maddi və mənəvi abidələrin öyrənilməsi dövlət əhəmiyyətli bir amilə çevrildi. 1923-cü ilin yazında bir qrup alim “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin” nizamnaməsinin təsdiq olunması xahişi ilə Xalq Maarif Komissarlığı kollegiyasına müraciət etdi. Elə həmin dövrdə Bakı Universitetinin professoru Arslan Nurəddinov (A.R.Zifeld ləqəbi ilə) “Bakinski raboçi” və “Kommunist” qəzetlərində dərc olunmuş məqalələrində respublikamızın hər­tə­rəfli öyrənilməsi, dövlətə, məktəbə və fəhlə təşkilatlarına kömək göstərilməsi məqsədi­lə bir sıra elm və iş adamlarını, alimləri, sovet işçilərini birləşdirən Azərbaycanın öyrənilməsi kimi xüsusi Cəmiyyətin yaradılmasının zəruriliyi ba­rədə fikir irəli sürmüşdü. Xalq ədəbiyyatımızın toplanması, nəşri, öyrənilməsi də bu işdə əsas məqsəd idi. 1923-cü il noyabın 2-də təsis edilmiş “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti” bu yöndə mühüm işlər görməyə başladı. İlk növ­bədə cəmiy­yətin üç əsas şöbəsi işə başladı: tarix və etnoqrafiya, təbiyyat, iq­sa­diyyat.

Cəmiyyətin fəaliyyəti qısa bir müddət ərzində həm kəmiyyətcə, həm də keyfiyyətcə genişlənib, respublikamızın siyasi, sosial-iqtisadi həyatında əsaslı bir yer tutaraq, əhalinin ən müxtəlif təbəqələrinin rəğbətini qazandı.



Cəmiyyətin folklor komissiyasında prof. A.V.Baqri, H.Zeynallı, V.Xu­luf­lu, A.Sübhanverdixanov, yazıçılardan C.Məmmədquluzadə, Ə.Haq­ver­di­yev, Y.V.Çə­mənzəminli və başqaları çalışırdı. “Azərbaycanı Tədqiq və Tə­təb­bö Cə­miy­yəti” Azər­baycan folklor örnəklərinin toplanması, nəşri və tədqiqi isti­qa­mə­tini qüvvətlən­dirdi. Xırda bayatı, atalar sözlərindən tutmuş iri həcmli nağıl, rə­va­yət, dastanlar top­lanılır, imkan olduqca müxtəlif mətbuat sə­hi­fələrində çap olu­nur­du. Prof. N.J.Aş­marinin canlı Azərbaycan-türk ləhcələrinin çoxdilli izahlı lü­ğəti tərtib edilmiş, Nuxa ləhcəsi və İ. Həsənovun Gəncə ləhcəsi barədə tədqiqat əsər­ləri nəşr olunmuşdu.

Həmin dövrdə prof.B.Çobanzadənin kumık haqqında, Xalid Səlinin Öz­bək, Qazax və Türkiyə türkcəsi haqqında əsərləri çapdan çıxdı. Etnoqrafiya sa­hə­sində A. Ələkbərovun (türklər, tatlar, kimeredlər) və doktor Qaraşəhərlinin (kö­çəri türklər) etnoqrafik kəşfiyyat səfərləri, Ağdam qəzasında ( Mil düzü) kö­çə­rilərin və yerli əhalinin yaşayış və sanitar-məişət şəraitinin tədqiqi xüsusi diq­qə­ztə layiqdir.

“Azərbaycanı Tədqiqi və Tətəbbö Cəmiyyəti”nin tərkibində olan re­dak­si­ya və komissiyalar respublikanın rayonlarına ekspedisiyalara gedirdilər. Bu eks­pe­disiyalara təcrübəli şəxslər rəhbərlik edirdi. Folklor materiallarının toplanması üçün də rayonlara ekspedisiyalar göndərilirdi ki, bu ekspedisiyalara rəhbərlik edənlərdən biri də Azərbaycan folklorşünaslığının yaradıcılarından olan Hənəfi Zey­nallı idi.

20-ci illərdə folklor irsimizin itib-batma təhlükəsi, folklor nümunələrinin dəqiq şəkildə yazıya alınmaması, dəyişdirilməsi və modernləşdirilməsi problemi H. Zeynallını düşündürən ciddi məsələlərdən idi.



Azərbaycan folklorunun həm toplayıcısı, həm də tədqiqatçısı olan H. Zey­nallı cəmiyyət yaranan gündən bəri burada folklor məsələləri ilə məşğul olur, həmin cəmiyyətdə folklor komissiyasının sədri işləyirdi. O, birinci Azərbaycan aşıqlar qurultayının təşkili və keçirilməsində də çox yaxından iştirak etmişdi. Azərbaycan folklorşünaslığının bir sıra problemləri onu düşündürürdü, ona görə də yalnız toplama işilə kifayətlənməyib, folklorumuzun nəzəri məsələlərinə dair məqalələr yazırdı. O, folklorumuzun toplanması işinə xüsusi əhəmiyyət verərək deyirdi: “Əgər bizim el ədəbiyyatımız toplanarsa, cildlərlə kitablar nəşr edilər. Şübhəsiz ki, bu işin görülməsi ədəbiyyat sahəsində böyük nailiyyətlərə səbəb olar” (3, 215).

Azərbaycan folklorunun müxtəlif məsələlərinə dair araşdırmalar aparan H.Zey­nallı bir sıra məqalələrin müəllifidir. Onun “Molla Nəsrəddin məz­hə­kə­lə­ri” (1927), ”Azərbaycan nağılları”(1935) rus dilində, prof. A.Baqrinin üç cild­dən ibarət tərtib etdiyi “Azərbaycan və ona yaxın ölkələrin folkloru”(1930) ki­ta­bına yazdığı müqəddimələri və sairəni göstərmək olar. Bunlardan başqa H. Zey­nallının sırf nəzəri xarakter daşıyan məqalələri də olub: ”Xalq ağız ədə­biy­ya­tı”(1926), “Azər­baycan el ədəbiyyatı”, “Azərbaycan folkloru” məqalələrini mi­sal göstərmək olar.

Cəmiyyət fəaliyyət göstərdiyi müddətdə topladığı materiallardan yalnız iki kitab tərtib edib çapa verə bilmişdi. Bunlardan birisi “Azərbaycanı öyrənmə cə­miyyəti”nin 1926-cı ildə nəşr etdirdiyi “Azərbaycan atalar sözü və məsəlləri” ki­tabı, ikinci böyük əsəri isə 1928-ci ildə çap olunan “Azərbaycan tapmacaları”dır.

Öncə qeyd etmək istərdik ki, Hənəfi Zeynallının “Azərbaycan atalar sözü” kitabı Azərbaycanda ilk dəfə müəyyən elmi prinsiplər əsasında tərtib olunmuş, toplama və öyrənilmə işini özündə birləşdirərək folkorşünaslığımız tarixində mühüm mövqe tutmaqdadır. Kitab müqəddimə ilə başlayır, ümumiyyətlə, mü­əl­lifin digər kitablara yazdığı müqəddimələrdə oldugu kimi bu kitaba yazdığı “Di­baçə” adlı müqəddimə də yüksək elmi səviyyədə yazılmışdır. Burada xalq ədə­biyyatının özünəməxsus xüsusiyyətləri haqqında maraqlı mülahizələrə rast gə­li­rik. Müəllif bir elin ənənə və adətlərini, həzz və ələmini, sevgi və nifrətini, coş­ğu və küskünlüyünü, düşüncə və təsəvvüratını ayrı-ayrı şairlərin yazdığı mən­zum və mənsur parçalarda deyil, elin öz ruhundan doğan, öz qoynunda bəslənən el sözlərində, el inanclarında, xalq ədəbiyyatında aramaq lazım olduğunu bildirir. Çox böyük təəssüf, yanğı hissi ilə müəllif ana dilimizi, el ədəbiyyatımızı, el sö­zünü, el düşüncəsini xatirələrdən silməyə çalışanları tənqid edir.

Müqəddimədə folklor məsələləri haqqında danışarkən el ədəbiyyatının yayılması, genişlənməsi, nəsildən-nəslə ötürülməsində elin özünün, sadə in­san­ların rolunu qeyd edərək yazır : “.... xalq ədəbiyyatı ilə uğraşanlar böylə bir fikrə gəlmişlər ki, bunları yaşadan, bütün elin hər bir fərdi deyildir, bəlkə elin öz için­dən çıxmış, onun ruhu ilə bəslənmiş ağıçılar, nağılçılar və “aşıqlar” mövcud olur ki, bu adamlar, bir tərəfdən eşitdikləri nağılı anladır, digər tərəfdən söylədiyinin içinə öz ruhundan dəxi bir para qatmış olur” (6, 8).

Hənəfi Zeynallı şifahi ədəbiyyatı mənzum və mənsur olmaqla iki əsas qis­mə ayırır. Rus şifahi ədəbiyyatını Azərbaycan-türk ədəbiyyatı üçün bir “karvan yıldızı” kimi qəbul edərək şifahi ədəbiyyatımızın mənzum qismini: 1. Bayatı; 2. Mani; 3. Ağı; 4. Gap (təsnifat); 5. Bağlama; 6. Beşik başı (ninni); 7. Meyxanə. bədiyə; 8. Tərifləmə - kimi parçalara ayırır. Mənsur qismi isə, 1. Müxtəlif məz­munlu nağıllar; 2. Dastan (qəhrəmannamələr); 3. Qaravəlli (sərgüzəştlər); 4. Timsal və təmsillər; 5. Əfsunlar; 6. Tapmacalar; 7. Atalar sözləri (sınaq və baş­qaları) kimi şöbələrə ayırır və eyni zamanda qeyd edir ki, qəhrəmannamələr, əf­sanələr, yanıltmaclar, tərifnamələrdə hər iki cəhət olduğu üçün həm mənsur, həm də mənzum qismdə görmək olar.

20-ci illər Azərbaycan folklorşünaslığında belə bir təsnifatın verilməsi mühüm elmi-praktik əhəmiyyətə malik idi. H. Zeynallının diqqət yetirdiyi janr­lar sırasında, ümumiyyətlə, atalar sözü və məsəllər, eləcə də nağıllar xüsusi yer tutur­du. Atalar sözlərinin məna və məzmununa ciddi meyarlarla yanaşır, onların xalqın həyat tərzi, taleyi, mənşəyi ilə bağlılığı qənaətinə gəlirdi. “Bizcə, bu ata­lar sözlə­ri­nin məna və əhəmiyyəti qayət böyükdür. Hətta o qədər böyükdür ki, onları araş­dıran birisi o sözləri yaradan xalqın adi ailə həyatından başlayıb ic­ti­mai müna­sibətinə qədər, tarix boyu keçirmiş olduğu iqtisadi dövrlərə qədər, hət­ta o elin bütün bədniyyat, ruhiyyat, əxlaq, din və fəlsəfəsinə qədər bələd ola bi­lər” ( 6, 11).

Hənəfi Zeynallı əski türkcəmizdə və “Divani-lüğət-it-türk” əsərində atalar sözlərinin “sav” adlandırılmasını qeyd edir. Müəllif atalar sözlərini xalqın hə­ya­tında, taleyində olan ictimai proseslərlə bağlı olub inkişaf etməsini uzun müddət təhsil almış, təcrübə keçərək özündə müəyyən bir əxlaq, fəlsəfə yaradan fərdin inkişafına bənzədir.

H.Zeynallı atalar sözlərini şəkil etibarilə iki qismə ayırır: onlardan birini “zərbül-məsəl” adını daşıyan “məsəl”, o biri isə adi “söz”lər olan savlardır. Mü­əllif iki parçadan ibarət olub qafiyə təşkil edənləri “məsəl” adlandırır. Buna aid belə bir misal göstərir:

1. Söz vardır xəlğ içində,

Söz vardır xulq içində.

2. Nə yoğurdu, nə yapdı, hazırca kökə tapdı.

II qism isə mənsur olanlardır ki, bunlarda qafiyə olmur.

Məsələn, “Ölü qəbir sandığından geri dönməz.”, “Pul kəsəni qılınc kəs­məz” və s.



Daha sonra məsəlləri və savları məna etibarilə bir neçə qismə ayırır. İstər məsəllərin, istərsə də savların içində sadə, mənası açıq olanları göstərir. Mə­sə­lən, ”Ev ordusuna it hürməz”, ”Əldən qalan əlli il qalar”. Bunlarla yanaşı, əv­vəl­lər həqiqi mənasında işlənib, sonradan məcazi mənada və yaxud kinayə ilə iş­lə­nən­zlərin də çoxluğunu göstərir. Məsələn, “Mollanın qarnı beşdir, biri həmişə boşdur.”, “Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl!”, “Kasa aşdan isti olub” və s.

Müəllifin fikrincə, elə məsəl və savlar da vardır ki, onların heç vaxt həqiqi mə­nası yada düşməyib, məcazi mənası axtarılır. Məsələn, “Külü get küllükdən götür”.

Müəllif rus folklorçularından İlyustrova istinadən qeyd edir ki, məsəl- içərisində bir həqiqət olan kinayəli, rəvan xalq kəlamıdır və bu kəlam elə yo­nul­muşdur ki, onun içindən bir kəlmə belə atılamaz. Yeki-digərinə cavab verən qa­fiyələnmiş iki parçadan ibarət olar (6, 14). Məsələn:

Yaz gününün yağışı – ər-arvadın savaşı.

Qızıldan taxtım olunca – qaraca baxdım olaydı.

Bu məsəllərdə həm şeiriyyət, həm də kinayə vardır və insanın həyatı, məişəti, güzəranı ilə bağlı olduğu üçün həyatdan götürüldüyü də inandırıcıdır.



Sav – içində həqiqət olan qısa, sadə şəkildə deyilmiş xalq kəlamıdır. Mə­sələn :

Daldan atılan daş topuğa dəyər.

Ağ pulu qara gün üçün yığarlar.

Ümumiyyətlə, kitabın müqəddimə hissəsində müəllifin məsəllər və savlar haqqında maraqlı fikirləri var. Onun fikrincə, bəzən savlar məsəldən yaranır, yəni məsəlin birinci və yaxud ikinci hissəsi atılır, qalanı isə sadə və qısa olaraq el içində yayılır. Məsələn, “Quyu qazıyan, dərin qazı,

Gen dur, özün düşərsən.”

Bu məsəlin sonradan dəyişilib sav şəklinə düşmüş variantı – “Quyu qa­zı­yan özü düşər”, yaxud “Quyu qazıyan əvvəl özü düşər.” Bəzən isə bir ədibin, şairin hansı bir şeiri misra, yaxud qısaldılmış şəkildə el içində atalar sözü kimi işlənir. Məsələn, Füzulinin “Hər yerdə olsa qanlını əlbəttə qan tutar” misrası el içində “Qanlını qan tutar”, “Qan yol verməz”, ”Gözünü qan tutub” kimi işlənir.



Hənəfi Zeynallı müxtəlif şəkillərdə işlənən məsəl və savlar haqqında da mə­lumat verir, bu da onların qəzalardan birindən digərinə keçdikdə baş verir. Məsələn:

  1. Adın nədir? – Rəşid

Bir de, bir eşit!

  1. Adın nədir? – Rəşid

Can de, can eşit!

Bu məsəlin birinci yarısı atılmış, ikinci yarısı artıq sərbəst şəkildə ata­lar sözü kimi işlənir. Müəllif M.Qəmərlinin “Atalar sözü” kitabında bu variantın olduğunu göstərir: “Can de, can eşit.”

Yeri gəlmişkən, qeyd etmək istərdik ki, İrəvan ədəbi-mədəni mühitinin önəmli nümayəndəsi Məmmədvəli Qəmərli ilk orijinal “Atalar sözü” kitabının tərtibçisidir və məhz bu kitabla da Azərbaycan folklorşünaslığı tarixində özünə əbədi yer qazanmışdır. Kitaba daxil edilmiş atalar sözü və məsəllər İrəvan və onun ətrafında tarixən məskunlaşmış Azərbaycan türklərindən toplanmışdır. Ki­tabda 750-ə yaxın atalar sözü və məsəllər daxildir.

Müəllif müqəddimədə atalar sözü və məsəllərin yaranma tarixi və sə­bəbləri haqqında da məlumat verir. O, qeyd edir ki, bəzi alimlərin fikrincə, guya əvvəl “məsəl”, yaxud “sav” olurmuş, sonradan onun üzərində həyatdan bir he­kayə yaradılır. Müəllif onların bu fikri ilə razı olmayıb qeyd edir ki, hər bir ata­lar sözü ya tarixi olur, ya da fəlsəfi məna daşıyır. Məsələn, Bakıda belə bir mə­səl var, “Mustafa xannan kağaz var”. Bu məsəl bizə tarixən dəli Mustafa xanın varlığını yada salır. Ancaq digər atalar sözləri insanların həyat tərzi, yaşayışı, güzəranı, qarşılaşdıqları çətinliklərlə bağlı olaraq yaranıb. Məsələn:

  1. Bu yol gedər-gəlməz yoludur.

  2. İmtəhan göydə dögü, yerdədir.

  3. Oldu ilə öldüyə çarə yoxdur.

  4. Bu dünyanınkı borcdur.

İctimai, iqtisadi əsaslar dəyişdikcə zamanın tələbinə uygun olaraq yeni-yeni atalar sözləri yaranır. Bu barədə H. Zeynallı qeyd edir ki, atalar sözlərinin bir çoxu ərəb və farslardan gələnlərdir. Lakin xalq bunların hamısını qəbul et­mir, ruhuna uyğun olanlardan istifadə edib, digərlərini mənimsəyə bilmədiyi üçün ona uygun birisini yaradır. Məsələn, fars dilində:

“An yeki porsid əştəra kek hey,

Əz koca miyayi ey eqbal pey”

“Qoft əz həmmami-gərmi-kuyito.

Qoft xod peydası əz zanuyl to” (Rumi)

Tərcümə olunmuş şəkli isə belədir:

Dəvə dedi: Hamamdan gəlirəm,

Dedilər : görünür (tökülür) qılça-paçundan.

Bəzən farscasından daha gözəl, kinayəcə daha kəskin olan başqa bir va­riant yaranır:

Hardan gəlirsən? – Çini-maçannan!



Məlumdur sənin pari-paçunnan!

Hənəfi Zeynallı qeyd olunan cəhətləri ümumiləşdirərək sonda belə bir nəticəyə gəlir ki, iqtisadi və ictimai keçidlər ümumbəşəri olduğu üçün Azər­bay­can – türk atalar sözlərinin eynisini həm ruslarda, həm farslarda və yaxud digər millətlərdə görmək olar.

– “Məxəzlərimiz” adlanan hissədə müəllif əldə olan atalar sözlərinin hansı mənbələrdən toplanması haqqında məlumat verir. H. Zeynallı bu atalar sözlərinin bir qisminin Azərbaycanın bir çox bölgələrini qarış-qarış gəzərək yaş­lı kişilərin, qarı arvadların dilindən toplandığını, digərlərini XIX əsrin sonu XX əsrin əvvəllərindəki dövri mətbuat orqanlarından, xüsusilə, “Kəşkül”, “Molla Nəsrəddin”, “Məktəb”, “Dəbistan”, həmçinin SMOMPK məcmuəsindəki atalar sözü və məsəllərdən, “Rəşid bəy Əfəndizadənin “Bəsirətül-ətfal” dərsliyindən, Firudin bəy Köçərlinin “Balalara hədiyyə” kitabçasından, Fərhad Ağazadənin “Ədəbiyyat məcmuəsi” kitabından və digər müntəxabat və dərsliklərdən də is­ti­fadə etdiyini göstərmişdi. O, bu işdə bir çox insanın əməyinin zəhməti olduğu üçün hər kəsin zəhmətini müqabilində qiymətləndirir və minnətdarlığını bildirir. Müəllif hər bir atalar sözünün qarşısında onun hansı mənbədən götürüldüyünü, Azərbaycanın hansı bölgəsinə aid olduğu barədə məlumat da vermişdi.

– Kitabın tərtib prinsiplərinə gəlincə, H. Zeynallıının qeydləri diq­qə­tə­layiqdir. Bu kitab həmin dövrə qədər çap olunan bütün folklor kitablarından öz elmi prinsipləri ilə seçilirdi. Müəllif fransız, alman, rus dilində olan bu tipli ge­niş ədəbiyyatdan fərqli olaraq, öz kitabını əlifba sırasına görə deyil, mövzulara görə bölüb. O, əlifba sırası ilə olan təsnifatı son dərəcə mənasız hesab edərək, bu sistemi “min dərədən axan sular”a bənzədirdi. Onun fikrincə, bu cür bölgüdəki bir səhifədə biri digəri ilə əlaqədar olmayan təsadüfi fikirlər toplanmış olur. H. Zeynallı kitaba daxil olan atalar sözlərini iki böyük hissəyə ayırıb: insan və tə­biət, insan və cəmiyyət. Kitab da bu prinsipə, bölgüyə əsasən tərtib edilib. Bu iki hissənin özünün də xırda bölgüləri var.

– Birinci hissə təbiət, kainat, dünya, iqlim, insan, insanın fəaliyyəti, mənə­vi aləmi, duyğuları, bədən üzvləri, sağlamlıq, xəstəlik, sənət, peşə, hey­van­lar və nəbatat və s., ikinci hissədə isə siniflər, sinfi münasibətlər, ictimai mü­əs­sisələr, ailə münasibəti, ictimai münasibətin müsbət və mənfi cəhətləri, din, ən­ənələr kimi mövzulara bölünmüşdür.

Xalq ədəbiyyatının ən geniş yayılmış növü olan atalar sözləri xalqın, millətin həyatını, məişətini, hər gününü əks etdirdiyi üçün bu kitabda hər möv­zuya aid atalar sözlərinə rast gəlmək olar. Apardığımız araşdırmaya görə, ki­tab­da 3302 atalar sözü işlənib. Bunun çox hissəsi, 1719-u insan və təbiət mövzusu ilə bağlı olan atalar sözləri, 1583-ü isə insan və cəmiyyət mövzusu ilə əlaqədar olan atalar sözləridir. Bu bölgünün içində olan daxili bölgüyə nəzər salsaq, bi­rinci qismə daxil olan atalar sözlərinin daha çox faizini (326) heyvanlarla bağlı olan atalar sözləri, sonra insanın duyğuları, daxili keyfiyyətləri ilə bağlı olanlar (164), daha sonra isə dünyanın etibarsızlığını, faniliyini özündə əks etdirən ata­lar sözləri (146) tutur.

İkinci qismdə isə daha çox yeri ailə münasibəti (345), faiz etibarilə ikinci yeri ictimai əlaqə (qonaq, qonşu, dost-düşmən, xain və s.) (281), üçüncü yeri isə ictimai həyatın “müsbət” və “mənfi” cəhətləri ilə bağlı olanlar tutur (202).

Maraqlı cəhətlərdən biri də odur ki, müəllif ehtiyac olduqda, atalar söz­ləri və onların yaranma səbəbləri ilə bağlı açıqlamalar da verir. Məsələn: ”Gəlin atlandı, gör kimə düşdü.” O, bu barədə belə qeyd edir: – “Ağız ədəbiyyatını araşdırdıqca, elin keçmişinə aşina olmaq olur. Bu söz ilə qızların ata mindirilib köçürüldügü anlaşılır ki, bu adət Türküstan və İranda bir çoq yerlərdə bu halda da vardır. Türkiyədə: Qızı ata bindirdilər, ya nəsib, didi.” Və yaxud, “Qarğa, məndə qoz var”. Müəllif bu atalar sözünə belə aydınlıq gətirir: “Qarğanın qoza həris olduğu məlumdur. Elmimiz də deyir ki, qoz ağacının yayılmasına qarğa sə­bəb olur. İştə özünü saxlaya bilməyib var-yoxunu açanlar üçün bu söz deyilir.” Kitabda bu cür maraqlı açıqlamalara çox təsadüf olunur.

Kitabın sonunda Azərbaycanın müxtəlif ləhcələrinə aid sözlərin iza­ha­tı­na dair 76 sözdən ibarət lüğət verilir ki, bu da əsərin elmi dəyərini daha da ar­tı­rır.

Bütün deyilənləri yekunlaşdıraraq qeyd etmək istərdik ki, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin uğurlu nəşrlərindən sayılan və ilk dəfə Azər­baycanda müəyyən elmi prinsiplər əsasında tərtib olunmuş müvəffəqiyyətli bu kitab folklorşünaslığımız tarixində bu gün də mühüm mövqe tutmaqdadır. Xal­qın əsrlər boyu yaratdığı, illərin sınağından çıxarıb gətirdiyi minlərlə atalar sözü və məsəllərin toplandığı bu kitab xalqın dünyagörüşünü, arzu və istəklərini, hə­yata münasibətini, estetik ideallarını öyrənmək baxımından qiymətli materialdır.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin