AŞIQ ƏLƏSGƏR VƏ SƏMƏD VURĞUN YARADICILIĞINDA
DÜNYA OBRAZI
Xülasə
Məqalədə Dünya obrazının həm aşıq, həm də XX əsr Azərbaycan yazılı ədəbiyyatında mövqeyindən bəhs edilmişdir. Aşıq Ələsgərin və S.Vurğunun yaradıcılığına müraciət edilərək müəyyən nümunələrdən istifadə olunmuşdur.
Açar sözlər: aşıq, poeziya, obraz, dünya, cahan
THE CHARACTER OF WORLD IN THE TRACE OF ASHUG ALASGER AND SAMAD VURGUN
Summary
In the article it is said about both character og ashug the character world and the status of written literature of Azerbaijan. Appealing to Ashug Alasger and Samad Vurgun activity the definite examples are used.
Key words: ashug, poetry, character, world, universe
ОБРАЗ МИРА В ТВОРЧЕСТВЕ
АШУГ АЛЕСКЕР И САМЕД ВУРГУНА
Резюме
В статье рассказывается о положении образа мира как в ашугской поэзии, так и в эпистолярной литературе Азербайджана ХХ века. Были использованы некоторые образцы из творчества Ашуг Алескера и Самед Вургуна.
Ключевые слова: ашуг, поэзия, образ, мир, вселенная
Folklorumuzun ən qədim və zəngin qollarından birini aşıq poeziyası təşkil edir. Aşıq yaradıcılığı tarixinin çox qədimlərə söykəndiyini bir sıra alimlərimiz araşdırıb tədqiq etsələr də, bu haqda dəqiq məlumat yoxdur. Aşıq poeziyasının fəlsəfi məzmununda mühüm rol oynayan obrazlardan biri Dünya obrazıdır. Bu da təsadüfi deyildir. Çünki dünyanın yaradılışı, dünya haqqında müxtəlif mülahizələrin mövcudluğu poeziyaya, o cümlədən aşıq yaradıcılığına da təsir etmişdir. Aşıqlarımız öz şeirlərində bəzən dünyaya tərif deyir, bəzən də hər hansı bir narazılıqları varsa, onu dünyaya ünvanlayıb şikayətlənirlər. Bu mənada Yunis İmrədən, Qurbanidən tutmuş Abbas Tufarqanlı, Xəstə Qasım, Molla Cümə, Aşıq Alı, Aşıq Ələsgər və başqa aşıqların yaradıcılığında Dünya obrazına çox sıx təsadüf olunur.
Dünya sözü çox vaxt nümunələrdə fələk, aləm, cahan sözləri ilə də əvəz olunur. Dünya sirlərlə dolu bir aləmdir, başqa sözlə, sirr dağarcığıdır. “Kimsə bilməz dünya necə qurulmuş” (3, 9). Dünyanı tanımaq, ona bələd olmaqdan ötrü
keşməkeşlərdən keçməlisən, görüb-götürməlisən, başına min bir qəzavü-qədər
gəlməlidir və gəlir də (3, 10).
Aşıqlar dünyanın etibarsızlığından, faniliyindən şikayətlənərək onları öz şeirlərində yeri gəldikcə qeyd etmişlər. Dünya firavanlıq, harınlıq timsalıdır, onunla bəhsə girmək, onun qayğısına qalmaq olmaz, o heç kimə qalmayıb: “Yedilər, içdilər fani dünyada, Aldılar beş arşın ağı getdilər...” (3, 17).
Bəzən klassik aşıq poeziyasında biz dünyanın faniliyinə, etibarsızlığına qarşı etiraza da rast gəlirik. Məsələn, Aşıq Veysəl yaradıcılığında bu, aydın duyulur:
Veysəl de: başını boşuna yorma,
“Dünya fani” deyib çöküb oturma,
Addım at irəli, avara durma,
Yoldaş ol rifaha qarışanlara (3, 17).
Dünya haqqında bir sıra deyimlər də mövcuddur. Məsələn: “Gəlimli-gedimli dünya, Bir ucu ölümlü dünya”, “Beş günlük dünya”, “Dünyadan qalan beş arşın bezdir” və s.
Aşıq dünyanın hər cür üzünə bələd olduğu üçün şeirlərində bəzən bədbinləşir. Lakin bununla yanaşı nikbin ruh da aşığı tərk etmir. Qurbanidə bu fikir daha qabarıqdır:
Ey ağalar, bu dünyanın üzündə
Təzəcə açılan güllər sevinsin.
Bir əyri çalmalı, xumar gözlünün
Zülfünü dağıdan yellər sevinsin (3, 20).
Məlum olduğu kimi, aşığın müraciət etdiyi əsas mövzulardan biri də hansısa bir gözəlin tərifidir. “Gözəl vəfasız olanda lirik qəhrəman ona Dünyanın bir atributu kimi baxır və gözəlin vəfasızlığı Dünyanın vəfasızlığının tərkib hissəsi kimi qiymətləndirilir” (3, 22). Əhdinə, ilqarına düz durmayan gözəl lirik qəhrəmanın “gen dünyasını” başına dar edir. “Gözəlin vəfasızlığı elə bir stress gücünə malikdir ki, “gen dünyanı” lirik qəhrəmanın başına tərsinə çevirir”.
XIX əsr aşıq poeziyasının ən görkəmli simalarından olan Aşıq Ələsgərin yaradıcılığında da Dünya obrazına yetərincə yer ayrılmışdır. O, erkən yaşlarından aşıq sənətinin incəliklərinə yiyələnərək dəyərli irs yaratmışdır. Aşığın yaradıcılığına nəzər saldıqda ilk şeirlərindən tutmuş son şeirlərinədək onun gözəllik aşiqi olduğunun, gözəli səmimi şəkildə vəsf etdiyinin şahidi oluruq. “Böyük sənətkar məhəbbəti yolunda canını fəda edən aşiqlərə qibtə edir, çox zaman özünü onlarla müqayisə eyləyir və göstərir ki, əhli-hal adamlar bu fədakarlığı qiymətləndirə bilər:
Ölsəm Fərhad kimi Şirin yolunda,
Adam sayar adam sayılan məni” (2, 27).
Aşığın şeirlərində vətənə məhəbbət, dosta hörmət, insanın mənəvi gözəlliyinə rəğbət motivləri son dərəcə qüvvətlidir. Dünya obrazına gəldikdə isə aşıq öz yaradıcılığında müxtəlif formalarda dünyaya müraciət etmişdir. Dünya cah-cəlallıdır, varidatlıdır və həmin varidata aldananların, uyanların aqibəti klassik aşıq poeziyasında həmişə nəsihət örnəyi kimi çıxış edir, lirik qəhrəmanı haqqa,
ədalətə, təmizliyə, toxgözlüyə, mərdliyə, əhdə, özündən zəiflərə, yoxsullara əl tutmağa çağırır.
Aldanıb dünyanın cah-cəlalına,
Haram qarışdıran öz halalına,
Xəyanət eyləyən qonşu malına
Haqqın divanında qaldı da getdi (3, 15).
Yaxud:
Neçə sirri gördüm, sirr qaldım aşkar,
Səxavət əhlini yandırmadı nar.
Salavatla işlər hər dükan, bazar,
Zay oldu dünyanın malı qabaqda (1, 59).
Bəzən də aşıq dünya malına çox həris olmamağa, bu dünyada oruc tutub namaz qılmağa, Allaha şükr eləməyə çağırır. Ölən vaxt yalnız insana kəlmeyi-şəhadətin lazım olduğunu göstərir. O dünyada Sirat körpüsündən keçərkən sual-cavab sorğusuna öz savab əməllərinlə hazır olmalısan. Dünya malı yalnız dünyada qalacaqdır:
Suali-Sirat qabaqdadı,
Nə damaqdı dünyada!?
Kəlmeyi-şəhadət lazımdı
Ölən vaxtı dünyada.
Tut orucun, qıl namazın,
Şükür eylə Allaha;
Gül olma dünya malına,
Qalacaqdı dünyada (2, 194).
İstər aşıq yaradıcılığında, istərsə də yazılı ədəbiyyat nümunələrində ayrı-ayrı sənətkarlar müəyyən fikri ifadə etmək üçün müxtəlif poetik vasitələrdən istifadə edirlər. Həmin poetik vasitələr bir tərəfdən irəli sürülən ideyanın bitkin forma almasına kömək edir, digər tərəfdən də cazibədar poetik mənzərə yaranır. Aşıq Ələsgər yaradıcılığında dünyanın etibarsızlığına yönələn nümunələr də məhz belədir:
Qafil dilim, bu nə yoldu tutubsan.
Sərf edirsən nə kamaldı dünyada.
Dövlətə güvənib, gül tək açılma,
Çox sənin tək güllər soldu dünyada (1, 43).
Digər bir şeirdə Aşıq Ələsgərin lirik qəhrəmanı üç şeyin insana bəla gətirə biləcəyini qeyd edir. Əslində bunlar da Dünya obrazı ilə müqayisədə həyat reallıqlarının təcəssümüdür:
Bu dünyada üç şey başa bəladı;
Yaman oğul, yaman arvad, yaman at.
İstəyirsən qurtarasan əlindən,
Birin boşla, birin boşa, birin sat (1, 32).
Nümunələr göstərir ki, Aşıq Ələsgər yaradıcılığında əsas yer tutan məhəbbət mövzusu və bu mövzunun inikas məsələləri də Dünya obrazından kənarda
deyil. Bu mənada aşığın lirik qəhrəmanı vəfasızlığa uğrayaraq eşqə mübtəla olmağın ağırlığından bəhs edir:
Dedim, könül, içmə eşqin camını,
İçsən dünya sənə dar olacaqdı...(3, 23).
Aşıq Ələsgərin lirik qəhrəmanın yar həsrətinə ünvanladığı başqa bir şeirində bu həsrət Dünya obrazı ilə müqayisədə verilir:
Ala gözlüm, səndən ayrı düşəli,
Hicranın qəmiylə kef eyləmişəm.
Ah-vay ilə günüm keçib dünyada,
Qəm satıb, dərd alıb nəf eyləmişəm (1, 46).
İstər aşıq yaradıcılığında, istərsə də yazılı ədəbiyyatda, o cümlədən Aşıq Ələsgər və S.Vurğun şeirlərində çərx, fələk sözlərinin də dünya sözünün sinonimi kimi işləndiyi, başqa sözlə, Dünya obrazını əvəz etdiyi nümunələr də vardır:
Fələyin qəhrindən, el töhmətindən
Dərdim artıb, bir ümmana dönübdü.
Dostun firqətindən, yar həsrətindən.
Bahar mana zimistana dönübdü (1, 42).
Yaxud:
Çarx dolandı, baxtım tapdı tənəzzül.
İqbalım şikara döndü, nə döndü!
Can deyən dostlarım, şux gözəllərin
Ovsunlamaz mana döndü, nə döndü!(1, 41)
Nümunələrdən göründüyü kimi Dünya obrazı Aşıq Ələsgərin yaradıcılığında geniş əks olunmuş və bununla da şeirlərə daha da rəngarənglik qatmışdır.
Yaradıcılığında Dünya obrazının xüsusi yeri olan XX əsr sənətkarlarından biri də Səməd Vurğundur. Səməd Vurğunun yaradıcılığı çoxşaxəlidir, həm vətənə, həm təbiət gözəlliklərinə həsr edilmiş müxtəlif əsərlərinə rast gəlirik. Aşıq Ələsgərlə müqayisədə Səməd Vurğun dünyaya nikbin baxmış, şeirlərində bir növ dünyanı qınamamış, əksinə dünyaya müraciətlə istəklərini bildirmişdir. Səməd Vurğun yaradıcılığında da dünya sözü ilə yanaşı, cahan, aləm, kainat sözlərinə də rast gəlirik. Aşağıdakı bənddə şair cahan, kainat sözlərindən istifadə etmiş, eyni zamanda aləmə səslənərək, insanın hər bir əməlini dünya ilə müqayisə
edərək kainat səviyyəsinə çatdırmışdır:
Qoy deyim onları, eşit, sən də bil;
Bil ki, hər əməlin bir kainatdır.
Səsimə səs versin bağçada bülbül;
Cahanda ən gözəl, məncə həyatdır,
Bil ki, hər əməlin bir kainatdır (4, 139).
Səməd Vurğun aşağıdakı bənddə bir növ, dünyaya müraciətlə öz şikayət və fəryadını bildirir:
Sürmədim bir həyat canlı dünyada,
Şövkətli dünyada, qanlı dünyada,
Şu xəstə könlümdən qopan fəryada
Bülbüllər dillənsin, güllər ötüşsün (4, 23).
Aşıq Ələsgərlə müqayisə etmiş olsaq, Səməd Vurğun şeirində də bəzən dünya sözü fələk sözü ilə əvəz edilir:
Qalmamış qüdrətim...dalğınam çoxdan,
Unutdum varlığı...dönmədim yoxdan...
Fələklər tac saldı mən atan oxdan,
Çıxmadım bu qanlı meydan əlindən (4, 47).
Yaxud:
Fələklər yaratmış bu yeri cənnət –
Desəm, çox münasib həqqindir əlbət.
Səndə var doğruluq, var səmimiyyət,
O ibrət bağına loğmanlar gəlir (5, 124).
Aşıq Ələsgər yaradıcılığı ilə daha bir müqayisə onu göstərir ki, Səməd Vurğun şeirində də sevən aşiqin arzuları Dünya obrazı ilə qarşılaşdırılır. Nikbin ruhda yazılmış aşağıdakı nümunədə şair sevgilisinə müraciətlə gözəl bahar gecəsini, dəniz səsini xoş bir laylaya bənzədərək hər kəsin həyatda öz yeri olduğunu nəzərimizə çatdırır:
Sevgilim, nə gözəl bahar gecəsi!
Bizə layla çalır dənizin səsi.
O kimdir sulara qəzəl oxuyur,
Cahana hər gələn bir əsər qoyur...(4, 152).
Səməd Vurğun yaradıcılığında dünya mövzusunda yazılmış diqqət çəkən şeirlərdən biri də məşhur “Dünya” şeiridir. Burada şair dünyanın, doğrudan da, gəlimli-gedimli olmasını dolğun və əhatəli şəkildə təqdim etmişdir:
Buludlar dağılır uzaqda lay-lay,
Yenə öz yerində yuvarlanır ay,
Fəqət nə Cəlal var, nə də ki, Humay,
Nə ömrə acıyır, nə yaşa dünya (5, 263).
Bu bənddə şair buludları, ayı nəzərdə tutaraq əslində hər şeyin olduğu kimi qalmasını vurğulayır. Həyatdan köçmüş insanların timsalında isə Cəlalla Humay
dayanır. Dünyanın heç kəsə yazığı gəlmir, nə yaşa baxır, nə də ömrə. Ulduzlu gecədə xəyalı ilə təkbətək qalan lirik qəhrəman həyatın bir göz qırpımında gəlib keçməsindən təəssüflənir:
Ulduzlar havanın bağrını dəlir,
Qayalı dağlardan duman yüksəlir,
Xəyalım gecəni salama gəlir,
Çapdırır atını birbaşa dünya (5, 263).
Digər bənddə şair hər yerin bağlı-bağatlı olmasını, göyün ucsuz-bucaqsız olduğunu, kainatın sirli, əzəmətli olduğunu qeyd edərək dünyaya tamaşa etməkdən doymadığını nəzərimizə çatdırır:
Ellərə baxıram bağçalı-bağlı
Göylərə baxıram qapısı bağlı,
Kainat ixtiyar, sirli, soraqlı,
Əzəldən yaranıb tamaşa dünya (5, 263).
Şair şeirdə heç nəyin əbədi olmadığını, dünyanın sirlərlə dolu olduğunu göstərərək bir gün yarananın sabah qara torpağa qarışdığını, dünyanın daim yenilənərək boş qalmadığını əks etdirir:
Bir də görürsən ki, açılan solur,
Düşünən bir beyin bir torpaq olur,
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa dünya (5, 263).
Nəticə olaraq Səməd Vurğun dünyanın əzəldən belə olduğunu, vəfasız həyatın əldən-ələ keçərək daimi dünyada bizlərə əmanət olduğunu nümayiş etdirir:
Əzəldən belədir çünki kainat,
Cahan daimidir, ömür amanat.
Əldən-ələ keçir vəfasız həyat,
Biz gəldi-gedərik, sən yaşa dünya! (5, 263)
Həm Aşıq Ələsgər, həm də Səməd Vurğun yaradıcılığında Dünya obrazının geniş şəkildə işlənməsi nümunələrlə sübut olunur. Eyni zamanda aydınlaşır ki, hər iki sənətkar Dünya obrazına müxtəlif cəhətlərdən yanaşmış və öz poetik məqsədləri üçün istifadə etmişlər.
QAYNAQLAR
Aşıq Ələsgər. Əsərləri. Bakı, 2004
Aşıq Ələsgər. Əsərləri, dastan-rəvayətlər, xatirələr... Bakı, 1999
Əfəndiyev Elçin. Klassik aşıq poeziyasında “Dünya” obrazı. Bakı, 1996
Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, 2005
Səməd Vurğun. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, 1976
Peşəkar söyləyici ifaçılığı
NAĞIL USTASI ABBAS ABBASOVUN REPERTUARI2
Abbas Mahmud oğlu Abbasov 1938-ci ildə Cəbrayıl rayonunun Soltanlı kəndində dindar bir ailədə anadan olub. Babası Hacı Abbas həcc ziyarətində, ana babası məşhəd ziyarətində olub. Atası Mahmud kişi isə kəndin mollası olub. Dindar ailədə böyüdüyündən hələ kiçik yaşlarından dinə xüsusi maraq göstərib, babasından, atasından Quranın müəyyən surələrini öyrənib. 1958-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai sinif müəllimliyi fakültəsinə qəbul olub. 1962-ci ildə ali təhsilini başa vurub Soltanlıya qayıdıb və 30 ildən artıq Soltanlı kəndində ibtidai sinif müəllimi işləyib. İxtisasının müəllim olmasına, səkkiz kəndin metodisti işləməsinə baxmayaraq, əhali arasında müəllimdən daha çox molla kimi tanınır. Ona görə də hamı onu Molla Abbas deyə çağırır. Abbas kişinin dediyinə görə, atası dünyasını dəyişəndən sonra kənddə molla olmadığından yas yerlərinə gizlin gedib fatihə verər, Quran oxuyarmış. 1993-cü ildən sonra isə sərbəst mollalıq etməyə başlayıb. Danışdığı nağılları atasından eşidib. Güclü yaddaşı sayəsində bir dəfə eşitməklə onları yadında saxlaya bilib.
Abbas kişi indiyə qədər qarşılaşdığımız söyləyicilərdən fərqli olaraq, mətnə münasibətdə professional söyləyici kimi çıxış edir və mükəmməl bilmədiyi mətni qətiyyən söyləmir. Bu səbəbə görə ilk görüşdə ondan, demək olar ki, heç nə yazıya ala bilmədik. Uzun müddət ifa etmədiyindən bəzi nağılları unutduğunu və ya qismən xatırladığını bildirərək daha yaxşı hazırlaşmaq və nağılı tam yada sala bilmək üçün bizdən möhlət istədi. Növbəti görüşümüzdə ondan “İsgəndər Zülqərnə”, “Üç vəsiyyət”, “Abid və çoban” nağıllarını, bir neçə gündən sonra təkrar görüşümüz zamanı daha üç mətn – “Üç məsləhət”, “Yetim oğlan” və “Üç ölüm” nağıllarını yazıya aldıq.
Həmin nağıllar bəlli süjetlər əsasında qurulsa da, təhkiyəsinə, yeniliyinə görə ənənəvi variantlardan xeyli fərqlənir. Məsələn, “Üç ölüm” nağılının Azərbaycanda indiyə qədər ancaq bir variantı məlum idi, Abbas kişidən qeydə alınmış variant isə süjetin təhlilində mühüm rol oynayacaqdır. “İsgəndər Zülqərnə” nağılı isə kontaminasiya baxımından xüsusi maraq doğurur. Nağıl İsgəndərin şimala, cənuba, şərqə və qərbə səfər etməsi və başına gələn macəralardan bəhs edir. Söyləyici bu üsulla beş süjetin kontaminasiyasına nail olub və nəticədə bənzəri olmayan bir nağıl nümunəsi ortaya çıxıb.
Dostları ilə paylaş: |