Azərbaycan tarixi


AXC-nin Tiflis və Gəncə döv­rü. (1918-ci ilin 28 mayından 15 sen­tyabradək)



Yüklə 0,62 Mb.
səhifə200/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   196   197   198   199   200   201   202   203   ...   269
Azərbaycan tarixi mühazirə

AXC-nin Tiflis və Gəncə döv­rü. (1918-ci ilin 28 mayından 15 sen­tyabradək). 1918-ci il 28 may tarixdə AXC elan olundu və Birinci hökumət təşkil edildi. Birin­ci hökumətin sədri Fətəli xan Xoyski təyin edildi. Birinci Hökumət 28 may – 16 iyun 1918-ci il tarixində Tiflisdə fəaliyyət göstərmişdir.
AXC-nin yaradılması xəbəri F.Xoyski tərəfindən 30 may 1918-ci il tarixdə xarici dövlət başçılarına çatdırıldı. 1918-ci il mayın 11-də Batumda Türkiyə ilə Cənubi Qafqaz Seyminin yarımçıq qalan danışıq­larını hər dövlət ayrı-ayrılıqda davam etdirdi. Azərbaycan hökumətinin ilk diplomatik addımlarından biri «Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasında dostluq» müqaviləsinin imzalanması oldu. Müqaviləni Türkiyə tərəfindən Ədliyyə naziri Xəlil Menteşə, Qafqaz cəbhəsinin baş komandanı Vahib paşa, Azərbaycan tərəfdən isə Xarici işlər naziri M.H.Hacinski və Milli Şuranın sədri M.Ə.Rəsulzadə imzaladılar. Bu, Azərbaycan Xalq Cümhuriyyətinin xarici dövlətlə bağladığı ilk müqavilə idi. Müqavilədə Osmanlı imperiyası ilə Azər­baycan Respublikası arasında daim sülh və möhkəm dostluğun bərqərar olması, dinclik və asayişi möhkəmləndirmək, ölkənin təhlükəsizliyini təmin etmək ücün əgər ehtiyac olarsa, Osmanlı hökumətinin Azərbaycan respublikasına hərbi yardım göstərməyi öz üzərinə götürməsi, dəmiryol yüklərinin daşın­masında tərəflərin öhdəlikləri, azad gediş-gəliş və başqa maddələr irəli sürülürdü. Müqaviləyə əsasən tərəflər Brest-Litovsk müqaviləsinin şərtlərini tanıdıqlarını bəyan etdi­lər. 1918-ci il iyunun 4-də imzalanmış müqaviləyə əlavə olaraq iki saziş də bağlandı.
Birinci saziş Bakı-Batum neft kəmərinə aid olub Azərbaycan, Gürcüstan, Türkiyə arasında imzalandı. Tərəflər razılığa gəldilər ki, öz ərazilərində neft kəmərinin fəaliyyətini təmin etsinlər. Bu sazişin imzalanması Azərbaycan neft sənayesinin işinə müsbət təsir göstərib onun xarici bazara cıxışını təmin edirdi. İkinci saziş dəmir yollarına aid idi və 4 dovlət: Osmanlı imperiyası, Azərbaycan, Ermənistan və Gür­cüstan Respublikaları arasında imzalanmışdı. Sazişdə deyilirdi: kecmiş Rusiya dövlətinin mülkiyyəti olan dəmir yol nəqliyyat vasitələri müqavilə imzalayan tərəflərin ərazi hüdudlarına uyğun olaraq onlar arasında bölüşdürüləcəkdir. Gürcüstana məxsus dəmir yolları Türkiyə ilə bərabər 1918-ci il 28 may müqaviləsinə görə almanların da istifadəsinə verilirdi. Bununla, Almaniya Bakı neftinə doğru əhəmiyyətli addım atmış oldu.
04 iyun 1918-ci il tarixdə Türkiyə ilə bağlanan “Sülh və dostluq haqqında” hərbi müqavilənin 4-cü bəndinə görə AXC hərbi yardım üçün Türkiyəyə müraciət etdi. Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu adlandırılan türk hərbi kontingenti iyunun əvvəllərində Azərbaycana doğru hərəkətə başladı. Bakı Xalq Komissarları (XKS) Soveti AXC-ni tanımadı və 06 iyun 1918-ci il tarixdə Bakı XKS-nin hərbi və dəniz komissarı T.N.Korqanov Gəncə üzərinə yürüş haqqında əmr verdi. Elə həmin gün S.Şaumyan Leninin göstərişi ilə Gürcüstana müraciət etdi ki, Osmanlı qoşunlarının Azərbaycana gəlmə­sinə mane olsun. Əvəzində Sovet Rusiyası Gürcüstanın muxtariyyətini tanıyacağını vəd edirdi. 1918-ci il iyunun əvvəllərində Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Cəncəyə çatdı.Bu zaman Qafqaz İslam Ordusunda 257 zabit, 5575 əsgər var idi. Cəncənin erməni əhalisi silahlanmışdı və azərbaycanlılara qarşı cinayətlər törətməkdə da­vam edirdilər.Hətta onlar 15 türk əsgərini vəhşicəsinə parçalayaraq qətlə yetirmişdilər və bundan sonra Nuru paşa erməni silahlılarını tərksilah etmək barədə əmr verdi.1918-ci ilin iyunun 12-də Cəncədəki erməni silahlıları təslim oldu­lar. Bu əməliyyatda Yelenendorfun (Göygöl) alman özünümühafizə dəstələri də türklərə köməklik göstərdilər.
1918-ci ilin iyunun 12-də Bakı XKS-nın qoşunları Hacıqabul-Kürdəmir-Müsüslü dəmiryolu xətti ilə hücuma keçərək Kürdəmiri tutdular. Qafqaz İslam Ordusunun Gəncəyə gəlməsinə mane ola bilməyən Gürcüstan, AXC hökumətindən Tiflisi tərk etməyi tələb etdi. 16 iyun 1918-ci il tarixdə AXC-nin Birinci hökuməti və Milli Şura Gəncəyə köçdü.
Ənvər paşa Osmanlı ilə Azərbaycan arasında Avstriya-Macarıstan ittifaqına bənzər bir ittifaqın bağlanmasının tərəfdarı idi. Gəncədə bir qrup azərbaycanlı “ilhaqçılar” isə Azərbaycanın Osmanlı dövlətinə birləşdirilməsi xəttini yürütməyə başladılar. Şərq Ordu­ları Komandanı Xəlil paşa “ilhaqçılar”la görüşdü, Azərbaycanın Osmanlıya birləş­dirilməsinin dünya ölkələri tərəfindən qəbul edilməyəcəyini bildirdi və onlara “evlərinə dönüb istiqlaliyyəti qorumağı” məsləhət gördü. Beləliklə, azlıqda olan, Azərbaycanın müstəqilliyini şübhə altına alan “ilhaqçılar” layiqli cavab aldılar.
Nuru paşa Birinci hökumətin buraxıl­masını, Milli Şuranın fəaliy­yətinin 6 ay müd­dətinə dayandırılmasını, 6 aydan sonra Müəssislər Məc­lisinin cağrılmasını və bütün səlahiyyətlərin hökumətə verilməsini tələb etdi. Bu tələblər yerinə yetirildi. Beləliklə, “iyun böhranı” həll edildi. 17 iyun 1918-ci il tarixdə Gəncədə AXC-nin İkinci hökuməti yara­dıldı. Hökumətin sədri Fətəli xan Xoyski seçildi. Milli Şura ölkədə yaranmış böhran vəziyyətini nəzərə alaraq iyunun 17-də kecirdiyi iclas­da 2 mühüm qətnamə qəbul etdi: 1) Müvəqqəti hökumətin səlahiy­yətləri haqqında; 2) Milli Şuranın buraxılması haqqında.
Müvəqqəti hökumətin səlahiyyətləri haqqında qətnamədə qeyd olunurdu ki, Müvəqqəti hökumət dövlət əhəmiyyətli məsələlərə dair vacib qanunlar qəbul etmək hüququna malik deyil. O, 6 aydan gec olmayaraq azad seçkiləri təşkil etməli və Milli Məc­lisi cağırmalıdır. Digər məsələlərdə Müvəqqəti hökumətə tam hüquqlar verilirdi.
Milli Şuranın buraxılması haqqında qətnamədə isə deyilirdi ki, Azərbaycan Milli Şurası müvəqqəti olaraq oz işini dayandırır və bütün səlahiyyətləri və hakimiyyəti F.X. Xoyskinin sədri olduğu Müvəqqəti hökumətə bir şərtlə təhvil verir ki, Müvəqqəti hökumət 6 aydan gec olmayaraq Muəssislər Məclisini çağıracaqdır.
Gəncədə təşkil edilən İkinci hökumətin tərkibinə F.X.Xoyski, Ə.Topcubaşov, M. Ha­cin­­ski, X.Xasməmmədov, B.Cavanşir, X.Məlik­aslanov, Ə.Əmircanov, X.Sultanov, N.Yusif­­bəyli, A.Aşurov, X.Rəfi­bəyli, M.Rəfiyev daxil idi. Musəlman Sosialist bloku və “Hümmət” təşkilatı bu hökumətdə iştirak etməkdən imtina etdilər.
AXC-nin İkinci hökuməti 1918-ci ilin 17 iyunundan 26 dekabra qədərki dövrdə fəa­liy­yət göstərmişdir. Bu hökumət qarşısında duran əsas vəzifələr - Bakını erməni-bolşevik zülmündən xilas etmək və Azərbaycanın ərazi bütövlüyünü təmin etməkdən ibarət idi.
Türk hərbi dəstələrinin Gəncə istiqamətində hərəkəti Bakı Sovetinin böyük narahatlığına səbəb olmuşdu. Bakı Xalq Komissarları Soveti 06 iyun 1918-ci il tarixdə AXC-yə qarşı müharibə elan etdi və Gəncə üzərinə yürüşə başladı. Məqsəd türk hərbi dəstələri toplanana qədər istiqlaliyyətin beşiyi olan Gəncəni ələ keçirmək, Zəngəzurda vəhşiliklər törədən Andranikin daşnak dəstələri ilə birləşmək və bununla yenicə yaranan Azərbaycan dövlətçiliyini beşiyində məhv etmək idi.
Ölkədə qayda-qanunu gücləndirmək, əhalini talanlardan qorumaq məqsədi ilə İkinci hökumət 19 iyun tarixdə bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. 26 iyun 1918-ci il tarixdə Milli Ordunun yaradılması barədə fərman verildi. “Müsəlman korpusu” “Əlahiddə Azərbaycan korpusu” adlandırıldı.
1918-ci ilin iyunun 27-dən iyulun 1-dək Göyçay ətrafı döyüşlərdə Qafqaz İslam Ordusu Bakı Sovetinin qoşunlarını məğlubiyyətə uğratdı, Gəncəyə hücumun qarşısını aldı və Bakı istiqamətində hərəkətə başladı. 11 iyul 1918-ci il tarixdəAzərbaycanda hərbi sə­fərbərlik elan edildi, minlərlə Azərbaycan gənci Qafqaz İslam Ordusuna qoşuldu.
1918-ci ilin 20 iyulunda Azərbaycan – Osmanlı qüvvələri Bakı istiqamətində hücuma keçdilər. 1918-ci il 24 iyulda Bakıda XKS-nin siyasətinə qarşı mitinqlər keçirildi. İngilis qoşunlarının Bakıya çağırılması, koalisiyalı hökumətin yaradılması qərara alındı. Bakı Soveti isə Sovet Rusiyasından kömək istədi. İranda yerləşən Biçeraxovun 1500 nəfərlik kazak dəstəsi Bakı Sovetinin köməyinə gələ bilmədi. 31 iyul 1918-ci il tarixdə Azərbaycan – Osmanlı qoşunlarının hücumları qarşısında Bakı XKS-i öz səlahiyyət­lərindən əl çəkdi. 1918-ci ilin 01 avqustunda daşnak-sağ eser- menşevik bloku ingilis konsulu Maq-Donelin iştirakı ilə “Sentrokaspi diktaturası” hökumətini yaratdılar. Bu diktatura faktiki olaraq erməni daşnaklarından ibarət idi. Bu orqan ilk gündən ingilisləri Bakıya dəvət etmək mövqeyi tutdu. Yeni hökumət eyni zamanda Bakı Sovetinin anti-Azərbaycan siyasətini davam etdirməyə başladı. Lakin nə “Sentrokaspi diktaturası” höku­məti, nə də onların müttəfiqi olan ingilislər Bakının Azərbaycan – Osmanlı ordusu tərə­findən azad edilməsinə mane ola bilmədilər. 1918-ci il avqustun 5-də Azərbaycan – Osmanlı ordusunun Bakını azad etmək üçün ilk cəhdi uğursuzlıqla başa çatdı. Bundan sonra Abşeron yarımadasının bir sıra strateji məntəqələri uğrunda mübarizə başladı və uğurlu nəticələr əldə edildi. Nəticədə, “Sentrokaspi diktaturası”nın mühasirə halqası daha da daraldı.14 avqust 1918-ci ildə istefa vermiş Bakı XKS-nin üzvləri 17 gəmidə silah-sursatla, ərzaq ehtiyatı ilə Həştərxana qaçmaq istərkən “Sentrokaspi diktaturası” tərəfindən geri qaytarılıb həbs edildilər. Onları satqınlıqda günahlandırırdılar. 17 avqust 1918-ci il tarixdə “Sentrokaspi diktaturası”nın dəvət etdiyi ingilis generalı Denstervill 1000 nəfər əsgərlə Ənzəlidən Bakıya gəldi. Ermənilər onları sevinclə qarşıladılar.
27 avqust 1918-ci il tarixdə Almaniya Sovet Rusiyası ilə gizli müqavilə bağladı. Müqaviləyə əsasən, əgər Almaniya Qafqaz İslam Ordusunun Bakıya girməsinin qarşısını ala bilsə, Bakı neftinin 25%-i Almaniyaya güzəştə gedilirdi. 01 sentyabr 1918-ci il tarixdə general Denstervillin başçılığı ilə ingilis qoşunları Bakının müdafiəsini qeyri-mümkün sayaraq Bakını tərk etdilər. Ertəsi gün Qafqaz İslam Ordusu Bakıya hücuma keçdi. AXC-nin və Türkiyənin qətiyyətli mövqeyi Almaniyanı 27 avqust sazişindən imtina etməyə vadar etdi. 1918-ci il sentyabrın 14-də Qafqaz İslam Ordusu və Əlahiddə Azərbaycan Korpusunun döyüşçüləri Bakını azad etmək uğrunda hücuma keçdilər. “Sentrokaspi diktaturası”nın hərbi naziri Baqratuni Ənzəliyə qaçdı. Sentyabrın 15-də ağır döyüşlərdən sonra Azərbaycan - Osmanlı Ordusu Bakını azad etdi, “Sentrokaspi Diktaturası” ləğv edildi.1918-ci il 16 sentyabrda Bakıda Qafqaz İslam Ordusu və Əlahiddə Azərbaycan Or­du­sunun hərbi paradı keçirildi. 17 sentyabr 1918-ci il tarixdə paytaxt Gəncədən Bakıya köçdü. Bakı AXC-nin paytaxtı elan edildi. Azərbaycan torpaqlarının bolşevik-erməni qüvvələrindən təmizlənməsi uğrunda döyüşlərdə Qafqaz İslam Ordusunun 1100 əsgəri və 30 zabiti şəhid oldu.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin