HOLLİVUD ÜSLUBU (Hollywood style) – Amerika kino sənətinin mərkəzinə çevrilmiş Hollivudun istehsal və yaradıcılıq üslubunun məcmusu. ABŞ kinematoqrafiyasının başlıca xüsusiyyətlərini («kino ulduzları» sistemi, standart kinodramaturgiya, filmlərin axın istehsalı) özündə əks etdirən sistem.
HOLOQRAFİYA (holography) – Dalğaların interferensiyasına əsasən, obyektin həcmli xəyalının alınma üsulu. Bu ideyanın texnikada tətbiqi lazerlərin kəşfindən sonra meydana çıxmışdır. Adi fotoşəkilçəkmədə obyektdən əks olunan işıq dalğalarının yalnız intensivliyi (yəni amplitudu) fiksə edilir. Həm amplitud, həm də faza münasibətlərinin yazıldığı holoqram adi fotoşəkil çəkməyə nisbətən obyekt haqqında daha tam məlumat verdi.