Azərbaycançılıq ideologiyası və dünyəvilik. Milli mədəniyyət hər hansı bir fərdin və ya şəxsin deyil, bütöv bir millətin zaman-zaman yaratdığı və yaşatdığı milli mənəvi dəyərlərdir. Dünya mədəniyyəti isə müxtəlif millətlərin və etnosların yaratdığı ən mütərəqqi və ən bəşəri dəyərlərin beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş məcmusudur. Millətçilik bəşəriliyə, qloballaşmaya inteqrasiya olunmayanda, vahid məkanda və vahid məhvərdə fırlananda şovinizm, faşizm, Daşnaqsütun, Asala və ya PKK yaranır.
Deməli, ümumbəşəri ideyaları özündə ehtiva etməyən milli ideologiya milli deyil, millətçi ideologiyadır. Ona görə də Azərbaycançılıq ideologiyası dünyəviliyi də özündə yaşadır. Heydər Əliyev göstərirdi ki, tarixi şəxsiyyətlərin yalnız milli mədəniyyətdə və ya ümumtürk dünyasında təmsil olunması ilə kifayətlənmək olmaz, onu milli yaddaşdan bəşəriyyətin yaddaşına ötürmək lazımdır: «Bizim mədəniyyətimiz, elmimiz çox zəngindir. Biz Nizamidən, Füzulidən danışarkən onları tək şair kimi deyil, böyük filosof kimi, dünyaya, dünya mədəniyyətinə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq». Buradan aydın görünür ki, dünyəviliyin iki qütbü var; dünya mədəniyyətindən nəyi əxz etmək və dünya mədəniyyətinə nəyi bəxş etmək. Bu qütblər arasında harmoniya pozulanda qloballaşmaya aparan yolun qapıları bağlanır, o böyük məkanda sən təmsil oluna bilmirsən. Vahid orqanizm olan dünyadan təcrid olunmuş halda yaşamaq isə mümkün deyil.
Deyirlər, musiqinin (sözün geniş mənasında sənətin) Vətəni olmur, əvəzində musiqinin, sənətin milli ruhu olur. Milli ruhdan və bəşəri duyğulardan məhrum olan sənətin nəinki, vətəni heç məkanı olmur, o, ürəklərdə özünə yer tapa bilmir, bayağılıq onu doğularkən öldürür. Milli və bəşəri dəyərləri özündə ehtiva edən sənət isə həmişəyaşarlığını və ölməzliyini özü təmin edir.
Dünyəvilik özgə, yad, qeyri-milli olanları inkar etmədən özününküləri mənimsəməkdən, yaymaqdan və yaşatmaqdan ibarətdir. Heydər Əliyev göstərir ki, milli özünüdərk prosesində xalqın yaratdığı və yaşatdığı mədəni sərvətlərə dərindən yiyələnməklə çatmaq olar. «Məşhur filosof Bəhmənyarın və mütəfəkkil şair Nizaminin, riyaziyyatçı-astronom Nəsrəddin Tusinin və dahi lirik şair Füzulinin, orta əsrlərin böyük alimi Rəşiddədinin və üsyankar şair Nəsiminin, tarixçi Abbasqulu ağa Bakixanovun və realist yazıçı Mirzə Fətəli Axundovun, görkəmli satiriklərdən və bir çox başqalarının adları bu mədəniyyətin çoxəsirlik tarixini bəzəyirdi. Biz Azərbaycan xalqının bu və ya digər görkəmli oğullarına ona görə minnətdarıq ki, onlar zülmətli irtica və özbaşnalıq şəraitində Azərbaycan xalqının ictimai fikrinin, elm və mədəniyyətinin məşəlini göz bəbəyi kimi qorumuşlar».
Ümummilli liderimizin Azərbaycançılıq məfkurəsinə gətirdiyi yenilikləri aşağıdakı kimi ümumiləşdirmək olar:
– Böyük tarixi inkişaf və təkamül yolu keçmiş azərbaycançılığı ilk dəfə müstəqil Azərbaycan dövlətinin milli ideologiyası elan edən və hətta tərifini verən Heydər Əliyev oldu. Bu mənada, Heydər Əliyevin Azərbaycançılıq təlimi tarixiliklə müasirliyin vəhdətindən doğub.
– Heydər Əliyevin Azərbaycançılıq ideologiyası yeni tarixi şəraitdə xalqda Vətən əxlaqı uğrunda istiqlala, azadlığa çağrış tərbiyə edir.
– Heydər Əliyev azərbaycançılığın tərkib hissəsi olan Azərbaycan dilini məişət, poeziya və proza dilindən diplomatiya, dövlət, eyni zamanda siyasət dili səviyyəsinə qaldırdı.
– Onun Azərbaycançılıq məfkurəsinə gətirdiyi yenillik və kamillik ondan ibarətdir ki, o, ictimai şüurla, milli şüur və dövlətçilik şüuru arasında harmoniya yarada bildi.
– Heydər Əliyevin Azərbaycançılıq təliminin böyüklüyü ondadır ki, biz milli mentalitetimizi itirmədən, həm də onunla birgə dünyəviləşməliyik.
– Heydər Əliyevin daha da təkmilləşdirdiyi Azərbaycançılıq məfkurəsinin ən böyük gücü ondadır ki, o yalnız ümumdünya azərbaycanlılarını deyil, eyni zamanda Azərbaycanda yaşayan bütün etnosları və etnik qrupları vahid məkanda, vahid coğrafi ərazidə və vahid milli ideologiya ətrafında birləşdirdi.
– Heydər Əliyevin Azərbaycançılıq təlimində müstəqillik və istiqlal xaricində nəinki Azərbaycançılıq, hətta Azərbaycanın özü yoxdur!
Heydər Əliyevin «Müstəqilliyimiz əbədidir» formulu da təsdiq edir ki, Azərbaycançılıq ideologiyası Heydər Əliyevə güclü hakimiyyət yaratmaq üçün deyil, güclü dövlət qurmaq üçün lazım idi. Daha doğrusu, milli ideologiya Heydər Əliyevə milləti vahid «mən»də, vahid milli məkanda barışdırmaq, birləşdirmək, bütövləşdirmək, eyni zamanda sabaha aparmaq üçün lazım idi. Ona görə də o, həmişə və hər yerdə hakimiyyətin əbədiliyini deyil, müstəqilliyimizin əbədiliyini önə çəkirdi.
Dostları ilə paylaş: |