Mənbə: AR Mərkəzi Bankı, “Statistik büllet”, “İllik hesabat”, “Azərbaycan Respublikasının statistik göstəriciləri”, Dövlətstatkom əsasında müəllif tərəfindən tərtib edilmişdir.
Xalis birbaşa investisiyalar Azərbaycan iqtisadiyyatına cəlb olunmuşla xarici iqtisadiyyata yönəldilmiş investisiyalar və investisiyaların repatriasiyaların cəmi arasındakı fərqə bərabərdir (cədvəl 2.2.4). 2014-cü ildə Azərbaycanda birbaşa xalis investisiyalar nominal qiymətlə bir neçə dəfə artaraq 2,2 milyard dollar təşkil etmişdir. Nəticədə xalis kapital axınının həm kəsiri artmış, həm də valyuta bazarına əlavə valyuta kütləsinin daxil olmasına səbəb olmuşdur.
Tədiyyə balansının təhlili zamanı istifadə edilən və hesablanan göstəricilərdən biri də investisiyaların repatriasiyasıdır. “İnvestisiyaların repatriasiyası” anlayışı xarici ölkələrdən cəlb edilmiş investisiyaların həmin mənbə ölkələrinə qaytarılmasını ehtiva edir. Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatlarından görünür ki, Azərbaycandan investisiyaların repatriasiyası 1997-ci ildən başlamışdır. 1997-2014-cü illərdə Azərbaycandan 43873 mln. ABŞ dolları məbləğində investisiya repatriasiyası edilmişdir (cədvəl 3.2.5). 2005-2014-cü illərdə Azərbaycan iqtisadiyyatına xarici investorlar tərəfindən qoyulan birbaşa investisiyalar 47523 mln. ABŞ dollarına, Azərbaycan investorları tərəfindən xarici iqtisadiyyata qoyulan investisiyalar isə (2000-ci ildən başlayaraq) 8760 mln. dollara bərabər olmuşdur. Beləliklə, Azərbaycan iqtisadiyyatına birbaşa xalis investisiyalar 12003 milyon dollar təşkil etmişdir. 2006-2007-ci illərdə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların qoyuluşunun nisbətən azalması və investisiyaların repatriasiyasının yüksək olması müşahidə olunmuşdur. Nəticədə ölkə iqtisadiyyatına birbaşa xalis investisiyalar əhəmiyyətli dərəcədə aşağı düşmüş və əks proses, yəni ölkədən investisiyaların repatriasiyasının artması baş vermişdir. Belə ki, 2006-cı ildə 1306 mln. dollar, 2007-ci ildə 5103 mln. dollar investisiya repatriasiya edilmişdir. 3.2.5 saylı cədvəldən görünür ki, 1995-2014-cü illərdə bütün maliyyə mənbələrindən Azərbaycan iqtisadiyyatına 97087 mln. dollar həcmində xarici investisiya qoyulmuşdur (birbaşa, maliyyə kreditləri, portfel və digər investisiyalar nəzərə alınmaqla). Bu müddətdə investisiyaların repatriasiyası formasında (mənsub olduğu ölkəyə qaytarılması) 43873 mln. dollar, gəlirlərin repatriasiyası formasında isə 47551 mln. dollar xarici ölkələrə repatriasiya edilmişdir. Bütünlükdə gəlirlərin və investisiyaların repatriasiyası 91424 mln. dollar olmuşdur. Bu da о deməkdir ki, 20 il ərzində ölkə iqtisadiyyatına qoyulan xarici investisiyaların 94.2 faiz ödənilmişdir.
Cədvəl 2.2.5