Toxtamış Xanın şəxsi tamğası
Birinci vərəqin arxa tərəfində XVII və ya XVIII əsrdə, yəni çox-çox sonralar latın dilində edilmiş bir qeyd var: İmp. Tartarorum non recognita.
Bu qeyddən belə məlum olur ki, Avropada XVIII əsrə qədər Çingizoğullarının hakim olduqları böyük dövlət “Tartariya” (Tatarıstan // Turan) adı ilə tanınmış, onun hökmdarları, o cümlədən Toxtamış Xan isə imperator kimi qəbul edilmişdir.
Çingizoğulları dövründə Uyğur hərfləri ilə Xaqaniyyə türkcəsində yazılmış mətnlərdən biri də Əmir Teymurun 1391-ci ildə Toxtamış Xanı cəzalandırmaq məqsədi ilə gerçəkləşdirdiyi səfərlə bağlı Altın Çuqu dağının qayalarından birinə həkk etdirdiyi məşhur kitabədir. Bu kitabə 1935-ci ildə K. Satpayev tərəfindən üzə çıxarılıb. Onun elmi tədqiqinə yazılı qayanın 1936-cı ilin axırlarında Qazaxıstandan Sankt-Peterburqa, Ermitaj Muzeyinə gətirilməsindən sonra başlanmış və bu sahədə ilk addımı rus şərqşünası, akademik N. Poppe atmışdır.
N. Poppe mətndə 11 sətrin bulunduğunu, bunlardan ilk 3-nün ərəb, sonrakı 8 sətrin isə uyğur hərfləri ilə yazıldığını, yazının dilinin “cağatay dili” olduğunu təsbit etmiş və gəldiyi qənaətləri 1940-cı ildə dərc etdirmişdir.
Mətnin yazıldığı daş xüsusi olaraq bunun üçün hamarlanmamış, yazı sadəcə qayanın səthi nisbətən düz olan hissəsində yazılmışdır. Həmin qayadan kəsilərək Ermitaja gətirilən və hazırda elə orada da mühafizə edilən yazılı daşın səthi 80x40 sm ölçüsündədir. Uyğur hərfləri ilə yazılmış sətirlər ənənəvi olaraq şaquli deyil, ərəb dilində, ərəb hərfləri ilə yazılmış sətirlərə paralel, yəni üfiqi şəkildə həkk edilmişdir. Sətirlərin hündürlüyü 2 cm-i keçmir. Oymalar 1,5-2 mm dərinliyə sahibdirlər və bu səbəbdəndə daşdakı kiçik çatlar yazının oxunuşunu bir qədər çətinləşdirir. Türkcə yazılmış birinci sətrin uzunluğu 40 sm, 1 və 8-sətirlər arasındakı məsafə 18 sm-dir.
1391-ci ilin aprel ayının sonlarında, Teymurun qoşunlarının Uluq Tau dağının ətəklərinə çatdığı gün yazılmış olan bu abidə Qazaxıstan ərazisində yerləşən Altın Çuqu dağındakı Karasakpay mədəni yaxınlığında kəşf edilmişdir. Fəqət onun dəqiq yeri qeyd edilmədiyindən alimlər bu barədə heç bir bilgi sahibi deyillər.
Ərəb və türk mətnlərinin oxunuşu ilə öncə N. Poppe, ondan sonra isə A. Ponomaryov məşğul olmuşlar və bunun öhdəsindən gələ bilmişlər. Onlar ərəbcə yazılmış mətnin ilk sətrində ənənəvi “Bismillahir ər-Rəhmanir ər-Rəhim” sözlərini yazıldığını müəyyənləşdirmiş, daha sonrakı sətirlərdə isə Allahın 99 gözəl adlarından (Esma ül-Hüsna) bəzilərinin qeyd edildiyini təsbit etmişlər: Məlikül Mülkül Quddusül Haqqül Müminül Mühəyminül Cabbarül Qadirül Hakimül Mumitül Hayyu.
4-11 – ci sətirlərdə uyğur hərfləri ilə türkcə yazılmış mətnin səslənişi belədir:
4. tariq jeti yüz toqsan üçintə qoy
5. yil yaznıŋ ara ay turannıŋ sultanı
6. temür bəg üç yüz miŋ çerig bilə islam üçün toqtamış qan bulγar
7. qanıqa yoridi bu yerkə yetip belgü bolzun tip
8. bu obanı qopardı
9. tənri nisfət bergəy inşala
10. təŋri il kişigə raqmat qılqay bizni duu-a bilə
11. yad qılqay
Mətnin çağdaş Azərbaycan türkcəsindəki anlamı belədir:
4. Yeddi yüz doxsan üç tarixində, qoyun
5. ilində, yazın ara ayında Turanın sultanı
6. Teymur bəy üç yüz min qoşun ilə İslam naminə Bulqar xanı Toxtamış Xanın
7. üzərinə yüridi. Bu yerəə yetişib nişan olsun deyə
8. bu daşı yazdı.
9. Tanrı ədalət versin, inşəAllah.
10. Tanrının rəhmi El xalqına olsun! Bizi dua ilə
11. yad etsinlər!
Mətndə Əmir teymur Toxtamışı alçaldaraq “Bulqar xanı” adlandırır. Bu isə o deməkdir ki, onu Uluq Ulusun xaqanı kimi tanımır.
1395 - 1399-ci illər arasında Uluq Ulusunun xaqanı olmuş Teymur Qutluq Xan Çingiz Xanın nəslindən olan Urus Xanın nəvəsi Teymur Məlikin oğlu olub. O, Əmir Teymurla Toxtamış arasında baş verən savaşdan sonra, 1395-ci ildə tümənbaşı Edigeyin dəstəyi ilə taxta çıxmış və 1399-cu ildə, hakimiyyətini bərpa etməyə çalışan Toxtamış Xan üzərində qələbə qazanaraq, onu Sibirə, daha dəqiq desək Tümenə qaçmağa məcbur etmişdi. Lakin bu qələbə ona hakimiyyətini möhkəmləndirməyə imkan vermədi. Elə həmin il Edigey tərəfindən devrildi. Taxta kiçik qardaşı Şadibəy hakim oldu.
Dostları ilə paylaş: |