NATO-ya daxil olan ölkələr
2007-ci ilin dekabrında CFE Müqaviləsinin həyata keçirilməsinə birtərəfli qaydada Rusiya moratoriumu qüvvəyə mindi.
2008-ci ilin əvvəlində NATO Üzvlük Fəaliyyət Planına (MAP) qoşulma ilə bağlı Ukrayna və Gürcüstanın müraciətləri blokunun rəhbərliyinin müzakirəsinə çıxarıldı. Bu, Rusiya ilə ABŞ və NATO arasındakı münasibətlərin kəskinləşməsinə səbəb oldu. ABŞ hər vəchlə NATO-dakı tərəfdaşlarını 2008-ci ilin aprel ayında alyansın Buxarestdə keçirilən sammitində Gürcüstan və Ukraynanın MAP-a qəbul edilməsinin vacibliyinə inandırmağa çalışırdı (Ляшук Ю. А., 2016). Bu ölkələr NATO-ya dəvət almamışdılar, fəqət onlara yaxınlarda dəvətin gələcəyi barədə söz verilmişdi. Bunun üçün sadəcə bir az gözləmək lazım idi (Заявление по итогам.., 2008). Gürcüstanla və Ukrayna qarşılarında qoyulmuş şərtlərə cavab verməli idilər. Bunun üçünsə müəyyən qədər vaxta ehtiyac vardı.
Rusiya NATO-nun şərqə doğru irəliləməsini Avropadakı strateji maraqlarına təhdid kimi qiymətləndirməyə davam edirdi. NATO-nun aprel sammitindən (2008) sonra Rusiya Federasiyası Baş Qərargah rəisi general Yuri Baluyevski, Gürcüstan və Ukraynanın NATO-ya daxil olacağı təqdirdə, Rusiyanın dövlət sərhədləri yaxınlığında maraqlarını təmin etmək üçün "hərbi və digər tədbirlər" görməyə məcbur olacağını söylədi (Russia army vows.., 2008).
Yuri Baluyevski
Rusiya hökumətinin başçısı Vladimir Putin də öz növbəsində Abxaziya və Cənubi Osetiyanı "əsaslı şəkildə dəstəkləmək" niyyətini açıqladı, onların liderlərinin ona müraciət edərək, NATO sammitində verilən qərardan narahatlılarını bildirdiklərini dedi (Путин обещает.., 2008).
2008-ci ilin avqustunda Rusiya ilə ABŞ arasında qarşıdurmanın yeni bir mərhələsi başladı. Buna səbəb Rusiyanın Gürcüstanı işğal etməsi, Abxaziya və Cənubi Osetiyanının Gürcüstandan qoparılması oldu (Michael Emerson, 2008). Rus qoşunları Gürcüstan ərazisindəki hərbi obyektləri bombalamağa davam etdi, bundan sonra Rusiya rəsmi olaraq Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanıdı (Andrew Rettman,2016).
2008-ci ilin sonunda Barak Obama ABŞ prezidenti seçildi. 6 mart 2009-cu ildə Cenevrədəki İnterkontinental Oteldə ABŞ dövlət katibi Hillari Klinton və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında ilk rəsmi ikitərəfli görüşü keçirildi.
Rusiya-Amerika münasibətlərində yeni bir çatlaq 2011-ci ilin əvvəlində, baş nazir Putin Qərbin Liviyadakı hərbi əməliyyatını səlib yürüşü ilə müqayisə etməsindən sonra ortaya çıxdı. Eyni zamanda, Putin BMT Təhlükəsizlik Şurasının Liviya ilə bağlı qətnaməsini tənqid etdi və bunu "alçaq və qüsurlu" hal adlandırdı. Halbuki səsvermə zamanı Rusiya bitərəf qalmış, veto tətbiq etməmişdi (Россия: Путин назвал.., 2013). Elə bu səbəbdən də mətbuatda baş nazir Putin və prezident Medvedev arasında əsas hərbi-siyasi məsələ ilə bağlı fikir ayrılığı barədə məlumat yayıldı və Rusiyanın mövqeyi “qeyri-müəyyən” kimi qiymətləndirildi (Андрей Полунин, 2011).
Qeyd edək ki, 2012-ci ilin fevralında BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı oxşar qətnamənin səsverməsi zamanı Rusiya veto hüququndan istifadə etmişdir (Голосование в СБ ООН.., 2013).
2012-ci ilin payızında, işinin xarakterinin hər zaman göstərilən hədəflərə cavab vermədiyi düşüncəsiylə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Rusiyadakı fəaliyyətini dayandırdı. USAİD çərçivəsində həyata keçirilən proqramlarına xitam verilməsi qərarından sonra Rusiya Xarici İşlər Nazirliyinin yaydığı hesabatda Agentliyin qrantların paylanması vasitəsi ilə siyasi proseslərə və vətəndaş cəmiyyəti institutlarına təsir göstərməyə çalışdığı ifadə edilirdi (Мягкой силе.., 2019).
Dostları ilə paylaş: |