Nəqliyyat (daşıma) sənədi beynəlxalq daşıma üzrə müqavilə münasibətlərini rəsmiləşdirir. Burada beynəlxalq yük daşınması müqaviləsinin bütün əsas şərtləri (müqavilənin qiyməti, yəni daşıma haqqı, göndərilmə tarixi, tərəflər və s.) barədə rekvizitlər (məlumatlar) göstərilir. Nəqliyyat (daşıma) sənədinin mövcudolma faktı həmin sənəddə nəzərdə tutulan şərtlər daxilində sadə yazılı formada yük daşınması müqaviləsinin bağlanmasını ifadə edir. Beynəlxalq yük daşınması müqaviləsinin sadə yazılı forması məhz nəqliyyat (daşıma) sənədi hesab olunur. Deməli, nəqliyyat (daşıma) sənədi müqavilə sənədidir, həm də ona görə ki, daşıyıcı ilə yükgöndərən arasında öhdəlik hüquq münasibəti (öhdəlik), yəni yükdaşıma öhdəliyi bu sənəd əsasında əmələ gəlir. Bu sənəd, hər şeydən əvvəl, nəqliyyat təşkilatının (daşıyıcının) üzərinə daşımanı həyata keçirmək vəzifəsi qoyur.
Nəqliyyat (daşıma) sənədi aşağıda göstərilən üç əsas funksiyanı yerinə yetirir:
1) daşıma (nəqliyyat) sənədi yük daşınması müqaviləsinin mövcudolma, bağlanma faktını və onun şərtlərini təsdiq edərək sübuta yetirir;
2) nəqliyyat (daşıma) sənədi daşıyıcı tərəfindən yükün qəbul edilməsini təsdiqləyən qəbz rolunu oynayır (yükün daşınmaq üçün qəbul edildiyini təsdiqləyir);
3) nəqliyyat (daşıma) sənədi bu sənədin sahibinə mala sərəncam vermək hüququnu həvalə edir. Söhbət yükə (mala) olan mülkiyyət hüququnun başqa şəxsə verilməsi imkanından gedir.
Göstərilən funksiyalardan əlavə, nəqliyyat (daşıma) sənədi yükə dair sərəncam vermək funksiyasını da yerinə yetirir. Bu funksiyaya görə nəqliyyat (daşıma) sənədinin sahibi yükə dair sərncam vermək hüququna malikdir. Belə sərəncam daşınmaya verilmiş yükü geri almaq, onu başqa — yeni yükalanın ünvanına göndərmək və təyinat yerində yükü almaq səlahiyyətlərini ifadə edir. Göründüyü kimi, yükə dair sərəncam vermək hüququ yükə (mala) olan mülkiyyət hüququnun başqa şəxsə verilməsini ifadə etmir.