Nəqliyyat (daşıma) sənədinin qaimə forması, bir qayda olaraq, aşağıdakı hallarda tətbiq edilir:
-dəmir yolu nəqliyyatında;
-hava nəqliyyatında;
-avtomobil nəqliyyatında;
-su (çay) nəqliyyatında.
Göstərilən nəqliyyat növlərində əsas daşıma sənədi qaimə hesab edilir.
Nəqliyyat (daşıma) sənədinin digər forması olan konosamentdən yalnız dəniz daşımalarında istifadə olunur. Konosament müntəzəm (xətt) dəniz yük daşımalarını rəsmiləşdirən müqavilə sənədidir.
Konosament qaimədən fərqli cəhətlərə malikdir. Konosamentin birinci fərqli cəhəti ondan ibarətdir ki, o, mala sərəncamverici sənəd olub, qiymətli kağız hesab edilir, mala (yükə) sərəncam vermək funksiyasını yerinə yetirir. Konosamentin verilməsi ilə mala (yükə) olan mülkiyyət hüququ da başqa şəxsə keçir. Bunun üçün konosamentdə həvalə qeydi edilir. Qaiməyə gəldikdə isə, qeyd etmək lazımdır ki, qaimə mala sərəncamverici sənəd sayılmır, qiymətli kağız kateqoriyasına aid edilmir və mala sərəncam vermək funksiyasını yerinə yetirmir.
Konosamenti qaimədən fərqləndirən ikinci fərqli cəhət ondan ibarətdir ki, beynəlxalq nəqliyyat konvensiyaları (sazişləri) qaimənin müəyyən formada və məzmunda tərtib edilməsini nəzərdə tutur. Lakin qaimənin forması, qeyd etdiyimiz kimi, nəqliyyat konvensiyaları (sazişləri) ilə müəyyən edilmir. Bu məsələnin həlli ilə beynəlxalq nəqliyyat təşkilatları məşğul olurlar, yəni qaimənin forması beynəlxalq nəqliyyat təşkilatları çərçivəsində işlənib hazırlanır. Qaimənin forması ayrı-ayrı dövlətlərin milli (daxili) hüququ ilə də müəyyən edilə bilər. Konosament üçün isə beynəlxalq nəqliyyat konvensiyaları müəyyən forma nəzərdə tutmur. Onun üçün yalnız rekvizitlər müəyyən olunur. Xarici dövlətlərin qanunvericiliyi konosamentin müəyyən kağızda tərtib olunmasını tələb etmir.
Bununla belə, xətt gəmiçiliyinin həyata keçirdiyi daşıma xətt konosamenti ilə rəsmiləşdirilir. Xətt konosamentinin proforması isə BBDK (BİMKO) tərəfindən işlənib hazırlanmışdır.
Konosamenti qaimədən fərqləndirən üçüncü cəhət onların tərtib olunma qaydalarına aiddir. Belə ki, qaimə, bir qayda olaraq, yükgöndərən tərəfindən tərtib edilir və imzalanır. Yükgöndərən qaimənin əsas qrafalarını (yükgöndərmə yeri və təyinat yeri, yükalanın və yükgöndərənin dəqiq və tam adı, onların poçt ünvanı, yükün adı və s. qrafalar) doldurmaq vəzifəsini daşıyır. Qaimənin bəzi qrafaları isə (məsələn, daşıma haqqı, daşıma məsafəsi və s. qrafalar) daşıyıcı tərəfindən doldurulur.
Konosamenti isə yükgöndərən tərtib etmir. Onu tərtib etmək vəzifəsi daşıyıcının üzərinə düşür.
Çarter nəqliyyat (daşıma) sənədinin bir forması olaraq aşağıdakı hallarda tətbiq edilir:
-dəniz nəqliyyatında;
-hava nəqliyyatında.
Dostları ilə paylaş: |