KOTİF üzrə sərnişin və baqaj daşımanın şərtləri
KOTİF biletin bir sıra məcburi rekvizitlərini müəyyən edir. Onların forma və yararlılıq müddəti tariflərlə və ya dəmir yollarının sazişləri ilə müəyyən edilir.
Sərnişin 5 yaşına kimi uşağı özü ilə pulsuz apara bilər. Bu zaman uşağa ayrıca yer verilmir və onun üçün bilet alınmır. 5 yaşından 10 yaşına kimi uşaqlara isə bilet güzəştlə satılır.
Sərnişin daşımadan imtina etmək hüququna malikdir. O, bu hüquqdan istifadə edərkən gediş haqqı ilə bağlı ödədiyi pulu (biletin pulunu) geri alır. Sərnişin daşımadan həm də yolun müəyyən bir hissəsində imtina edə bilər. Bu zaman ona yolun qalan hissəsinə münasib surətdə bilet pulu qaytarılır.
Sərnişinin özü ilə əl yükü aparmaq hüququ vardır. Bununla belə, o, özü ilə baqaj da aparmaq hüququna malikdir. Əl yükü baqajdan fərqlənir.
Əl yükü, bir qayda olaraq, sərnişinin tutduğu yerin altında və ya üstündə aparılır. O, sərnişinin nəzarəti altında və sahibliyində olur. Buna görə də əl yükünün salamat qalmamasına görə daşıyıcı deyil, sərnişin məsuliyyət daşıyır. Əgər əl yükünün salamat qalmamasına daşıyıcının təqsirli hərəkəti səbəb olarsa, onda sərnişin deyil, daşıyıcı məsuliyyət daşıyır. Lakin daşıyıcının təqsiri sübut olunmalıdır.
Baqaj isə xüsusi olaraq ayrılmış yerlərdə daşınır. Əl yükündən fərqli olaraq, baqajın daşınması baqaj qəbzi ilə rəsmiləşdirilir. Əl yükü daşınan zaman isə hər hansı sənəd tərtib olunmur.
Baqaj, bir qayda olaraq, daşıyıcının sahibliyi və nəzarəti altında qalır. Buna görə də o, baqajın salamat qalmamasına görə məsuliyyət daşıyır.
İki hala görə, birinci – baqajın salamat qalmamasına görə, ikinci – baqajın təyinat yerinə çatdırılma müddətinin ötürülməsinə görə daşıyıcının məsuliyyəti nəzərdə tutulur. Daşıyıcının həmin hallara görə məsuliyyət daşıması, əsasən, yük daşınması zamanı dəmir yolunun (daşıyıcının) məsuliyyət daşımasının eynidir. Amma baqajın təyinat yerinə çatdırılma müddətinin ötürülməsinə görə pretenziya müddəti 21 gün müəyyən edilir. Baqaj sahibi məhz həmin müddət ərzində pretenziya verə bilər. Göstərilən pretenziya müddəti baqajın alındığı andan hesablanır.
İddia müddəti 1 il müəyyən edilir. Bu, ümumi qaydadadır.
Daşıyıcı həm də sərnişin daşınması müqaviləsi üzrə məsuliyyət daşıyır. Onun məsuliyyət daşıdığı hallara aşağıdakılar aiddir:
-sərnişinin sağlamlığının, yəni onun səhhətinin pozulması;
-sərnişinin ölməsi;
-qatarın təyinat yerinə vaxtında çatmaması;
-daşımadan imtina olunması.
Göstərilən hallara görə daşıyıcı zərər vurulan halın baş verdiyi ölkənin qanunu ilə məsuliyyət daşıyır. Lakin Avropa ölkələrinin əksəriyyətinin qanunvericiliyində çatdırılma müddətinin ötürülməsi və daşımadan imtina olunması kimi iki hala görə məsuliyyət nəzərdə tutulmur.
Daşıyıcının sərnişin daşımaları üzrə məsuliyyət daşıdığı əsas hal sərnişinin həyatına və sağlamlığına zərər vurulması halıdır. Həmin hal 1966-cı ildə Bern şəhərində bağlanmış sərnişin daşımaları zamanı Əlavə Sazişlə tənzimlənir. KOTİF həmin Sazişi özündə birləşdirir.
Əlavə Saziş sərnişinin ölməsinə və səhhətinin zədələnməsinə (sağlamlığının pozulmasına) görə daşıyıcı üçün məsuliyyət nəzərdə tutur. Sərnişinin sağlamlığına vurulan zərərə görə daşıyıcının məsuliyyət həddi daxili (milli) hüquqla müəyyənləşdirilir. Bu onu göstərir ki, daşıyıcı üçün yüksək məsuliyyət müəyyənləşdirilir.
Daşıyıcı iki halda məsuliyyətdən azad edilir. Həmin hallara aşağıdakılar aiddir:
-zərərçəkən sərnişinin təqsirli hərəkəti, bir şərtlə ki, həmin hərəkət sərnişinin normal davranışına uyğun gəlməsin (əgər sərnişinin sağlamlığına və həyatına onun özünün təqsirli hərəkəti ilə zərər vurularsa, onda daşıyıcı məsuliyyət daşımır. Məsələn, sərnişin özünü hərəkət edən qatardan atır və bunun nəticəsində həyatdan məhrum olur);
-kənar hallar və üçüncü şəxslərin hərəkətləri. Belə hallarda daşıyıcı lazımınca diqqətli olmasına baxmayaraq, onlardan yaxa qurtara və nəticənin qarşısını ala bilmir (qarşısı alına bilməyən hallar). Məsələn, yer təkanları nəticəsində qatar aşır və bunun nəticəsində sərnişinlərə xəsarət vurulur. Belə halda, aydın məsələdir ki, daşıyıcı məsuliyyət daşıya bilməz.
Əlavə Sazişdə həm də sərnişinin şəxsi əşyalarına və əl yükünə görə daşı-yıcının məsuliyyət şərtləri nəzərdə tutulur.
Əlavə Sazişdə pretenziya və iddia verilməsinə aid qaydalar da nəzərdə tutulur. Pretenziya yalnız daşıma müqaviləsində iştirak edən daşıyıcılara (dəmir yol-larına) verilir. Xüsusən də pretenziya o dəmir yoluna verilir ki, həmin dəmir yolu bədbəxt hadisənin (sərnişinin ölümü və ya xəsarət almasının) baş verdiyi sahənin istismarçısı olsun. Sərnişin qarşısında da məhz həmin dəmir yolu məsuliyyət daşıyır.
Əlavə Sazişə görə pretenziya müddəti 3 aydır. Məhz bu müddət ərzində zərərçəkən daşıyıcıya pretenziya irəli sürə bilər.
Dostları ilə paylaş: |