8.2. Empirik sosioloji tədqiqatın mərhələləri
Empirik sosioloji tədqiqat özünəməxsus idrak prosesi kimi zaman daxilində baş verir. Tədqiqatın hazırlanması və keçirilməsini əhatə edən bütün dövr xronoloji şəkildə bir-birinin ardınca gələn mərhələlərə bölünür.
Tədqiqatın məqsədi — müvafiq mövzunu öyrənmək və ya hansısa praktiki problemi həll etmək imkanı verən, nümayəndəlik və mötəbərlik keyfiyyətlərinə malik olan müəyyən empirik informasiyanı toplamaqdır. Bu məqsədin həyata keçirilməsi bir çox zehni əməliyyatları yerinə yetirməyi tələb edir. Bu əməliyyatlar qruplarda birləşdirilmişdir. Keçid xronoloji olaraq bir qrupdan o birisinə edilir, halbuki mövcud qrupun daxilində xronologiya zəruri deyil və o, pozula bilər, çünki hər bir ayrıca elementdən bütün başqalarına doğru qeyri-müəyyən dəfə təkrar edilə bilən çoxistiqamətli hərəkət gedir.
Bu baxımdan empirik sosioloji tədqiqatın mərhələləri hər mərhələdə həll edilən vəzifələrin məcmusundan asılı olaraq keyfiyyətcə xüsusiləşmiş olur.
Empirik sosioloji tədqiqatın aşağıdakı mərhələlərini fərqləndirirlər:
birinci mərhələ — hazırlıq,
keçid mərhələsi — yoxlama (nümunə) tədqiqatı,
ikinci mərhələ — tədqiqatın həyata keçirilməsi,
üçüncü mərhələ — materialın işlənməsi.
Hazırlıq mərhələsində, ilk növbədə, tədqiqatın proqramı işlənilib hazırlanır. Başqa sözlə, bu, hansı materialın toplanacağı sualına cavab verməkdir. Bununla bərabər informasiyanın toplanılması və işlənməsinin yolları və vasitələri müəyyənləşdirilir.
Yoxlama tədqiqatını biz keçid mərhələsi kimi səciyyələndiririk, çünki o, həmişə vacib deyildir. Yoxlama tədqiqatı hazırlığın keyfiyyətini yüksəltmək məqsədini güdür. Hazırlıq elementlərinin (bütövlükdə və ya qismən) özünəməxsus şəkildə praktiki yoxlanılmasıdır, bundan sonra həmin elementlərin təkmilləşdirilməsi gedir. Bununla da hazırlıq tamamilə başa çatır və növbəti mərhələyə keçmək olur. Bu mənada yoxlama tədqiqatına hazırlığın bir hissəsi kimi baxmağa əsas var. Tədqiqatın həyata keçirilməsi mərhələsində informasiya toplanılır, tədqiqatın əsl məqsədi həyata keçirilir. Burada informasiya fərdi, ilkin informasiya şəklində alınır. O, hələlik nəzəri analiz üçün hazır deyildir.
Fərdi informasiyadan məcmu informasiyaya sıçrayış, tədqiqatın sonuncu materialının işlənməsi mərhələsində baş verir. Bu işlənmə cüzi istisnalarla statistik-riyazi işlənmədir. Özünün əksər hissəsində bu keçid informasiyanın empirik xarakterini dəyişmir. Lakin informasiya artıq nəzəri təhlil üçün yararlı hala düşür.
Bununla da empirik sosioloji tədqiqat başa çatır. Müvafiq şəkildə işlənmiş empirik informasiya artıq əldə edilmiş olur. Bundan sonra nəzəri təhlil, ümumiləşmə, yəni sosioloji nəzəri tədqiqat, eləcə də bu informasiyadan idarəçilik qərarlarının qəbul edilməsindən istifadə olunması başlayır.
Empirik sosioloji tədqiqatın mərhələləri arasındakı qarşılıqlı əlaqə üçün prosesin bir istiqamətdə getməsi səciyyəvidir. İdrak prosesi hazırlıqdan tədqiqatın həyata keçirilməsinə (burada biz yoxlama tədqiqatını təcrid edirik) və buradan da materialın işlənməsinə doğru yayılır. Əks istiqamətdə hərəkət ziyanlıdır. Əgər hazırlıq elementlərinə — proqrama, metodika, təşkil və s. tədqiqatın həyata keçirilməsinə başladıqdan sonra hansısa dəyişikliklər edilirsə, bu ancaq o deməkdir ki, ya hazırlıq başa çatdırılmamış və vaxtından əvvəl icra mərhələsinə keçilmişdir, ya da hazırlıq zamanı elə dəqiqsizliklər və nəzərdənqaçmalara yol verilmişdir ki, onlar tədqiqatın gedişində aradan qaldırılmalıdır. Bütün hallarda bu, tədqiqatın səviyyəsini aşağı salır. Eyni şey tədqiqatın həyata keçirilməsi və materialın işlənməsi mərhələləri arasındakı əlaqəyə də aiddir. Əgər sual vərəqələri doldurulmamış və məzmun baxımından təshih olunmayıbsa, materialın işlənməsinə başlamaq olmaz. Materialın işlənməsinə sual vərəqələrinin yoxlanılmış və hazır kimi qəbul edilmiş hissəsindən başlamağın mümkün olması isə başqa məsələdir. Lakin bu o deməkdir ki, onlar üçün, yəni seçmənin, tədqiq olunan məcmunun müvafiq vahidləri üçün tədqiqatın həyata keçirilməsi mərhələsi başa çatmışdır.
Əgər empirik sosioloji tədqiqatın mərhələləri arasında əlaqə bir istiqamətlidirsə, əgər mərhələlər xronoloji cəhətdən bir-birinin ardınca gəlirsə, onda növbəti mərhələ özündən əvvəlkinə təsir göstərə bilməz. Burada ancaq bircə imkan var: — əvvəlki mərhələnin strukturunda elə elementlər olmalıdır ki, onlar sonrakı mərhələnin xarakter tələbatını nəzərə almış olsunlar. Bu mənada əks qayıdış təsirindən danışmaq mümkündür, lakin bu geriyə təsir bilavasitə həyata keçir. Məsələn, materialın işlənməsi mərhələsinin "mənafeyi" hazırlıq mərhələsində materialın işlənməsi layihəsi ilə (bu layihə hələ hazırlıq mərhələsində işlənilir), tədqiqatın həyata keçirilməsi mərhələsinin "mənafeyi" isə təşkilat planı ilə (bu plan da hazırlıq mərhələsində tutulur) təmsil olunmuşdur.
Hər bir mərhələ özlərinin bütövlüyü, qarşılıqlı asılılığı və vahidliyi ilə mərhələnin sərhədlərini müəyyənləşdirən, onu digər mərhələlərdən fərqləndirən bir neçə elementə malikdir.
Proqram, hansı empirik informasiyanın toplanacağı, nəyin öyrəniləcəyi, hansı sosioloji qarşılıqlı əlaqələrin, cəhətlərin və proseslərin həqiqətən sosioloji tədqiqatın predmeti olacağı sualına cavab verir.
Materialın işlənməsi layihəsinin köməyi ilə fərdi informasiyadan məcmu informasiyaya sıçrayış baş verir.
Metodika özü də aşağıdakılara bölünür:
a) məlumatların toplanılması metodikası; bu metodika fərdi informasiyanın doğruluğunu təmin edən metodlar, vasitələr və prinsipləri müəyyənləşdirir.
b) seçmə metodikası; bu metodika tədqiq olunan şəxslərin sayını və onların seçilməsinin informasiya mötəbərliyini təmin edən üsullarını müəyyənləşdirir.
Təşkilati plan tədqiqatın necə təşkil olunacağını müəyyənləşdirir.
Sənədlər (alətlər dəsti) hazırlığın nəticələrinin yazıldığı və qeyd olunduğu sənədləri əhatə edir.
Hazırlıq zamanı onun ilk elementi — proqram həlledici əhəmiyyətə malikdir. Hazırlıq, proqramın işlənilib tərtib olunmasından başlayır. Onun ilk variantı əsas cizgilərdə hazırlandıqdan sonra, ondan asılı olaraq, məlumatların işlənməsi layihəsi, məlumat toplanılması və seçmə metodikası, təşkilati planın hazırlanması başlayır. Eyni zamanda hazırlığın hər bir sonrakı elementi əks əlaqə vasitəsi ilə proqrama təsir göstərir.
Belə qarşılıqlı təsir hazırlığın bütün elementləri arasında mövcuddur. Elementlərin hər biri qalanların hamısına təsir edir və bununla yanaşı hansı dərəcədəsə onlardan asılıdır. Məsələn, məlumatların toplanılması metodikası və təşkilati plan arasındakı asılılıq olduqca birbaşadır. Əgər məlumatların toplanılması metodu müsahibədirsə, bu halda tədqiqatın təşkili məlumat toplama metodu bilavasitə anket metodunda olduğundan xeyli dərəcədə fərqlənir.
Tədqiqatın təşkili onun ancaq bu və ya digər elementinə müncər edilə bilməz. Ancaq bütün göstərilən elementlər işlənilib hazırlandıqdan sonra hazırlığı başa çatmış hesab etmək olar. Bu məsələni yadda saxlamaq vacibdir. Çünki praktikada elə hallara rast gəlmək olur ki, təkcə sorğu vərəqləri hazırlanan kimi belə hesab edirlər ki, bütün hazırlıq başa çatdırılmışdır və tədqiqatın həyata keçirilməsinə başlayırlar.
Çox zaman məlumatların işlənməsi layihəsini hazırlamadan tədqiqatın həyata keçirilməsinə başlayırlar. Belə səhv hətta nüfuzlu sosioloqlar tərəfindən də buraxılır. Məsələn, "İnsan və onun işi" kitabında qələmə alınmış, başqa cəhətlərdən fərqli olan məlumat işləmə layihəsi informasiyanın yığılmasından sonra tərtib edilmişdir.1 Bəzi sosioloqların məlumat işləmə layihəsinin hazırlanmasını hazırlıq mərhələsindən kənar edən və onu tədqiqatın üçüncü məlumat işləmə mərhələsinə şamil edən görüşləri buna meydan açır.2
Bu proqrama çox geniş şəkildə baxan və faktiki olaraq onu bütün hazırlıq mərhələsi ilə eyniləşdirməyə cəhd edən bəzi müəlliflərlə razılaşmadığımızı bildirmək istəyirik.3 Belə cəhdlər hazırlıq elementlərinin daha çox fərqləndirilməsi ilə əhatə edilməsinə, onların arasındakı keyfiyyət fərqlərinin daha dərindən başa düşülməsinə, onların asılılığını araşdırmağa, bunun nəticəsində isə empirik sosioloji tədqiqat nəzəriyyəsinin hərtərəfli işlənməsinə mane olur.
Hazırlıq elementləri arasında qarşılıqlı asılılıq və qarşılıqlı təsir mövcud olduğu üçün, aydındır ki, qalan bütün elementlər işlənməyincə ayrılıqda götürülmüş heç bir element işlənilib başa çatdırılmış hesab edilə bilməz. Burada empirik sosioloji tədqiqat nəzəriyyəsinin qanunlarından birini ifadə etmək olar: onun hazırlanması o zaman başa çatdırılmış sayıla bilər ki, onun bütün elementləri eyni zamanda işlənilib qurtarmış və eyni zamanda onların bütün qarşılıqlı əlaqələri tamamilə aydınlaşdırılmış olsun.
Aşağıda empirik sosioloji tədqiqatın keçirilməsinin bu elementləri sadalanır.
1. Qrafik, zaman və məkan daxilində tədqiqatın həlqələri arasında qarşılıqlı əlaqəni həyata keçirir və təmin edir.
2. Təşkilati-texniki problemlər — maliyyə vəsaiti, tədqiq olunan məcmu vahidlərinin siyahılarının təmin edilməsi, sənədlərin çapı və yayılması və s.
3. Elmi rəhbərlər və anketçilərin seçilməsi və hazırlanması tədqiqatın keçirilmə mərhələsində bu məqam onun taleyi üçün həlledicidir.
4. İlkin fərdi informasiya yerlərdə anketçilər və elmi rəhbərlər tərəfindən yığılır.
5. Elmi rəhbərlər və anketçilərin işinə kömək və nəzarət; burada söhbət elmi rəhbərlər tərəfindən anketçilərə kömək və onların işi üzərində nəzarətindən, elmi rəhbərlərin işi üzrə isə tədqiqat müəllifləri tərəfindən nəzarətdən söhbət gedir. İnformasiya yığılmasının gedişində çox tez-tez və dəfələrlə belə kömək göstərilir və nəzarət edilir.
6. Hər hansı informasiyanın qeydə alındığı sual vərəqələri və başqa sənədlərin yoxlanılması artıq informasiya yığımının gedişində başlanır və bütün sorğu vərəqələri, sənədlərin doldurulması başa çatdıqdan sonra bütövlükdə həyata keçirilir.
Sonuncu üç element paralel olaraq həyata keçirilir, bir-biri ilə əvəz olunur, və tamamlanırlar. Bu özü də ancaq bütövlükdə yoxlama informasiya yığılıb qurtardıqdan sonra başa çatır.
İlk üç elementə gəldikdə isə, xronoloji cəhətdən onlar tədqiqatın həyata keçirilməsi mərhələsinin qalan bütün elementlərindən qabaq gəlirlər. Buna görə də üç elementi hazırlıq mərhələsinə daxil etmək üçün əsas vardır. Lakin bizə elə gəlir ki, onlar hazırlıqdan tədqiqatın həyata keçirilməsinə keçid rolunu oyansalar da daha diqqətlə nəzər yetirdikdə onların yeri buradadır. Niyə? Ona görə ki, nəzəri cəhətdən mövcud tədqiqatı tamamilə (yoxlama tədqiqatı və hazırlıq elementlərinin ona əsasən yaxşılaşdırılması da daxil olmaqla) hazırlamaq və bir sıra səbəblər üzündən onun həyata keçirilməsini qeyri-müəyyən müddətə təxirə salmaq mümkündür. Praktikada belə şey olur. Bu halda sənədlərin çapını da təxirə salmaq ən yaxşı şey olardı. Sənədlərin bölünməsi və onların yerlərə göndərilməsinə gəldikdə isə bu işi, habelə tədqiq olunan vahidlərin siyahıları ilə, nəqliyyat vasitələri ilə təchizatı, elmi rəhbərlər və anketçilərin seçilməsi və hazırlığını təxirə salmaq lazımdır. Tədqiqatın həyata keçirilməsini sənədlərin çapı və bölünməsindən, elmi rəhbərlər və anketçilərin seçilib hazırlanmasından və s.-dən başlamaq lazımdır. Çünki bütün bu şeylər vaxtdan çox asılıdır. Onlar tədqiqatın keçirildiyi vaxtdan nə qədər çox uzaqlaşırlarsa, onların məzmunu ilə tədqiqatın həyata keçirildiyi şəraitdəki eventual, yəni əlverişli şəraitdə mümkün olan dəyişikliklər arasında uyğunsuzluqların meydana gəlməsi təhlükəsi o qədər artır Təbii ki, bütün bunlar tədqiqat qrafikinə təsir etməyə bilməz.
Empirik sosioloji tədqiqatda işlənmə elementlərinə gəldikdə isə onlar aşağıdakılardan ibarətdir.
1. Kodlaşdırma və şkalaya salınma çox vaxt bütövlüklə və qismən kod və şkalaların əvvəlcədən çap olunduğu sual vərəqələrinin doldurulması zamanı yerinə yetirilir. Lakin, adətən, bu iş tədqiqatın həyata keçirilməsi qurtardıqdan sonra başa çatdırılır, bəzən isə bütövlüklə məhz bu vaxt yerinə yetirilir.
2. Əsaslı hesablama işi. Burada xüsusən mühüm qruplaşmaların tərtibatı və ilkin işlənib hazırlanmış fərziyyələrə müvafiq olaraq tədqiqat proqramına daxil edilmiş əlamətlər arasındakı əsas asılılıqların hesablanması nəzərdə tutulur.
3. Hesablamaların yoxlanılması. Belə yoxlama ən mükəmməl texnikadan istifadə olunduqda belə tələb edilir, çünki mütləq etibarlı maşın və mexanizmlər yoxdur. Bəzən hesablama mərkəzləri işçilərinin təcrübəsizliyi, saymazlığı və ya işləmə layihəsindəki çatışmazlıq üzündən səhvlərə yol verilir.
4. Artıq işlənmiş informasiya nəticələrinin təhlili əsasında əlavə hesablamalar qeyri-müəyyən dəfə yerinə yetirilir. Dəfələrlə istifadə oluna biləcək hesablama bazasının mövcudluğu nəzərdə tutulur. Aydındır ki, hər bir növbəti hesablama özündən əvvəlkindən müəyyən qədər vaxt keçdikdən sonra aparılır. Məhz bu vaxt ərzində işlənmə nəticəsinin nəzəri təhlili aparılır.
Gördüyümüz kimi, empirik sosioloji tədqiqat mürəkkəb struktura malikdir və bir qayda olaraq, hazırlıqdan başlamış məlumatların işlənməsinə qədər onun yerinə yetirilməsi üçün uzun müddət tələb olunur, hər bir mühüm tədqiqat çoxtərəfli, bilik və ixtisasa malik mütəxəssislərin birləşdirilməsini tələb edən kollektiv işdir.
Tədqiqatın hazırlanması və həyata keçirilməsində hər hansı tələskənlik, tədqiqatın spesifikasına, idrak prosesinin qanunauyğunluqlarına qarşı hər bir saymazlıq onun elmi səviyyəsini xeyli aşağı salır və alınmış informasiyanın tamamilə gözdən salınmasına gətirib çıxara bilər.
Ona görə də istənilən tədqiqatın həyata keçirilməsi zamanı empirik sosioloji tədqiqatın bütün mərhələlərinin tələblərinə dönmədən riayət etmək zəruridir.
Dostları ilə paylaş: |