Hiqqo mamedtakim vikkullo Mahammadim (מַחֲמַדִּים) zahdudi vi zahrai bint Cerusalim.
Burada “Mahammadim” (מַחֲמַדִּים) ifadəsi diqqət çəkir və həmin kəlmənin sevimli Peyğəmbərimizin adı olduğu heç bir şübhə oyatmır. Fəqət yəhudilər bunu inkar edir və bildirirlər ki, həmin sözün kökü olan “Mahammad” kəlməsi (yəhudi dilində Mühəmməd adı məhz Mahammad kimi səslənir) gerçəkdən də ərəb dilindəki “Mühəmməd” adı ilə eyni kökə sahibdir və hər iki sözün əsasında “həmd” (həmd edilən, hörmət edilən, alqışlanan) kökü durur. Amma burada “Mahammad” ad, yəni xüsusi isim yox, ümumi isimdir. Çünki onun arxasında “-im” cəm şəkilçisi gəlir.
İlk baxışdan məntiqi izahdır. Lakin yəhudilər bir şeyi gizlətməyə çalışırlar. Gizlətməyə çalışırlar ki, “-im” ümumi isimlərin arxasına cəm bildirmək üçün artırıldığı kimi, xüsusi isimlərin də arxasına artırılır və bu halda o, cəm şəkilçisi kimi deyil, hörmət bildirən hissəcik kimi çıxış edir. Məsələn, ivrit (yəhudi) dilində “Allah” sözü “Eloh” kimi səslənir, lakin Bibliya mətnlərində bu adın da arxasına sırf hörmət mənasında “-im” əlavə edilir və heç bir yəhudi “Elohim” kəlməsini “tanrılar” kimi başa düşmür. Söhbətin tək Tanrıdan getdiyini bilir. Yalnız bəzi xristianlar “-im” hissəciyini cəm şəkilçisi kimi yozur və “Elohim” kəlməsini “tanrılar” kimi tərcümə edir və bu halda söhbətin Allahdan və Müqəddəs Ruhdan getdiyini iddia edirlər.
Bu hal bir çox dünya dilləri üçün xasdır. Hörmət mənasında cəm haldan istifadə edilir. Məsələn, Qurani-Kərimdə Allah-Təala Özünü “Mən” deyə tərif etmir. Bunun əvəzinə hörmətinin yüksək səviyyəsini göstərmək üçün “Biz” deyir:
وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ أَبَىٰ
Dostları ilə paylaş: |