AYƏ 120:
﴿ وَذَرُواْ ظَاهِرَ الإِثْمِ وَبَاطِنَهُ إِنَّ الَّذِينَ يَكْسِبُونَ الإِثْمَ سَيُجْزَوْنَ بِمَا كَانُواْ يَقْتَرِفُونَ ﴾
TƏRCÜMƏ:
«Aşkar və gizlin günahı (əməl və qəlb günahını və ya aşkarda və xəlvətdə edilən günahı) tərk edin! Şübhəsiz, günah qazananlar tezliklə mürtəkib olduqları şeyin müqabilində cəzalandırılacaqlar.»
TƏFSİR:
Yuxarıda qeyd olunan əməllərin bəzilərinə gizlində mürtəkib olmaları mümkün olduğundan onun davamı olan bu ayədə ümumi bir qanun şəklində buyurulur: Həm gizlindəki, həm də aşkardakı günahları tərk edin.
Cahiliyyət dövründə bəziləri inanırdılar ki, iffətə zidd olan zina əməli əgər gizlində baş verərsə, eybi yoxdur, yalnız aşkarda olanda günah sayılır! Müasir dövrdə də bəziləri cahiliyyət məntiqindən ibarət olan bu işi qəbul edərək yalnız aşkarda olan günahlardan vəhşət hissi keçirir, gizlində baş verən günahlar müqabilində əsla narahat olmurlar.
Yuxarıdakı ayədə bu batil məntiq məhkum edilir. Sonra günahkarları təhdid etməklə onları gözləyən acınacaqlı aqibəti xatırlatmaq üçün buyurulur: Günah əməllər kəsb edənlər tezliklə öz əməllərinin cəzasına çatacaqlar.
AYƏ 121:
﴿ وَلاَ تَأْكُلُواْ مِمَّا لَمْ يُذْكَرِ اسْمُ اللّهِ عَلَيْهِ وَإِنَّهُ لَفِسْقٌ وَإِنَّ الشَّيَاطِينَ لَيُوحُونَ إِلَى أَوْلِيَآئِهِمْ لِيُجَادِلُوكُمْ وَإِنْ أَطَعْتُمُوهُمْ إِنَّكُمْ لَمُشْرِكُونَ ﴾
TƏRCÜMƏ:
«(Kəsilərkən başı) üzərində Allahın adı çəkilməmiş (və murdar olmuş) şeydən yeməyin ki, onu yemək əlbəttə, (Allaha qarşı) itaətsizlikdir. Həqiqətən şeytanlar öz köməkçi və dostlarına sizinlə mübahisə edərək çəkişsinlər deyə gizlincə (“Allahın öldürmüş olduğu heyvan sizin öldürdüyünüzdən daha yaxşıdır” kimi sözlər) təlqin edirlər. Əgər onlara itaət etsəniz, onda siz də (ya doğrudan da) müşriksiniz (ya da müşrik hökmündəsiniz).»
TƏFSİR:
Bu ayədə məsələnin mənfi yönünə təkid olunaraq buyurulur: Başları kəsilən zaman Allahın adı çəkilməyən heyvan ətlərindən yeməyin.
Sonra qısa bir cümlə ilə bu əməl məhkum edilir və yenidən buyurulur: Bu pis və günah bir iş, düzgün yoldan və bəndəlik hüdudlarından azmaq, Allaha itaətdən çıxmaqdır.
Bəzi sadəlövh müsəlmanların onların şeytani vəsvəsələrindən təsirlənməmələri üçün əlavə edilir: Şeytanlar vəsvəsə yaradan mətləbləri məxfi şəkildə öz dostlarına təlqin edirlər ki, sizinlə münaqişəyə qalxsınlar. Lakin ayıq olun və bilin ki, əgər onların vəsvəsələrinə təslim olsanız, siz də müşriklərin cərgəsinə keçəcəksiniz.
Bu münaqişə və vəsvəsələr bəlkə də müşriklərin bir-birinə təlqin etdikləri məntiqdən ibarətdir. Onlar deyirdilər ki, bizim ölü heyvan ətini yeməyimizin səbəbi budur ki, onu Allah öldürmüşdür və ölmüş heyvan ətini yeməmək də Allahın işinə bir növ etinasızlıqdır! (Bəziləri demişlər ki, ərəb müşrikləri bu əqidəni məcusilərdən kəsb etmişlər.)
Halbuki, özü ölən heyvanlar əksər hallarda xəstə olur, bundan əlavə, başı kəsilmədiyi üçün çirkli qan ətin içindəki damarlarda qalır. Onu halal sayanlar isə həm onun xarab olmasından, həm də əti xarab etməsindən qafil olmuşlar.
AYƏ 122:
﴿أَوَ مَن كَانَ مَيْتًا فَأَحْيَيْنَاهُ وَجَعَلْنَا لَهُ نُورًا يَمْشِي بِهِ فِي النَّاسِ كَمَن مَّثَلُهُ فِي الظُّلُمَاتِ لَيْسَ بِخَارِجٍ مِّنْهَا كَذَلِكَ زُيِّنَ لِلْكَافِرِينَ مَا كَانُواْ يَعْمَلُونَ﴾
TƏRCÜMƏ:
«Məgər (küfr və imansızlıq ölümü ilə) ölmüş və sonra Bizim (dinə hidayət etməklə) dirildərək (imanından,) vasitəsilə insanlar arasında yol getdiyi (yaşadığı) bir nur verdiyimiz şəxs, (etiqadi və əməli azğınlıq) zülmətlər(in)də olan və ondan çıxmayacaq şəxs kimidir?! Kafirlərin etdikləri əməllər, onlar üçün beləcə zinətlənmişdir.»
TƏFSİR:
Bu ayədə mütəal Allah yolunu azdıqdan sonra hidayət etdiyi bir şəxsi əvvəlcə ölü olan, sonra onu dirildərək onun üçün bir nur qərar vermiş olduğu bir adama bənzədir. Həmin şəxs o nurun vasitəsilə camaat arasına işıq saçır. Öz azğınlığında qalanlar isə heç bir yol göstərəni olmadan qaranlıq zülmətlərdə gəzən və oradan çıxa bilməyən bir şəxsə oxşadılmışdır.
Bu ayədəki «nur» dedikdə məqsəd təkcə Quran və Peyğəmbərin (s) təlimatları deyildir. Əksinə, Allaha iman gətirmək də insana yeni idrak və ali görüş bağışlayır. Belə ki, onun nəzərləri maddi həyatın hüdudlarından kənara gedir, maddə aləminin dörd divarından daha yüksəklərə pərvaz edir, son dərəcə geniş olan bir aləmə qədəm qoyur.
Şəxs bu nurun sayəsində özünün camaat arasındakı həyat yolunu tapıb başqalarının hərislik və tamahkarlıq nəticəsində düçar olduqları səhvlərin çoxundan amanda qala bilər. Eləcə də başqalarının maddi təfəkkür və həvayi-nəfsin əqlə qələbə çalması nəticəsində düçar olduqları səhvlərdən də kənarda qalar.
İslam rəvayətlərində oxuduğumuz kimi, «mömin və imanlı insan Allahın nuru ilə nəzər edir» kəlamı da məhz həmin həqiqəti göstərir.
Dostları ilə paylaş: |