Görkəmli yerlərin ziyarət etmiş.
Yaşı iyirmi üç olanda Həzrət
Müstəqil həyata keçdi nəhayət
Ticarət işində oldu çarvadar
Çoxları edərdi ona etibar.
Alqı–satqısında olmazdı qüsur
Əxlaqı dillərdə olmuşdu məşhur.
Düzlükdə paklıqda çıxarmışdı ad
İstərdi hamını görsün qəlbi şad.
Kindən yamanlıqdan riyadan uzaq
İyirmi beş yaşa çatdı bu sayaq.
Xədicə adında bir qadın vardı
İki ərdən sonra tənha yaşardı.
Əlində var idi hər cürə imkan
Karvanları gedib–gəlirdi Şamdan.
Varlı olmağının mənbəyi əsas
Əvvəlki ərlərdən qalmışdı miras.
Böyük bir sərvətə malik bu qadın
Çox uca tutardı Qureyşin adın.
Əsl–nəcabətin bilsək dərindən
Peyğəmbərə qohum sayılır əslən.
Məkkənin ən varlı sanlılarından
Onu almaq üçün gəlir çox zaman.
Bilir dövlətinə görədir bu iş
Odur ki hamını rədd eləyərmiş.
Köləsi Meysərin vasitəsilə
Ticarət işlərin aparır belə.
Bəzi adamlara sərmayə verir
Qazanca özü də ortaqlıq edir.
Evlənmə yaşına çatanda Həzrət
Əbu Talib ona bir gün nəhayət
Evlənmə təklifin saldı yadına
Sonra da məsləhət verərək ona
Xədicədən gedib sərmayə alsın
Növbəti səfərə özünü salsın.
Səfərdən əlinə mənfəət gələr
Onun hesabına evlənə bilər.
Əmi–qardaşoğlu razılaşdılar
Düşünüb verdilər belə bir qərar.
Xədicəni görüb danışmaq üçün
Əbu Talib durub getsin həmin gün.
Əbu Talib gedir Xədicəgilə
Həzrətin təklifin deyəndə belə
Çağırıb evinə dəvət eylədi
Sərmayə verərək belə söylədi:
– Şöhrətin dillərdə olubdu dastan.
Deyirlər əməlisaleh adamsan.
Sən kimi bir şəxsə ehtiyacım var.
Mənim mallarımı Şama sən apar.
Köləsi Meysəri qoşaraq ona
Həzrət də başçılıq edib karvana
Səhəri Məkkədən çıxdılar erkən.
Yolları Busradan yenə keçərkən
Həzrət Bahiranı sordu–aradı
Sağlığından soraq verən olmadı.
Yerində Nəstura adında keşiş
Onun yaxınlarda ölməyin demiş.
Həzrət kədərlənir bundan bir qədər
Sonra rahib ilə söhbət edirlər.
Rahib sual edir ona bu zaman
Dinləri haqqında soruşur ondan.
Bütlərə nifrətin deyəndə Həzrət
Rahibi bir anlıq bürüdü dəhşət.
Dedi: – Oxuduğum dini kitablar
Əlamətlərini köstərir aşkar.
Allah dərgahında ucalacaqsan
Sonuncu Peyğəmbər sən olacaqsan.
Ölməyib görəydim o günü mən də
Səni ümmətinə xütbə deyəndə.
O da Bahiranın dediyin dedi,
Şama getməklərin rəva bilmədi.
Rahibin sözünə qulaq asdılar
Malların burada satdılar nə var.
Malların satışı qazanclı oldu
Yerinə başqa mal alıb vuruldu.
Döndülər geriyə–Məkkəyə sarı
Gələndə uğurlu oldu yolları.
Məkkə şəhərinə çatanda karvan
Xədicə Həzrəti gördü uzaqdan,
Hər çiyni üstündə məlaikə var
Onu qorumağa hazır durublar.
Öz–özünə dedi: – Bu nə sirridir
Yoxsa, bu Allahın sevimlisidir?!
Mallar tez satıldı qazanc bu qədər
Heç bir ticarətdə görməmişdilər.
Xədicə Həzrətdən çox razı qaldı
Ülvi məhəbbətin qəlbinə saldı.
İnanmışdı onun pak olduğuna
Ticarət işlərin tapşırdı ona.
Yolda gördüklərin nökəri Meysər
Söylədi: – ömrümdə indiyə qədər,
Belə bir düz adam görməmişəm mən.
Sonra da danışdı kəramətindən:
– Başının üstündə bulud olardı
Karvan üzərinə kölgə salardı.
Üç aya yaxın biz səfərdə olduq
Nə susuzluq gördük nə də yorulduq.
Rahiblə görüşün deyəndə ona
Gördüyü bir röya düşdü yadına.
Yuxusun yozanlar demiş: – Bir zaman
Peyğəmbər zövcəsi sən olacaqsan.
Odur Mühəmmədə göndərdi xəbər
Məşhur adamlardan gəldi elçilər.
Əsil–nəcabətdən getdi danışıq
Sonra razılığa gəldilər artıq.
Əbu Talib xeyir–dua söylədi
Axırda “oğullu olsunlar!” –dedi.
Vərqa da fikrini eylədi agah
Sonra da onlara bağladı nigah.
Dəvələr kəsilir tələm–tələsik
Çalıb oynadılar başlandı şənlik.
Hamı ziyafətdən çox razı qaldı
Həzrət Xədicəyi–Kübranı aldı.
Onlar bir–birinə edir etibar
Səadət içində yaşayırdılar.
Həzrət ailəyə başçılıq edir
Onlar da dünyaya övlad gətirir.
Dörd qız iki oğlan oldu anadan
Oğlanlar körpəkən köçdü dünyadan.
Qızlar tərbiyəli gözəl mehriban
Ərlik yaşlarına çatdığı zaman
Əbu Ləhəb Həzrət oldular quda
Həzrətə dərd oldu sonralar bu da.
Ümm Külsüm qızın aldı Üteybə
Ütbəyə getmişdi qızı Ruqiyyə.
Qurani–kərimdən bildiyimiz tək
Allahın əmrinə əməl edərək.
Həzrəti İbrahim oğlu İsmail
Kəbəni tikməyə oldular nail.
Ziyarətgah kimi tikilən zaman
Bu evin üstündə yox idi tavan
Üstünə illərlə yağış tökülmüş
Divarlar bir neçə yerdən sökülmüş.
Odur ki yığılıb qureyşilərdən
Kəbəni yenidən təmir edərkən
Divarlar hörülüb möhkəm tikildi
Üstünə taxtadan tavan çəkildi.
Qara daşı qoymaq vaxtı çatanda
Böyük mübahisə oldu bu anda.
Bu müqəddəs daşı ilk kim alacaq
Yerinə qoymağa nail olacaq.
Odur bu ixtilaf çıxdı davaya
Qanla dolu çanaq gəldi araya.
Əllərini qana bir–bir saldılar
Ölüb öldürməyə hazır qaldılar.
Bir ağsaqqal dedi: – Dayanın bir az
Bu işi qan ilə həll etmək olmaz.
Mən təklif edirəm bu məscidə kim
Birinci gələrsə o olsun hakim.
Hamı razılığa gəldi bu zaman
Həzrəti gördülər girdi qapıdan.
Dedilər: – “əl əmin” Mühəmməddi bu!
Məsələdən agah etdilər onu.
Yerə səriləcək parça gətirtdi
Alıb səliqəylə tez yerə sərdi
Həcərül–əsvədi o yavaş–yavaş
Parçanın üstünə qoyanda birbaş
Hamısı heyrətlə baxırdı ona.
Dedi ki: – Dörd nəfər gəlsin yaxına
Hər bir qəbilədən tutdu bir nəfər
Qoyulduğu yerə bir gətirdilər.
Həzrət daşı alıb yerinə qoydu
Hamı sakit olub hirsi soyudu.
Kəbəni təmirə başlayan zaman
Mühüm bir hadisə baş verdi bu an.
Abbas Həzrət ilə daş daşıyarkən
Dedi: – Ehramını çiyninə sal sən.
O zaman çiyninə düşməz əziyyət
Məsləhətə qulaq asaraq Həzrət
Ehramın çiyninə alıb çəkərkən
Bədəni açıldı getdi özündən.
Bu hal keçən kimi ehramın aldı
Bədənin örtərək üstünə saldı.
Əbu Talib sordu maraqlanaraq
Əmisinə cavab verdi bu sayaq:
– Ehramı çiynimə qoyduğum zaman
Bir səs qulağıma gəldi uzaqdan
Ört öz vücudunu söylədi mənə
Sən ki Peyğəmbərsən yaraşmaz sənə.
Eşitcək bu səsi itdi taqətim
Qorxudan yayındı bir an diqqətim.
Həzrətin qorxusu deyildi əbəs
Qeybdən gəlmişdi ilk nida ilk səs!
Otuz beş yaşını keçmişdi Həzrət
Qəlbində Allaha artır məhəbbət.
Gündüzlər Kəbəni ziyarət edər
Gecələr çox zaman ibadət edər.
Allahdan olardı sözü–söhbəti
Cahil adətləri sevməzdi qəti.
Kəbəyə bütləri yığır ərəblər
Ondan ilham alıb coşardı təblər.
Kəbəni lüt–üryan hərlənərdilər
Allahın evində əylənərdilər.
Qumar oynayan kim şərab içən kim
Qarşısın almağa olmazdı hakim.
Ölkədə nə qanun nə qayda vardı
Qəbilə davası tez–tez olardı.
Qolları güclülər gücsüzü soyur
Onları qanun yox tayfa qoruyur.
Ölümə ölümlə təhqirə təhqir
İntiqam alınır qan axıb gedir.
Həzrət ətrafında öz şəhərində
Görür dilənçilər cındır içində.
Mal ölçən mal satan tacir adamlar
Qiymətdə çəkidə alanı xamlar.
Onlarda insafdan olmazdı əsər
Hər dəqiqə günah işlədərdilər.
Yaşı otuz səkkiz olanda Həzrət
Bu iyrənc işlərə dedi qabahət.
Xalqdan üz döndərib uzaqlaşaraq
Tənha yaşamağı üstün tutaraq
Məkkədən yuxarı Hira dağında
Gəlib oturardı mağarasında.
Daim ibadətlə məşğul olardı
Tək–tənha sübhədək oyaq qalardı.
Ramazan ayını orda keçirdər
İbadət eyləyər səhərə qədər.
Sakit məbədində fikrə dalardı
Gördüyü röyalar gerçək olardı.
Həzrət qırx yaşına çatdığı zaman
Qulağına səslər gəldi durmadan.
Qeybdən gəlirdi bu səs bu səda;
– Allahın elçisi sənsən dünyada.
Bacılar qardaşa məhrəm olanda
Qızlar diri–diri basdırılanda,
Pozğunluq baş alıb getdiyi zaman
Ona peyğəmbərlik verdi Yaradan.
Ramazan ayının on səkkizində
Gördü mağarasın o nur içində.
Təkrarən adını çəkirdi kimsə
Diqqət ilə qulaq asdı bu səsə.
Adını eşitcək əsdi qorxudan
Yıxılıb huşunu itirdi bir an.
Haçandan–haçana özünə gəlcək
Başının üstündə gördü bir mələk.
Cənabi Cəbrail gəldi yaxına
İpəkdən bir namə uzatdı ona.
Dedi: – Mən oxumaq bilmirəm axı
Allahın əmridir! dedi: – Al oxu!
Üç dəfə Həzrəti sıxdı bağrına
Cəbrail təkrarən buyurdu ona:
– “Bütün məxluqatı yoxdan yaradan
Rəbbinin ismilə oxu ucadan”.
“ələq” surəsindən oxutdu ona
Allahın sevimli son Rəsuluna.
Bu gəliş Həzrətdə təşviş oyatdı
Səhər məbədindən evinə çatdı.
Üzündən ətrafa yayılırdı nur
Xədicə maraqla sordu: – Nə nurdur?
Peyğəmbər buyurdu: – Üstümü örtün.
Dərin bir yuxuya getdi həmin gün.
Yuxudan oyanıb danışdı bir–bir
Olan hadisəni eylədi təsvir.
Xədicə bunları eşidən kimi
Ərinə söylədi sevinən kimi:
– Sən mənə xoş xəbər gətirmisən ki.
Qanadım çatmayır uçmağa sanki.
Təsəlli verərək dedi: – “Döz bir az
Allah öz qulunu yalqız buraxmaz.
Həqiqət yolunu tutdun hər zaman
Qonşulara qarşı çox xeyirxahsan.
Fəqirə kasıba hörmət edənsən
Yolunu azana yol göstərənsən.
Ya Mühəmməd səndə gördüyüm bu nur
Peyğəmbərliyinə açıq subutdur.
Böyük Yaradana əmin ol ki sən
Artıq bu ümmətin peyğəmbərisən.
Xədicənin doğma əmisi vardı
Onların evində tez–tez olardı.
İncili Tövratı bilirdi əzbər
Bütün elmlərdən verərdi xəbər.
Belə bir rəvayət edirlər o gün
Xədicə həyəcan içində bütün
Tələsik tez gedir onun yanına
Eşitdiklərini danışır ona.
Sonra sual edir: – Deyilsə bu sirr
Mənə izah eylə Cəbrail kimdir?
Vərqə Xədicəyə: – Müjdələr olsun.
Nəhayət Peyğəmbər zövcəsi oldun.
Mühəmmədin sözün təsdiq edərək
Musaya gələndir dedi: – O mələk
Namusi–əkbərdir adı Cəbrail.
Peyğəmbərlərə o vəhy edir nazil.
Ey Xədicə röyan axır oldu çin
Zövci–Kəriminə baxaraq sevin.
Xədicə bunları eşidən zaman
Tələsik evinə dönür durmadan.
Onun dediklərin Həzrətə deyir
İman gətirərək şəhadət edir.
Dedi: – Yox Allahdan qeyri bir Allah!
Mühəmməd həm quldur həm Rəsulüllah!
Birinci vəhydən keçdi tam üç il.
Daha başqa bir vəhy olmadı nazil.
Həzrət məbədinə bir gün gedərkən
Göydən gələn səsi eşitdi birdən.
Yenə də bədəni lərzəyə düşdü
Geriyə qayıdıb evə yetişdi.
Yuxusun almaqa yerinə girdi.
Xədicə libasın üstünə verdi.
Cəbrail gəldigcə yaxınlıqına
Həzrəti səsləyib deyirdi ona:
– “Ey yataq libasın üstünə çəkən
Qalx! Oyan! Xalqına nəsihət et sən!
Rəbbini uca tut! Bütləri tərk et!
Sənə üz verəcək əzaba səbr et!”
Bu surənin adı “əl–Müddəssir”
İslamı yaymağa eylədi təsir.
Məkkədə başladı qıtlıq bir zaman
Əbu Talib üçün olmadı asan.
Həzrət onun yükün azaltmaq üçün
Əmisi Abbasa söylədi bir gün:
– Görürsən qardaşın əziyyətdədir
Günü–güzəranı çox ağır gedir.
Onun oğlanların birin götür sən
Birini də alım övladlığa mən.
Abbas razı olub Cəfəri aldı
Həzrət də əliyə meylini saldı.
Beş yaşında idi əli o zaman
Ona övladıtək baxdı mehriban.
Tərbiyəsinə çox diqqət verərdi
Əli də öyüdün qəbul edərdi.
Ona öyrətdilər yazıb–oxumaq
Əli on yaşına çatdı bu sayaq.
Həzrət nübüvvətə çatdığı zaman
İlk kişi o idi gətirdi iman.
Kiçik yaşlarından qılardı namaz
Böyük Yaradana edərdi niyaz.
İslama ürəkdən bağlandığından
Hədislər öyrənər oxuyar Quran.
Dini söhbətlərə qulaq asardı
Diqqətlə dinləyib heyran olardı.
İslam Peyğəmbəri namaz qılarkən
Üç nəfərdi ona iqtida edən.
Həzrət Xədicədən bir az irəli
Sağında dayanır Həzrəti əli.
Əbu–Talib oğlu Cəfəri Təyyar
Sol tərəfdə durub namaza başlar.
Həzrətin Zeyd adlı bir azad qulu
Görüb bəyənmişdi bu haqq yolunu.
Əvvəli bilinmir kimdir nəçidir
Cəhalət dövründə düşmüşdü əsir.
Onu qul aldılar Xədicə üçün
O da Peyğəmbərə bəxş etdi bir gün.
Zeydin atası da eşitcək bunu
Gəldi azad etsin əsir oğlunu.
Ona təklif etdi Rəsuli–əkrəm:
– Qayıt evinizə! Dedi: – Getmərəm!
Kəbəyə aparmış Zeydi nəhayət
Onu oğulluğa götürmüş Həzrət.
İtaət edərək öz sahibinə
O da daxil oldu islam dininə.
Bu anlar hələlik yalnız dörd nəfər
Həzrətə qoşulub ibadət edər.
Həzrət xalqı dinə çağıran zaman
Əbu Bəkr Osman gətirdi iman.
Çoxu Peyğəmbərə inandığından
Tərəddüd etmədən oldu müsəlman.
Bunlara da yaxın qohum olanlar
Müsəlman olmağa verdilər qərar.
Müsəlman olanlar olsalar da az
Gizli şəraitdə qılırlar namaz.
Üç il davam etdi gizli vəziyyət
Tanrıdan vəhy gəldi–açıqca dəvət.
“Şüəra” surəsi əmr edir bunu:
“Qorxut sən ən yaxın qohum dostunu.
Sənə tabe olan möminləri al
Qanadın altına nəzakətlə sal”.
Vəhyin bu əmrinə əməl edərək
Evində ziyafət o düzəldərək
Əbu Talib Abbas Həmzə nəhayət
Əbu Ləhəbi2 də etmişdi dəvət.
Yeməkdən az keçmiş söhbət edirlər.
Onlara haqq dindən deyən Peyğəmbər
Sonra da Allahın əmrini deyir
Hamını islama dəvət eyləyir.
Əbu Ləhəb bunu eşidən zaman
Sözünü deməyə vermədi imkan.
Məclis əhli durub dağıldı tamam.
Bir neçə gün keçdi qırx–qırx beş adam
Əksəri ağsaqqal haşimilərdən
Yenidən evinə dəvət edərkən
Peyğəmbər onlara edir ehtiram
Süfrələr çəkilir yeyilir təam.
Sonra söhbət gedir dindən–imandan.
Rəsuli–əkrəm də elə bu zaman
“Şüəra”dan ayə edəndə təkrar
Ardıycan buyurdu: – Siz ey qohumlar!
Tanrı tərəfindən mən bir elçiyəm
Xəbərdar etməyə börcumdur deyəm.
Haqq–hesab günündə inanın mənə
Ölənlər dirilib duracaq yenə.
Edilən hər hansı əməllərin siz
Nəticəsini də görəcəksiniz.
Ərəblərdən heç kim indiyə qədər
Qövminə verməmiş xeyirli xəbər.
Sizi bu dünyada axirətdə həm
Xilas edən dini mən gətirmişəm.
Allah buyurubdur–söylədi Həzrət:
– Bu haqq dinə sizi mən edim dəvət.
Kim mənə bu işdə edərsə kömək
O mənə canişin vəlidir demək.
İndi müraciət edirəm sizə
Üz tutub deyirəm hər birinizə
Kim mənə bu işdə köməkçi olar?
Elə bil quyuya bir daş atdılar.
Heç kimdən gəlmədi nə səs nə səmir.
Məclisdə ağır bir sükut hökm edir.
Bu dərin sükutu pozaraq birdən
Həzrəti əli cəld cavab verdi: – Mən!
Peyğəmbər buyurdu: – Sən otur hələ.
Üç dəfə onlardan soruşdu belə:
– Kim mənə qohumtək edəcək kömək?
Yenə də birinci məclisdəki tək
Qonaqlar getməyə hazırlaşarkən
Üçüncü dəfə də əli dedi: – Mən!
Yerindən quş kimi qalxıb ayağa:
– Yolunda hazıram mən vuruşmağa.
Mən sənə arxayam ya Rəsulüllah!
Peyğəmbər onlara: – Olun siz agah
Əlini göstərib dedi: – Bu cavan
Sizdən çox o mənə inandığından
Mənim qardaşımdır–Vəsiydir əli!
Ona tabe olub hörmət etməli!
Bu gizli dəvəti bitirib fəqət
Sonra da başladı ümumi dəvət.
Gün–gündən inkişaf etdigcə islam
Bir müddətdən sonra böyük izdiham
Səfa təpəsinə yığdı nəhayət.
Ey Qureyş tayfası! – buyurdu Həzrət:
– Sizə bu təpənin arxasında mən
Xəbər versəm bura yeriyir düşmən
İnanarsınızmı mənə o sordu.
Bir neçə ağızdan çoxu buyurdu:
– Bəli inanarıq indiyədək biz
Sözlərini qəbul etdik şübhəsiz.
Odur ki adına “əl–əmin” dedik
Yalan dediyini eşitməmişik.
İlk rəvan xutbəsin edərək davam:
– İndi ki belədir gərək hər adam
Allah tərəfindən məni eşitsin
Tək olan Tanrıya ibadət etsin.
Haqq olan Allahı tanımayanlar
Əzaba zillətə olacaq düçar.
Ondan ötrü sizi ayıldıram mən
Qorxun o Allahın siz qəzəbindən.
Onun varlığına inanan ancaq
Bu ağır cəzadan nicat tapacaq.
Çəkinin bütlərə allah deməkdən
Bütlərdən mərhəmət görməmişəm mən.
Öz əllərinizlə düzəltdiyiniz
Bütlərə ibadət bəsdir etdiniz.
Yoxdur başqa məbud Allahdan ulu!
Yaradan Allahdır biz onun qulu!
Həzrətin sözünü kəsərək yenə
Əbu Ləhəb dedi: – Ar olsun sənə.
Bizi bunun üçün yığmısan bura?
Həmin yığıncaqdan keçdi bir ara
Qureyşin bütpərəst ağsaqqalları
Adlı–sanlıları buna oxşarı.
Əbu Talibgilə bir gün getdilər
Şikayətlərini təkrar etdilər.
– Bizim məbədləri təhqir eyləyir
“Bütdən Allah olmaz çəkinin!” –deyir.
Əvvəl sözümüzü demişdik sənə
Son dəfə xəbərdar edirik yenə
Ya qardaşın oğlun yolundan qaytar
Ya da himayəndən çıxart dur kənar.
Sən Mühəmməddən əl çəkməsən əgər
Səndən əl çəkərik–deyib getdilər.
Əbu Talib görür çətinləşir iş
Qardaşı oğlunu çağırıb demiş:
– Xalqın şikayətə gəlmişdi səndən
Hiddətə gəliblər dediklərindən.
İstəyirlər səndən durum aralı.
Eşitcək Həzrətin dəyişdi halı:
– Ey atam əvəzi əmim qulaq as
Mənim sözlərimi onlar anlamaz.
Allah elçisiyəm özümdən heç nə
Uydurub demirəm mən özgəsinə.
Əgər bir əlimə Günəşi qoyar
O biri əlimə Ayı qoysalar
Mən bu haqq yolundan dönməyəcəyəm
Borcumu Tanrıma ödəyəcəyəm.
Sən məndən əl çəkə bilərsən əmi.
Mən çəkə bilmərəm Haqdan əlimi.
Ya Allahım mənə qüvvət verəcək
Ya da ki bu yolda fəda edəcək!
Deyərək Həzrətin gözləri doldu...
Əbu Talibə də təsir etdi bu:
– Oğlum arxayın ol ölməmişəm mən.
Onlardan çəkinmə işində ol sən.
Deyərək Həzrətə verdi təminat
Bu onun qüvvətin artırdı qat–qat.
Həzrətdə ilahi bir qüvvə vardı
Müqəddəs sözləri qəlbə yatardı.
Fikri danışığı aydın işıqlı
Geyimi tər–təmiz çox yaraşıqlı
Üzü günəş kimi şəfəqli nurlu
Heç nə görünməyir onda qüsurlu.
Təmizliyi oldu dillərdə əzbər
“əmin” ləqəbini ona verdilər.
Əxlaqının yüksək əmalı ilə
Fitri istedadı kəmalı ilə
İslamiyyətə o gətirdi şərəf
Hamını çəkərdi özünə tərəf.
“Həzrəti Adəmin dürüst əxlaqı
Həzrəti Davudun xeyirxahlığı
Nuhun ağlasığmaz mərd cəsarəti
İbrahimin hikmət həm mərhəməti
Həzrəti İsanın dönməz inadı
Yusifin misilsiz gözəl siması
Yəqubun dərk etmə məharəti də
Musanın sarsılmaz dəyanəti də
İsmailin aydın söz danışığı
Lutun heyrətamiz göz açıqlığı”
Bu əlamətlər ki Həzrətdə vardı
Onu dinləyənlər məftun olardı.
Bir neçə məkkəli Rəsulüllahdan
Bir möcüzə tələb edir bu zaman:
– Peyğəmbər olmağın doğrudur əgər
Musa İsa kimi möcüzə göstər.
Ucalt qarşımızda qızıl saraylar
Ölüləri dirilt ya buna oxşar
Korlara şəfa ver gözlərin aç sən
İnanaq Allahın Peyğəmbərisən.
Həzrət başa saldı o adamlara
Hər zaman möcüzə gəlməyir kara
Görülən möcüzə daim qalarmı?!
Qurandan da böyük möcüzə varmı?!
Bu kitab elə bir dildə yazılmış
Allahın nurundan mayasın almış.
Gətirilən bütün dəlillər elə
Şəksiz şübhəsizdir cinlər də belə
Bunun oxşarını yarada bilməz
Belə bir möcüzə görməyib heç kəs.
Böyük möcüzədir Quranı–kərim.
Allah kəlamıdır qədimdən qədim.
Əbu Ləhəb əbu Cəhl kimilər
Başqa möcüzələr tələb etdilər.
Həzrət barmağını uzatdı Aya
Gördülər bölünüb iki parçaya.
“əl–Qəmər” surəsi sübutkən buna
Bu ki “sehrbazdır” – dedilər ona.
Bunu görə–görə kafirlər yenə
Son qoymadı alçaq əməllərinə.
Əbu Ləhəb əsla çəkinməyirdi
Çirkin niyyətini davam edirdi.
Peyğəmbərə qəddar düşmən olanlar
Bütpərəstlər bir gün çıxartdı qərar
Bütün müsəlmanlar təqib edilsin
Onlara ən ağır cəza verilsin.
Əbu Bəkr Osman kimi şəxslərə
Bir söz demirdilər bu dinə görə.
Kimsəsiz arxası olmayanlara
“Allah təkdir” deyən müsəlmanlara
Ən ağır cəzalar verirdi onlar.
İsti qum üstündə uzadan anlar
Sinəsi üstünə isti daş qoyar
Günəşin altında döyüb saxlayar.
Dözülməz əziyyət zülm verərdilər
Ac susuz saxlayıb incidərdilər.
Yanar od üstünə uzadıb birin
Nizəyə keçirib başqa birisin
Döyərək al qana bürüyərdilər
Dəvəyə bağlayıb sürüyərdilər.
Hər cürə əzaba oldular düçar
Müsəlman olana mal satmazdılar.
Bilalın boynuna ip keçirdərək
Yerlə sürümüşlər onu ilantək.
Ömər də müsəlman olmadan öncə
Müsəlman kənizin döymüş ölüncə.
Həzrət də bu yolda çox əzab çəkir
Bəzən küçələrdə edilir təhqir.
Əbu Ləhəb ilə onun arvadı
Həzrəti görən tək çəkər fəryadı.
Başına kül atıb daşa basardı
Əlinə nə düşsə ona atardı.
Keçdiyi yoluna tikanlar yığar
Həzrətə əziyyət verərdi onlar.
Axırda ədavət o qədər artdı
Həzrətin qızların evdən çıxartdı.
Get–gedə təqibə məruz qalanlar
Bəzisin ibadət etdiyi anlar
Gizlində–aşkarda düşəndə fürsət
Qətiyyən heç kimə etməz mərhəmət
Müsəlman olanı öldürərdilər.
Bu ağır həyatı görür Peyğəmbər.
Məkkədə ibadət deyildi mümkün
Yaşamaq qorxulu olduğu üçün
Müsəlmanlar çəkir çox əziyyəti.
Götür qoy edərkən bu vəziyyəti
Özünün haqqında heç düşünmədən
Belə bir qərara o gəldi həmən.
Nə qədər bu çətin olsa da ona
Həzrət izin verdi Həbəşistana.
Odur ki yığılıb bir on beş nəfər
Həbəş ölkəsinə tərəf getdilər.
Yaxşı qarşılandı orada onlar
Tezliklə qurdular sakin ruzigar.
Həmin qafilənin başçısı Osman
Məkkəyə razılıq göndərdi ordan.
“Rəbbimiz Allahdır” dedikləriçin
Doğma yurdlarından düşüb didərgin
İbadət edəcək yer gəzirdilər
Həbəş ölkəsində oldu müyəssər.
Odur ki təxminən bir il keçərkən
İkinci qafilə yenə gedərkən
Əbu Talib oğlu Cəfəri–Təyyar
Başda olmaq ilə yola çıxdılar.
Gedənlərin sayı səksəni ötdü
Qureyş vəziyyətdən çox təşviş etdi.
İslamın ətrafa yayılmasından
Qorxaraq hiyləyə əl atdı bu an.
İki nəfər dildən dilavər olan
Çox bilmiş həm də ki hiyləgər olan
Onları geriyə alsınlar deyə
Elçitək gəldilər həmin ölkəyə.
Həbəşdə hökmdar Nəcaşi idi
İnsaf–ədalətdə çox yaxşı idi.
Onun hüzuruna girən elçilər
Hədiyyəsin verib belə dedilər:
– Bizim ölkəmizdən bir neçə avam
Başına yığaraq bir dəstə adam
Dinlərin buraxıb eyləmiş hicrət
Onlarda ağıldan yoxdur əlamət.
Nə bizə nə sizə məlum olmayan
Bir din uydurublar hamısı yalan.
Bəzisi cavandır ağlı kəsməyir
Ata–babaları geri istəyir.
Biz də hüzuruna gəldik elçitək
Mümkünsə onları ver bizə gedək.
Nəcaşi ağıllı bir hökmdardı
Dostları ilə paylaş: |