Sİnay yarımadasında
Bəni-İsrail tayfası dənizi keçdi. O mö`cüzə bütün qadın, uşaq və qocaların qəlbini Allahın qüdrəti ilə doldurmuşdu. Həyatda elə bir mö`cüzə görməmişdilər. Sular hündür dağ kimi dayanır, dənizin qaranlıq dibi uzun bir dərəyə çevrilir və günəş işığı altında parlayır. Əgər fir`onun azca ağıl və düşüncəsi olsaydı həmin qorxulu dərəyə girməzdi. Qürur onu kor etmişdi. Allahın nişanələri, onun elçisi Musanın mö`cüzələri barədə fikirləşmirdi. Ölkəsinin və millətinin gələcəyini düşünmürdü. İnsanları yalançı və qondarma şeylərlə aldadırdı. On minlərlə əsgər fir`ona ibadət etmək və onun əmrlərini yerinə yetirməkdən başqa heç bir şey bilmirdilər.
Qardaşı Harun və Bəni-İsrail Musanın yanında dayanmışdılar. Onlar fir`ona baxmaq üçün dayanmışdılar. Fir`on öz döyüş arabasına minib, atlarına qamçı vururdu. Atlar kişnəyərək hərəkətə gəlir və onların ardınca isə yüzlərlə döyüş arabası tərpənirdi. Bu zaman gözlənilmədən su dağları töküldü və dəhşətli səslər ucaldı; nəhəng dəniz dalğalarının səsi.
Dalğalar zalım fir`onu və onun qoşununu həlak etmək üçün hər iki tərəfdən töküldü. Nəhayət, fir`on dəniz dalğaları altında qalıb həlak oldu. Dalğalar onu dənizin qaranlıq dərinliklərinə apardılar. Həqiqətən, Bəni-İsrail tayfası bəşəriyyət tarixinin ən böyük mö`cüzəsinin müşahidə edib, Allahın tükənməz qüdrətini öz gözləri ilə görmüşdü.
Mö`minlər səhər vaxtı böyük sür`ətlə hərəkət edən ağ bulud topalarına bənzər atlar gördülər. Bəni-İsraildən bir kişi ağ atların dırnağı altında olan torpağın hərəkətə gəlib, dalğalandığını gördü. Dəsmalını çıxardı. Həmin torpaqdan bir ovuc götürüb, dəsmalına tökdü və təbərrük etmək məqsədilə özüylə götürdü.
Dəniz zalım qoşunları udduqdan sonra sakitləşdi. Onun dalğaları dayandı. Qəzəb və tufandan sonra sakitləşdi. Dəniz zülmü udduqdan sonra rahatlıq tapdı.
Bəni-İsrail sevindi. Zülm və düşmənçilikdən xilas olduqları üçün sevindilər. Onlar aydın sabah və rahat yaşayış fikrində idilər. Beləliklə Musa və onun ardınca Bəni-İsrail Sinay yarımadasındakı bir yerə doğru yola düşdülər.
Görəsən Musanın dərd və müsibətləri sona çatdımı? Musa Bəni-İsraili zülm və sitəmdən, çətinlik və işgəncələrdən, qətl və həbslərdən xilas etmək işində qələbə çalmışdı.
Bəni-İsrail tayfası on illərlə Misirdə yaşamışdı. Onlar bütpərəstliyə adət etmiş, büt və fir`onlara pərəstiş etməyə alışmışdılar. Ona görə də Musa onlara yeganə Allaha pərəstiş yolunu öyrətməli idi; hər şeyi yaradan Allaha. Həqiqətən ondan başqa heç bir tanrı və mə`bud yoxdur.
Dostları ilə paylaş: |