Bizans dromonu döyüş zamanı. Orta əsrlər miniatürü
I Müaviyə dövründə (661-680) ərəb basqınları daha tez-tez baş verir, üstəlik də Konstantinopola hücum üçün hazırlıqlar edilirdi. Konstantinopolun uzun müddət davam edən ilk ərəb mühasirəsi zamanı Bizans donanması imperatorluğun sağ qala bilməsi üçün əsas vasitələrdən olduğunu sübut etdi, ərəb donanması gizli və yeni silahın – “yunan atəşi”nin tətbiq edilməsi sayəsində geri oturduldu. Müsəlmanların Kiçik Asiya və Ege dənizindəki irəliləyişi müvəqqəti də olsa, dayandırıldı və bundan qısa müddət sonra otuz illik sülh anlaşması imzalandı (Pryor John H., Jeffreys Elizabeth M., 2006, s. 26-27).
Bizans dromonu
680-ci illərdə II Yustinian (685-695 və 705-711) donanmanın ehtiyaclarına xüsusi diqqət ayıraraq onu gücləndirmək üçün əlindən gələn hər şeyi etmiş, bu məqsədlə mahir dəniz piyadaları və avarçəkənlər kimi tanınan 18,5 mindən çox mardaiti imperatorluğun cənub sahillərinə köçürmüşdü (Treadgold Warren T., 1998, s. 72). Bununla belə, ərəblər 680 və 690-cı illərdə tədricən bütün Şimali Afrikaya nəzarəti ələ keçirməyi bacardılar və beləcə, dəniz təhdidi daha da gücləndi (Lewis Archibald Ross, Runyan Timothy J., 1985, s. 27). 698-ci ildə Bizanslıların son qalası olan Karfagen də müsəlmanlar tərəfindən fəth edildi. Doğrudur, xristianlar bir müddət sonra onu yenidən geria la bildilər, lakin əldə saxlaya bilmədilər (Norwich John Julius, 1990, s. 334).
İslam xəlifəsinin Tunisdəki valisi Musa ibn Nusayr yeni bir şəhər və liman tikdikdən sonra müsəlmanlar Şərqi Aralıq (Ağ) dənizində olduğu kimi, Qərbi Aralıq (Ağ) dənizində də Bizansa meydan oxumağa başladılar. Bu məqsədlə Misirdən 1000 nəfər gəmi ustası gətirdilərək yeni bir donanmanın inşasına start verən müsəlmanlar VIII əsrin əvvəllərindən etibarən Siciliya başda olmaqla, dənizin hər yerində Bizans yük gəmilərinə davamlı basqınlar təşkil etməyə başladılar. Yeni donanma müsəlmanların Məğribin fəthini tamamlamasına və İspaniyanın böyük bir hissəsinin ələ keçirməsinə imkan yaratdı.
Bizanslılar ərəblərin Afrikadakı irəliləyişinə adekvat cavab vermək imkanına sahib deyildilər, çünki başları 695-715-ci illər arasında aralıqsız davam edən daxili çəkişmələrə qarışmışdı. Təsadüfi deyil ki, xəlifə I Vəlidin (705-715) Konstantinopola yeni bir hücum hazırladığı barədə məlumat alan imperator II Anastasius (713-715) müsəlman donanmasına qabaqlayıcı zərbə vurmaq istəmiş, fəqət onun planı uğursuzluğa uğramışdı.
Dostları ilə paylaş: |