mülayim (sürünən) inflyasiyaşəraitində ölkədə qiymətlərin ümumi səviyyəsi ildə orta hesabla 10%-ə qədər artır. Bu zaman tədavüldə olan pullar əsasən öz dəyərini saxlayır, bağlanmış saziş və müqavilələrin qiyməti mövcud reallığı uyğun olur. Mülayim inflyasiya şəraitində müxtəlif ölkələrin iqtisadiyyatının müəyyən templərlə inkişafı göstərir ki, bu halda iqtisadiyyat canlanıb hərəkətə gəlir, onun stimullaşdırılması prosesi baş verir. Belə bir vəziyyətdə qiymətlərin artması meyli, təbii olaraq əhalini öz sərəncamında olan pulları xərcləməyə, əmtəə-xidmətlərdən daha geniş surətdə faydalanmağa sövq edir. Artan tələbə uyğun olaraq, istehsal-xidmət dairəsində genişlənmə nəzərə çarpır, yeni sahələrin formalaşması imkanları yaranır, müxtəlif təyinatlı iş yerləri açılır, məhsul bolluğu təmin olunur, iqtisadi resursların sahələrarası axın hərəkəti tədricən nizamlanır və ölkənin təsərrüfat həyatındakı uyğunsuzluq halları müvəqqəti də olsa, tarazlıqla əvəz olunur;
hallopirik (sürətli, çaparaq) inflyasiyavaxtı ölkədə qiymətlər il ərzində 20-200% arasında arta bilir. Bu zaman ölkədə pullar tədricən qiymətdən düşür, milli valyutanın alıcılıq qabiliyyəti zəifləyir, əmtəələrin-xidmətlərin qiymətləri bahalaşır, qiymətlərin artım tempi əhalinin pul gəlirlərini ötür.
Yaranmış vəziyyət ölkə əhalisi arasında, xüsusilə onun orta və aztəminatlı təbəqələri arasında narahatlıq, habelə sabaha inamsızlıq yaratdığından, cəmiyyətdə sosial narazılıq gərginləşir. Bankdakı əmanətlərinə, əldə etdikləri müxtəlif şirkətlərin səhmlərinə etibarını itirmiş əhali, pullarını daşınmaz əmlaka (torpaq, ev, mülk, bağ, bina, mənzil) yaxud zinət-bəzək şeylərinə (qızıl, gümüş, qiymətli daş-qaş, rəsm əsərləri, əntiq şeylər), uzun müddət istifadə olunan əşyalara (mebel, xalça-palaz, avtomobil, soyuducu) dəyişməyə çalışırlar. Nəticədə istehsal-xidmət dairələrinə investisiyaların yönəldilməsi zəifləyir, məcmu təklif tədricən azalır, ölkədə işgüzar fəallıq aşağı düşür. Bu proses müxtəlif dövrlərdə dünyanın bir sıra ölkələrində - Almaniyada, Cənubi Amerika, Afrika, Cənub-Şərqi Asiya, habelə postsosialist-postsovet ölkələrində, o cümlədən 1991-1995-ci illərdə Azərbaycan Respublikasında da olmuşdur;