Vergilər - dövlətin daxili və xarici vəzifələrini həyata keçirmək üçün müəssisələrdən, şirkətlərdən, təsərrüfatlardan, təşkilatlardan və vətəndaşlardan məcburi qaydada tutulan vəsaitdir. Müasir vergilər sistemi, onun müxtəlif formaları, toplanması üsulları minilliklər əhatə edən tarixi inkişaf yolu keçmişdir. Quldarlıq, feodalizm, kapitalizm, sosializm cəmiyyətlərində vergi dərəcələrində, ödəniş qaydalarında və müddətlərində fərqli cəhətlər meydana çıxsa da, lakin vergilərin fiziki – hüquqi şəxslər üçün məcburiliyi, habelə bunun üçün məsuliyyət daşınması zəruriliyi mahiyyət etibarı ilə dəyişməz qalmışdır.
İctimai əmək bölgüsünün genişlənib – dərinləşməsi və əmtəə-pul münasibətlərinin inkişafı nəticəsində, əvvəllər natural yaxud işləyib ödəmə, hətta müəyyən mükəlləfiyyətlərin yerinə yetirilməsi şəklində olan vergilər, tədricən pul formasını almışdır. Cəmiyyət və onun üzvləri üçün vergilərin ümumi, eyni zamanda məcburi xarakter daşıması, “həyatda vergidən və ölümdən qaçmaq olmaz” kimi deyimdə öz ifadəsini tapmışdır. ABŞ tarixindən belə bir hadisə məlumdur ki, ötən əsrin 20-ci illərində cinayətkar qrupun başçısı Al Kapone çoxsaylı qəddarlığına görə heç vaxt məhkum edilməsə də, lakin vergidən yayındığına görə həbsxanaya düşmüşdü.
Hakimiyyətin saxlanması üçün “vətəndaşların ödənişi” kimi səciyyələndirilən vergilər, dövlətin iqtisadi – sosial siyasətinin həyata keçirilməsində mühüm rol oynayır və büdcənin formalaşmasının əsas mənbəyidir. Ona görə də hər bir mədəni ölkədə vergi prinsipləri sadə, aydın, ədalətli olmalı; vergi ödəyicilərində öz fəaliyyətlərinə həvəsi zəiflətməməlidir, çünki unudulmalıdır: “yumurtlayan toyuğu kəsməzlər!”.
Cəmiyyətin ictimai-siyasi və iqtisadi tələbatlarının tədricən daha dolğun ödənilməsi üçün onun vasitələrinin səfərbərliyinə xidmət edən vergilər, müasir şəraitdə 2 başlıca vəzifəni – fiskal və iqtisadi funksiyaları yerinə yetirir. Qeyd etmək zəruridir ki, vergilərin fiskal vəzifəsi universal xarakter daşıyıb, bütün ictimai – iqtisadi quruluşlara aiddir. Çünki, vergilərin bu vəzifəsi, dövlətin pul fondlarının formalaşmasına və ondan istifadə etməklə dövlətin fəaliyyəti üçün maddi şərait yaradır. Vergilərin iqtisadi vəzifəsi isə təkrar istehsal prosesinin fəal iştirakçısı kimi, onun templərinin və ölkə əhalisinin ödəniş qabiliyyətli tələbinin tənzimlənməsinə təsir göstərir.
Vaxtilə A.Smit tərəfindən irəli sürülmüş və indi də öz əhəmiyyətini saxlayan səmərəli vergi sistemi, habelə onun vergi obyekti, vergi subyekti, vergi dərəcəsi kimi ünsürlərindən düzgün istifadənin aşağıdakı prinsipləri vardır: a) ümumilik və ədalət prinsip hamıya vergi qoyulmasını və vergi yükünün fiziki – hüquqi şəxslər arasında onların gəlirlərinə uyğun bölgüsünü tələb edir; b) müəyyənlik prinsipi, vergilərin konkret məbləğinin, ödənilmə üsulunun, dəqiqləşdirilmiş vaxtının məlum olmasını nəzərdə tutur; c) rahatlıq prinsipi, vergilərin ödənilməsi üsulunun və vaxtının vergi verənlər üçün əlverişli olmasına əsaslanır; ç) qənaət prinsipi, vergilərin alınmasında xərclərin maksimum dərəcədə azaldılmasını nəzərdə tutur.
Deməli, qanun çərçivəsində vergilərin ödənilməsi qaçılmazdır, fiziki və hüquqi şəxslərin borcudur, lakin vergilər istehsalçıları əzməməli, onları qorxuda saxlamamalı, vətəndaşlar üçün problemlər yaratmamalı, insanları təşəbbüskar işgüzarlıq fəaliyyətinə həvəsləndirməlidir. Heç vaxt unudulmamalıdır ki, “vergilər sivil cəmiyyət üçün bizim ödədiyimiz haqdır”(O.Holms).