Diskret fiskal siyasətölkədə ümumi daxili məhsulun həcminin artıb-azalması, məşğulluğun səviyyəsinin optimallaşdırılması, qiymətlərin dəyişməsi və inflyasiyanın tənzimlənməsi məqsədilə vergilərlə - dövlət xərcləri arasında manevr etmək, yaranmış vəziyyətdən səmərəli çıxış yolları tapmaq deməkdir. Diskret fiskal siyasət tipinin həyata keçirilməsi, qəbul olunmuş qərarların və görülmüş tədbirlərin reallaşdırılması müddətlərinin iqtisadiyyata təsiri; bu prosesin inzibati-aparat, habelə digər xərcləri; nəhayət vergi dərəcələrinin azaldılıb-artırılmasının cəmiyyətin müxtəlif təbəqələri, ayrı-ayrı üzvləri tərəfindən birmənalı qəbul edilməməsi kimi problemlərə bağlıdır.
Eyni zamanda fiskal siyasətin diskret formasından hakimiyyət orqanları tərəfindən hazırlanmış xüsusi Dövlət Proqramlarının həyata keçirilməsində (məsələn, Çin Xalq Respublikasında), fiziki və hüquqi şəxsləri həvəsləndirmək məqsədilə onlara vergi ödənişlərində (məsələn, bir sıra Şərqi Avropa ölkələrində) müəyyən güzəştlər edilməsində istifadə olunmuşdur. Şübhəsiz, həmin tədbirlərin səmərəliliyi vaxt amili və ölkənin iqtisadiyyatında yaranmış konkret vəziyyətin özünəməxsus cəhətləri ilə əlaqədardır. Belə proqram və tədbirlərin qeyri-sabit inkişaf meylləri ilə səciyyələnən iqtisadiyyatın təbii olaraq rastlaşdığı tənəzzül, böhran, inflyasiya, işsizlik dövrlərində reallaşdırılması əlavə çətinliklər yaradır.
Çevik bir xarakter daşıyan fiskal siyasətin diskret tipi, ölkədə işgüzar fəallığın aşağı olduğu müddətdə, dövlət vergi dərəcələrini azaltmaq istiqaməti faydalı ola bilər. Dövlət eyni zamanda özünün vəzifələrini normal surətdə həyata keçirmək üçün vergilərin dərəcələrini yüksəltmədən, xərclərini artırmaq zərurəti ilə rastlaşa bilər. Aydındır ki, vergi dərəcələrinin sabit qaldığı, yaxud aşağı salındığı halda dövlət xərclərini artması meyli, büdcədə müəyyən kəsir yaradacaqdır. Lakin yaranmış konkret vəziyyətdən asılı olaraq, dövlətin həmin yolu seçməsi bununla izah olunur ki, ölkənin təsərrüfat həyatının dinamik templərlə inkişafı, dövlət büdcəsinin balanslı (tarazlı) olmasından daha səmərəlidir. Deməli, dövlət və hakimiyyət orqanları ilk baxışda əlverişli görünməyən bu yoldan ümumi milli mənafe, habelə iqtisadiyyatın inkişafının perspektiv maraqlarını nəzərdə tutaraq, şüurlu surətdə həmin vasitələrdən istifadə etməyi məqsədəuyğun sayırlar. «Ekonomiks» kitabının müəllifləri göstərirlər ki, ölkədə iqtisadi tənəzzül dövründə hökumətin fiskal siyasəti ekspansionistxarakter daşımalı və aşağıdakı üç variantda həyata keçirilməlidir. Birincisi,dövlət xərcləri çoxalmalıdır; ikincisi,vergilərin ümumi həcmi azalmalıdır; üçüncüsü,yuxarıda göstərilən hər iki variantdan istifadə olunmalıdır. Dövlət xərclərinin çoxalması istiqaməti, son nəticə etibarilə məcmu tələbin və ölkənin ümumi daxili məhsulunun artmasını şərtləndirəcəkdir. Dövlətin vergiləri azaltması xətti isə ölkədə ümumi daxili məhsulun həcminin artması ilə yanaşı, eyni zamanda məşğulluq səviyyəsinin yüksəldilməsinə və işsizliyin azalmasına səbəb olacaqdır. Dövlət xərclərinin çoxalması və vergilərin azaldılması variantlarından uyğunlaşdırılmış, yəni qarşılıqlı surətdə istifadə olunması xətti də iqtisadiyyatın sabitləşdirilməsi prosesinə müsbət təsir göstərəcəkdir. Ölkədə tələbin inflyasiyası baş verdikdə, yəni əmtəə-xidmətlərin məcmu (ümumi) qiymətlərinin bahalaşdığı bir şəraitdə təbiidir ki, dövlətin fiskal siyasəti də dəyişərək, bu prosesə məhdudlaşdırıcı və yaxud ləngidici xarakter verilməsi zəruriliyi yaranacaqdır.Fiskal siyasətin inflyasiya prosesinə qarşı tədbirləri, hökumət tərəfindən aşağıdakı istiqamətlərdə aparıla bilər: a)dövlətin xərcləri azaldılır; b) vergi dərəcələri artırılır; c) xərclərin azaldılması və vergilərin artırılması xəttinin müxtəlif ünsürlərdən istifadə olunur. Konkret şəraitdən asılı olaraq bu variantların birindən, yaxud onlarrı ayrı-ayrı ünsürlərindən kompleks surətdə istifadə olunması, ölkədə tələbin inflyasiyanı tənzimləməyə imkan yaradır.