Ölkədəki işgüzar fəallıqdan asılı olaraq dövlət büdcəsinin gəlir və xərclərindəki dəyişikliklər
Real ümumi daxili məhsul (ÜDM) Mütəxəssislərin hesablamaları göstərir ki, son 100 ildə dünya ölkələrinin büdcə gəlirləri və xərcləri dinamik bir surətdə artsa da, lakin dövlət büdcələrinin gəlirlər və xərclər bölmələrinin müqayisəli təhlil nəticəsində, müəyyən illər istisna olmaqla, xərclərin daha üstün templərlə artması meyli güclənir. Ölkənin ümumi daxili məhsulunun dinamik templərlə artması meyli, avtomatik surətdə vergilər vasitəsilə dövlət büdcəsinə ödənişlərin ümumi həcmini təbii olaraq genişləndirir. Vergi dərəcələrinin hətta dəyişməz qaldığı şəraitdə də ÜDM-in həcmi ilə fiziki və hüquqi şəxslərin vergi ödənişləri arasında düz mütənasiblik, yaxud asılılıq vardır. İqtisadi canlanma və yüksəliş dövlət büdcəsində işsizlərə verilən ödənişləri, habelə digər yardımları, güzəştləri azaltdığından, büdcədə xərclərə nisbətən artıq vəsait (profisit) yaranır. Belə vəziyyətdə ilk növbədə əvvəlki illərdə dövlət büdcəsində yaranmış kəsirin, daxili və xarici borcların ödənilməsi həyata keçirilir. İqtisadiyyatın sabitliyini təmin etmək üçün dövlət öz iqtisadi siyasət xəttində vergilərin artırılması, dövlət istiqrazları və səhmlərini dövriyyəyə buraxması kimi təcrübədə özünü doğrultmuş tədbirlər sistemindən də faydalana bilər. Lakin qeyd etmək zəruridir ki, konkret şəraitdən asılı olaraq tətbiq olunan fiskal siyasətin diskret və qeyri-diskret (avtomatik) tipləri, iqtisadiyyatın qeyri-sabit, tsiklik xarakterindən irəli gələn qanunauyğun prosesləri aradan qaldıra bilməsə də, şübhəsiz qarşıya çıxan problemlərin tənzimlənməsi, habelə idarə olunmasına imkanlar yaradır.
8.4.Dövlət borcu və onun tənzimlənməsi
Dövlət borcu - hakimiyyətin ümumi borcu olub, bütün əvvəlki illərdə toplanmış büdcə kəsirlərinin cəmidir. Bu mənada büdcə kəsiri ilə dövlət borcu arasında müəyyən bir əlaqə və asılılıq olsa da, lakin bunlar müxtəlif iqtisadi anlayışlardır. Büdcə kəsiri konkret hər hansı bir il ərzində dövlət büdcəsi xərclərinin onun gəlirlərindən çox olması deməkdir. Dövlət borcu isə ümumiyyətlə hakimiyyətin ölkə (daxili) və xarici fiziki – hüquqi şəxslər, başqa dövlətlər, habelə beynəlxalq təşkilatlar, maliyyə qurumları, banklar qarşısında öz üzərinə ötürdüyü borc öhdəliyi, yaxud aldığı borcun məbləğidir.
Dövlət borcunun yaranması səbəbləri arasında aşağıdakıları göstərmək olar:
müharibələrin aparılması, təbii fəlakətlər və yaranmış fövqəladə hallarla əlaqədar xərclərin maliyyələşdirilməsinin zəruriliyi;
iqtisadi tənəzzül və durğunluq vaxtı ölkənin milli gəlirinin həcminin azalması nəticəsində, büdcə gəlirinin azalması meyli;
xarici ölkə və beynəlxalq təşkilatlardan, banklardan, maliyyə qurumlarından alınmış borcların, habelə onların faizlərinin ödənilməsi;
dövlətin iqtisadi siyasətinin strategiya və taktikasının (məqsəd və həyata keçirilməsi yollarının) düzgün müəyyənləşdirilməməsi;
qanunverici və icraedici hakimiyyət orqanlarının işgüzarlıq bacarığı, habelə siyasi iradəsinin zəifliyi.
Müharibələr və ölkə iqtisadiyyatının hərbiləşdirilməsi, yaxud millitaristləşdirilməsi xətti həmişə dövlət büdcəsi kəsirinin artması, dövlətin ümumi borcunun həcminin çoxalması ilə nəticələnmişdir. Bunu, dünyanın müxtəlif ölkələrinin iştirak etdiyi I və II dünya müharibəsinin gedişi, iqtisadi nəticələri, sonrakı "soyuq müharibə" dövrü, sosialist və kapitalist sistemlərinin qarşıdurması siyasətinin törətdiyi fəlakətlər sübut edir. Həmin müharibələrin bəşəriyyətə vurduğu iqtisadi zərər trilyonlarla dollar məbləğində hesablanır. Müharibələr dövründə müxtəlif ölkələrin təcrübəsində istifadə olunmuş ənənəvi vergilərin artırılması, tədavülə əlavə pul kütləsi buraxılışı, xaricdən borc alınması yolları son nəticə etibarilə istehsal-xidmət dairəsində qiymətlərin bahalaşmasında, inflyasiyanın templərinin yüksəlməsində, əhalinin həyat səviyyəsinin aşağı düşməsində özünü göstərərək, ciddi problemlər yaratmışdı. Bu ağır nəticələrlə bağlı proseslər, indi də özünü bir qədər dəyişmiş formada olsa da, istər yüksək inkişaf etmiş, istər inkişaf etməkdə olan, istərsə də postsosialist ölkələrinin timsalında müşahidə olunmaqdadır. Məsələn, ABŞ-da son 200 il ərzində ən yüksək dövlət borcu II dünya müharibəsi illərində yaranaraq, ölkənin ümumi daxili məhsulunun həcmini (dövlət borcunun ÜDM-a olan nisbəti mənasında) ötmüşdür. Sonrakı dövrdə bu nisbət enən xətt üzrə gedərək, 1980-ci ildə 33% təşkil etmişdir. Lakin, XX əsrin axırları və XXI əsrin əvvəllərindən başlayaraq, ABŞ iqtisadiyyatının ümumi yüksəlişi fonunda, yeni ziddiyyətli meyllərin təsiri nəticəsində, ölkənin büdcə kəsiri müəyyən illərdə aradan qaldırılsa, hətta onun gəlirləri xərclərini ötsə də, lakin ümumi dövlət borcu artmışdır. Son məlumatlara görə Birləşmiş Ştatların dövlət borcu, ölkənin ümumi daxili məhsulunun 80%-nə çataraq, görünməmiş bir məbləğ, təxminən 12 trilyon dollar (2010-ci il) təşkil etmişdir. Ayrı-ayrı ölkələrin dövlət borclarına gəldikdə, həmin borcların ümumi daxili məhsulun (ÜDM) həcminə görə nisbəti, XXI əsrin əvvəllərinə belə olmuşdur: Yaponiya - 140%, İtaliya - 125%, Belçika - 102%, Kanada - 80%, Fransa - 63%, İspaniya - 62%, İsveç - 61%, Almaniya - 60%, Niderland - 44%, Danimarka - 41%, Avstraliya - 20%. Hər bir ölkənin dövlət borcu iki hissəyə - daxili və xarici borclara ayrılır. Dövlətin daxili borcu, onun öz vətəndaşlarına və istehsal-xidmət təyinatlı müəssisələrinə, yaxud fiziki və hüquqi şəxslərinə olan borcudur. Bu borc dövlətin müxtəlif qiymətli kağızlar, istiqrazlar, səhmlər, əmanətlər üzrə ölkə əhalisi və təsərrüfat subyektləri qarşısında olan öhdəliklərini əhatə edir. Bəzi mütəxəssislər hesab edirlər ki, dövlətin daxili borcu ölkə üçün o qədər də ağır bir yük hesab oluna bilməz. Çünki, dövlətin daxili borcu həmin ölkənin öz problemi olub, hakimiyyətlə əhali, ev təsərrüfatları, müxtəlif müəssisə, şirkət, təşkilatlar arasındakı maliyyə-kredit münasibətlərini əhatə edir. Dövlətin daxili borcları məsələsinə belə bir mövqedən yanaşmaq müəyyən mənada doğru olsa da, lakin problem o qədər də sadə deyildir. Çünki, borc həmişə müəyyən öhdəlikdir, onun qaytarılması yaxud razılaşdırılmış vaxtda yerinə yetirilməsi təkcə iqtisadi akt olmayıb, eyni zamanda tərəflər arasında inam-etibarın möhkəmləndirilməsinin, qarşılıqlı nüfuzun, habelə gələcək işgüzar əməkdaşlığın sınanmış faydalı vasitəsidir. Ölkənin daxili dövlət borcunu ödəmək üçün rəsmi qaydada istiqrazlar, qiymətli kağızlar, səhmlərlə yanaşı, dövlət mülkiyyətinin özəlləşdirilməsi məqsədilə özəlləşdirmə çekləridə tədavülə buraxıla bilər. Onların istifadəsi qaydaları və müddəti dövlət tərəfindən müəyyənləşdirilir. Dövlətin daxili borcları və bunların ödənilməsi istiqamətində bir konkret forma kimi vətəndaşlara olan borcun dünyanın bir sıra ölkələrində natural şəkildə, yəni mal-mülk torpaq, obyekt, mənzil, habelə uzunmüddətli məişət əşyaları ilə ödənilməsi yolundan da istifadə olunmuşdur. Müasir mərhələdə dövlətlərin ümumi borclarının tərkibində onların daxili borclarının həcmi, xüsusi çəkisi, ölkənin ümumi daxili məhsuluna nisbəti ayrı-ayrı ölkələrdə fərqli olsa da, lakin əksəriyyətində daxili borclar üstünlük təşkil edir. Dövlətin borclarının olması, həmin borcların idarə edilməsi tədbirlərinin hazırlanmasını və ardıcıllıqla həyata keçirilməsini irəli sürür. Bu məqsədlə daxili bazarın konyukturası öyrənilir, borc kapitalı verilməsi imkanları araşdırılır, yeni qiymətli kağızlar buraxılışı təşkil olunur, əvvəllər buraxılmış istiqrazlar üzrə faiz ödənişləri dəqiqləşdirilir, nəzərdə tutulan yeni kreditlər üçün müvafiq bank faiz dərəcələri müəyyənləşdirilir. Zəruri olduqda, dövlət özünün hüquqi, iqtisadi, inzibati, təşkilatıtənzimləmə vasitələrindən istifadə edərək, ilkin yaxud mövcud "oyun qaydalarını" qismən, hətta tamamilə dəyişdirərək, yeni prinsiplər tətbiq edə bilər. Dövlət borclarının idarə olunması istiqamətində, həmin borcların möhkəmləndirilməsi (konsolidasiya) vəəvəz olunması (konversiya) yollarından istifadə olunur.