Birincisi,banklar ölkədə yaranmış sərbəst pul vəsaitlərini toplayırvə həmin kapitalın istehsal-xidmət dairəsinin müxtəlif sahələrinə yönəldilməsi işində vasitəçilik edir, yaxud bilavasitə bu fəaliyyətlə məşğul olurlar; ikincisi,banklar bütövlükdə ölkənin maliyyə resurslarının, pul tədavülünün, dövriyyəsinin tənzimlənib həyata keçirilməsini nizamlayırlar; üçüncüsü,banklar müxtəlif təsərrüfat subyektləri (iştirakçıları) arasında vasitəçi rolunu yerinə yetirərək, borc verənlərlə borc alanları etibarlı sürətdə bir-biri ilə əlaqələndirirlər; dördüncüsü,banklar nəzarət vəzifəsini həyata keçirərək, kredit (borc) kimi götürülmüş pul vəsaitinin dəqiq və öz təyinatına görə düzgün yönəldilib sərf olunmasını izləyir, başqa sözlə "inanıram, lakin yoxlayıram" prinsipi əsasında fəaliyyət göstərirlər. Bankların aktiv və passivəməliyyatlar istiqamətində yerinə yetirdiyi vəzifələrin kompleksli şəkildə reallaşdırılması, canlı orqanizmi xatırladan dəyişkən iqtisadi inkişafın irəli sürdüyü yeni tələblərə uyğun öz işini təkmilləşdirməsi prosesi, bütövlükdə qloballaşan dünyanın xüsusilə də bazar münasibətləri iqtisadi sisteminin formalaşdığı dövlətlərin, o cümlədən də Azərbaycan Respublikasının çoxsahəli təsərrüfat həyatının dinamik yüksəlişini təmin edən mühüm amillərdən biridir.
9.4.Bank sistemi: Mərkəzi Bank və kommersiya bankları
Hər hansı bir ölkənin bank sistemi və onun şəbəkəsinin fəaliyyəti ümumi iqtisadi quruluşun tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu mənada bankların təşkili, fəaliyyətləri, nisbi müstəqilliyi, apardıqları aktiv-passiv əməliyyatların həcmi, etibarlılıq-nüfuz səviyyəsi ölkənin istehsal-xidmət dairəsi sahələrinin inkişaf səviyyəsindən asılıdır. Eyni zamanda ölkənin bazar münasibətləri iqtisadi sisteminin tələb-təklif, qiymət, rəqabət, şəxsi təşəbbüskarlıq və səmərəli işgüzarlıq prinsipləri təməlində normal inkişafının təmin edilməsində, bankların çevik fəaliyyəti zəruridir. İqtisadi nəzəriyyədə bank sistemidedikdə, ölkədəki bankların, kredit təşkilatlarının və digər bu sahə ilə bağlı qurumların fəaliyyəti, onların qarşılıqlı əlaqələri, habelə bütövlükdə münasibətləri kompleksli başa duşulür. Bank sistemi, pul vəsaitlərinin mərkəzləşdirilmiş surətdə toplanmasını və borc kapitalına çevrilərək, səmərəli yerləşdirilməsi prosesini tənzimləyir.