Lizinq - bank kreditinin bir forması olub, istehsal vasitələrinin, texnikanın, avadanlığın, maşınların, dəzgahların, nəqliyyat vasitələrinin, istehsal təyinatlı binaların və digər əmlakın müəyyən müddətə öz müştərilərinə icarəyə verilməsidir. Banklar bu işdə texnika və avadanlıqların sahibi (mülkiyyətçisi) ilə onu icarəyə götürən (istifadəçisi) arasında vasitəçi rolunu oynayır. Adətən 1 ildən 10 ilə qədər müddəti nəzərdə tutan lizinq sövdələşmələri, istifadə olunmuş texnikanın və müəyyən bank faizinin ödənilməsindən sonra icarədarın mülkiyyətçiyə çevrilməsini nəzərdə tutur. Kommersiya bankları vasitəsilə həyata keçirilən maliyyələşdirmənin bu forması həm lizinq verənə, həm lizinq alana, həm də banka faydalıdır. Ona görə də bu xidmət forması dünyanın başqa ölkələrində olduğu kimi Azərbaycan Respublikasında da, xüsusilə fermerlər arasında geniş yayılmaqdadır. Faktorinq- universal bank xidməti olub, xüsusi və hüquqi şəxslər, şirkətlər və birliklər tərəfindən onların öz debitor borclarının idarə edilməsi hüququnun banka verilməsini nəzərdə tutur. Lazım olduqda, bank müştərisinin digər maliyyə öhdəlikləri və problemlərinin maliyyləşdirilməsini də öz üzərinə götürə bilir. Buraya mühasibat, informasiya, reklam, sığorta, kredit, audit, hüquqi məsləhət kimi xidmətlər daxildir. Farfevtinq- uzunmüddətli faktorinq olub, fiziki və hüquqi şəxslərin banka satılan borclarının 1 ildən 5 ilə qədər uzadılmış müddətə qaytarılmasını nəzərdə tutur. Trast- müştərinin kapitalının (əmlakının) etibarmamə əsasında idarə olunması ilə bağlı əməliyyatların bank tərəfindən aparılmasını nəzərdə tutur. Kommersiya prinsipləri əsasında fəaliyyət göstərən bankların əsas məqsədi müəyyən mənfəət əldə etmək və apardıqları müxtəlif istiqamətli, habelə təyinatlı əməliyyatlardan, göstərdikləri xidmətlərdən qazanmaqdır. Borc (kredit) götürən fiziki və hüquqi şəxslərə xidmət edən banklar, əvəzində müəyyən faiz alırlar. Bu mənada bank faizi, borc götürülmüş pullardan və maddi dəyərlərdən istifadəyə görə borc alanların, borc verənlərə (kreditorlara) ödədikləri haqdır. Başqa sözlə, bank faizi vəsaitlərdən istifadəyə görə ödənilən haqqın "qiymətidir". Həmin faizin həcmi və dəyişmə dinamikası isə faiz şəklində ödənilən pulun miqdarının, borc verilən pulun miqdarına olan nisbətilə müəyyən edilən faiz normasının hərəkətində əks olunur, yaxud ölçülür. Məsələn, kreditə verilən məbləğin hər 1000 manatı (dollar, avro) üçün ildə 100 manat (dollar, avro) haqq tələb olunursa, illik faiz norması 10% təşkil edəcəkdir. Göstərilən misal üçün faiz norması belə hesablanır:
Şübhəsiz, bu faiz norması dəyişən bir kəmiyyət olub, ayrı-ayrı banklar üçün müxtəlifdir. Ümumiyyətlə bank faizi və faiz norması müasir dövrdə qloballaşan dünya iqtisadiyyatının vəziyyətindən, beynəlxalq iqtisadi-ticarət əlaqələrinin səviyyəsi və qiymətlərin formalaşmaşından, milli iqtisadiyyatın inkişaf templərindən, onun investisiyalara, pul vəsaitlərinə olan tələbatından asılıdır.