10.2.Keçid dövrünün ümumi qanunauyğunluqları Uzunmüddətli və çətin bir proses olan keçid mərhələsi, müxtəlif ölkələrin tarixi inkişaf yolundan və konkret daxili-xarici amillərdən, təbii-iqtisadi şərtlər kompleksindən asılı olaraq, şübhəsiz ayrı-ayrı ölkələrdə vaxt, habelə öz gedişi etibarı ilə fərqlənmişdir. Bu mürəkkəb fərqli cəhətləri özündə əks etdirən və inzibati-amirlik sistemindən bazar münasibətləri iqtisadi sisteminə keçən postsosialist, habelə postsovet ölkələri, o cümlədən də Azərbaycan Respublikası üçün, keçid dövrünün ümumi qanunauyğunluqları olmuşdur. Keçid dövrünün ümumi qanunauyğunluqları aşağıdakılardır:
Postsosialist və postsovet ölkələrinin təsərrüfat həyatında keçid mərhələsində dövlətin iqtisadi rolu tədricən dəyişərək, onun təsir dairəsinin zəifləməsi meyli ilə səciyyələnir. Bu suveren dövlətlərdə iqtisadiyyatın liberallaşdırılması (sərbəstləşdirilməsi), əvvəlki inzibati-amirlik iqtisadi sisteminə xas olan bir sıra məhdudiyyət və qadağanları aradan qaldırdı. İqtisadi sərbəstlik prinsipləri xarici iqtisadi-ticarət əlaqələrinə, iqtisadi resursların mərkəzləşdirilmiş bölgüsünə, tələb və təklif nəticəsində formalaşan real bazar qiymətlərinə keçməyi irəli sürdü. Eyni zamanda iqtisadiyyatda keçmiş iqtisadi sistemin yaratdığı müxtəlif sahələrdəki inhisarçılığın dağıdılması, xırda və orta sahibkarlığın inkişafı, xarici kapitalın daxili bazara buraxılması, rəqabət mübarizəsi prosseslərini genişləndi.
Makroiqtisadi sabitliyin təmin olunması ilk növbədə ölkənin maliyyə sistemində nəzərə çarpan mənfi proseslərin nizamlanmasını, yüksək inflyasiyanın qarşısının alınmasını, tədavüldə olan pul kütləsinin məhdudlaşdırılmasını, dövlət büdcəsi kəsirinin azaldılmasını, bankların faiz dərəcələrinin çevik dəyişkənliyini nəzərdə tuturdu. Keçid mərhələsində olan ölkələrin sərt pul-kredit siyasəti yeritməsi və pul emissiyasını xeyli məhdudlaşdıraraq, tədavüldəki pul kütləsini azaltması, həmin dövrün tələblərindən irəli gələn zəruri tədbirlər kimi qiymətləndirilməlidir.
İnzibati-amirlik sistemindən bazar münasibətlərinə keçən ölkələrdə, dövlət mülkiyyətinin dövlətsizləşdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, torpaq islahatları aparılması timsalında mülkiyyətin trasformasiyası, yəni onun mülkiyyətçinin dəyişməsi prosesi ümumi bir qanunauyğunluqdur. Çünki totalitar iqtisadi sistemin hakim olduğu ölkələrdə bazar münasibətlərinin formalaşması üçün ilk növbədə xüsusi mülkiyyət, onun sahibi və sahibkarın qanunla icazə verilən müxtəlif fəaliyyət növləri ilə azad surətdə məşğul olması, iqtisadi sərbəstliyi mühüm şərtdir. Bu fəaliyyətin uğurlu davamı isə müvafiq hüquqi baza təməlində, daxili sərmayə qoyuluşu imkanlarından faydalanmaqla yanaşı, ölkəyə xarici investisiyaların da cəlb olmasını tələb etmişdi.
- Yeni iqtisadi sistemə keçid, yalnız təsərrüfat həyatı ilə bağlı köklü problemlərin deyil, eyni zamanda bütövlükdə bir kompleks halında cəmiyyət miqyasında - ictimai-siyasi, iqtisadi-sosial, mədəni-əxlaqi məsələlərin də ardıcıllıqla həllini irəli sürmüşdü. - Keçid dövründə dövlətin və ölkənin milli təhlükəsizliyi ilə bağlı hərbi-müdafiə, ərzaq-təchizat məsələlərinin həlli, rüşvət-korrupsiyaya qarşı mübarizə, qanunçuluq prinsiplərinin pozulmasına yol verilməməsi, milli mentalitetə xələl gətirən mənfi halların qarşısının qətiyyətlə alınması mühüm əhəmiyyət kəsb etmişdi. - Əhalinin sosial müdafiəsinin bazar iqtisadiyyatı sisteminin tələblərinə uyğun istiqamətində qurularaq, ümumi sosial təminat prinsiplərindən, tədricən ünvanlı sosial müdafiə sisteminə keçilməsi, dövlətin sosial siyasətinin əsasmı təşkil etmişdi. - Dünya təsərrüfat sistemi ilə əməkdaşlığın genişləndirilməsinə, iqtisadi inteqrasiya proseslərinin dərinləşdirilməsinə, vaxtilə bu əlaqələrdən təcrid olunmuş ölkələrin vahid sistemə qoşulması prosesinə başlanmışdı. - Keçid dövrü və cəmiyyət həyatının müxtəlif sahələrinin bazar münasibətləri əsasında qurulması, ölkənin ekoloji problemlərinə, habelə ətraf mühitin qorunmasına ciddi qayğı göstərilməsini irəli sürmüşdü.