hiperinflyasiya (ifrat, hədsiz inflyasiya)ölkədə əmtəə-xidmətlərin qiymətlərinin görünməmiş bir sürətlə artması ilə səciyyələnir. Bu inflyasiya şəraitində qiymətlər yüksək faizlə, ayda 50-70%-dən çox olmaqla, ildə 1000%-i ötür. Hiperinflyasiya vaxtı pul özünün tədavül vasitəsi və ümumi ekvivalent vəzifələrini yerinə yetirə bilmir. I Dünya müharibəsindən sonra, 1921-1922-ci illərdə Almaniyada, sonralar Cənubi Amerika ölkələrində, Sovet İttifaqı dağıldıqdan sonra isə bazar iqtisadi sisteminə keçən postsovet-postsosialist ölkələrində də hiperinflyasiya prosesləri baş vermişdir. Belə vəziyyətdə dövlət özünün iqtisadi və inzibati tədbirlər sistemi vasitəsilə yaranmış prosesi hökmən tənzimləməli, konkret şəraitdən asılı olaraq, ölkədə pul islahatı keçirməlidir.
İqtisadi nəzəriyyədə balanslaşdırılmış vəbalanslaşdırılmamışinflyasiya anlayışları vardır. Birinci halda, müxtəlif əmtəələrin-xidmətlərin qiymətləri bir-biri ilə müqayisədə eyni nisbətdə, məsələn 3%-3%; 7%-7%; 10%-10% kimi artır. Belə inflyasiya balanslaşdırılmış, yaxud nizamlanan inflyasiya kimi səciyyələndirilə bilər. İkinci halda, müxtəlif əmtəələrin-xidmətlərin qiymətləri bir-biri ilə əlaqəsiz, yəni müəyyən nisbətlər gözlənilmədən baş verir. Məsələn, gündəlik tələbat məhsullarının bir hissəsinin qiymətləri 30%, digər hissəsinin qiymətləri 12% artmışsa, bu balanslaşdirilmamış inflyasiyaya nümunə ola bilər.
Ölkənin təsərrüfat həyatında gözlənilən(proqnozlaşdırılan) və gözlənilməyən(qəfil) inflyasiyalar da baş verir. Gözlənilən inflyasiyanı əvvəlcədən nəzərə almaq və onun mənfi nəticələrini «yumşaltmaq» mümkündür. Siyasi sarsıntı və çevrilişlər, müharibə və təbii fəlakətlər nəticəsində baş verən gözlənilməyən inflyasiyaların ağır sosial-iqtisadi nəticələrini aradan qaldırmaq olduqca çətindir. İnflyasiyanın yaratdığı çətinlikləri və onun gələcək sosial-iqtisadi nəticələrini aradan qaldırmaq üçün hakimiyyət səviyyəsində antiinflyasiya siyasəti, habelə bu siyasətin strategiyası-taktikasından irəli gələn müəyyən tədbirlər sisteminin, yaxud fəaliyyət mexanizminin hazırlanması zəruridir.
Dünya ölkələrinin təcrübəsi göstərir ki, müxtəlif hökumətlərin antiinflyasiya tədbirləri iki istiqamətdə həyata keçirilə bilər. Birincisi,inflyasiya prosesinə uyğunlaşmaq yoludur. Bu tədbir, ölkədə pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi nəticəsində, əhalinin gəlirlərinin azalmasının qarşısını almaq üçün kompensasiyalar (əlavə ödənişlər) verilməsini nəzərdə tutur. Bunu, əmək haqları dərəcələrini yüksəltmək və əhaliyə verilən təqaüdlərə, müavinətlərə uyğun əlavələr etməklə reallaşdırmaq mümkündür. Əmək haqqı və başqa ödənişlərə edilən əlavə, habelə müxtəlif güzəştlər ölkədə inflyasiya səviyyəsindən aşağı olmamalıdır ki, əhalinin real gəlirləri azalmasın. İkincisi,ölkədə artıq başlanmış, yaxud gözlənilən inflyasiyaya qarşı təsirli mübarizə aparmaq məqsədilə, mövcud vergi ödənişləri dərəcələrində, gömrük tariflərində, bankların faizlərində çevik dəyişikliklər aparılmalıdır. Eyni zamanda dövlət büdcəsinə yenidən baxılmalı, dövlət xərclərində müəyyən ixtisarlar aparılmalı, sosial proqramların ünvanlı surətdə daha məqsədyönlü həyata keçirilməsi təmin edilməlidir.