Ключевые слова: святыня, пир, оджак, место веры, Имамзаде, оджак Мирлар
Azərbaycanın cənub-qərbində yerləşən Qubadlı rayonu qədim insan məskənlərindən biridir. Rayon əraisində yerləşən qədim mağaralar, sığınacaqlar, yaşı bilinməyən qəbiristanlıqlar, dillər əzbərinə çevrilən körpülər bu ərazinin kifayət qədər qədim tarixə malik olmasından xəbər verir. Qubadlı ərazisinə məxsus olan “Xırman yeri”, “Qalaça”, “Koroğlu qalası”, “Mal təpə”, V əsrə aid olduğu güman edilən “Qalalı” və “Göyqala” abidələri, XIV əsrdə tikilmiş “Dəmirçilər” türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələrlə yanaşı IV əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, “İmamzadə”, Atirizi piri, Mirlər, Məmmədli, Mir Ələkbər ocaqları, Seyid Məhəmməd bulağı da ərazinin qədimliyindən, əhalinin güclü inanc sisteminin qədim köklərindən xəbər verir.
Qubadlı rayonunda yaşayan əhali arasında Azərbaycanın digər bölgələrində olduğu kimi pir və ocaqların böyük nüfuzu vardır. "Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın!” prinsipini uca tutan İslam dininə görə, hər hansı daşa, ağaca, yaxud xalq arasında xüsusi nüfuz qazanmış insana sitayiş etmək, yalvarmaq, arzu və niyyətlərini bölüşmək qəbuledilməzdir. Ehtiram duymaq, ziyarət etmək labüddür, ancaq stayiş obyekti qəti şəkildə təkdir və Allahdır. Ancaq inkaredilməz haldır ki, şərik qoşub ilahiləşdirmə Azərbaycanın digər bölgələrinə də xasdır. Sınanılaraq formalaşdırılmış sonsuz inamı, yaxud da inanmaq istəklərini, arzularının gerçəkləşməsinə yönələn ümidi bu müqəddəsləşdirmənin təxmin edilən səbəbləri hesab etmək olar.
İnanc bir şeyə güvənib onu doğru hesab etməkdir. İnanc hər hansı düşüncə ilə bağlı olaraq Tanrıya, bir dinə inanma, yaxud birinə duyulan güvən, etimad, inanmaq arzusudur. Dağa, daşa, ağaca olan inamı, onların ilahiləşdirilməsini bir çox araşdırıcılar türklərin qədim tarixi ilə izah edirlər.
Türk alimi professor E.Artun türklərin tarix boyu bir çox inanc sisteminin təsiri altında olduğunu, bu gün də həmin təsirlərin yaşadığını söyləyir. Qədim türklərin inanc sistemi haqqında professor M.Seyidovun da fikirləri də maraq doğurur: “Sübut olunmuşdur ki, dağ kultu qədim türklər üçün önəmli və müqəddəs sayılmışdır. Dağa inamı güclü olan Azərbaycan xalqının soykökündə duran hunlarda da müqəddəs dağlar varmış. Onlar dövlətlər arasında qarşılıqlı toxunulmazlıq və bu kimi sazişləri dağların təpəsində qurban kəsib and içməklə təsdiq edərmişlər (17, 253).
Ümumi Azərbaycan əhalisi kimi, Qubadlı əhalisinin də mətn söyləmə ənənəsində inanc yerləri ilə bağlı olan mətnlərin xüsusi çəkisi vardır.
Qubadlı ərazisindəki müqəddəs məkanlar əsasən türbə, pirlər və ocaqlar adı ilə tanınır. Haqqında danışdığımız bölgədə müqəddəs məkanların pir və ocaq adı ilə fərqləndirilməsi də maraq doğurur. Qubadlı sakinlərindən biri bu məqamı özünəməxsus şəkildə izah edir:
“Ocaq sahibinin nümayəndələri hələ də orda yaşayır, amma pirdə hal-hazırda yaşayış yoxdu” (15). Amma bu izahat pirdə heç vaxt yaşayışın olmadığı mənasına gəlmir. Yəqin ki, nə vaxtsa burda yaşayış olmuşdur.
Aşağıda sadalayacağımız inam yerləri yerli əhali arasında kifayət qədər tanınır.
“Türbə (XIV əsr) – Dəmirçilər kəndi
Türbə (XIV əsr) – Dəmirçilər kəndi
Cavanşir türbəsi (XIV əsr) – Yazı düzü
Türbə (XVII əsr) – Dəmirçilər kəndi
Türbə (XVII əsr) – Gürcülü kəndi
Türbə (XVIII əsr) – Xocamsaxlı kəndi
Türbə (XVIII əsr) – Boynakərə kəndi
İmamzadə – Cılfır kəndi
Mir Sədi ağa ocağı – Mirlər kəndi
Ağ hasar piri – Mirlər kəndi
Mirmehdi ağa piri – Dondarlı kəndi
Armudlu piri – Armudlu kəndi
Səfərə baba piri – Saray kəndi
Qarakaha piri – rayon mərkəzindən 20 km şimalda
Ağkaha piri – rayon mərkəzindən 20 km şimalda
Ağa Kərim Yalı piri – rayon mərkəzindən 15 km aralı
Salahlı piri – Mərdanlı kəndi
İmamzadə – Novlu kəndi
Umoy Kaha piri – Qaracallı kəndi” (21).
Məqalədə yuxarıdakı mənbədə göstərilməyən ziyarətgahlar haqqında da məlumat verəcəyik.
Rayon ərazisində ən nüfuzlu inam yerlərindən biri İmamzadədir. İmamzadə ziyarətgahlarına Azərbaycanın digər bölgələrində də rast gəlinir: Naxçıvan, Gəncə, Bərdə, Bakının Bülbülə kəndi və digər ərazilərdə islam dininin müqəddəs şəxslərinin – imamların adı ilə bağlı olan bu inam yerləri bu gün güclü insan axınının şahididir. Ancaq çox təəssüf ki, digər bölgələrdəki İmamzadələr haqqında müəyyən qədər tarixi bilgilər elmə məlum olsa da, Qubadlı ərazisindəki İmamzadələrin tarixi izləri haqqında məlumat yoxdur, hətta yerli sakinlər də bu abidələrin dəqiq tarixindən xəbərsizdirlər. Qubadlının Cılfır kəndi ərazisində yerləşən İmamzadə məscid və onun yaxınlığında yerləşən sadə yaşayış evini xatırladan tikilidən ibarətdir. Yerli sakinlərin dediyinə görə, bu tikilinin eyvanında imam nəslindən olan müqəddəslərdən üçü dəfn olunmuşdur. Sakinlərin həddən ziyadə inam göstərdiyi bu məkan haqda maraqlı rəvayətlər vardır. Deyilənlərə görə, heyvanlar, quşlar bu müqəddəs ocağı ziyarətə gələrmiş, bir neçə dəfə dövrə vurub gedərlərmiş. Rəvayətlərin birinə görə, yaxın ərazinin sakinlərindən biri bu ocağa ziyarətə gələn əliyi vurmaq istəyir, amma onun silahı yoxa çıxır. Yəni, xalqın inamına və düşüncəsinə görə, bu müqəddəs ocaq günahsız qan tökülməsini yasaq edir. Başqa bir rəvayətdə isə natəmiz insanların bu ocağa girişi yasaqdır. Deyilənlərə görə, damın üstündə ilan yatır. Kim natəmiz gələrsə, ilan yuxarıdan qapıya sallanır, həmin adamın ocağa girişinə mane olur. Ziyarətə gələnlər qəbirlərin başına bir neçə dəfə dolanıb geriyə addımlayaraq çıxmalı idi. Çox güman ki, ziyarətgahdan çıxarkən geriyə addımlamaq hörmət və ehtiram əlaməti hesab olunur. Bu ənənə Azərbaycanın digər bölgələrinə də xasdır.
“Azərbaycanda da şəfa, əlac tapmaq, yağış yağdırmaq, övlad qazanmaq və digər səbəblərdən daşlara inanclar vardır. Professor Ə.Cəfəroğlu “Anadoluda olduğu kimi, Azəri türklərində də daş uşaq doğulmasında mühüm rol oynamaqdadır”, deyir və övladı olmayan qadınların çox vaxt əvvəlki dövrlərdə bu ərazilərdə şeyxlik etmiş şəxslərin saldıqları “İmamzadə”yə gedərək onların məzarları yanında mövcud olan daşı qucaqlarına alaraq bir müddət sonra yerinə qoyduqlarını, bu qadınların bu daşın sayəsində uşaq dünyaya gətirəcəklərinə inandıqlarını söyləyir” ( 10,74).
“Biz o ili İmamzadada qəbrin üsdün götürəndə (söyləyicinin oğlu İmamzadə qəbiristanlığında dəfn olunub – top.), and olsun Allahın adına, o səs elə bil indiki kimi qulağımdadı, gördüm, ə, qulağıma belə bir maraxlı səs gəlir e, insan səsi deyil, heyvan səsidi, çox maraxlıdı... Bir az aradan keçənnən sora gördüh, elə məçidin yanınnan bir cüt əlih gəldilər, bizim altımızdan almaza-saymaza keçip getdilər bı kahıya sarı (İmamzadəni ziyarət etməyə – top.)”.
Bu bölgədən toplanmış mətnlərdən məlum olur ki, əliklər dəstə-dəstə bu İmamzadəyə ziyarətə gəlirmişlər. Heç kim onları ovlaya bilmirmiş.
“... ollar neçə ildi, bıra ziyarətə gəlillər, ozü də tüfəngə gəlmillər. Deyir, bax bi qayanın dibində də neçə dəfə çıxıp qabağa, istiyiplər ollara tüfənk atsınnar, ollar gözə görünmüyüplər” (7, 115).
İmamzadəyə ziyarətə gələn əliklər haqqında danışılan əfsanələr süjetinə görə fərqlənir. Bir qrup mətnlərdə ziyarətə gələn əlikləri vurmaq istəyən şəxsin silahı qeybə çəkilir. Digər mətnlərdə isə atəş açmaq istərkən əliklər qeybə çəkilir.
“Bax İmamzadada bı işdəri iki dəfə mən görmüşəm. Bir də Göyrəbasda bı muharibənin pis vaxdıydı (Qarabağ müharibəsinin – top.). And olsun Allaha, o getdiyim ocaxlar hakqı, tüfəh elə bil küşdəy di, iki dəfə, üş dəfə əl atdım tüfəyi götürməyə, tüfəh əlimə gəlmədi.
İmamzada hakqında çox çalışdılar ki, görsünnər ki, orda yatan kimdi, hansıların (hansı imamın – top.) övladıdı, onu heş yerə çata bilmədilər. Seyit Həşim Ağa gəldi orda mücöürruh elədi. Seyit Həşim Ağa uzun müddət İmamzadıya baxdı, qulluğ elədi. O yolun qırağında iki dənə balaca evlər varıydı. Onu qonağ evi kimi, ora gələnnər, orda çay qoymağ üçün gəldi, oranı tutdu, qurdu-yaratdı. Özü də orda yaşıyırdı. Ta o vaxda qədər ki, özü vəsyət elədi ki, mən dünyamı dəyşəndə məni eyvanda dəfn eliyin. Eyvanda da dəfn eləmişdilər, qəbri ordeydi... O üç qəbrin yan-yana olduğunu, yəni bıllar imam evladı olduğu kimi oranı ziyarətgah tikiplər. Yazılar da varıydı. O yazıları aydınnaşdıra bilmədilər... İmamzadıya girən qapı varıydı e, gördüh o girəcəhdə, evin künç hissəsində ilan belə qıvrılıp, dolanıp başın qoyup üsdünə. Qıpqırmızı ilanıdı. Yeddi qardaş deyirdilər e. Hamı baxırdı o ilana. Baxırdı, keçirdi. Bax belə baxırdı adamların gözünün içinə, dilin belə tərpədirdi. Sora kimsə dedi ki, o ilan Cılfırda (Qubadlının kəndi – top.) kimisə çalıp, ziyan verip. Sora gəlip ocağa öz günahın yumağ üçün. Belə rəvayətdəri danışırdılar.
Sora bir möcüzəni gördüm ki... Bizim bir bibimiz nəvəsi – Surayanın qızı. Rəhmətdih Aqamın dünyasın dəyişməyin bına Qafanda orta məhtəpdə oxuyanda – onuncu sinifdə qəfildən deyiplər. O, çox havalanmışdı. Gözümnən gördüm. Üzdənirax yerə, öz başın yolurdu, belə dağıdırdı, paltarın cırırdı, yatırtmağ olmurdu, yendirməh olmurdu. Bını götürdülər gəldilər Göyrəbasa, aparağ İmamzadıya ziyarətə… Səhər bir də gördüh ki, nahar vaxdı-zad olanda, gördüh bıdrana üsdənaşağı deyə-gülə üçü də gəlillər. Qız ayıldı, oldu anadangəlmə. Sora aylə qurdu... Çox inandığımız ocağıydı. O yerrərdə ziyaratgahlar varıydı e, insannarda inam azıydı. Bəziləri üçün heşbirşeyiydi, əsdafrullah... Qurban aparip kəsmişih, başı ağrıyanı aparmışıx. Torpağınnan bı vaxda kimi mən saxlıyırdım. Birinin bir yeri ağrıyanda onnan belə çəkirdim, hər bir şey gedirdi (7,115).
“Böyüh ojaxlar varıydı – Mirsədağa ojağı. Onnan sora İmamzada piri... Deyillər ki, rəvayətə görə, kimin əməli düzüymüşsə, girə bilirmiş ora, kiminki əyriymişsə, girə bilmirmiş, ilan qoymurmuş” (6,140).
Dostları ilə paylaş: |