Ülvi məhəbbət ideal hadisədir. Ülvi məhəbbət həyatda baş verən və ya incəsənətdə inikas olunan adi, norma-əxlaqi məhəbbətlərdən əsaslı surətdə fərqlənir. Bu fərqin meydana gəlməsi isə ülvi məhəbbətin spesifikliyindən doğan və ya onunla bağlı olan məsələdir. Bu spesifikanı təşkil edən əsas və başlıca cəhətlərdən biri isə onun normadan kənar məzmunudur.
Ülvi məhəbbət normadan kənar məzmun doğurur. Bu proses müəyyən mənada zəngin məzmunun məhdud, keçici formaya sığışması kimi zərurətlə əlaqədardır. Burada ülviliyə məxsus olan ölçüyəsığılmazlıq kimi keyfiyyət başlıca rol oynayır. Bu «ölçüyəsığılmazlıq» isə ülvi məhəbbətin normadan kənar mahiyyətini bir hadisə kimi meydana çıxarır. Belə ki, zəngin və qüdrətli məzmuna malik olan ülvi məhəbbət heç bir ölçü və sərhədlə məhdudlaşa bilmir, bütün formalar, ölçülər, hədlər, sərhədlər, meyarlar bu qüdrətli məzmunun təzyiqi qarşısında alt-üst olub dağılır, məhz odur ki, bu nöqtədə ülvi məhəbbət sonsuzluqla çulğalaşır. Beləliklə, ülvi məhəbbətin mahiyyəti normadan kənar hadisə şəklində açılır.
«Əsli və Kərəm» dastanında bu məsələ öz əksini çox gözəl və qabarıq şəkildə tapa bilmişdir. Əsərdə ülvi məhəbbət cəmiyyətdəki sosial-siyasi normaları, sinifli cəmiyyətdə bərqərar olan meyarları rədd edən, qarşısıalınmaz, ölçüyəgəlməz bir ehtiras kimi ifadə olunur. Əsərdə iki fərd arasında baş verən məhəbbət cəmiyyətə qarşı durur. Belə ki, feodal dünyasında, yəni insan hüquqsuzluğunun hökm sürdüyü, saf məhəbbətin azadlıqdan məhrum olduğu, yüksək məhəbbət ideallarının boğulduğu bir zamanda Əsli və Kərəm arasında baş verən ülvi məhəbbət bu eybəcərliklərə qarşı durur.
Belə bir dünyada (Əslinin, Kərəmin yaşadığı dünyada), əvvəla, qadın öz taleyi ilə maraqlana bilməzdi, çünki o, hüquqsuzdur. İkincisi, xristian olan Alban–Türk qızı müsəlman olan Oğuz – Türk oğluna ərə gedə bilməzdi, çünki xalqları, bir olsa da onların dinləri müxtəlifdir. Üçüncüsü, xristian qızı ilə müsəlman oğlu nəinki evlənə bilməzdilər, hətta onların arasında məhəbbət də olmamalı idi, çünki müxtəlif dinli gənclərin sevişməsi böyük günah sayılırdı.
Bütün bunlar Əsli və Kərəm dövrünün ictimai qanunları və ya etik normaları idi. Məhz bu sosial-siyasi normalara görə də Əsli öz taleyi ilə maraqlana bilməzdi, müsəlman oğlu olan Kərəmlə sevişə, evlənə bilməzdi.
Lakin dövrün mövcud normaları və ya etik meyarları erməni qızı Əslinin müsəlman oğlu Kərəmə olan məhəbbətinə (ümumi mənada ülvi məhəbbətə) sərhəd ola bilməzdi.
...Əsli coşğun bir ehtirasla ilk görüşdən Kərəmə vurulur:
Mənimlə durubsan qabaq-qabağa.
Olum qamətinə qurban, sadağa,
Ziyad xan oğluna olmaz qadağa
Kərəm oğlan, kərəm eylə, quşun al! (1, 12)
Əsli nəinki müsəlman oğlanı sevir, hətta o, bu məhəbbəti ideal bir nöqtəyə, ülvi bir həddə çatdırır. O, Kərəmdən ayrılmağına ağlayır, onun halına acıyır. Kərəmin əziyyətlərini duyaraq özünü günahkar bilir və nəhayət, Kərəmdən başqasına veriləcəyini düşünərək dəhşətə gəlir:
… Ağ üstünnən bağlamışam qaramı,
Təbib sənsən, gəl tez bağla yaramı (1,102).
Göründüyü kimi, Əsli nəinki dövrün normal qanunlarına uyğunlaşmır, hətta bu normaları dağıdır, məhv edir. Dövrün məhdud və keçici formaları Əslinin ülvi məhəbbəti qarşısında sərhəd və ya ölçü ola bilmir. Onun ülvi məhəbbəti ölçüyə sığmazdır.
Əsərdə Kərəmin məhəbbəti dövrün əxlaq normalarını alt-üst edən, dini və sinfi meyarları dağıdan, qarşısıalınmaz və ölçüyəsığmaz bir ehtiras kimi təsvir olunur. Kərəm öz dövrünün, öz dininin qanun-qaydalarına ziddi olaraq xristian qızı Əslini sonsuz bir məhəbbətlə sevir.
Kərəm Əslinin məhəbbətindən ata-anasından, dostlarından, vətənindən didərgin düşür, qarlı-çovğunlu yollar keçir, xan oğlu olduğu halda, dilənçi kökünə düşür və s. Bütün bu keyfiyyətlər isə həmin dövrün əxlaq qaydalarına uyğun deyildi. Belə ki, xan oğlunun ayrı dindən olan bir qıza görə bu günə düşməsi həmin dövr üçün normal sayıla bilməzdi. Lakin Kərəm dövrün əxlaq normalarını parçalayaraq, ülviyyət aləminə qovuşurdu.
Beləliklə, əsərdə Əslinin və Kərəmin ülvi məhəbbəti normadan kənar bir hadisə kimi təcəssüm edir. Lakin bu proses ülvi məhəbbətin estetik məzmunu onun yeni bir keyfiyyətini – qeyri-adiliyini doğurur.
Dostları ilə paylaş: |