2. Qaçaqçılıq hərəkatının ortaya çıxma səbəbləri.
Kəndli etirazları və üsyanları
XVIII yüzildə Azərbaycanın xanlıqlara parçalanması və iç çatışmalar mərkəzləşmiş vahid Azərbaycan dövlətinin yaranmasının qarşısında ən böyük əngəl olduğu kimi, milli birlik duyğularının da zəifləməsinə səbəb oldu. Bir-biri ilə mübarizə aparan bu xanlıqlardan bəzilərinin İrana, bəzilərinin isə Rusiyaya meyl göstərməsi, nəticədə Qafqazları işgal siyasəti yürüdən çar rejimini daha da cəsarətləndirdi. Azərbaycanın Rusiya tərəfindən 1801-ci ildən başlayan işğalı nəticəsində, tarixi Azərbaycan torpaqları 1813 və 1828-ci illərdə Rusiya ilə İran arasında baş verən savaşların obyektinə çevrildi və talan olan kəndlər, şəhərlər, yoxsullaşan insanlar bütün ölkəni bürüdü. Çar Rusiyasının idarəsi altında qalan Azərbaycan türkləri həm etnik, mədəni və mənəvi, həm də iqtisadi diskriminasiyaya məruz qaldıqlarından sosial narazılıq gedərək güclənməyə başladı. Onu da demək lazımdır ki, çarizmin Qafqaza gəlməsində əsas rolu ermənilər, qismən də gürcülər oynadılar (Əsədov, Kərimova 1993). Ona görə də Qafqazda baş verən azadlıq hərəkatı (Şeyx Mənsur, İmam Şamil üsyanları) Azərbaycanda da rəğbət gördü.
Beləliklə, işğal olunmuş Azərbaycanda qaçaq hərəkatının ortaya çıxmasından əvvəl Çar Rusiyasına qarşı milli-azadlıq üsyanları başladı. İlk üsyan Car-Balakəndə 1830-cu ilin əvvəllərində oldu və həmin ilin sonuna qədər davam etdi, ancaq üsyan amansızlıqla yatırıldı, arxasınca Lənkəranda xanlığın yenidən bərpası və müstəqillik uğrunda 1831-ci ilin martında başlayan üsyan həmin ilin mayında süquta uğradı. 1837-ci ildə başlayan Quba üsyanında 12 min adam iştirak etməsinə baxmayaraq bu üsyan da tez bir zamanda məğlub oldu. Üsyanın başçısı edam edildi, qalanlar da Sibirə sürgün edildilər. Bunun arxasınca Şəki üsyanı da amansızlıqla yatırıldı. Beləliklə, əyalət səviyyəsində olsa da, müstəqillik uğrunda çar işğalçılarına qarşı başladılan üsyanların heç biri başarılı olmasa da, bu, hökuməti bəzi islahatlar keçirməyə məcbur etdi. Ən böyük islahat komendantlıq idarə sisteminin ləğvi, bunun yerinə quberniya və vilayət idarələrinin yaradılması oldu. Quberniya və vilayət idarələri qəzalara, qəzalar nahiyələrə bölündü. Xəzər vilayətində 7 qəza və 32 nahiyə təşkil olundu. Dərbənd, Quba, Bakı, Şamaxı, Nuxa, Şuşa və Lənkəran qəzaları Xəzər vilayətinə tabe oldu. Azərbaycanın tarixi torpaqlarının böyük bir qismi, məsələn, Qazax, Şəmşəddil nahiyələri və Yelizavetpol (Gəncə) qəzası, Car-Balakən dairəsi, İrəvan və Naxçıvan qəzaları Gürcüstan-İmeretiya quberniyasının tərkibinə qatıldı.
Ancaq bu idarə sistemi də özünü doğrultmadı və 1846-cı il dekabrın 14-də çarın fərmanı ilə Gürcüstan-İmeretiya quberniyası və Xəzər vilayəti ləğv edildi. Onların əvəzində burada 4 quberniya – Tiflis, Kutais, Dərbənd və Şamaxı quberniyaları yaradıldı (Azərbaycan tarixi IV 2007: 100-136). Daha sonra da Şamaxı və Dərbənd quberniyaları ləğv edilərək Bakı və Yelizavetpol quberniyaları yaradıldı və Bakı yavaş-yavaş sənaye şəhərinə çevrildi. 70-80-ci illərdə neft sənayesi inkişafa başladı ki, burada yerli sənayeçilərdən Musa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov, Hacı Zeynalabdin Tağıyevi və b. göstərmək olar. Bu qısa tarixi icmaldan da göründüyü kimi Çar Rusiyası yerli müsəlman əhalini təzyiq altında saxlamaq üçün onları xristian əhalinin içində (Tiflis, Kutais) əritməyə çalışırdı və əsas diqqəti xristian dindaşları olan gürcülərə yönəltmişdi.
Azərbaycan torpaqlarının üçdə birinin zorla Rusiya imperiyasının tərkibinə qatılmasından sonra keçmiş xanlıqlar ləğv edilməklə, xanlıqlar formasında mövcud olan dövlətçilik ənənəsi də unutduruldu və bunun yerinə Bakı, Şəki, Şirvan, Qarabağ, Talış əyalətləri, Yelizavetpol və Car-Balakən dairələri, Qazax və Şəmşəddil distansiyaları yaradıldı. Hər bir əyalət və dairənin başında xalqın “qoburnat” dediyi komendantlar dururdu. Ona görə də bu sistem tarixdə komendant üsuli-idarəsi adlandırılır. Çar işğalından sonra yavaş-yavaş güclənməyə başlayan təhkimçilik siyasəti kəndlilərin torpaqlarını itirməsinə və sürətlə yoxsullaşmasına səbəb oldu. Artan vergilər, yerli idarəçilərin özbaşınalığı xalqı etiraz etməyə, üsyan çıxarmağa sövq etdi. İlk olaraq istismarçı rejimə qarşı vergi verməmək, o zamanlar çox yayqın olan biyara getməmək yoluna gedildi ki, bu da xalq hərəkatının, xalq dirənişinin qısacası, qaçaqçılığın ilk passiv formada ortaya çıxması idi. Məsələn, 1878-ci ildə İrəvan quberniyasının Novruzlu kəndinin camaatı vergi verməkdən boyun qaçırmış və hətta vergi toplayanları döyərək kənddən qovmuşdular. Yavaş-yavaş bu etiraz daha da böyüyərək bəzi məmurların, kəndxudaların öldürülməsi şəklində qanlı əyləmə çevrildi. Azərbaycan tarixindən məlumdur ki, vergi və töycü toplayan qəddar məmurlara qarşı başlayan bu divan tutma işi uzun zaman davam etdi. Məsələn, 1878-ci ildə sadəcə Quba qəzasında kəndlilər 120-dən çox kəndxuda, bəy, divanbəyi öldürmüşdülər. Kəndli üsyanları nəticəsində Nuxa, Yelizavetpol, Şuşa və Cavanşir qəzalarında da çox sayıda çar üsul-idarəsinin yerli məmuru öldürülmüşdü (Qasımov 18). Kənddən çıxan bu igid insanlar öldürdükləri məmurlara görə cəza çəkməmək, sürgün, yaxud edam edilməmək üçün dağlarda, daşlarda, meşələrdə məskən tutmaqla, gizlənməklə eldən-obadan qaçaq düşdülər və başlarına dəstə toplamaqla, mübarizəni davam etdirdilər. Qaçaqlar çar üsul-idarəsində quldur adlandırılsalar da, xalqın gözündə qəhrəman idilər. Bunlar bilinən sosial zəminli ilk qaçaqlar idi ki, siyasi tələbləri, sosial planları, mübarizə strategiyaları və taktikaları, demək olar ki, yox idi və ya vardısa da, çox primitiv şəkildə idi.
Kəndli hərəkatının başlaması üçün lazım olan sosial “səbəblərdən biri də rus işğalından sonra işğalçı qoşunların ehtiyaclarının azərbaycanlılar tərəfindən təmin olunması idi. 1816-cı ildə A.P.Yermolov Qafqaz qoşunlarının ali baş komandanı təyin olunduqdan sonra Azərbaycanda, xüsusilə Qarabağda erməni məliklərinin göstərişi ilə əhaliyə divan tutulmuş, azərbaycanlıların, əsasən də varlıların var-dövləti talan olunmuş, bəylərin və xanların sürgünə göndərilməsi barədə əmrlər verilmişdir. Qafqazı işğal edən rus qoşunlarının ərzaq, saman və digər ləvazimatla təmin olunması əsasən, azərbaycanlıların hesabına idi. Arxiv sənədlərini araşdırarkən məlum olur ki, 1827-ci ildə ərzaqla dolu 2000 araba rus qoşunlarının təminatını ödəmək üçün tədarük olunmuşdur” (Fərəcov 2010: 163).
Dostları ilə paylaş: |