Proqnozlaşdırma (qabaqcadan demə). Proqnozlaşdırma planlaşdırmanın əsas funksiyalarından biridir. Proqnozlaşdırma yunanca “proqhasis” sözündən götürülüb “gələcəyin biliyi” deməkdir. Hələ 2000 il bundan əvvəl qədim yunan alimi Hippokrat “proqnozlaşdırma” adlı əsərini yazmış və proqnozlasdırmaya dair elmi təsəvvürlərin əsasını qoymuşdur.
Proqnozlaşdırma anlayışı “öncə görmə” mənasında başa düşülür, hər hansı hadisə və obyektin gələcəkdəki vəziyyəti barədə elmi cəhətdən əsaslandırılmış mülahizələr irəli sürməyə imkan verir. Proqnozlaşdırmanın aşağıdakı üsulları mövcuddur:
Ekstrapolyasiya üsulu. Ekstrapolyasiya üsulu ən sadə üsul olmaqla, başa çatmış dövrün məlumatları əsasında gələcəyin dinamika sırasında proqnozlaşdırılmasıdır. Məsələn keçən il müəssisənin mənfəəti 100 min manat olmuşdur. Növbəti il üçün hər rüb üzrə 25 min manat olmaqla, mənfəətin illik məbləği 100 min manat proqnozlaşdırılır. Bu proqnozlaşmanın ən sadə üsuludur. Burada rüblər, aylar, illər üzrə dinamik sıralama aparıla bilər.
Analogiya üsulu. Analogiya oxşar hadisələrlə bağlı proqnozların verilməsi üsuludur. Məsələn bazar qanunlarından bəlli olduğu kimi hər hansı bir məhsul növü üzrə bazarda tələb artdıqda, təklif azaldıqda həmin məhsulun qiyməti artır. Bu hadisə bütün sahələrdə qiymətin artması barədə proqnoz verməyə əsas verir. Deməli, analoji olaraq tələb artdıqda və təklif azaldıqda qiymətlərin qalxmasına dair proqnoz vermək olar.
Normativ üsul. Normativ üsul proqnozlaşdırmada tənzimləyici üsuldur. Çünki bəzi parametrlərin, amillərin müəyyən olunmasında norma və normativ göstəricilərin rolu vardır. Məsələn qiymət qoymada material normalarının, amortizasiya ayırmalarının, vergi dərəcələrinin təsiri böyükdür. Deməli, qiymətin proqnozlaşdırılması zamanı həmin normaların nəzərə alınması normativ üsulun tətbiqi ilə əlaqədardır.
Riyazi modelləşdirmə üsulu. Riyazi modelləşdirmə üsulu proqnozlaşdırılan obyektin və ya prosesin öncə modelinin, quruluşunun, sisteminin yaradılmasını, tərtib edilməsini, sonra isə müvafiq riyazi-iqtisadi üsullarla onun qiymətləndirilməsini nəzərdə tutur.
Proqnozlaşdırma təşkilatın zəif və güclü tərəflərinin tədqiqi yolu ilə məqsədlərin müəyyən olunmasına köməklik göstərir. Proqnozlaşdırma müəssisənin gələcək perspektivlərinə xidmət edir. Müəssisə səviyyəsində proqnozlaşdırma xarici mühitin gələcək göstəriciləri haqqında məlumatların verilməsi ilə əlaqədardır. Proqnozlar planlar üçün material xarakteri daşıyır. Yəni proqnozlar planların tərtib edilməsi üçün istifadə olunan informasiya xarakterli amillər və ünsürlər kimi qəbul edilir. Müəssisə çərçivəsində proqnozlara aşağıdakılar aiddir:
Regionun iqtisadi vəziyyətinin proqnozu.
Rəqib müəssisələr haqqında proqnozlar.
Firma tərəfindən istehsal edilib satılan məhsula olan tələbatın proqnozu.
İnvestisiyalar haqqında proqnoz.
Texnoloji proqnozlar.
Əmtəə bazarında yeni tələbatların proqnozu.
Regionun iqtisadi vəziyyətinin proqnozu dedikdə, firmanın fəaliyyət göstərdiyi ərazidə iqtisadiyyatın gələcək vəziyyəti haqqında proqnozlar başa düşülür.
Ayrı-ayrı rəqib müəssisələrin proqnozu dedikdə isə, rəqiblərin gələcək inkişafı, bazara çıxaracağı məhsulların həcmi, keyfiyyəti, qiyməti, onların gələcək perspektivləri haqqında proqnozlar başa düşülür.
Satılacaq məhsula olan tələbatın proqnozu olduqca vacib məsələlərdən biridir. Çünki bu, gələcəkdə məhsulun bazarda satışının intensivliyinin nə dərəcədə olacağını müəyyən etmək üçün əsas meyardır.
Bu cür proqnozlar içərisində investisiyalar proqnozu da mühüm yer tutur. Çünki təşkilatın fəaliyyət göstərdiyi sahəyə gələcəkdə qoyulacaq investisiyalara dair informasiyalar olduqca əhəmiyyətlidir. Çünki investisiya qoyuluşu həmin fəaliyyət sferasında məhsul istehsalının kəmiyyət və keyfiyyət göstəricilərinə müsbət təsir göstərir. Bu da özünü gələcəkdə müəssisənin fəaliyyətinə təsir edəcək xarici amil kimi büruzə verir.
Texnoloji proqnoz müəssisənin istifadə etdiyi və gələcəkdə istifadə edəcəyi texnoloji avadanlıqlar, vasitələr və üsullar haqqında, onların kəşfi ilə əlaqədar informasiyalar verir.
Yeni tələbatların proqnozu yeni elmi axtarışlar, innovasiya tədqiqatları və mütərəqqi məhsulların gələcək istehsalı ilə bağlıdır. Çünki müəssisə istehsalı nəzərdə tutulan, lakin alıcılarda hələ heç bir təsəvvür olmayan mütərəqqi və yeni məhsullara tələbatı müəyyən etməli, sonra isə həmin məhsulların istehsalını həyata keçirməlidir. Yeni tələbat proqnozu müəssisəni istehsal ediləcək yeni və mütərəqqi məhsulun bazarda yüksək səviyyədə satıla biləcəyinə əmin edir.