5.4. Qərarlar, onların mahiyyəti və məqsədi
Qərarlar–qarşıya məqsədlərin qoyulması, məqsədə nail olmaq yollarının müəyyən edilməsi, problemlərin aradan qaldırılması məqsədilə qəbul edilir. Qəbul edilmiş qərarlar rəhbərdən icraçılara sərəncam, əmr, qərar, göstəriş, tapşırıqlar formasında təlqin edilir.
Qərarlar gələcəyin hərəkət və ya hərəkətsizliyi diktə edən şüurlu və iradi idarəetmə aktıdır.
Qərarlar idarəetmə aktı olmaqla tapşırır, qadağan edir, vəkil edir, məhrum edir, xitam verir.
Qərarların aşağıdakı təsnifatları vardır:
Qəbul edilmə formalarına görə
Tək başına qərarlar:
İntuitiv qərarlar;
İnsayt qərarlar.
Kollegial qərarlar:
Müzakirədən keçən qərarlar;
Mülahizələrə əsaslanan qərarlar.
İqtisadi məzmun və mahiyyətinə görə qərarlar aşağıdakılardan ibarətdir.
Strateji qərarlar.
Taktiki qərarlar.
Cari qərarlar.
Operativ qərarlar.
Formasına görə qərarlar yazılı və şifahi qərarlara bölünür.
Müddətlərinə görə qərarlar uzunmüddətli, ortamüddətli, qısamüddətli qərarlara bölünür.
Qərarlar məzmununa görə iqtisadi, siyasi və təşkilati qərarlara bölünür.
İqtisadi qərarlara funksional məzmununa görə plan, idarəetmə, nəzarətedici, inzibati qərarları aid etmək olar. İqtisadi qərarlar, həmçinin iqtisadi sahədə baş verən problemlərin həlli ilə bağlı olur. Qərarların qəbul edilməsindən öncə isə problemin meydanagəlmə səbəbləri öyrənilməli, həmin səbəblər araşdırılmalı, təhlil edilməli, qiymətləndirilməli və onun aradan qaldırılması üçün tədbirlər kompleksi hazırlanmalıdır.
Siyasi qərarlar problemlərin həlli çərçivəsində qəbul olunur və siyasi məsələlərin həllində istifadə olunur.
Təşkilati qərarlar isə təşkilatçılıq funksiyasının həyata keçirilməsi ilə əlaqədar olaraq təşkilati məsələlərin həllinə yönəldilir.
Qərarların qəbul edilməsinə bir sıra amillər təsir edir ki, onlar aşağıdakılardan ibarətdir:
1. Qərarı qəbul edən rəhbərin şəxsi keyfiyyəti.
2. Qərarların qəbul edilməsi şəraiti.
3. İnformasiyaların az və çox olması.
4. Qərarların qəbul edilməsində kollektivin iştirak səviyyəsi.
Qərarların qəbul edilməsi və həyata keçirilməsi aşağıdakı mərhələlərdən keçir.
Qərar layihələrinin hazırlanması. Müəlliflər qanunlara, normativ aktlara, məqsədlərə istinad edir.
Qərarların qəbul olunması. Bu mərhələdə layihələr müzakirə olunur və qərar layihəsi imzalanır, yəni rəsmiləşir.
Qərarın icra olunması. Qərarların real hərəkətlərə, hüquqlara, münasibətlərə, hərəkətsizliyə çevrilməsi.
İdarəetmə qərarlarının layihələrinin hazırlanması prosesinin mərhələləri aşağıdakılardır:
məqsədin formalaşması;
problemlərin aşkara çıxarılması və təhlili;
məqsədə nail olmağın və problemlərin aradan qaldırılmasının alternativ variantlarının müəyyən edilməsi;
alternativ qərar variantlarının seçilməsi;
qərar layihələrinin tərtib olunması.
Alternativ qərar variantlarından idarəetmə qərarlarının hasil olunması aşağıdakı ardıcıl proseslərdən ibarətdir:
alternativlərin təhlil edilməsi;
alternativlərin müqayisə edilməsi;
alternativlərin qiymətləndirilməsi;
alternativ variantlarının içərisindən ən optimalının seçilməsi;
qərarların qəbul edilməsi.
Qərarların real hərəkətlərə, hüqüqlara, münasibətlərə, tələb olunan hərəkətsizliyə çevirilməsi prosesinə qərarların icrası deyilir. Qərarların icrası hər bir rəhbərin psixologiyasından və onların şəxsi kefiyyətindən də xeyli asılıdır. Qərarların icrasında kollektiv fikir, əhval-ruhiyyə, sosial-psixoloji amillər və aşkarlığın rolu böyükdür. Burada adamların davranış motivləri, tapşırılmış iş üçün məsuliyyət hissi, işə marağı, rəhbərlik–tabeçilik münasibətləri böyük əhəmiyyət kəsb edir. Qərarların icrası üçün aşağıdakı tələblər irəli sürülür.
Qərarların icrasının konkret yolları müəyyən olunur.
Qərarların icrasına nəzarət konkret şəxsə həvalə edilir.
Qərarların icrasının müddətləri müəyyən edilir.
Qərarların icrası üçün kompleks tədbirlər planı işlənib hazırlanır.
Qərarların icrası üzərində ardıcıl nəzarət həyata keçirilməlidir. Qərarların icrası üzərində nəzarət müxtəlif orqanlar tərəfindən yerinə yetirilir. Buraya müxtəlif müəssisədaxili struktur vahidləri aid edilir. Hər bir idarəetmə obyektində qərarların icrasının xüsusi uçotu aparılmalıdır. Qərarlar nəinki əvvəlcədən, həmçinin icra prosesində də dəyişdirilə bilər. Bu da qərarların çevikliyi prinsipi ilə əlaqədardır.
Dostları ilə paylaş: |