6.2.Təşkilatın mikro və makro mühiti
Təşkilatın mühiti dedikdə, həmin təşkilatın fəaliyyət dairəsində potensial təhlükələrin qarşıya çıxan qorxusunu izləyən sahələrin və yarım sahələrin məcmusu başa düşülür.
Mühit firma və onun fəaliyyəti üçün olduqca önəmli sahədir. Firmanın mühiti xarici və daxili mühitdən ibarətdir. Xarici mühit amilləri nəzarət oluna bilən və nəzarət oluna bilməyən amillərdən ibarətdir. Nəzarət oluna bilən amillər menecerlərin və marketinq xidməti işçilərinin özləri tərəfindən müəyyən olunur. Nəzarət oluna bilməyən amillər isə ətraf mühit amilləri ilə əlaqədardır. Xarici mühit amilləri makro və mikro mühitdən ibarətdir.
Makromühitə demoqrafik, iqtisadi, təbii, elmi–texniki, siyasi, mədəni və s. mühit amillərini misal göstərmək olar. Mikromühitə istehsalçılar, malgöndərənlər, alıcılar, rəqiblər, ünsiyyət auditoriyaları və s. aiddir.
firmanın demoqrafik mühiti–əhalinin sayının, yaşının, cinsinin, yaşayış sıxlığının, məşğulluq növünün müəssisənin fəaliyyətinə təsiri ilə əlaqədardır.
iqtisadi mühit isə ölkə iqtisadiyyatı və onunla əlaqədar bir sıra göstəricilərdən ibarətdir. Məsələn bura ölkənin iqtisadi potensialı, milli gəlirin, ümumdaxili məhsulun həcmi, ölkənin tədiyyə balansı, inflyasiyanın səviyyəsi, milli valyutanın kursu və s. aid edilir.
təbii mühit dedikdə, təbii resursların məcmusu başa düşülür. Bura hava, su, meşə və ərzaq məhsulları, neft və qaz, kömür və s. kimi enerji resursları aiddir. Ətraf mühitin çirklənməsi, yağıntılar, çovğun, tufan, daşqınlar, zəlzələ təbii mühitin mənfi təsirləridir.
elmi–texniki mühit genişlənən rəqabət meydanında müəssisə və təşkilatların fəaliyyətinə təsir edən əsas amillərdəndir. Elm və texnologiyanın inkişafı, bu sahədə yeniliklərin durmadan artması, müəssisə və təşkilatları elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadəyə sövq edir. Çünki elmi-texniki mühit yeni texnikadan və texnologiyadan istifadə olunması, yeni və mükəmməl əmtəələrin istehsalı üçün mənbə hesab edilir.
siyasi mühit dedikdə, ölkədəki siyasi sərbəstlik, obyektiv və humanist qanunların mövcudluğu, dövlət strukturları ilə müəssisə və təşkilatlar arasında obyektiv və şəffaf idarəetmə münasibətlərinin mövcudluğu başa düşülür.
mədəni mühit dedikdə, cəmiyyətin maddi və mənəvi dəyərləri, rəftar və davranış normaları, sosial institutlar, insanın insana münasibətləri və s. başa düşülür. İnsanların mənəviyyatı, onların cəmiyyətə, təbiətə, kainata baxışları da mədəni mühit amilləridir.
Daxili mühit amilləri əsasən sahibkar və səhmdarlardan, müəssisədə çalışan işçi qüvvəsindən, idarəedicilərdən, təchizatçılardan, marketoloqlardan ibarətdir.
Dostları ilə paylaş: |